"İsrail Azərbaycanın əsas silah tədarükçülərindən biridir" - POLİTOLOQ DANIŞDI

"İsrail Azərbaycanın əsas silah tədarükçülərindən biridir" - POLİTOLOQ DANIŞDI

“Azərbaycanın əsas strateji müttəfiqlərindən biri İsrail dövlətidir. İki dövlət arasındakı əlaqələrin tarixi çox qədimdir. Azərbaycan və İsrail arasında hər zaman dostluq və əməkdaşlıq əlaqələri mövcud olub ki, bu əlaqələr də yalnız iqtisadi, starteji əlaqəyə deyil, eyni zamanda ənənəvi tarixi köklərə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail xalqları tarixin çətin periodlarından keçərək, tolerant yaşayış nümunəsini dünyaya göstəriblər: “Məlum məsələdir ki, yəhudilik icması Azərbaycanda ən fəal dini icmalardan biridir. Yəni iki ölkə arasındakəı əlaqələr ilk növbədə xalqlar səviyyəsində dərin tarixi olan əlaqələrdir.

Siyasi-diplomatik əlaqələrə gəldikdə isə bu əlaqələrin kökü 1992-ci ildən başlayır. Çünki İsrail Azərbaycanın müstəqilliyini həmin ildə tanıyıb. 1993-cü ildə isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərməyə başlayıb. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının birbaşa görüşləri təkan verib. Bu zaman çərçivəsində istər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə müxtəlif səfərlər çərçivəsində əlaqələr daha da genişləndirilib. İsrail Azərbaycanın əsas silah tədarükçülərindən biridir. Lakin əlaqələr yalnız silah satışı ilə bağlı deyil. Eyni zamanda turizm sahəsində də dərin əməkdaşlıq mövcuddur. Lakin bu cür dərin diplomatik əlaqələrə baxmayaraq İsrailin Azərbaycanda səfirliyi olsa da, Azərbaycanın İsraildə yalnız diplomatik korpusu mövcud olub. Bu günə qədər də səfirlik açılmayıb. Bunun təbii ki, müəyyən strateji səbəbləri var. Ən əsas səbəb isə ondan ibarət idi ki, İsrailin həm Türkiyə, həm də Ərəb ölkələri, müsəlman dünyası ilə əlaqələri yaxşı səviyyədə deyildi. Məlum məsələdir ki, Azərbaycan müsəlman ölkələrinin təşkil olunduğu təşkilatlarda yer alır və Azərbaycan özü bir müsəlman ölkəsidir. Bu kimi səbəblərə görə Azərbaycanın bu günə qədər də İsraildə səfirliyi açılmayıb.

Son dövrlər İsrail ilə Türkiyə arasında əlaqələr dirçəlməyə başlayıb. Ərəb dünyası ilə belə İsrailin artıq əlaqələri yaranır. Hesab edirəm ki, artıq İsraildə Azərbaycan səfirliyinin açılması olduqca mühüm, hətta gecikmiş bir addımdır. İsrail Azərbaycan üçün önəmli bir dövlətdir. Bu önəmi biz 44 günlük müharibə dövründə də gördük. İsrail hər bir mənada Azərbaycanın yanında idi. Düşünürəm ki, onsuz da yaxşı olan əlaqələr bu gündən sonra daha da dərinləşəcək. Bu əlaqələrin genişlənməsi bütövlükdə Şərq dünyasında mövcud olan gərginliklərin də aradan qaldırılmasına mühüm töhfə verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə