YAP ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib - ŞƏRH

YAP ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib - ŞƏRH

Cəmiyyəti, xalqı, hətta kiçik bir qrupu idarə edə bilmək, həlledici çoxluğu razı salmaq, onları konkret amallar uğrunda səfərbər etmək əsl siyasi peşakarlıq və liderlik məharətidir. XX əsrdə xalqımızın dünya siyası arenasına bəxş etdiyi böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyev də məhz belə xarizmatik lider olaraq böyük siyasi ideyaları ilə cəmiyyətin siyasi, mənəvi - ideoloji birliyini təmin edə bilmişdir. Məhz Heydər Əliyev şəxsiyyətinə olan böyük ictimai inam və etimad ötən əsrin 90-ci illərinin əvvəlində ölkənin mürəkkəb, ağır dövründə Yeni Azərbaycan Partiyasının yaranmasına zəmin oldu. 1991-ci ilin oktyabrında respublikamız dövlət müstəqilliyinin bərpasına nail olsa da, 1993-cü ilin iyun ayınadək müşahidə olunan hakimiyyət dəyişiklikləri, siyasi qarşı durmalar, sosial-mənəvi böhran insanların sabaha ümidlərini tamamilə qırmış, cəmiyyətdə xaos və anarxiya mühitini dərinləşdirmişdir. Belə ağır şəraitdə respublika ziyaları çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Respublika ziyalıları yeni partiyanın yaradılması üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu tarixi müraciət, əslində bütün Azərbaycan xalqının istəyi, arzusu və haqlı tələbi idi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verərək bildirdi ki, “Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram.” Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə alternativsiz bir partiya kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin liderlik və idarəçilik kefiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı insanlar başa duşdülər ki, Azərbaycanı fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədəki xaos və hərc-mərclik mühütünün aradan qalxmasına və xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Xalqın partiyaya və onun sədrinə olan inam və etimadının nəticəsidi ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasından sonra respublikanın bütün şəhər və rayonlarında təsis konfranslarının keçirilməsinə start verildi və partiyanın yerli təşkilatları təsis edildi. O cümlədən 1993 - cü ilin fevral ayının 26 – da 21 nəfər təsisçinin iştirakı ilə Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı təsis edildi. Hazırda Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı partiyanın aparıcı yerli strukturlarından biridir. Rayon təşkilatının 1783 nəfər üzvü var. Bütün üzvlər isə 37 ərazi partiya təşkilatında birləşib. Partiya üzvləri rayonun bütün strukturlarında təmsil olunur və rayonun inkişafı prosesində fəal rol oynayırlar.

Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan partiyasının fəaliyyətilə bila- vasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın 30 illik işğalına son qoyuldu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir.

Şübhə yoxdur ki, ümumxalq partiyası olan YAP cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına mühüm töhfələr verəcək.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə