104 İL - Azərbaycan Ədliyyəsi inkişaf yolundadır MƏQALƏ

104 İL - Azərbaycan Ədliyyəsi inkişaf yolundadır MƏQALƏ

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Bayramla əlaqədar nazirlikdə və struktur qurumlarda silsilə tədbirlər təşkil edilir, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına, habelə Vətən müharibəsində yaxın ailə üzvü şəhid olmuş və yaralanmış əməkdaşların ailələrinə baş çəkilir. Ədliyyə işçiləri və hakimlər tərəfindən YAŞAT və Qarabağ Dirçəliş fondlarına könüllü ianələr edilir. Həmçinin ağacəkmə və qanvermə aksiyaları keçirilərək xalqımızın Vətən müharibəsində Zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq mətbuatda silsilə çıxışlar edilir, nazirliyin internet və sosial media səhifələrində çoxsaylı məlumatlar paylaşılır.

Göstərmək lazımdır ki, Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. Həmin gün təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib, funksiya və səlahiyyətləri müəyyən edilib. Bununla da müstəqil Azərbaycan dövlətinin ədliyyəsinin əsası qoyulub.

Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görüb. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilib, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub, hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Ədliyyə Nazirliyinin fəaliyyətində çətin və mürəkkəb dövrlər də olub. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılıb və səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Sonra iki dəfə ləğv olunaraq yenidən təsis edilib, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilib. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törədib.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi isə 1970-ci ilə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilib və bununla da respublikanın ədliyyə tarixində yeni mərhələ başlayıb. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək, məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılıb.

Müstəqillik illərində Ədliyyə Nazirliyində və bütövlükdə, ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb. Bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu sərəncam Azərbaycan ədliyyə sisteminin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmaqla, bu sahədə tarixi varisliyi də təsbit edib.

Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən qurulub. İlk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət təsbit olunub. Qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib.

Ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul olunub, “Ədliyyə orqanlarının inkişafı haqqında” fərman imzalanıb. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə onun strukturu təkmilləşdirilib.

Azərbaycan ədliyyəsinin müasir tarixində baş vermiş mühüm hadisələrdən biri də respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılması¬dır. 2006-cı ildə ölkə Prezidentinin ədliyyə orqanlarının inkişafı haqqında fərmanına uyğun olaraq, yaradılmış şöbələr bölgələrdə ədliyyə orqanları¬nın işini əlaqələndirir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir və onlara metodiki kömək göstərir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat işinin, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir.

Vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran sualları dərhal cavablandırmaq məqsədilə Ədliyyə Nazirliyinin “Qaynar xətt”i də fəaliyyət göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli uğurlu islahatlar respublikamızın beynəlxalq hüquqi inteqrasiya prosesini də sürətləndirib. Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır.

Dövlət başçısı tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar verilib. Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilib, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılıb, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artıb.

Ölkə Prezidentinin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə ədliyyə sahəsində islahatların davamlı¬lığın təmin olunması məqsədilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edib. Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı isə ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac verib.

Artıq iki ildir ki, xalqımız, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbənin sevinci ilə yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün hər birimiz on illər boyu gözlədiyimiz böyük Qələbənin sevincini yaşayırıq. Ərazi bütövlüyümüzün təmin olunması dövlətçilik tariximizi şərəfləndirdi, intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Haqq-ədalət uğrunda mübarizəmizin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi.

Bu gün Azəbaycan kənardan heç bir kömək almadan Qarabağın əvvəlki həyatını özünə qaytarmaqdadır. Şuşada Türkiyə–Azərbaycan Birgə Bəyannaməsi imzalanıb. Şuşada “Xarı bülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri”, “Milli Musiqi Günü” keçirildi.

Azərbaycan dövləti hazırda düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən erməni vandalizminin qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə düşməndən təmizlənən bölgələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Qarabağa “Böyük Qayıdış” davamlı olaraq həyata keçirilir. Doğma torpaqlarından, dədə-baba yurdundan qovulan məcburi köçkünlərimizin bir neçə ailəsi artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. İşğaldan azad olunan ərazilərimizin hər birində bərpa quruculuq işləri durmadan davam edir.

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunub, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə qərargah yaradılıb, zəruri təşkilati işlər görülüb. İşğaldan azad edilən ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili və ədliyyə or¬qanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Bundan başqa, işğaldan azad olunan rayonlarımızda gələcəkdə aidiyyəti üzrə yeni regional apelyasiya və ixtisaslaşmış – kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur. Ədliyyə işçiləri tezliklə yenidən qurulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəkləri günü böyük səbirsizliklə gözləyirlər.

Bəli, bu gün biz Ədliyyə əməkdaşlarının sevinci ikiqatdır. Çünki, həmişə böyük həvəslə gözlədiyimiz 22 Noyabr - Peşə Bayramımızın tarixi ilə eyni aya, illərlə yolunu gözlədiyimiz və hazırda qurur hissi ilə qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü də yazıldı. Bu münasibətlə bütün Xalqımızı və Ədliyyə işçilərini ürəkdən təbrik edir, fəaliyyətimizdə uğurlar diləyirəm!

Röyal Talıbov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə