Ulu Öndər Heydər Əliyev - YAP-ın qurucusu, dövlətimizin təməl əsası! ŞƏRH
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII Qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirib
Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar.
Eyni zamanda, tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ziyalıların müraciətinə cavabında isə Ulu öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.
Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artıb, keyfiyyətcə yüksəlib. Partiya sıralarının inkişaf dinamikasına baxsaq, bunu aydın şəkildə görərik.
Bu gün Azərbaycan bütün işləri ardıcıllıqla edir. Qarşıya hədəflər qoyulur və düşünülmüş, gələcəyə hesablanmış siyasətimiz nəticəsində bu hədəflərə zamanında, yüksək səviyyədə nail oluruq. Reallığa çevrilən hədəflər yeni məqsədlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu hədəflərə çatmaqla Azərbaycanın siyasi, iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, əsl söz sahibinə çevrildi. Ölkəmizi Qələbəyə aparan Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycan böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və bu uğurlarımız əsasında ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Zəfər tariximiz yeni reallıqlar yaratmaqla yanaşı, hədəfləri müəyyənləşdirməyi bir tələbə çevirdi.
Tarixi Zəfərimizin reallıqları əsasında VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Partiyanın VII Qurultayında yeni tərkib formalaşıb. Veteranlar Şurası yaradılıb. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Partiyanın yeni Nizamnaməsi qəbul olunub.
Dövlətimizin başçısı İlham Əliyev VII Qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirib.
Ötən ilin sonunda 5 fəsildən ibarət olan yeni Proqram YAP İdarə Heyətinin qərarı əsasında təsdiqlənib. “Biz birlikdə güclüyük!” devizini özündə əks etdirən Proqramda postmünaqişə dövrünün reallıqları, görüləcək işlər öz əksini tapıb. 30 illik yubileyini yeni reallıqları özündə ifadə edən yeni Proqramı, Nizamnaməsi əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.
Partiya çox zəngin və şərəfli yol keçdiyini söyləyən Malik Həsənov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin böyük əminliklə və inamla qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Almaz HƏŞİMOVA
YAP Füzulu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB