Əməkdaşlığın və təhlükəsizliyin qarantı: Azərbaycan-Gürcüstan dostluğu TƏHLİL
Prezident İlham Əliyev: "İqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir"
Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. İqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Artıq Azərbaycan və Gürcüstan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə ünvanladığı təbrikində Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri olduğunu qeyd edərək bildirib ki, tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir: "Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur".
BİRGƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR DÖVLƏTLƏRİN MARAQLARINA VƏ XALQLARIN MƏNAFELƏRİNƏ XİDMƏT EDİR
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış dövlətlərin birgə həyata keçirdikləri layihələr təkcə iki dövlət üçün deyil, dünya üçün əhəmiyyət kəsb edir. Cənab Prezidentin bildirdiyi kimi, "Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə, bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır". Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir. "Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir", - deyə qeyd edən Cənab Prezident onu da bildirib ki, biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik: "Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır".
"AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ DİNAMİK İNKİŞAF EDƏRƏK HAZIRDA YENİ MƏZMUN KƏSB ETMƏKDƏDİR"
Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. "Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq", - deyə təbrikində dövlət başçısı bildirib.Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ünvaladığı təbrikində Avropa ilə Asiya arasında körpü rolunu oynayan regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə gerçəkləşdirilməsində sıx işbirliyimini xüsusilə qeyd edib: "Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır. Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".
Göründüyü kimi, dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB