Fransa erməni lobbisinin əlində bir oyuncağa çevrilib – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
"Fransa dövlətinin, Fransanın hakim dairələrinin Azərbaycana qarşı mövqeyi tarixən yanlış olub və bu gün də onlar səhv yoldadırlar". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, əsrlərlə Fransa öz ermənipərəst mövqeyini nümayiş etdirib, bu gün də bu mövqe ortadadır və Azərbaycana gəldikdə isə son 30 ildə, torpaqlarımızın işğal altında olduğu müddətdə biz Fransanın anti-Azərbaycan mövqeyini dəfələrlə gördük, bu gün də onun şahidiyik.
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, 28 illik müddətdə Fransanın hakimiyyət dairələri, Fransa Senatı, bu ölkənin siyasətçiləri və parlament üzvləri demək olar ki, Azərbaycanın haqlı, ədalətli mövqeyini bir dəfə də müdafiə etmədilər. Əksinə, onlar dəfələrlə Türkiyəyə və Azərbaycana qarşı soyqırımlar haqqında iddialar qaldırdılar və bunu qəbul etdirməyə nail oldular.
Son dövrlərdə Fransanın prezidenti Emmanuel Makron, eləcə də bu ölkənin senatı öz anti-Azərbaycan mövqeyini açıq-aşkar nümayiş etdirməkdədir. Ermənistan baş nazirinin dəfələrlə Fransaya səfəri, Makronun son çıxışları və verdiyi bəyanatlar bir daha göstərdi ki, Fransa, eləcə də bu ölkənin prezidenti heç zaman bu münaqişənin həllində, onun nizama salınmasında və sülh prosesinin tənzimlənməsində vasitəçi ola bilməz. Çünki Fransa prezidentinin mövqeyi parlamentin mövqeyidir, oradakı erməni lobbisinin mövqeyidir və bu gün Fransa erməni lobbisinin əlində bir oyuncağa çevrilib, həmin hakimiyyət bilavasitə ermənilərin mənafelərini müdafiə etməkdədir. Fransanın prezidentinin son televiziya çıxışı da onun anti-Azərbaycan bəyanatları da deməyə əsas verir ki, biz Fransa ilə münasibətlərə yenidən baxmalıyıq. Çünki artıq Fransa ermənilərdən də çox bizə düşmən mövqe sərgiləyir və bunun həyata keçirilməsi üçün əlindən gələn bütün vasitələrdən istifadə etməkdədir.
Fransızlar, Fransa hakimiyyəti sərhədlərə hərbi qüvvələrin yerləşdirilməsi, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, Azərbaycanın silahla hədələnməsi üçün lazım olan tədbirləri həyata keçirirlər və sərsəm bəyanatlar verirlər. Senatda qəbul olunan qətnamə bilavasitə erməni lobbisinin tapşırıqlarının bir nümunəsi kimi qiymətləndirilməlidir və Fransanın imperialist siyasətinin nümunəsidir. Çünki xalqları uzun müddət əsarətdə saxlayan, milyonlarla insanın ölümünə, faiciəsinə səbəb olan Fransa kimi bir dövlətdən demokratik gedişlər, haqq, ədalət gözləmək mümkün deyil. Fransa həmişə başqa dövlətləri və xalqları istismar etməklə öz imperialist mövqeyini möhkəmləndirib, özünü silahlandırıb və bu gün də həmin yoldadır. Onun üçün demokratiya, insan azadlığı, ölkələrin ərazilərinin, ərazi bütövlüyünün tanınması ancaq saxta bəyanatlardır və elə bilirəm ki, bu, əməli işdə özünü göstərmir. Azərbaycana qarşı göstərilən münasibətlər də məhz bu imperialist siyasətdən qaynaqlanır.
Əlbəttə ki, bu qətnamənin elə bir əhəmiyyəti yoxdur. Deyildiyi kimi, bu, bir kağız parçasıdır və Fransa Senatı, Fransanın parlament üzvləri dəfələrlə belə qətnamələrin qəbul olunmasına cəhd göztəriblər, lakin onların məqsədləri həyata keçirilməyib. Ancaq bizi narahat edən, düşündürən özünü demokratik, sivil və dünyada haqqın, ədalətin tərəfdarı kimi təqdim edən bir ölkənin, Fransanın belə çirkin, belə məkrli niyyətlərə əl atması və beynəlxalq normaları ayaq altına atmasıdır. Ona görə də Azərbaycan vətəndaşları, eləcə də bütün insanlar Fransanın bu mövqeyini nifrətlə qarşılayırlar və elə bilirəm ki, bu qətnamələr, bu bəyanatlar Fransa hakimiyyəti üçün, Fransa üçün yaxşı heç nə vəd etmir. Əksinə, bu ölkənin imicinə çox böyük zərbə vurur və bu zərbə də son dövrlərdə görünməkdədir. Fransada tez-tez nümayişlər, hökumət və dövlət əleyhinə bəyanatlar səsləndirilir ki, bu da Fransanın anti-demokratik mövqedə olduğunu, insanların, Fransa vətəndaşlarının mənafeyinə deyil, ayrı-ayrı qrupların, xüsusilə də ermənilərin mənafeyinə xidmət etdiyini göstərir.
Azərbaycan dövləti güclüdür, qüdrətlidir və ölkəmizin Prezidenti cənab İlham Əliyevin dediyi kimi, heç bir təsir, heç bir bəyanat Azərbaycan xalqını öz yolundan döndərə bilməz və ona təsir etmək cəhdi yersizdir. Ona görə də Fransa bu yoldan çəkinməlidir, dünyada gedən proseslərə düzgün qiymət verməlidir və məkrli hərəkətlərinə, çirkin əməllərinə son qoymalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB