Milli Məclisdə bəyanat qəbul olunub

Milli Məclisdə bəyanat qəbul olunub

l. Fransa Senatının qəbul etdiyi sənədin və Fransanın Azərbaycana qarşı yürütdüyü siyasət

- Fransa Senatı, Milli Assambleyası, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər;
- Fransa parlamentinin qərarları beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa Senatının “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” 25 noyabr 2020-ci il tarixli qətnaməsinin nümunə kimi göstərilməsi;
- Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamənin və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamənin Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqaviləni kobud şəkildə pozması. Müqavilənin 2-ci maddəsində tərəflərin öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəliyin şərh edilməsi;
- Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsinin Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gələn məsələ olmasına dair şərhlər;
- Ermənilərin dəfələrlə Azərbaycanın Parisdəki səfirliyinə qarşı vandalizm və terror elementlərini ehtiva edən cinayət əməllərinə qarşı heç bir tədbir görülməməsi bu ölkənin erməni vandalizmini himayə etdiyini və Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının tələblərinə selektiv yanaşdığını göstərir;
- 30 il müddətində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasında əsas səbəblərdən biri kimi Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasının göstərilməsi;
- Fransanın 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına susmaqla yanaşı, həm də delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədinin pozulmasını iddia etməsi əsl riyakarlıqdır;
- Fransa həm də BMT TŞ-nin 2022-ci il 15 sentyabr tarixli iclasının çağırışını təhrif edir, onu görməzdən gəlir. Senat Ermənistanı revanşizmə həvəsləndirən birtərəfli addım və tədbirlərə çağırış etməklə Fransanın daimiz üzv olduğu BMT TŞ-dən öz çirkin niyyətləri naminə sui-istifadə edir;
- Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqa zidd, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən xəbərsiz, erməni “qara təbliğat” maşınının əlində alət olduğunu açıq göstərir;
- Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur;

ll. Fransanın kolonialist, işğal siyasəti, törətdiyi soyqırımlar, insanlıq əleyhinə cinayətlər

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1969-cu il 4 yanvar tarixli Konvensiyaya, eləcə də BMT-nin Nizamnaməsinə istinad edən, həmçinin Azərbaycanı hərbi cinayətlərdə ittiham edən Fransaya törətdiyi cinayətlərin, qətliamların və vəhşiliklərin xatırladılması, dünyanın 50-dən artıq dövlətinin ərazisinini işğal etməsinin, sərvətlərini talan etməsinin, xalqlarını uzun illər əsarətdə saxlamasının, vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri törətməsinin bəşər tarixinin qara səhifələri kimi qiymətləndirilməsi :

- 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib;
- Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir;
- Fransa nüvə sınaqlarının və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;
- Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb və həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirir;
- Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;
- Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət belə verməkdən imtina edib;
- 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülüb;
- 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, 5 minə yaxın adam həbs olunub, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib;
- 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub;
- Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib, bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib. Eyni şəkildə Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma həyata keçirib;
- Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilib, məscid və mədrəsələr dağıdılıb, müsəlman alimləri həbs edilib, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilib.
- Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələyiblər. Bu hadisə tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunub;
- XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir;
- Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib;
- 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab veriblər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunisli öldürülüb;
- Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb;
- 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub;
- 2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilib;
- “Sena qətliamı”, “elm adamlarının soyqırımı”, “Kasablanka döyüşü”, “Bizert böhranı” və bu kimi Fransanın tarixə düşmüş digər cinayətlərinə dair materiallar verilməsi.

lll. Fransada antisemitizm, islamofobiya, türkofobiya və azərbaycanofobiya

- 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf edib. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018–2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib;
- 2019-cu ilin fevral ayında Fransada yəhudi qəbiristanında təxminən 80 məzara boya ilə svastika və digər nasist simvolları çəkilib, antisemit şüarlar yazılıb. Ümumiyyətlə, 2019-cu ildə Fransanın şərqində yerləşən yəhudi qəbiristanlarında 180-dən çox məzar nasist simvolları ilə təhqir edilib;
- Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edir (Vətən Müharibəsi dövrünün faktlarının xatırladılması);
- 1983-cü ilin iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə həbs edilmiş və terror aktını törətdiyini boynuna almış ASALA terror təşkilatının üzvü, erməni mənşəli Varujan Karapetyan 8 nəfərin həlak olmasına və 61 nəfərin yaralanmasına səbəb olmaqla ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə həbsxanadan azad edilib;
- 1981-ci il sentyabrın 24-də Türkiyənin Parisdəki Səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvü Monte Melkonyan Türkiyə tərəfinin təkidləri nəticəsində həbs edilsə də, az sonra azad edilib. Orli hava limanındakı partlayışda iştirakı təsdiqlənən M. Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılıb.

lV Fransada insan hüquq və azadlıqlarının pozulması

- “Sarı jiletlilər” hərəkatının 15-ə yaxın üzvünün öldürülməsi, 4 mindən artıq nümayişçinin xəsarət alması, 3 mindən çox nümayişçinin cəzalandırılması, hətta hərəkatın rəhbərlərindən biri olan Erik Druenin başqa bəhanə ilə həbs edilməsi, eləcə də repressiya və cinayət əməllərinin normal və ədalətli araşdırılmaması;
- Digər faktların göstərilməsi.

İradlar:
- Fransa Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına qarşı növbəti addım atmaq əvəzinə Yeni Kaledoniyanın azadlığını təmin edəydi;
- Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq edib, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayan və beynəlxalq hüquqa hörmət etməyən Fransanı sözügedən qətnamələri icra etməlidir;
- Fransa törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımalı, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməli, həmçinin təbii sərvətlərindən talan etdiyi dövlətlərə kompensasiya ödəməlidir;
- Fransa parlamentariləri öz hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almağa çağırmalıdırlar.

Milli Məclisin Azərbaycan hökumətinə çağırışları
- Fransa Hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması;
- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması;
- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi;
- Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması;
- Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması;
- Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması;
- Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması;
- Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması;
- Məsələyə dair ekspertlər, MM-in deputatları, tanınmış ictimaiyyət nümayəndələrinin münasibət və rəylərinin verilməsi.

Bütün xəbərlər Facebook səhifəmizdə