Xalqımızın istiqlal mücadiləsi TƏHLİL

Xalqımızın istiqlal mücadiləsi TƏHLİL

Azərbaycan xalqının mənafelərini qorumayan, ermənilərin ölkəmizə qarşı olan torpaq iddialarını, erməni separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabrın 17-də başlandı. Azərbaycan xalqı bir yumruq olaraq birləşib, öz haqq səsini ucaltdı. Məlumdur ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlının öz ata-baba yurdlarından kütləvi surətdə qovulması, artıq vəziyyətin olduqca gərgin olmasının göstəricisi idi. Öz tarixi torpaqlarından, ev-eşiklərindən qovulan azərbaycanlılar ermənilərin iyrənc, tükürpədən əməlləri ilə də üz-üzə idilər. Əslində, bu əməlləri törədənlər vəhşilər idi. Çox təəssüf ki, ermənilərin tarixdə görünməmiş bu vandalizminə, təcavüzünə o vaxtkı keçmiş SSRİ rəhbərliyi də reaksiya vermirdi. 1988-ci ilin fevralın əvvəllərində Qarabağda ixtişaşlar törətdilər. Azərbaycanın tarixi torpağı olan Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Azərbaycan xalqı etirazını rəhbərliyə çatdırsa da, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən tədbir görülmədi. Əlbəttə ki, artıq xalqın haqq səsinin ucaldılması zərurəti yaranmışdır. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. Artıq bildiyimiz kimi, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və bununla da müstəqilliyə qovuşmuş xalqımız istiqlal mübarizəsini yaşamışdı. Sovet imperiyası dövründə bu arzularını yenidən gerçəkləşdirmək üçün zamana ehtiyac var idi. Müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yaranması artıq mübariz xalqın qarşısında sədd yarada bilməzdi. 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı xalq ilk kütləvi etiraz səsini qaldırdı. Milyonlarla insanın toplaşdığı "Azadlıq meydanı" bir məslək yolunda olan insanların toplandığı məkan idi.

MÜQƏDDƏS İDEALLAR NAMİNƏ BİRLİK VƏ BƏRABƏRLİYİMİZİ BİR DAHA DÜNYAYA SÜBUT ETDİK

Bu gün xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr Milli Dirçəliş Günüdür. Bu artıq böyük bir oyanış idi. Xalqın müstəqilliyi yolunda oyanışı. Beləliklə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin separatçılıq hərəkatı, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından uzaqlaşdırılması "Meydan hərəkatı"nın əsasını qoydu. Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək, bütün dünyaya sübut etdi ki, azad olmağa və bu azadlıq yolunda mücadilə etməyi bacaran bir xalqdır. Sovet rejimindən erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "meydan hərəkatı" tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşmışdı. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya göstərdi. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Qeyd edək ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında tarixi qərarlar qəbul olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Əlbəttə ki, o zaman hələ Azərbaycan imperiyanın tarix səhnəsindən silinməmişdi və Naxçıvanın adından qeyd olunan sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bu. Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində böyük tarixi addım idi.

MÜSTƏQİLLİYİNİ MÖHKƏMLƏNDİRƏN AZƏRBAYCAN DÜNYAYA İNTEQRASİYA OLUNMASINA TÖHFƏLƏRİNİ VERDİ

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışı Azərbaycan həyatında dönüş nöqtəsi oldu. Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində, ölkəmizdə bütün sahələrdə yaşanılan tənəzzül ölkəni böhran vəziyyətinə salmışdır. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar - istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.

DİRÇƏLİŞDƏN ZƏFƏRƏ APARAN YOL

Milli Dirçəliş Günü kimi tariximizdə yer alan bu gün - 17 noyabr xalqın mübarizə əzmini göstərdi. 17 noyabr hadisəsi sübut etdi ki, Azərbaycan xalqının məqsədi, məramı azadlıq, müstəqillikdir və bu yolda canlar fəda edilsə də, xalq iradəsini qırmaq qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub-saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir. Bu gün işğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu. Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi.

17 noyabr tarixi bir daha göstərdi ki, azad düşüncəli xalqı müstəmləkə altında saxlamaq olmaz. Bu gün Azərbaycan xalqın milli oyanışının zirvəsi oldu. Həmin tarixdən Azərbaycan böyük inkişaf yolu keçdi, iqtisadi gücü yüksəldi, dünyada söz sahibinə çevrildi. Məhz bu güc Azərbaycanı dirçəlişdən Zəfərə doğru apardı. 30 ilə yaxın mənfur düşmən tapdağı altında olan torpaqlarımız azad edildi, xalqımız Zəfər tarixini yaşadı. Bu Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycan tarixinə Zəfər gününü yazdı. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş komandanın siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzdiyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğaldan azad olan torpaqlarımızda yeni bir həyat başlayıb. Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və viran qoyulan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə