Birinci vitse-prezident Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün YUNESKO-nun Baş direktoruna məktub ünvanlayıb
Azərbaycanın çoxəsrlik tarixi dövlət üçün çox önəmli olan şəxsiyyətlər yetişdirmiş, onların şan-şöhrəti beynəlxalq arenada əks-səda doğuraraq ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səbəb olmuşdur. Hər dövrün yetişdirdiyi ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafına imza ata biləcək məsələləri öz üzərinə götürməklə xalq qarşısında, vətəndaşlıq borcunun ödənilməsinə cəhd edir. Müasir dövrümüzdə bu ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun vətənpərvərlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət yaratmışdır. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşıda iz buraxacaq hadisələrlə zəngindir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan YUNESKO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrindən birində bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır. Koişiro Matsuura diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi.
Xüsusi olaraq qeyd edək ki, YUNESKO - Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addımı Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
"DÜNYADA İKİNCİ BELƏ ŞƏXSİYYƏT YOXDUR Kİ, HƏR İKİ MÖTƏBƏR TƏŞKİLATIN EYNİ ZAMANDA SƏFİRİ OLSUN"
Mehriban Əliyevanın YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev isə belə deyib: "Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir".
Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban Əliyeva Ulu Öndərimizin vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq missiyasını daşıyıcısına çevrildi. Heydər Əliyev Fondunun Prezidenti olaraq çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə mövcud olan problemlərin çözülməsinə diqqət ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi.
AZƏRBAYCAN SƏRVƏTLƏRİ BEYNƏLXALQ MƏKANDA DƏYƏRLƏNDİRİLDİ
Azərbaycanla YUNESKO arasında əlaqələrin davamlı şəkildə həyata keçirilməsi nəticəsində bir sıra yadda qalan hadisələrlə yaddaqalan olmuşdur. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Muğam sənətinin, Aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, Tar ifaçılıq sənətinin, Kəlağayının və s. YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir ki, bu da təşkilatla əməkdaşlıq nəticəsində reallaşıb.
İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRİMİZDƏ GENİŞMİQYASLI BƏRPA VƏ BÖLGƏNİN DİRÇƏLDİLMƏSİ GÜNÜMÜZÜN TƏLƏBİDİR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlayıb. Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu təşkilatın dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub.
Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.
Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.
Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.
"BÜTÜN QARABAĞ BÖLGƏSİNİ AZƏRBAYCANIN ƏN GÖZƏL BÖLGƏLƏRİNDƏN BİRİNƏ ÇEVİRƏCƏYİK"
Bu yerdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımını xatırlatmaq yerinə düşər: "30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik".
Mehriban Əliyeva onu da qeyd etmişdir ki, burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar: "Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"
Qeyd edək ki, Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasında bütün sahələrində təbliğ olunaraq, özünün tarixi mədəniyyəti, adət-ənələrini təqdim edərək nüfuzlu qurum tərəfindən öz qiymətini alır. Ölkəmizin sərvətlərinin tanınmasında və dünya miqyasında, əks-səda ilə qarşılanmasında əlbəttə ki YUNESKO-nun rolu var. Mütəmadi olaraq Azərbaycan təmsilçiləri tərəfindən yüksək trubunalarda keçirilən tədbirlər məhz dövlətimizin nüfuzunun artmasına dəlalət edən amillərdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr öz nəticəsini verib. Parisdə, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti günləri, tarixi günlərlə bağlı tədbirlər reallaşıb. Qurulan bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayıb. Əlbəttə ki, bu günün reallıqları onu deməyə əsas verir ki, Şərqi zəngəzur və Qarabağımızda görülən və görüləcək işlər daha çox zaman, diqqət və əmək tələb edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB