Azərbaycanın dünyəvilik modeli: multikulturalizm və tolerantlıq TƏHLİL

Azərbaycanın dünyəvilik modeli: multikulturalizm və tolerantlıq TƏHLİL

Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ölkəmizdəki tolerantlıq mühiti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi bir daha göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Belə bir mühitin formalaşdığı Azərbaycanda hər il 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilmişdir. Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında təsdiq edilmişdir. Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, "dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma" nəzərdə tutulur. Bəyannamədə "insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını" elan edir. Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. 1997-ci ildə BMT Baş Assambleyası (A/RES/51/95 saylı qətnamə) da BMT-nin üzvü olan dövlətlərə bu Beynəlxalq Günü qeyd etməyi təklif etmişdir.

"ÖLKƏMİZDƏ SABİTLİYİN MƏNBƏYİ XALQIMIZIN İRADƏSİDİR, XALQIMIZIN SEÇİMİDİR"

Bu gün dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Azərbaycan inamlı inkişafını davam etdirir, ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Qeyd edək ki, xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, Milli Məclis "Dini etiqad azadlığı haqqında", "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunlar qəbul edib.

"AĞDAM O DƏRƏCƏDƏ DAĞIDILIB Kİ, XARİCİ EKSPERTLƏR ONU "QAFQAZIN XİROSİMASI" ADLANDIRIRLAR"

Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan tərəfindən işğal dövründə saysız-hesabsız abidələrimiz dağıdılmışdır. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirdiyi kimi, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır: "Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir". Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Amma Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Azərbaycanda müxtəlif yönümlü dini icmaların fəaliyyət göstərməsi ölkədə dini azadlığın mövcudluğunu bir daha sübut edir. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı «Dağ Yəhudiləri» dini icması, Bakı Krişna Şüuru dini icması və onlarla belə icmalar ölkəmizdə tolerant mühitin təzahürüdür. Müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə