Fransa Senatı qərəzli və ermənipərəst mövqedədir - DEPUTAT ŞƏRH ETDİ

Fransa Senatı qərəzli və ermənipərəst mövqedədir - DEPUTAT ŞƏRH ETDİ

"Fransa Ermənistan-Azərbaycan münaqişəsində tərəfsizliyini heç vaxt göstərə bilməyib, daim ədalətsizlk edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq münaqişənin həllində heç bir rol oynamayıb. İşğalçı ilə işğal olunanı tərəzinin bir gözünə qoymaqla dünyada bir haqsızlıq nümunəsi yaradıb, Azərbaycan torpaqlarının işğalını görməzdən gəlib, BMT Təhlükəsizlik Şurasının Ermənistanla bağlı 4 qətnaməsini unudaraq beynəlxalq prinsipləri çeynəməklə nə qədər uğursuz vasitəçi olduğunu sübut edib. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın Azərbaycan-Ermənistan danışıqlarında iştirakı mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bu gün Fransa Senatında Azərbaycanla bağlı qətnamənin müzakirələri də ölkəmizə qarşı rəsmi Parisin qərəzindən xəbər verir: "Fransa uzun müddət ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgədə fəaliyyət göstərsə də, münaqişənin tarixi barədə bir kəlmə də danışmır, bu torpaqların de-yure kimə mənsub olduğunu demir, məsələnin həllinə ermənipərəst mövqedən yanaşır. Bəli, məhz bu yanaşma, onun tərəfli mövqe tutması, neytral ola bilməməsi sülh prosesini ləngidir, eyni zamanda Ermənistana təxribatçılıq etməkdə yardım göstərir. Senatda müzakirə olunan sənəddə açıq-aşkar erməni izləri görünür. 30 illik erməni işğalı barədə bir kəlmə də xatırlanmayan, yurdundan-yuvasından, adi insani hüquqlarından məhrum edilən bir milyondan artıq azərbaycanlı barədə bir sətir də yazılmayan sənədin hansı hüquqi qüvvəsi ola bilər? Azərbaycanı irqçilikdə ittiham edən Fransa azərbaycanlı olduqlarına görə öldürülən, girov götürülən, başlarına min bir müsibətləri gətirilən xocalılılar barədə niyə danışmır? Azərbaycanı hərbi cinayətlərdə ittiham edən rəsmi Paris niyə Ermənistan silahlı qüvvələrinin xaricdən gətirilmiş terrorçularla birgə Azərbaycanın əzəli torpaqlarında, BMT tərəfindən, elə Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın özü tərəfindən tanınan ərazilərində insanlığa qarşı törədilənlər barədə niyə susur? Bir sözlə, Fransa Senatında Azərbaycanla bağlı müzakirələrin keçirilməsinin heç bir hüquqi əsası yoxdur, işğalçı Ermənistanı dəstəkləməyə yönəlib, ermənilərlə eyni mövqedən çıxış etməyin növbəti sübutudur".

Bütün xəbərlər Facebook səhifəmizdə