Hazırda bir çox siyasi ekspert və politoloq dünyada yeni bir düzənin formalaşmaq ərəfəsində olduğunu bildirir. Dünyada fərqli nöqtələrdə müharibə ocaqlarının olması, sərhədlərin hər an yenidən “cızılma” ehtimalı bu fikrin güclü şəkildə səsləndirilməsinə əsas verir. Baş verən gərginliklər fonunda dövlətlər təbii olaraq öz mövqelərini gücləndirmək üçün bənzər tarixə, milli və dini dəyərlərə sahib olduğu dövlətlərlə əlaqələrini inkişaf etdirmək və müttəfiqlik səviyyəsinə qaldırmaq məqsədi daşıyır. Belə olan halda eyni kökə sahib olan, ortaq mədəni və mənəvi dəyərləri bölüşən və bir-birinə bağlı olan türk dövlətlərinin möhkəm birliyinin olmasının vacibliyi bir daha ortaya çıxır.
Gərgin, sürətli dəyişikliklərə məruz qalan beynəlxalq münasibətlər sistemi və qlobal konyunktura türk dövlətlərindən həmrəylik və bir-birləri ilə sıx əməkdaşlığı tələb edir. Təsadüfi deyil ki, məsələyə bu prizmadan yanaşan Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin davamlı şəkildə gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin yaradılması prioriet vəzifə olaraq qarşıya qoyulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son bir il ərzində türk dövlətlərinə - Türkiyəyə, Qazaxıstana, Qırğızıstana, Özbəkistana və Türkmənistana baş tutan səfərləri, eləcə də həmin dövlət rəhbərlərinin ölkəmizə səfərləri bu məqsədin reallaşmasındakı qətiyyəti sübut edir. Ümumiyyətlə, Azərbaycan daima türk dövlətləri arasında əlaqələrin və əməkdaşlığın inkişafını təşviq etmiş, bu istiqamətdə əməli fəaliyyət göstərmişdir. Daha güclü, daha yaxşı inteqrasiya olunmuş və daha sıx birləşmiş Türk dünyası məqsədilə yaradılmış və ötən həftə Səmərqənddə IX Zirvə Görüşü keçirilən Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da məhz 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə yaradılan platformadır. Bu, Azərbaycanın türk dövlətlərinin birliyi istiqamətində reallaşdırdığı möhtəşəm fəaliyyətlərdən biridir.
Türk dünyasına inteqrasiya üçün bu gün daha əlverişli şərait yaranıb. Hazırda türk dövlətləri arasındakı münasibətlər əhəmiyyətli dərəcədə əməkdaşlıq ruhu ilə aşılanıb. Hökumətlər türk dövlətləri arasında inteqrasiya prosesində daha da irəliyə getmək üçün öz siyasətlərində dəyişikliklər edirlər. Vətəndaşlar isə getdikcə daha çox başa düşürlər ki, türk dövlətləri bütövlükdə daha güclü olacaq, onların inteqrasiyası insanların rifahına və gündəlik həyat şəraitinin daha da yaxşılaşmasına töhfəsini verəcək.
Təəssüf ki, bu gün fərqli ölkələrdə yaşayan türk dünyasının fərdlərinin bir çoxu öz dillərində təhsil almaq hüququndan məhrumdurlar. Bu, gənclərin gələcəkdə assimilyasiya olmasına gətirib çıxara bilər ki, bunun qarşısını almaq və ya bu məsələni daimi nəzarətdə saxlamaq türk dövlətlərinin liderləri üçün fövqaladə əhəmiyyətlidir. Dövlət başçımız bu məsələ ilə bağlı 11 noyabr tarixli Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü toplantısında danışdı və bildirdi ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti daha əvvəl də, dəqiq desək, 21 oktyabr 2022-ci il tarixdə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevi qəbul edərkən bu barədə fikirlərini söyləmişdi. “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”. Dövlət başçımız bu gün də bənzər fikirləri səsləndirərək Azərbaycanın bu istiqamətdə dövlət siyasətinin nə qədər qəti və birmənalı olduğunu ortaya qoydu.
Ölkə başçımızın nitqində daha bir diqqətçəkən nüans ondan ibarət oldu ki, Azərbaycan Prezident qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə qədər bir neçə dəfə işğaldan azad olunan əzəli torpaqlarımıza ziyarətini xatırladaraq digər türk dövlətlərinin rəhbərlərini də Qarabağ və Şərqi Zəngəzura dəvət etdi. Heç şübhəsiz ki, baş tutacaq belə bir səfər türk dövlətləri arasındakı əlaqələri daha da gücləndirəcək və Azərbaycanın timsalında türk dünyasının böyük zəfərinin şanını bütün dünyaya təkrar duyuracaqdır. Ümid edirik ki, son dövrlərdə xüsusi bir ritm qazanmış türk birliyi bundan sonra daha da güclənərək qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirəcəkdir. Hazırda türk dövlətlərinin hər birinin yürütdüyü siyasət bütövlükdə türk dünyasının həmrəyliyini və əməkdaşlıq əlaqələrini daha da yüksəltməyə töhfə verməkdədir. Şübhə yoxdur ki, qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcəkdir.
Emin Sarıyev
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB