Qarabağın bərpası və əhalinin məskunlaşmasını necə sürətləndirmək olar? - TƏKLİF

Erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək. İndiyədək Ermənistan bu əraziləri qanunsuz iustismar edib, milyardlarla dollarlıq sərvəti mənimsəyib. Əvəzində Qarabağın demək olar ki, hər yerini xaraba qoyub. İndi bu bölgə tamamilə yenidən qurulmalı, məcburi köçkünlərin ora qayıtması təmin olunmalıdır. Bu çox nəhəng və çətin bir işdir, amma qeyri-mümkün də deyil.

Hələ keçən il Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan işğal altındakı Azərbaycan torpaqlarında yağmalama ilə məşğul olduqlarını etiraf etmişdi. O deyib ki, müharibəyə qədər Qarabağda təxminən 100 min ton buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi. İndi isə həm taxıl sahələri, həm də su elektrik stansiyaları Azərbaycanın nəzarətinə keçib.

Bu açıqlama Ermənistanın illərdir Azərbaycan ərazilərindəki zənginlikləri talamasının daha bir sübutudur. Bundan başqa, Ermənistan Qarabağın və Şərqi Zəngəzurun yeraltı sərvətlərindən milyardlarla dollar əldə edib.

Bəzi qanunsuz talanlarla bağlı Azərbaycan prokurorluğunda cinayət işləri açılıb. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Lakin indiyədək heç bir reaksiya verilməyib. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı var idi və 30 il ərzində Ermənistan bunları istismar edib. Bölgədə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.

Bundan əlavə, meşələrin qırılaraq satılması, su mənbələrinin vəhşicəsinə istismarı, həmin ərazilərdə narkotika plantasiyaları salınması kimi cinayət işləri də beynəlxalq məhkəmədə qaldırılmalıdır.

Prezidentin tapşırığına əsasən vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndirilir. Bəzi məlumatlara görə, söhbət ən azı 100 milyard dollarlıq təzminat tələbindən gedir.

Erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək. Buradan əldə edilən gəlirlər Qarabağın bərpası və yenidənqurması üçün böyük töhfə verəcək.

Əsas məsələlərdən biri də, ərazilərin minalardan təmizlənməsindən sonra əhalinin- Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin orada məskunlaşdırılması ilə bağlıdır. Bu çox nəhəng bir işdir. Çünki söhbət 10 şəhərin, yüzlərlə kənd və qəsəbənin, minlərlə inzibati binanın, on minlərlə binanın, evin və digər obyektin bərpasından, böyük bir infrastruktur sistemlərinin və nəqliyyat yollarının yenidən qurulmasından, 1 milyona yaxın qarabağlının öz yurdlarına qayıtmasından gedir. Bu boyda yükün öhdəsindən dövlət təkbaşına gələ bilməz. Buna görə də, dövlətin gördüyü işlərlə paralel olaraq, vətəndaşların da burada iştirakı təmin olunmalıdır. Bəs bu necə mümkün ola bilər?

Fikrimizcə, bir çox vətəndaşlar bir neçə il gözləməkdənsə, öz doğma kəndlərindəki öz evini yenidən tikməyə hazırdır. Belələri o qədər də az deyil. Belə vətəndaşlara dövlət yardım etməlidir- məsələn, onlara güzəştli, uzunmüddətli kreditlər verilə bilər, bir sıra sosial güzəştlər tətbiq oluna bilər, əlavə torpaq sahəsi ilə təmin oluna bilər. Bu halda on minlərlə qarabağlı özünə ev tikib, təsərrüfat yaradıb orada yaşaya bilər.

Bundan başqa, yerli investorlar da bu işə cəlb oluna bilər. Məsələn, orta və iri sahibkarlara orada müxtəlif müəssisələrin, sosial və biznes obyektlərinin tikilməsi üçün müxtəlif güzəştlər edilə bilər, vergi güzəştləri və s. Bu halda qısa müddətdə xeyli quruculuq işləri görülmüş ola bilər. Bir sözlə Qarabağın yenidən qurulmasında həm dövlətin, həm də vətəndaşların birgə əməyi olar. Və bir sıra ölkələrdən böyük olan bu ərazinin daha qısa müddətdə yenidən qurulması mümkün olar.

Bunun üçün lazımi maliyyə mənbələri də yetərincədir. Bir tərəfdən dünya bazarında neft və qazın bahalaşması ölkələmzə əlavə milyardlar qazandırır. Digər tərəfdən 55 milyardlıq strateji valyuta rezervlərimizin müəyyən bir hissəsindən istifadə edə bilərik. Nəticədə, xarici fondlarda 1 faizlə saxlanan bu vəsaitlər, ölkə iqtisadiyyatına qoyulsa dəfələrlə daha çox gəlir qazandırar.

Hazırda bərpa və quruculuq iuşləri davam edir. Müharibədən keçən müddət ərzində ərazinin minalardan təmizlənməsi işləri sürətlənib, elektrik, su, qaz xətlərinin, avtomobil və dəmiryolunun çəkilməsi işləri sürətlə davam edir. Füzulidə beynəlxalq aeroportun tikilməsi, daha 2 aeroportun tikiləcəyi, Bakı-Naxçıvan dəmiryolunun dağıdılmış hissələrinin sürətlə bərpası işləri, parallel olacaq eyni marşrut üzrə avtomobil yolunun çəkilməsi işləri, Fizuli-Şuşa avtomobil yolunun tikilməsi, ərazidəki şəhər və kəndlərə elektrik, qaz, su, telefon, internet xətlərinin çəkilməsi, aqrar sahədə məhsul yığımının təşkili və bu kimi işlər göstəri ki, tezliklə bu ərazidə böyük canlanma yaranacaq.

Hazırda azad edilmiş şəhər və kəndlərin baş planları hazırlanır və tezliklə layihə üzrə böyük bərpa işlərinə başlanacaq. Ağıllı şəhərlər və kəndlərin tikiləcəyi, meşələrin və yaşıllıq sahələrinin salınacağı bu bölgə təmiz ekoloji region kimi dünyada tanınacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tezliklə ölkəmizin ən inkişaf etmiş regonlarına çevriləcəyinə şübhə yoxdur. Bunun üçün həm təbii-coğrafi, həm insan resursu, həm iqtisadi-maliyyə imkanları yetərincədir. Ərazilərin bərpasında xarici kapitalın da iştirakı nəzərdə tutulub. Artıq bir sıra ölkələr buraya investisiya qoymağa hazır olduğunu bildirib.

Bu bölgənin bərpasından sonra burada qeyri-neft sektorunda sahibkarlıq subyektlərinin sayı xeyli artacaq ki, bu da əlavə iş yerləri və əlavə məhsul istehsalı deməkdir. Nəticədə ölkədə mal bolluğu yaradacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Yeni istehsal və xidmət obyektlərinin açıılması nəticəsində ümumdaxili məhsulun həcmi, dövlət büdcəsinin gəlirləri xeyli artacaq.

İşğaldan azad edilmiş rayonların hesabına turizm, nəqliyyat-logistika və aqrar sektorda ciddi artımlar əldə olunacaq. Ölkənin su ehtiyatının üçdə birini təşkil edən ərazinin su ehtiyatları digər rayonların da su təchizatında böyük töhfə olacaq.

Ölkədə əhalinin ərazilər üzrə demoqrafik balansı yaxşılacacaq, belə ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi iri şəhərlərlə məskunlaşmış məcburi köçkünlər azad edilmiş ərazilərə qayıtdıqdan sonra, ölkə əhalisi ölkə ərazisi üzrə normal paylaşılmış olacaq, bu şəhərlərin yükü azalacaq.

Zəngəzur Dəhlizinin açılması təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün deyil, bütün ölkəmiz üçün xeyli dividentlər verəcək. Naxçıvanın blokadası götürülmüş olacaq, Türkiyə və Avropaya daha qısa yol əldə ediləcək, bu dəhlizin Böyük İpək Yoluna qoşulması ilə ölkəmiz tranzitdən xeyli gərli əldə edəcək, xarici ölkələrlə ticarət imkanları daha da artacaq.

Bu, əlbəttə asan iş deyil, çox nəhəng iqtisadi-maliyyə təminatı, böyük zəhmət və vaxt, ən əsası düzgün idarətmə və düşünülmüş strategiyanın tətbiqini tələb edir. Dövlətimizin və xalqımızın bunun üçün həm lazımi imkanları, həm də iradəsi var. Bu o deməkdir ki, artıq Azərbaycanı dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevirmək üçün qarşıda heç bir problem qalmayıb.

Dövlət başçısı bununla bağlı öz qəti siyasi iradəsini ortaya qoyub və Azərbaycan ardıcıl olaraq bu hədəfə doğru irəliləyir. Tarix və təcrübə göstərdi ki, Prezident İlham Əliyev verdiyi sözlərin hamısını yerinə yetirir. Demək, Qarabağın dünyanın ən gözəl və inkişaf etmiş bölgəsinə çevrilməsi də baş tutacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...