Azərbaycan multikulturalizmin və tolerantlığın mərkəzlərindəndir - TƏHLİL

Dünyada müşahidə edilən sosial gərginliklər, eləcə də müxtəlifliyə qarşı dözümsüzlük və dini qarşıdurmalar təsdiq edir ki, tolerantlıq günümüzün ən aktual məsələsidir. Artıq qəbul edilir ki, tolerantlıq bəşəri bir dəyərə çevrilib və məhz dünyanın bütün insanlarının qarşılıqlı anlaşma, sülh şəraitində yaşamaları, mövcud olmaları üçün tolerantlıq yenə də prioritetdir və öz aktuallığını qoruyur.

Hər hansı qrupa, hətta fərdə məxsus inancların, yanaşmaların, fikirlərin və mövqelərin belə digərləri tərəfindən qəbul edilməsi, buna hörmətlə yanaşılması tolerantlıqdır və məhz bu yanaşma dinc şəraitdə, sülh şəraitində yaşamaya zəmin yaradır. Bu baxımdan tarixən tolerantlığa xüsusi önəm verilib və hətta işğal altında yaşayan xalqların belə öz inanclarını qoruyub saxlamalarına, öz tanrılarına ibadət etmələrinə, öz fikirlərində qalmalarına imkan yaradılıb, hörmətlə yanaşılıb. Tolerantlıq nümunələrinə qədim dövrlərdə rast gəlinsə də onun dövlətlər tərəfindən siyasi kurs kimi tətbiq edilməsi XVI əsrdən sonrakı dövrə təsadüf edilir. Hələ intibah dövründə belə siyasətçilər dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələrə başladılar və artıq 1689-cu ildə Britaniya parlamenti “Tolerantlıq aktı” adlı sənəd qəbul etdi. Bundan sonra 1789-cu il, Fransa inqlabı ərəfəsində Milli Assambleya tərəfindən Deklarasıya qəbul edildi və orada fikirlərinə görə kimsəyə müdaxilə edilməməsi, inanclara hörmət edilməsi öz əksini tapırdı.

Beynəlxalq sənədlərdə müvafiq konsept artıq XX əsrdən etibarən daha geniş əks olunmağa başlanıldı və 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilən Ümumdünya İnsan Haqları Bəyannaməsində öz əksini tapdı. Bəyannamənin 18-ci maddəsində qeyd olunur ki, hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Həmçinin Bəyannamənin müvafiq maddəsində vurğulanır ki, bu hüquqa öz dinini, öz əqidəsini dəyişmək azadlığı, eləcə də öz dininə, öz əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir. Ötən əsrin sonlarında isə, daha dəqiq desək, 1995-ci ilin noyabrında UNESCO-nun Baş Konfransının 28-ci sessioyası keçirildə və Tolerantlıq prinsplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, eləcə də “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır” fikirləri ifadə olundu.

Tarixə nəzər saldıqda görürük ki, əsrlər boyu Azərbaycanda dinlərarası münasibətlərə xüsusi həssaslıqla yanaşılıb, insanların etiqadına, dini inancına, fikirlərinə, yanaşmalarına hörmət edilib. Hərhansı ictimai-siyasi quruluşdan asılı olmayaraq bizdə, Azərbaycanda hər zaman dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə olub. Hətta xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, İslam dininin Azərbaycanda yayılmasından sonra dini, milli dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi və bunun təsdiqi tarixi mənbələrdə öz əksini tapır. Məhz tarixi mənbələrdən də bəlli olur ki, Azərbaycanda müsəlmanlar qeyri-müsəlmanlara, məsələn, xristianlara, yəhudilərə, onların inanclarına hörmətlə yanaşılıb.

Artıq müasir Azərbaycanda tolerantlıq nümunəvi bir şəkildədir və cəmiyyətimizdə hər bir insanın mövqeyində, digərlərinə münasibətində, hətta şüurunda belə tolerantlıq çox vacib bir dəyərə çevrilib. Belə bir dəyər qanunvericilikdə də öz əksini tapır. Milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarını, bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Xüsusilə diqqətə çatdıraq ki, insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb və məqsəd ölkədə tolerantlığı, dini dözümlülüyü daha da möhkəmləndirməkdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmləndi və bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Artıq bu ali dəyər ölkəmizdə qanunla qorunur və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multikultural harmoniyanın təminatçısıdır. İndi Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısı olmaqla yanaşı, həm də bu prosesin hərəkətverici qüvvəsinə çevrilib və Bakının iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin sammitinə və bununla bağlı çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunu təsdiq edir. Dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakıda yaradılması da təsadüfi deyil və deyilənlərin isbatıdır.
Müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şəraitin ölkəmizdə yaradıldığı göz önündədir. Milli azlıqlar öz bayramlarını Azərbaycanda rahat şəkildə qeyd edirlər və ölkə rəhbərimiz tərəfindən həmin günlərin təbrik edilməsi həmin dini konfessiyaların rəhbərləri tərəfindən yüksək dəyərləndirilir, haqlı olaraq yüksək qiymətləndirilir. Bu fakt özü də ölkəmizin tolerantlıq nümunəsi olmasını təsdiqləyir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr tarixinin Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüşlərin keçirilməsi ənənəsi də bir nümunə olaraq bütün dünyada qəbul edilir və yüksək qiymətləndirilir. “Azərbaycanda dini tolerantlıq heç də yeni konsepsiya deyildir, bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər və biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”, deyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştutmanın ölkəmiz haqqında söylədikləri əlbəttə ki, təsadüfi sayılmır və bizdə olan toleranlığın, multikultural dəyərlərə verilən qiynətin bir daha etirafıdır. Bəli, artıq etiraf edilməlidir ki, Azərbaycan multikulturalizmin və tolerantlığın mərkəzlərindəndir, eləcə də bütün dünyaya bu istiqamətdə bir nümunədir.

İnam Hacıyev
6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə