Rusiya xalq artisti: Yesenini Bakıda belə aldatmışdılar... - MÜSAHİBƏ

Sergey Nikonenko: Hərbçilər işə vicdanla yanaşaraq dekabrın uzun, qaranlıq gecəsində onu maşınla Bakının çöllərində gəzdirib... Mərdəkana gətirirlər

Rusiya Federasiyasının xalq artisti Sergey Nikonenkonun Bakı ilə çoxillik dostluq əlaqələri var və onun birləşdirici halqası şair Sergey Yeseninin yaradıcılığıdır. Xalq rəssamı dəfələrlə Mərdəkanda, Yeseninin ev-muzeyində olmuş, şairin həyat və yaradıcılığı ilə bağlı nadir eksponatlar təqdim etmişdir. “Moskva-Bakı” portalına müsahibəsində Sergey Petroviç bu yaxınlarda tapılan və Yeseninlə əlaqəli olan nadir artefaktdan danışıb. Bundan əlavə, rəssam Bakıda kiminlə Yeseninin şeirləri əsasında poetik döyüşə getdiyini, şairin həyatının hansı dövründən rejissor kimi kino çəkməyə hazır olduğunu bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycanda Yeseninin yaradıcılığına böyük sevgi var. Siz də onun yaradıcılığının pərəstişkarısınız və dəfələrlə Bakı tamaşaçılarına şairin həyat və yaradıcılığından bəhs edən ədəbi-musiqili tamaşa təqdim etmisiniz...

- Mən həmişə Bakıya yaradıcılıq gecəsinə dəvət alanda məmnuniyyətlə gəlirdim. Yeseninin yaradıcılıq gecəsini mən və "Relikt" triosu təşkil etdik. Amma ən çox Bakıya tamaşalarla gəlirdim. Hələ Aleksandr Abdulov sağ olanda gəlmişdim... Biz gözəl günəşli şəhərə, doğma Bakımıza çoxlu tamaşalar gətirdik.

- Bu il Bakıya səfər etməyi düşünürsünüzmü?

- Bu suala cavab vermək çətin olsa da. Hələ belə bir səfər gözlənilmir. Bunu Allahın ixtiyarına buraxmaq lazımdır (gülür).

- Rus ədəbiyyatında gümüş dövrün çox gözəl şairləri var. Bu Blok, Axmatova və Pasternakdır. Sergey Yeseninin işinə və taleyinə niyə bu qədər tərəfdarsınız?

- Yeseninin əzablı həyatı olub, dövr də çox çətin olub. Həm qıtlıq, həm də qanlı dövr idi. Yesenin 3 müharibədən sağ çıxdı. Yapon müharibəsində onun uşaqlığı keçdi, sonra Birinci Dünya Müharibəsi və Vətəndaş Müharibəsi oldu. Vətəndaş müharibəsi ən pisi idi. O, 3 inqilabdan sağ çıxdı. 1905-ci il birinci rus inqilabı, fevral inqilabı və oktyabr inqilabı. Və bütün bunlar 30 il çəkdi. Üstəlik, onun 4 arvadı var idi, bu da asan deyil (gülür). Ən diqqətəlayiq olanı Yeseninin 1-ci arvadı idi. Onunla çox yumşaq davranırdı, həmişə nəzakətli və diqqətli idi. Bu Anna Romanovna İzryadnova idi. Onun yaşadığı mənzil indi mənim Yesenin muzeyimdir. Qalan arvadlarla münasibətdə şairin həmişə bir növ "şekspir" ehtirasları olub. Onun şeirlərini niyə bəyənirsiniz? Yesenin gənc və cılğın idi. Amma şeir yazanda birdən elə biliyə nail oldu, bəzən elə kateqoriyalarda fikirləşirdi ki, təəccüblənirsən. Deyə bilərik ki, bu istedad onun Allahdan olub.

- Yeseninin yaradıcılığının Bakı səhnəsi çoxlarına tanışdır. Şair bir neçə dəfə Bakıda olmuş və həmişə bu şəhərə poetik sətirlər həsr etmişdir. Sizcə, şair Bakını niyə sevirdi?

- Əvvəla, Yesenin şərq poeziyasını çox sevirdi və lirikanı Rudaki, Nəsimi, Sədi kimi şərq şairlərindən və təbii ki, şair Nizami Gəncəvidən öyrəndiyini gizlətmirdi. Yesenin onların əsərlərini tərcümədə oxuyurdu. İkincisi, Bakıda çox yaxşı yaşayırdı. Özü də etiraf edirdi ki, Bakıda çox məhsuldar, rahat və asanlıqla işləmişdir. O, bu bölgəni poetik və mənəvi məkan adlandırıb. “Suyun üzərindəki neft fars yorğanı kimidir...” – bunu Bakıda görüb yazıb. O, şərq poeziyasının aşiqi olduğu üçün çox istəyirdi ki, İrana səfər etsin. Və bu xahişi Pyotr Çaqinə ünvanladı. Çaqin “Bakinskiy Raboçiy” qəzetinin redaktoru idi və birbaşa Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Kirovla əlaqə saxladı. Birlikdə onun üçün Bakıdan “İrana” səyahət təşkil etdilər. Axşam onu ​​hərbi maşına mindirib İrandakı bir iqamətgaha apara biləcəklərini söylədilər. Baxmayaraq ki, əvvəlcə Çaqin Yesenini fikrindən daşındırmağa çalışıb, misal kimi orada öldürülən Qriboyedovun taleyini göstərib. Yesenin Qriboedovun taleyini təkrarlaya bilərdi, əgər o, həqiqətən İrana getsəydi. Amma Yesenin qorxaqlardan deyildi, istəyində israrlı idi və hamıya deyirdi: “Mənə silah verin, gedim”. Hərbçilər işə vicdanla yanaşaraq dekabrın uzun, qaranlıq gecəsində onu maşınla Bakının çöllərində gəzdirib... Mərdəkana gətirirlər. Yesenin neft maqnatı Muxtarovun sarayında yaşayırdı. Və bir həftə sonra yalanın üstü açılmasın deyə onu oradan çıxardılar. Hətta sonralar bir tərcümeyi-halında bütün Avropanı gəzdiyini, Amerikada və İranda olduğunu yazmışdı. Əgər Avropada və Amerikada həqiqətən də İsadora ilə çox səyahət etmişdisə də, o, əlbəttə ki, İranda olmamışdı (gülür). Kirov və Çaqin üçün isə bu, bir növ cazibədar və xilaskar bir aldatma idi. Amma Yesenin sonra bütün dostlarına deyirdi ki, İranda çiçəklər fərqlidir və hava sevgi ilə doludur. Əslində özü də bilmədən, bütün bunları Mərdəkan haqqında demiş olurdu (gülür).

- Siz vaxtilə Yeseninə aid 17 eksponatı Yeseninin Mərdəkanda olan ev-muzeyinə köçürtmüsünüz. Şairin nadir əşyaları ilə bağlı başqa yeni tapıntılar tapa bildinizmi?

- Yeseninin nadir avtoqrafına rast gəldim. Onu hətta sitat kimi gətirmək olar. Yeseninin müasirləri olan şairlərin qafiyələrdən istifadə etmələri məni təəccübləndirdi. Elə kitabçalar, kifayət qədər nazik kitablar var idi ki, qafiyələr sütun şəklində yazılmışdır. Demək olar ki, hər sütunun davamı var, lakin fərqli əl yazısı var. Müxtəlif şairlər bu kitabçalara öz qafiyələrini əlavə etmişlər. Yeseninin əl yazısı da oradadır. Mən həmişə onun dəst-xəttini tanıyıram, o, bir hərfi ayrıca yazırdı. Və onun avtoqrafı var. Məndə Yeseninin az qala naməlum sayılan avtoqrafı var. Moskvadakı Yesenin muzeyimdə saxlanılır.

- Bakıya gələrkən tamaşaçıdan hiss edirsiniz ki, Azərbaycanda insanlar şairlərin, yazıçıların, rəssamların təmsil etdiyi rus mədəniyyətini sevirlər?

- Əlbəttə. Hətta misal olaraq sizə bir hadisə də danışacam. Məni azərbaycanlı tanışlarımdan biri, “Bakılı oğlanlar” KVN komandasının kapitanı Anar Məmmədxanov təəccübləndirdi. Təəssüf ki, o, erkən dünyasını dəyişdi. Bakıya səfərlərimin birində məni müsabiqəyə dəvət etdi - kim Yeseninin şeirlərini daha çox əzbər oxuyacaq. Mənim yaradıcılıq gecəmdə Yeseninin cəmi 33 şeiri var. Anar isə Yeseninin poeziyasını dərindən və həcmli bilməsi ilə məni heyran etdi.

- Bu poetik döyüşdə kim qalib gəldi?

- Həmin axşam bizi dinləyən komanda qalib gəldi. Başa düşdük ki, hamı qazandı - oxuyan da, dinləyən də. Və bu, mənim fikrimcə, ədalətli idi (gülür).

- Yesenin haqqında həm sənədli, həm də bədii filmlər çəkilib. Siz rejissor və ssenarist kimi şairin həyatından bəhs edən, Yeseninin yaradıcılığının Bakı mərhələsinin əks oluna biləcəyi bir film çəkmək imkanını düşünmüsünüzmü?

- Bu, yaxşı fikirdir və məncə, Yeseninin yaradıcılığının və həyatının Bakı dövrünü çəkmək daha yaxşıdır. Belə bir filmin çəkilməsi əla olardı, çünki Yesenin yalnız Bakıda həqiqətən xoşbəxt idi. Amma bakılılar onun haqqında film çəkmək fikrini dəstəkləməlidirlər. Mən həmmüəllif olmağa və rejissor kimi bu layihənin həyata keçirilməsinə kömək etməyə hazıram. Maraqlı bir film olardı. Blumkin və onun gözəl həyat yoldaşı ilə bir epizod nəyəsə dəyər. Blumkin Bakıya gəlir və qəfildən məlum olur ki, Yeseninin həyat yoldaşı ilə münasibəti var. Ehtiraslar yüksəkdir, hər ikisi gəncdir, Yeseninin 29, Blumkinin 25 yaşı var. Yesenin tapança alıb Bakını tərk edir, Blumkinin arxasınca düşür. Gözəl və maraqlı film ola bilər!

Müsahibə- Tatyana Novikova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...