Mətbuata dövlət dəstəyi: Nəyi dəyişə bilər? - ANALİZ

Xəbər verdiyimiz kimi, Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda qəbul olunub. Bu dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı ( nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı

Nazirlər Kabineti tərəfindən idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib. Bildirilib ki, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların,dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

- Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.

Göründüyü kimi, bu dəyişiklik, tək qəzetlər üçün deyil, eyni zamanda ölkədə nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar üçün də əhəmiyyət kəsb edir. Yəni burada söhbət təkcə qəzetlərdən getmir. Amma bu, qəzetlərin yükünü kifayət qədər azaldacaq. Məlum olduğu kimi, qəzetçiliyin inkişafı üçün böyük vəsait tələb olunur. Bu aspektdən qəbul olunan dəyişiklik, Azərbaycan dövlətinin mediaya, xüsusən də mətbuatın klassik siması olan qəzetçiliyə növbəti dəstəyi kimi qiymətləndirilir. Hesab olunur ki, bu, qəzetlərin maddi durumuna müsbət təsir göstərəcək.

Dövlət çap mətbuatınlın yaşaması üçün hər şeyi edir

Xatırladaq ki, çap mətbuatı ilə bağlı 2018-ci ildə dövlət tərəfindən daha bir güzəşt addımı atılmışdı. Belə ki, qəzet kağızları idxal gömrük rüsumundan azad edilmişdi. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ə əsasən reallaşmışdı.

O vaxtadək qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,5 faiz gömrük rüsumu tətbiq edilirdi. 2018-ci il yanvarın 1-dən isə bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmadı. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,5 faizlik idxal gömrük rüsumundan azad olundu.

Qəzet kağızının gömrük rüsumundan azad edilməsi kifayət qədər ciddi məsələdir. Məsələ ondadır ki, ölkəyə idxal edilən qəzet kağızına tətbiq edilən vergi və rüsumlar dövlət büdcəsinə elə bir gəlir də vermir. Amma bu kiçik vəsait çap media üçün həyati əhəmiyyət daşıyır. Çap mediası üçün nəzərdə tutulan hər bir güzəşt, qəzetlərin mövcudluğunu davam etdirməsi, ölkənin informasiya məkanı üçün çox böyük faydadır. Qəzet kağızının ƏDV-dən azad olunması onun qiymətinə böyük təsir göstərə bilər. Əgər qəzet kağızının qiyməti aşağı düşəcəksə, çap tariflərinə də nəzərəçarpan dəyişikliyi göstərməlidir.

Dövlət həmişə mətbuatın yaşaması, inkişafı üçün əlindən gələn hər şeyi edir. Qəzet kağızının da ƏDV-dən azad edilməsi bu istiqamətdə növbəti addımdır. Əlbəttə ki, bu qərarın qəzet və jurnalların xərclərinin azalması ilə bağlı faydası olacaq və nəticədə onlar xeyli əlavə xərcdən azad olacaqlar. Nəticədə qəzet və jurnalların, həmçinin kitabların və digər çap məhsullarının qiymətlərinin azalması da mümkün olacaq ki, bu da oxucuların onları daha rahat ala bilməsinə gətirib çıxara bilər.

Çap mediasının başqa problemləri var

Dövlət güzətşlərinin və dəstəyinin rolu mühümdür. Lakin qeyd etməliyik ki, bu addım da təkbaşına qəzetləri böhrandan, oxucu azlığından xilas edə bilməz. Çünki burada başqa problemlər var. Bu problem qəzetlərin özündədir. Onlar dövrün tələblərinə uyğun, peşəkar və yüksək səviyyəli fəaliyyət göstərməsələr, oxucular onları almayacaq. Hər şeyi dövlətin üstünə atmaq olmaz. Qəzetlər onlar üçün edilmiş bu qədər güzəştin müqabilində özləri də addım atmalıdırlar və keyfiyyəti yüksəltməlidirlər.

Düzdür, burada problemin bir hissəsi də qəzetlərin özlərindən asılı deyil. İnternetin inkişafı print medianı bütün dünyada sıradan çıxarır. Lakin başqa ölkələrdə mətbuat hələ ki, müqavimət göstərə bilir, öz nüfuzlarını nisbətən qoruya bilirlər. Bizdə isə, qəzet və jurnalllar getdikcə zəifləyir. Dövlətin yardım və güzəştləri olmasa, bizim qəzetlər dərhal sıradan çıxar. Mübaliğəyə yol vermədən demək olar ki, bu gün bizdə çap mətbuatı əsasən dövlətin çiyinlərində ayaq tutub dayana bilir.

Arzu edərdik ki, qəzet və jurnallar elə işləsin ki, onların "bu pulu verməyə dəyər” deyə düşünən oxucusu çox olsun. Onların satışdan və reklamdan gəlirləri çox olsun, onda əsl peşəkar mətbuat olar ortada və heç bir qüvvə onu sıradan çıxara bilməz. İnternet nə qədər inkişaf etsə də, hələ uzun müddət kitablara, qəzetlərə, jurnallara tələbat olacaq və olmalıdır. Bircə şərtlə ki, bu çap məhsulları səviyyəli materiallarla oxucuları cəlb edə bilsin.

Hazırda Azərbaycanda çap mediasının hazırki vəziyyəti arzuolunan deyil. Belə ki, internet medianın sürətli inkişafı qəzetlərin oxucu kontingentini minimumadək endirib. Üstəlik, qəzet-jurnal yeganə media vasitəsidir ki, onun üçün pul ödəmək lazımdır, amma oxucuların çoxu internetdən pulsuz şəkildə istənilən məlumatı ala bilir, təhlilləri və araşdırmaları oxuya bilir.

Həmçinin reklam bazarının olmaması da qəzetlərin öz maddi dayanıqlıqlarını təmin etməyə imkan vermir. O baxımdan, qəzetlərin çap, maaş-qonorar və digər xərclərini nəzərə aldıqda, onların maddi vəziyyətinin ağırlığını təsəvvür etmək çətin deyil. Şübhəsiz ki, MEDİA-nın qəzetlərə, jurnallara maddi dəstəyi olmasa, dövri nəşrlərin əksəriyyətinin mövcudluğu sual altına düşərdi.

Belə bir şəraitdə qəzet kağızının ƏDV-dən azad edilməsi qəzetlərə öz xərclərinin bir hissəsinə qənaət etmək imkanı yaradacaq. Ona görə də, bu dəyişiklik və edilən güzəşt hər cəhətdən müsbət qiymətləndirilir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə