Baş nazirin sabiq müşaviri: “Prezident Əliyevin diplomatiyasını alqışlayıram” - MÜSAHİBƏ

Gürcüstanın İordaniya və Meksikadakı keçmiş səfiri, Gürcüstan baş nazirinin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Zurab Eristavi “Caliber” analitik mərkəzinə müsahibəsində regionda və dünyada baş verən siyasi proseslərlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Batono Zurab, peşəkar diplomat olduğunuzu nəzərə alaraq, icazə verin müsahibəyə bu sualla başlayım: rəsmi Tbilisinin hazırkı xarici siyasət kursunu necə qiymətləndirirsiniz?

- Dövlətin xarici siyasət fəaliyyəti həmişə daxili siyasət üzərində qurulur. Bu baxımdan, təəssüf ki, Gürcüstan hazırda bu günün çağırışları qarşısında, xüsusən də Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda olması lazım olan formada deyil. Forma dedikdə mən ölkənin həm iqtisadi, həm də daxili siyasi vəziyyətini nəzərdə tuturam.

Daxili siyasi vəziyyətə gəlincə, 2020-ci il parlament seçkilərindən sonra ölkədə siyasi böhran müşahidə olunur- həmin seçkilərin nəticələri müxalifət tərəfindən mübahisələndirilirdi, beynəlxalq müşahidəçilərin fikrincə, onlar birmənalı deyildi. Vəziyyət o həddə çatdı ki, Aİ ən yüksək səviyyədə müdaxilə etməyə və tərəflər arasında vasitəçilik üçün öz xidmətlərini təklif etməyə məcbur oldu və bu, müəyyən bir nöqtədə uğurla başa çatdı- tərəflər stabilləşdirməyə yönəlmiş fəaliyyət planını əks etdirən müvafiq sənəd imzaladılar. Bu, siyasi vəziyyəti normallaşdırdı, lakin buna baxmayaraq, hakim partiya bu razılaşmadan çıxdı.

Bütün bunlar müxalifətin parlament seçkilərinin nəticələrini boykot etməsindən, müxalifətdən olan deputatların parlamentdəki yerlərini almaq istəməməsindən əvvəl olub. Tədricən bu gərginlik səngidi, müxalifət bu qərarı Aİ-nin mövqeyini nəzərə almaları ilə əsaslandıraraq güzəştə getdi.

Həbs edilən və hələ də həbsdə olan Mixail Saakaşvilinin ölkəyə gəlişi ərəfəsində növbəti yerli seçkilərdən sonra vəziyyət gərginləşib, onun səhhəti pisləşir, ona görə də bu istiqamətdə gərginlikdən əsər-əlamət yoxdur.

İqtisadi baxımdan da hər şey normaldan uzaqdır, çünki “Gürcü arzusu” hakimiyyətə gələndən sonra ölkədə iqtisadi durğunluq başlandı, makroiqtisadi göstəricilər pisləşdi; Həm mütləq, həm də nisbi (adambaşına) ifadədə ÜDM eyni səviyyədə qaldı; Gürcüstan iqtisadiyyatı 10 ildir ki, inkişaf etmir ki, bu da Gürcüstan kimi bir ölkə üçün qəbuledilməzdir.

- Bunun fonunda uzun illər strateji müttəfiq olan Tbilisi ilə Kiyev arasında soyuqluq var. Baş verənlərin səbəbini nədə və ya kimdə görürsünüz?

- Bəli, doğrudan da, Ukrayna ilə Gürcüstan arasında münasibətlər bir neçə ildir ki, pisləşir və kulminasiya nöqtəsi Ukrayna səfirinin Tbilisidən geri çağırılması oldu. Bundan əvvəl Tbilisi Gürcüstan səfirini məsləhətləşmələr üçün geri çağırıb və bu, Mixail Saakaşvilinin Ukrayna hökumətində məsul vəzifəyə təyin olunması ilə bağlı olub. Bu mənfi tendensiya bu gün də davam edir.

Xüsusilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Tbilisinin Rusiya əleyhinə sanksiyalara qoşulmaması ilə bağlı bəzi bəyanatlarından sonra vəziyyət daha da pisləşib. Bu qalmaqallı bəyanatlar Gürcüstan cəmiyyətində təkcə müxalifət deyil, ekspert birliyi tərəfindən də tənqid olunur.

Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatı bir neçə dəfə Rusiyanın beynəlxalq sanksiyaları yumşaltmaq üçün Gürcüstandan istifadə edəcəyindən narahat olduqları barədə məlumatlar dərc edib. Bütün bunlar təbii ki, münasibətlərimizdə mənfi iz buraxır.

Müstəqilliyimizin ilk günündən Rusiya Federasiyasının bizə qarşı elan olunmamış müharibəyə başladığı və 2008-ci il müharibəsi ilə yekunlaşan müstəqillik və ərazi bütövlüyü uğrunda müharibəmiz zamanı Ukraynanın bizə göstərdiyi dəstəyi nəzərə alaraq, Kiyevin narahatlığını tamamilə başa düşürəm.

– Gürcüstan ictimaiyyəti NATO-ya daxil olmaq barədə nə düşünür?

- Bu, xüsusilə Ukraynada baş verən son hadisələr fonunda kifayət qədər çətin sualdır. Burada bir faktı nəzərə almalıyıq ki, Gürcüstan əhalisinin əksəriyyəti (80%-dən çoxu) Avroatlantik istiqaməti, xüsusən də ölkənin həm Aİ-yə, həm də NATO-ya daxil olmasını dəstəkləyir.

Ona görə də Gürcüstan hökumətinin bu vektordan kənara çıxacağını düşünmürəm. Deklarativ səviyyədə Gürcüstanın indiki hökuməti də bu kursu dəstəkləyir və bu baxımdan biz son 10 ildə ətalətlə irəliləyirik, müəyyən uğurlar əldə etmişik, biz Aİ ilə bağlıyıq, uzun müddətdir ki, Avropaya inteqrasiya məsələlərində liderlərdən biri kimi, biz NATO hərbi-siyasi blokuna üzvlük üçün “aspirantura” statusuna sahibik. Biz bu yaxınlarda Moldova və Ukrayna ilə birlikdə Aİ-yə namizəd statusu üçün ərizə təqdim etmişik. Bütün bunlar Ukraynanın müharibə zamanı əldə etdiyi irəliləyişin sayəsindədir.

Bu, Aİ-nin Gürcüstan, Moldova və Ukraynanın üzvlük proseslərini sürətləndirmək üçün verdiyi siyasi qərar idi, çünki bundan əvvəl Gürcüstan hökuməti 2024-cü ildə Aİ-yə daxil olmaq üçün müraciət etmək niyyətində idi. İndi Gürcüstan üçün bir fürsət pəncərəsi açılıb və artıq çox şey Aİ-dən, onların regiondakı çətin vəziyyətə baxışından və qiymətləndirməsindən asılıdır.

- Aİ-yə üzv olmaq üçün müəyyən meyarlara cavab verməlisən. Gürcüstan Aİ-yə daxil olmaq üçün hansı islahatları aparmalıdır?

- Bu kriteriyalar Gürcüstan hökumətinin hazırda doldurduğu anketdə təsvir olunacaq. Söhbət əsasən demokratik təsisatların, insan hüquqlarının, hüquq-mühafizə və ədliyyə sistemlərinin inkişafı sahəsində islahatlardan gedir. Təəssüflər olsun ki, son dövrlərdə bu məsələdə öyünəcək heç nə yoxdur. Bu gün Gürcüstanın böhran vəziyyətində olması islahatların hələlik o qədər də yaxşı getmədiyini göstərir.

- Bu gün səsvermə keçirilsə, hansı Aİ ölkələri Gürcüstanın üzvlüyünü dəstəkləyəcək?

- Həmişə olduğu kimi, Almaniya və Fransa Aİ-nin genişlənməsinə şübhə ilə yanaşırlar. Bu, ikitərəfli səviyyədə bu ölkələrlə yaxşı münasibətlərimizin olmasına baxmayaraq. Hər iki dövlətin demokratik təsisatlarımızın və iqtisadiyyatımızın islahatlarında böyük rolu olub. Gürcüstanı əsasən Şərqi Avropa ölkələri, Baltikyanı ölkələr dəstəkləyirdi. Amma bütün bunlar indi Ukraynada baş verən “tektonik sürüşmə”dən əvvəl idi.

İnteqrasiya proseslərinin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir. Çox güman ki, Fransa və Almaniyanın mövqeyi regionumuzdakı vəziyyətə uyğun düzəldiləcək və dəyişdiriləcək və bu dəyişiklik Gürcüstanın xeyrinə olacaq.

- Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən həllinə münasibətiniz necədir?

- Hesab edirəm ki, Azərbaycan beynəlxalq birlik və beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etmək baxımından düzgün yoldadır. İndi Bakı ilə İrəvan arasında vasitəçilərin rolu artacaq, baxmayaraq ki, həm Azərbaycan, həm də Ermənistan düzgün yoldadır, bir-biri ilə birbaşa əlaqə saxlayır.

Eyni zamanda hesab edirəm ki, qonşularımız Rusiyanın vasitəçilik xidmətlərindən, Rusiya Federasiyasının Azərbaycan və Ermənistan ərazisində hərbi mövcudluğundan tədricən imtina etməli, Aİ ilə birlikdə münaqişənin sülh yolu ilə həllində vasitəçilikdə iştirak etməlidirlər. .

- Bu yaxınlarda prezident İlham Əliyev Gürcüstan, Azərbaycan və Ermənistan arasında regional əməkdaşlıq formatını təklif etdi. Bu formatın perspektivlərini necə qiymətləndirirsiniz və bu, 3+3 formatından nə ilə fərqlənəcək?

- Mən yalnız Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın qurulması təşəbbüsünü alqışlaya bilərəm. Əgər ilkin olaraq belə bir ittifaq yaradılsaydı, burada regional münaqişələr olmazdı və biz Rusiya Federasiyasının təsirini azalda bilərdik. Ancaq gec olması, heç vaxt olmamasından yaxşıdır. Bu əməkdaşlıq formatı baş tutsa, regional inteqrasiyanın sabitləşməsinə və inkişafına töhfə verəcək. Ona görə də mən ancaq prezident Əliyevin diplomatiyasını alqışlayıram.

Müsahibə- Tamilla Mamedova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə