İnsanda bir dəyər kimi qiymətləndirilən və şəxsiyyətin mənəvi-ruhi səviyyəsini ifadə edən bir neçə təbii xüsusiyyət var ki, onlardan biri də qızarmaqdır. Bəli, söhbət sözün həqiqi bütün mənalarında utanmaqdan, xəcalət çəkməkdən, abır-həyaya qısılmaqdan və bunun inikası olan qızarmaqdan gedir.

Bizim uşaqlığımız qızarma hadisələrinin bol müşahidəsi ilə keçib. Uşaq yalanımızın üstü açılanda, “cinayət” başında yaxalandıqda qızarırdıq. Həm də təkcə uşaqlar yox, böyüklər də qızarırdı.

Hətta bu qızarma prosesi adamı ələ verirdi. Bunu gizlətmək mümkün deyildi. Hansısa daxili sehirli qüvvə adamı buna məcbur edirdi. Bu proses bədii ədəbiyyatda, utanc, həya, abır, vicdan, xəcalət kimi sözlərlə yanaşı ifadə edilir.

İndi insanların çoxu qızara bilmirlər. Çünki utanc sayılan şeylər artıq çoxdan qürur yeri sayılır. İnsanın hansı intim yeri qaldı ki, televizorda göstərməsinlər? İnsanın hansı əxlaqsızlığı, xəyanəti, murdarlığı, şərəfsizliyi, eqoistliyi, tərbiyəsizliyi qaldı ki, tərif və təbliğ etməsinlər?

İnsan təkcə maddi varlıq deyil, daha çox ruhi-mənəvi şəxsiyyətdir - bu, həm dini, həm elmi olaraq əsaslandırılmış aksiomadır. Bəs o zaman nədən son vaxtlarda bu mənəvi şəxsiyyəti maddi şəxsiyyətimizi yeyib sıradan çıxarır? Axı bu ikiliklərin vəhdəti fəlsəfəsinə ziddir?

Yarımçıq varlıq İNSAN adlana bilməz. Bizim heyvandan fərqimiz məhz həmin o ruhi şəxsiyyətin maddi şəxsiyyətlə bir bədəndə mövcud olmasıdır axı?

Mənəvi dəyərlərin başında əxlaqi prinsiplər - vicdan, humanizm, abır-həya, fədakarlıq, maddi və mənəvi yaradılışa sevgiylə yanaşma kimi xüsusiyyətlər dayanır. Bunlar olmayanda maddi bədən reaksiya verə bilməz. Mən biləni heyvanlar qızarmırlar...

Qızarma bunların hamısının ruhi bədənin qarşısında maddi bədənin günahı olduğu zaman ruhun adekvat reaksiyasıdır. Yəni, bizi hansısa daxili qüvvə qeyri-əxlaqi, qeyri-vicdani hərəkətə görə utanmağa, xəcalət çəkməyə və nəhayət, qızarmağa məcbur edir.

Başqalarını deyə bilmərəm, şəxsən mən son dövrlərdə qızaran adama demək olar rast gəlməmişəm, baxmayaraq ki, müşahidə etdiyim adamlarda bunun baş verməsi üçün kifayət qədər çox əsas verəcək hallarla qarşılaşmışam.

Lakin bu, o demək deyil belə adamlar yoxdur, o deməkdir ki, xeyli azalıb. Məni, əslində, daha çox qızların qızarmaması narahat edir. Bu, daha çox onlara xas xüsusiyyət olmalıdır. Amma indi əksər qızlarımız bu xüsusiyyəti sanki şüur altında dəfn edib unudublar. Bu hiss atavizm qalığı kimi təkamül prosesində ləğv olub gedib.

Axı müasirləşirik, sərbəstləşirik, inkişaf edirik. Ata qızdan evə niyə gec gəldiyini soruşanda utanıb qızarmadan yalan danışmaq adiləşib. İctimai yerdə sevgilisi ilə utanıb-qızarmadan öpüşmək adiləşib. “Cinayət başında” yaxalananda belə qızarmadan bunu inkar etmək və özünə haqq qazandırmaq adiləşib.

Bir vaxtlar atanın yanında abırlı paltarda dolaşan qız, indi şalvar adı verilmiş dar kalqotkada, mini yubkada, yarımçıq köynəkdə gəzişir və bundan utanıb-qızarmır da. Bir vaxtlar atanın yanında kosmetikalı sifətdə görünməyən qızlar indi həmin atanın gözləri önündə əcaib rənglərdə olan təhlükəli kimyəvi “kraska”ları sifətinə yaxır.

Vaxtilə toyda, ziyafətdə kompotu utana-utana içən, danışanda səsini yüksəyə qaldırmayan qızlar, indi araq-çaxırdan vurub əcnəbi müğənnilərin əcaib-qəraib çığır-bağırlarının müşayiəti altında ortalıqda sərxoş halda erotik rəqslər edir. Heç utanıb-qızarmadan.

Görəsən, beyində qızarma hormonlarını ifraz edən mərkəzə necə və nə ilə təsir olunub ki, o sistem işləmir? Anatomik alimlər gərək bunu araşdırsın. Psixoloqlar araşdırsın ki, yaxşı hərəkətlər necə pis, pislər necə dönüb yaxşı sayılır. Biz sosioloqlar isə aydınlaşdırmayılıq ki, görək, dəyərləri, dəbləri kim müəyyən edir və məşhur “Overton pəncərəsi” vasitəsilə cəmiyyətə tətbiq etdirir.

Formanın məzmundan üstün olduğu cəmiyyətlər əxlaqsız cəmiyyətlər sayılır. Bizim cəmiyyət belə olmayıb, olmamalıdır da. Əgər bu yazını oxuyanların arasında yuxarı dediyim tipdən qızlar varsa və yazını oxuyarkən qızardılarsa, deməli, hələ heç nə itirilməyib.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...