Azərbaycan beynəxalq münasibətlər sisteminin fəal aktorlarındandır -TƏHLİL

Hər bir ölkə dünya birliyinə inteqrasiya etmək, dünya dövlətləri ilə, eləcə də region ölkələri ilə, ələlxüsus beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Dünya birliyinin bərabər hüquqlu üzvü olmaq, milli təhlükəsizliyi, ərazi bütövlüyünü, müstəqilliyi təmin etmək, sülhə, quruculuğa, inkişafa töhfə vermək hər zaman prioritet olaraq qalmaqdadır. Azərbaycan Respublikası da dünya birliyinə inteqrasiyanın, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi işinin öhdəsindən uğurla gəlir və bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir.

Ermənistanın əsassız iddiaları səbəbindən müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrlə hər zaman üz-üzə qalan Azərbaycanın beynəlxalq təşkilatlarla, dünya dövlətləri, hətta region ölkələri ilə əməkdaşlığı, eləcə də dünya birliyinə inteqrasiyası öz aktuallığını hər zaman qoruyub və yenə də qorumaqdadır. Tarixə nəzər saldıqda görürük ki, hələ ötən əsrin əvvəllərində belə Azərbaycan erməni təcavüzünə məruz qalıb, ermənilərin işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşməli olub. Azərbaycanlıların kütləvi qırğını üçün ermənilərin əllərindən gələni etmələrinin tarix boyu şahidi olmuşuq və məhz Azərbaycan torpaqlarını ələ keçirmək üçün bütün mənfur əməlləri də təkzibedilməz faktlardır. Ən çox diqqəti çəkən, təəssüf doğuran, təsiredici məqam isə ermənilərin qırğınlar törətdikdən sonra özlərini bütün dünyaya hünahsız olaraq qələmə vermək, təqdim etmək cəhdləridir və bu səbəbdən ölkəmizin öz həqiqətlərini dünyaya çatdırmaq, işğalçıların qanunsuz hərəkətləri, vətənimizə və vətəndaşlarımıza qarşı yolverilməz vandallıqları barədə dünya ictimaiyyətini məlumatlandırması hər zaman aktual olaraq qalır. Bunun üçün də təbii ki, ölkəmizin beynəlxalq təşkilatlarla, dünya dövlətləri, region ölkələri ilə əməkdaşlığı, xüsusən də bu məqsədlə dünya birliyinə inteqrasiyası vacib məsələ hesab olunur.

Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycan ilk növbədə yenə də ermənilərin, Ermənistan dövlətinin əsassız iddiaları ilə üz-üzə idi və bu da ölkəmiz üçün təhlükə hesab olunurdu. Bu təhlükənin acı nəticələri olaraq xalqımız dünyada misli-bərabəri olmayan Xocalı faciəsini yaşadı, saysız-hesabsız vətəndaşımız erməni məkrinin, törətdiyi soyqırımın qurbanına çevrildi, vətəndaşlarımız Qarabağ ərazisində yurd-yuvalarından didərgin düşdülər və o zamankı səriştəsiz hakimiyyət, yaxud hakimiyyətsizlik bunun qarşısında aciz qaldı. Ölkəmizin yenicə bərpa edilmiş müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, erməni işğalına son qoymaq zərurəti yaranmış bir zamanda əlbəttə ki, beynəlxalq birliyə inteqrasiya olunmaq vacib məsələ idi. Sözsüz ki, bütün bunlar eyni vaxta təsadüf olunmuşdu və məsələnin mürəkkəbliyi də məhz bundan irəli gəlirdi. Təbii ki, Azərbaycan bunların öhdəsindən gələ bildi. Ölkəmiz 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə ATƏT, BMT və digər beynəlxalq təşkliatlara üzv oldu və bununla yanaşı Azərbaycan digər beynəlxalq və regional təşkilatlarla fikir birliyi ilə əməkdaşlıq edir, NATO, Avropa İttifaqı ilə də əməkdaşlıqlar mövcuddur.

Hazırda ölkəmiz balanslaşdırılmış müstəqil xarici siyasət kursu yürütməkdir və Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşularla, dünyadakı dövlətlərin böyük əksəriyyəti ilə normal münasibətləri var. Hətta bir çox dövlətlərlə bu münasibətlər müttəfiqlik səviyyəsindədir və qardaş Türkiyə Cümhuriyyəti ilə müttəfiqlik münasibətlərimiz buna bariz nümunədir. Bu münasibətlər indi bütün dünya dövlətləri üçün nümunə hesab olunur və bu nümunənin fonunda ölkələrimizin gücü, qüdrəti artmaqdadır. Xüsusilə vurğulmaq yerinə düşərdi ki, qardaş ölkə, Türkiyə ilə imzalanan Şuşa Bəyannməsi müttəfiqliyimizi daha da möhkəmləndirməklə yanaşı, gücümüzü daha da artırıb, imkanlarımızı genişləndirib. Təsadüfi deyil ki, hər iki qardaş ölkə bu müttəfiqlik sayəsindən bütün dünyada söz sahibinə çevrilib və biz bunu son zamanlar dünyada baş verən proseslərdə, ələlxüsus, bütün dünyanın diqqətini cəlb edən proseslərdə də müşahidə edirik. Məsələn, Rusiya ilə Ukrayna arasında baş verən, dünyanın diqqət mərkəzində olan toqquşmaların, qarşıdurmaların həllinə, sülh şəraitinin yaradılmasına tövhə vermək üçün Türkiyəyə və Azərbaycana olan bütün dünyanın ümidləri deyilənləri təsdiq edir və Türkiyədə hər iki ölkənin nümayəndələrinin görüşünün təşkil edilməsi də təsadüfi deyildi.

Azərbaycannın regional və qlobal müstəvidə enerji təhlüksizliyinə töhfə verdiyi günümüzün reallığıdır. Bunu bütün dünya dövlətləri, ələlxüsus Avropa ölkələri qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu hərəkat daxilində hansı nüfuza malik olduğu da heç kim üçün sirr deyil. Doğrudur, ölkəmiz bu quruma üzv olanda müəyyən mübahisələr yaranmışdı, lakin bir müddət sonra, daha dəqiq desək, tarix və zaman bu qərarın doğru qərar olduğunu göstərdi. BMT-dən sonra ən çox üzvü olan beynəlxalq təşkilata, Qoşulmama Hərəkatına Azərbaycanın üzv olması, bu quruma ciddi töhfələr verməsi də bəllidir. Eyni zamanda bu quruma üzvlüyün beynəlxalq hüquqa töhfə verməsi də dünyanın, eləcə də bizim diqqətimizdən yayınmayıb və 44 günlük müharibədə biz bunu çox yaxşı gördük. Onu da gördük ki, Azərbaycanın hər hansı bir dövlətin təhlükəsizlik, yaxud da iqtisadi cəhətdən hegomonluğu altında olan bir birliyə, təşkilata üzv olmaq marağı yoxdur. Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir. Ölkəmiz əməkdaşlığa hər zaman açıqdır. Hətta əksər hallarda ölkəmiz əməkdaşlıq üçün yaxşı platformalar da yarada bilir. Məsələn, istər regional, istərsə də qlobal kontekstdə Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə baş tutan çoxsaylı nümunələr göstərmək olar. Biz bu günə qədər Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə baş tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə, Əsrin Müqaviləsinin baş turmasına şahidlik edirdiksə, indi də bənzər və daha qlobal əhəmiyyətli layihələrin reallaşdığı hadisələrə şahidlik edirik. Çindən başalyaraq Avropaya qədər uzanan nəhəng bir geosiyasi və geoiqtisadi coğrafiyanı əhatə edən nəqliyyat və kommunikasiya layihələri deyilənləri təsdiqləyir. Bir sözlə, artıq Azərbaycan beynəxalq münasibətlər sisteminin çox fəal və təşəbbüskar aktorlarındandır.

İnam Hacıyev

6.3.6. – “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə