Yaradılış bayramının həqiqi mahiyyəti – ARAŞDIRMA

I YAZI

Novruz bayramı tarixdə ilk dəfə olaraq Nərimanov tərəfindən 1921-ci ildə Azərbaycanda rəsmi dövlət bayramı elan edilib

Bahar bayramı insanlığın, sülhün, humanizmin, mənəviyyatın- bir sözlə yaradılışın bütün dəyərlərinin ən qədim şah əsəridir

Yaranışın ən qədim beşiklərindən hesab olunan Odlar Yurdu Azərbaycanda yaşayan xalqlar ta qədimdən dünya mədəniyyəti xəzinəsinə olduqca zəngin töhfələr bəxş ediblər. Ən qədim qaynaqların verdiyi məlumatlara görə, bəşəriyyətin ilk mədəniyyət və incəsənət elementləri- yazı, folklor, musiqi, poeziya, xalq teatrı, xalçaçılıq, sənətkarlıq, elmi-fəlsəfi biliklər, idman yarışları və s. bu torpaqlarda təşəkkül tapıb.

Tarix boyu yaşadığı tarixi torpaqlarda möhtəşəm mədəniyyət yaradan Azərbaycan xalqının dünya mədəniyyətinin bu qədim və zəngin ənənəsinin min illərdən bəri yaşadılmasında çox böyük rolu olub. Çünki, zəmanəmizdə məqsədli şəkildə bu bayramın təhrif edilməsi cəhdləri belə min illər boyu bu bayramı yaşadan xalqların gen yaddaşından onun dəyişməz ənənələrini silə bilməyib.

Son tədqiqatlara görə, yaşı 10 min ilə çatan bu bayramın ən yüksək səviyyədə Azərbaycanda qeyd edilməsi Odlar Yurdunun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlən əsas faktorlardandır.

Bəşəriyyətin ilk bayramı?

Bahar bayramı haqda məlumatlara qədim Şümer mətnlərində, 10 min ilə yaxın yaşı olan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, azı 5 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə rast gəlinir.

Şərqşünas Aida İmanquliyeva Novruz bayramını məzmun baxımından şərti olaraq Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropa olmaqla 3 qismə bölür. Mərkəzi Asiyaya Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi Çin türkləri- uyğurlar daxildir. Bu ərazidə əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, dastanlardan parçalar oxuyurlar.

Ön Asiya qisminə şərti olaraq Şərqi Anadolunu, Qafqazı, İranı və Özbəkistanı daxil etmək olar. Bu ərazidə bayramın keçirilməsində daha qədim ənənələr üstünlük təşkil edir.

Şərqi Avropa ərazisinə daxil olan türklər- qaqauzlar, Krım, Bolqariya, keçmiş Yuqoslaviya xalaqları və başqaları Bahar bayramını müxtəlif şənliklər, mahnılarla qarşılayırlar.

Mifoloq-alim Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır: “Alimlərimizin tədqiqatlarına görə, qədim turanlılarda bizim indiki Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu “tura” “törə”- “yaranma” sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur: “Novruz bayramı mərasimlərində "Kosam ikicanlıdır” ifadəsi işlədilir. Burada “ikicanlı olmaq” Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir.

Əslində, bu təsəvvürlərin kökündə zamanın “ölüb-dirilməsi” durur. İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji münasibətdir. Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində doğulur, böyüyür, qocalır, axırda da ölür.

Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqındakı təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar.

Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır”.

Yunan tarixçisi Plutarx yazır: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi şənliklər keçirilir (Holi Bayramı).

Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Bahar Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı ehtimalı son dərəcə yüksəkdir.

İlaxır çərşənbə- “Danatma” Günəşi qarşılamaq mərasimi

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə 4 müqəddəs ünsürlə- su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirər, Ulu Danı- müqəddəs Günəşi qarşılayardı.

Əski inanca görə, sonuncu çərşənbə gecəsi insanın Tanrıya öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını mədh edərdilər. Bu dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Azərbaycanda müqəddəs ilaxır çərşənbələri adı ilə keçirilən mərasimlər barədə ən qədim mənbələr məlumat verir. Müasir araşdırmalara görə, Bahar bayramı dünyanın ən qədim bayramı olmaqla köklü dini-fəlsəfi ehkamlara söykənib. Ərəb əsarəti dövründə xalqımızın bir sıra qədim adət-ənənələrinə, dini-fəlsəfi biliklərinə mövhumat donu geyindirib yaddaşlardan silməyə cəhd edildiyi üçün Novruz və onun ilaxır çərşənbələrinin gerçək mahiyyəti folklorşünasların və etnoqrafların diqqətindən kənarda qalmışdı.

Buna baxmayaraq, bu bayram Azərbaycan xalqının gen yaddaşında minillər boyu yaşadı və itirilmədi. Bu gün Novruz mərasimləri qədimdə olduğu kimi ümümxalq bayramı kimi qeyd olunur. Azərbaycan xalqı isə bu bayramı ən əziz və müqəddəs bayram kimi çox yüksək səviyyədə qeyd edirlər.

Novruz mifoloji və kosmoqonik biliklərə əsaslanır

4 müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olur və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün Yaradana və bütövlükdə yaradılışa həsr olunur.

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki gecə-gündüz bərabərliyi və təbii qüvvələrin tam oyanması məhz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və onun əsəri olan Təbiətin şəninə keçirilən mükəmməl mahiyyətə malik mərasimləri çox dərin elmi-fəlsəfi biliklərə söykənir.

Görkəmli tarixçi və filoloq alimlərimiz Mirəli Seyidov, Elməddin Elibəyzadə, Baloğlan Səfizadə və başqaları Novruzun mənşəyini çox-çox qədimlərə bağlayaraq qeyd edirlər ki, bu mərasimlər qədim dini biliklərə və yüksək mədəniyyətə əsaslanır və Tanrıya ibadət rituallari kimi keçirilirdi.

Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasindan ibarət ola bilməz. Çünki, tarixi faktdır ki xalqımız ta qədimdən zəngin dini-fəlsəfi bilklərə və tək Tanrıçılıq təliminə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüştlük (Mazdyasna) dini ilə sıx bağlı olub və bu bağlılıq elmə məlum olan ilk müqəddəs kitab “Avesta”da da əks olub. Bu, həm də təbiətin və insanın yaranma bayramı, işığın-Ahuramazdanın qaranlığa- Əhrimən üzərində qələbə bayramıdır.

Tanrıya həsr olunmuş ən qədim bayram

Qədim ari sivilizasiyasına mənsub xalqlar Bahar bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının ən güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Tanrıya Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu sətirlərin müəllifinin bayramın bu əsas elementi- Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı qədim mədəniyyətimizin tədqiqatçısı Fikrət Nəsrəddinzadənin ssnearisi əsasında Tovuzda səhnələşdirərək çəkdiyi qısametrajlı etnoqrafik televiziya filminə buradan baxa bilərsinis- https://www.youtube.com/watch?v=H54k30G8WiE)

Bayram mərasimlərində Tanrını vəsf edən mərasim nəğmələri oxunar, məbədlərdə böyük bayram tədbirləri keçirilərmiş. İmkansızlara yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş.

Fikrimizcə, bu mərasimlər ən qədim inancların, Tanrıya saf qəlbdən tapınmanın əyani nümayişi olaraq, maddi təbiətin 4 ünsürünün insan həyatında oynadığı əvəzedilməz rolun layiqli qiymətləndirilməsinə xidmət edir. Məhz bu səbəbdən 4 çərşənbənin hərəsi təbiətin bir ünsürünə həsr olunarmış.

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Ardı var

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə