Rusiya-Azərbaycan-Türkiyə alyansı yarana bilər – ŞƏRHLƏR

“Moskva və Ankara qeyd ediblər ki, dünya ABŞ-ın hamının necə yaşamalı olduğuna qərar verdiyi birqütblü dünya olmamalıdır”

“Ukrayna hadisələrindən sonra dünya fərqli olacaq və indi gələcəyin yeni ittifaqlarının qurulmasına başlanılır”

Bu gün- martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində görüşü keçirilir. Rusiya Xarici İşlər Nazirliyi bu görüşü danışıqlar deyil, “əlaqə” kimi təyin etsə də, ekspertlərin fikrincə, onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Türkiyə platformasında keçiriləcəyi faktıdır.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya və Ukrayna diplomatiya rəhbərlərinin görüşü martın 6-da Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığından sonra mümkün olub. Ərdoğan Qərbin rus mədəniyyət xadimlərinə hücumlarını pisləyib. Analitiklərin fikrincə, belə mövqe hazırkı vəziyyətdə vacibdir, həmçinin mediada yayılan məlumata görə, tərəflər rublla hesablaşmalar barədə razılığa gəliblər. Bu isə Qərbin bitib-tükənməyən anti-Rusiya sanksiyaları fonunda Türkiyənin də müəyyən qədər Moskvaya dəstək verməyə hazır olmasından xəbər verir.

Xatırladaq ki, Türkiyə hələ bundan əvvəl Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etmişdi. Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna arasında seçim edə bilməz. Eyni zamanda, bir sıra iş adamları, eləcə də Türkiyə liderinin yaxınları ictimai bəyanatlarında açıq şəkildə bildirirlər ki, Türkiyə ilə Rusiyanın konstruktiv münasibətləri var və Ukrayna ətrafında yaranmış heç bir vəziyyət onlara zərbə vura bilməz, meydana çıxan qlobal geosiyasi transformasiyalarda, yalnız iki ölkənin mövqelərinin yaxınlaşması gözlənilir.

Bir həftə əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə və Azərbaycan liderlərinin vasitəçilik təklif etdiyini bildirib. Prezident İlham Əliyevin vasitəçi kimi çıxış edə biləcəyi faktı yanvarda Kiyevə səfərindən və Zelenski ilə görüşündən sonra məlum olub. Səfərdən dərhal sonra Azərbaycan dövlətinin başçısı Vladimir Putinə zəng edərək Ukraynaya səfərini müzakirə edib.

Azərbaycan Prezidenti martın 5-də Bakıda Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərini qəbul edib. KİV-in məlumatına görə, müzakirə olunan məsələlər arasında Ukrayna ətrafındakı vəziyyət də var. Azərbaycan Prezidenti də martın 10-da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək Antalya Diplomatik Forumunda da iştirak edir.

Rusiya niyə məhz Türkiyənin vasitəçiliyi ilə Lavrov və Kuleba arasında danışıqlara razılıq verib və hazırkı vəziyyətdə Ankara və Bakının rolunun nə ola bilər? Bu məsələləri rusiyalı ekspertlər “Moskva-Baku” platformasına şərhlərində izah ediblər. Şərhləri oxucularımıza təqdim edirik.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov:

- Rusiyanın öz mövqeyini dünya ictimaiyyətinə, tərəfdaşlarına və qarşı tərəfə çatdırmaq üçün başqa platformadan istifadə edə bilməsi özlüyündə yaxşıdır. Onların nəyisə müzakirə etməyə çalışmaları müsbət faktdır. Açıqcasına demək lazımdır ki, Belarusda Rusiya ilə Ukrayna arasında gedən danışıqlar ümumən aşağı təmsilçi səviyyədə təqdim olunur. İki ölkənin xarici işlər nazirləri səviyyəsində təmas tərəflərin məsuliyyət səviyyəsini və irəli sürülə biləcək təkliflərin dərəcəsini artırır.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Medinskiyə hörmətlə yanaşmamıza baxmayaraq xarici işlər naziri Lavrovun statusu həm rəsmi, həm də qeyri-rəsmi iyerarxiyada xeyli yüksəkdir. Amma bütün bunlarla Türkiyədəki danışıqlardan hansısa nəticə gözlədiyimizi söyləməyə dəyməz- iki tərəfin mövqeləri kökündən fərqlidir. Amma bu istiqamətdə istənilən təmas müsbət fakt olacaq.

Türkiyənin bir neçə aylıq təkliflərdən sonra Rusiyanın ən azı xarici işlər nazirləri səviyyəsində burada və indi vasitəçiliyinə razılıq verməsi onu göstərir ki, Moskva və Ankara gələcək dünyanın formalaşmasında təxminən eyni maraqlara malikdir. Həm Moskva, həm də Ankara bir-birini kifayət qədər konstruktiv tərəfdaş kimi görür.

Moskva və Ankara dəfələrlə qeyd ediblər ki, dünya birqütblü olmamalıdır, dünya ABŞ-ın tək hegemon olduğu kimi bir dünya olmamalıdır, hansı ki o, hamı üçün necə yaşamaq, nə istehsal etmək, necə inkişaf etmək barədə qərar versin. Ona görə də deyə bilərik ki, Putin və Ərdoğan hansısa formada vahid cəbhə kimi mübarizə aparırlar.

Türkiyə Rusiyaya açıq şəkildə göstərir ki, o, bu yeni yaranan dünyada olmaq niyyətindədir və onun formalaşmasında fəal iştirak etməyə hazırdır. Və qismən hətta Rusiyanı indiki çətin vəziyyətdə konkret dəstəkləyir.

NATO üzvü olan Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Üstəlik, əminəm ki, ötən gün Rusiya və Türkiyə liderləri arasında baş tutan telefon danışıqları zamanı Ankaranın Rusiyaya dəstəyi ilə bağlı müəyyən tədbirlər müzakirə olunmuş ola bilər. Ən azından iqtisadi baxımdan. Bu, Ankaranın gələcək üçün gördüyü işlərdir. Biz görürük ki, bir sıra dövlətlər indiki siyasi və iqtisadi dünya arxitekturasının sökülməsi ilə bağlı Rusiyanın mövqeyini az-çox fəal şəkildə dəstəkləyiblər. Türkiyə uzun müddətdir və ardıcıl olaraq dünyanın dəyişməsini müdafiə edən dünya oyunçularından biridir. İndi də Putinlə Ərdoğanın ünsiyyətdə olması iki dövlətin ortaq maraqlarının olduğunun və bu məsələdə qarşılıqlı dəstəyə arxalana biləcəyinin əlavə təsdiqidir.

Rusiya və Ukrayna xarici işlər nazirləri arasında təmasların Ərdoğanın təşəbbüsü və Türkiyə xarici işlər nazirinin vasitəçiliyi ilə Türkiyə ərazisində baş tutması Türkiyə prezidentinin xeyrinə əlavə məqamlardır. O, beynəlxalq siyasətdə və təkcə Qərbi Asiyada deyil, ümumilikdə Avrasiya qitəsi ərazisində də fəal rolunu nümayiş etdirir. Ərdoğan qlobal geosiyasi gündəmə daxil edilib və o, bunu, yəqin ki, bir sıra Avropa liderlərindən də yaxşı edir. Bu, Türkiyənin aparıcı dünya güclərindən biri kimi daha da irəliləməsi baxımından riskləri də artırır.

İndi Qərb şirkətləri Rusiyanı kütləvi şəkildə tərk edərkən, biz gələcəkdə dünya imkanlarının qlobal paylanmasından danışırıq. Və Türkiyə, Çin, əslində, Latın Amerikası üçün daha çox imkanlar yaranır. İndi bir sıra dövlətlər dünya bazarlarını yenidən formalaşdıra bilərlər. Türkiyə bir çox sahədə Rusiyanı tərk etmiş Qərb bazarlarını əvəz edə bilər. Beynəlxalq ticarətdə dollarla ödənişlərdən qaçınmaq da vacib məqamdır ki, bu da indi fəal şəkildə təşviq ediləcək. Bu mövzu, əslində, bir neçə ildir müzakirə olunur. ABŞ-ın dünya maliyyə mərkəzi statusu ləğv edilir. Və bu, bir çox dövlətlər üçün aktual məsələdir. Bu mərhələyə uzun müddət hazırlaşmağımız və ona doğru fəal şəkildə irəliləməyimiz vacibdir.

Əlavə edəcəyəm ki, son vaxtlar vəziyyət başqa şeylərlə yanaşı, Rusiya və Türkiyənin də fəal oynayacağı yeni dünyanın formalaşmasına doğru gedir. Eynilə də Azərbaycan. Baxın, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyuldu. Gələcəkdə Zəngəzur dəhlizinin açılması həm Rusiya, həm də Türkiyə üçün faydalıdır. Dəhliz Rusiya ilə Türkiyə arasında qurudan birbaşa əlaqə yaradacaq. Bu çox vacibdir. Və burada Azərbaycanın rolunu yüksək qiymətləndirmək mümkün deyil.

Şübhəsiz ki, Rusiya və Türkiyə də uzunmüddətli, qarşılıqlı faydalı, konstruktiv tərəfdaşlıq qurmağa hazırdır. Türkiyə bu əlaqələrə maraq göstərir. Və ümid var ki, ölkələrimizin rifahı naminə burada hər şey düzələcək.

Ukrayna problemində vasitəçilik təklifləri baxımından da Azərbaycanın rolu diqqətəlayiqdir ki, bu da Bakının qlobal qlobal proseslərdə artan rolunu bir daha təsdiqləyir.

Politoloq Yevgeni Mixaylov:

- Əslində, kifayət qədər maraqlı vəziyyət yaranıb. Ötən il Azərbaycan və Türkiyə müttəfiqlik haqda Şuşa Bəyannaməsini imzaladılar. Bu il isə Rusiya və Azərbaycan Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Mən bir dəfə təklif etdim ki, bəlkə gələcəkdə biz üçtərəfli alyansı- Rusiya-Türkiyə-Azərbaycan- görəcəyik. Və bugünkü hadisələrin göstərdiyi kimi, mən əminəm ki, bu birlik həm də qeyri-rəsmi formada olsa da, Ukrayna istiqamətində də olacaq.

Lavrovla Kulebanın görüşü heç bir ciddi razılaşmaya gətirib çıxarmayacaq. Amma Rusiyanın Türkiyə tərəfinin vasitəçiliyi ilə aparılan danışıqlara razılıq verməsi faktının özü maraqlıdır. Axı bu danışıqlar Belarusda da aparıla bilərdi. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının əvvəlindən Türkiyənin necə kifayət qədər maraqlı mövqe tutduğunun şahidi olduq. O, həm Ukraynanı, həm də Rusiyanı dəstəkləyir.

Ərdoğan Putinə qarşılıqlı hesablaşmaları rublla təklif edir, Qərbin rus mədəniyyət xadimlərinə təzyiqindən qəzəblənir. Türkiyənin bu davranışı insanı belə düşünməyə vadar edir ki, Ərdoğan Ukrayna ətrafında vəziyyətin necə inkişaf edəcəyini qabaqcadan görüb. Türkiyə lideri Rusiyanın dişlərini Qərbə necə çox güclü göstərdiyini gördü. Ərdoğanın vasitəçi mövqeyi kifayət qədər məqbul görünür. O, Əliyev kimi dəfələrlə danışıqlar prosesində vasitəçilik etməyi təklif edib. Moskvanın Rusiya xarici işlər naziri Lavrovla ukraynalı həmkarı arasında danışıqlara razılıq verməsi məni təəccübləndirmir. Bu görüş, digər məsələlərlə yanaşı, Ərdoğanın hər şeyin sülhlə bitməsi üçün göstərdiyi hörmət və səylərin göstəricisidir.

Biz Türkiyənin Krımla bağlı mövqeyini bilirik, lakin Moskva ilə Ankara arasında bəzi sahələrdə, o cümlədən Ukrayna məsələsində fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə liderləri burada konstruktiv qarşılıqlı anlaşma, ikitərəfli münasibətlərdə vəziyyətə yanaşma tapa bildilər. Aydındır ki, Ukrayna hadisələrindən sonra dünya fərqli olacaq və indi gələcəyin yeni ittifaqlarının qurulmasına başlanılır. NATO artıq öz müttəfiqləri adlandırılanlara kömək etməkdə acizliyini nümayiş etdirib. Türkiyə Şimali Atlantika Alyansının ən güclü ölkələrindən biri kimi tanınır. Ankara Rusiya ilə də öz siyasətini aparır. Fikrimcə, gələcəkdə Türkiyə nəhayət müstəqil gücə çevrilə və NATO-dan çıxa bilər.

Rusiya bazarını tərk etmiş Qərb şirkətlərinin yerinə türk şirkətlərinin gəlməsi ilə Türkiyə Rusiya ilə iqtisadi əməkdaşlığı artıra bilər. Ölkələrimizin burada əməkdaşlığı dərinləşdirmək üçün böyük imkanları var. Hesab edirəm ki, Rusiya və Türkiyə liderləri telefon danışıqları zamanı da bu məsələni müzakirə ediblər, nəticədə Rusiya və Ukrayna XİN rəhbərlərinin Türkiyədə görüşü elan olunub. İndi də Rusiya bazarına anti-Rusiya sanksiya siyasətini dəstəkləməyən bir çox ölkələr daxil olacaq. Türkiyə və Azərbaycan istəsələr, Avrasiya İqtisadi İttifaqında status ala bilərlər və Rusiya bazarında bir çox Qərb sektorlarını əvəz edə bilərlər. Məncə, hər şey buna doğru gedir.

İndi isə Ukrayna gündəmində Azərbaycanın vasitəçi faktoru ilə bağlı. Xatırladım ki, bir vaxtlar Türkiyə bizim təyyarəmizi vurduqdan sonra Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Azərbaycanın böyük rolu olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Rusiya və Türkiyə sülhməramlı kimi çıxış etdilər və bu, Azərbaycanın Ermənistanla problemini həll etməyə imkan verdi. İndi Azərbaycan və Türkiyə Ukraynaya hər cür köməklik göstərirlər. Şübhə yoxdur ki, bütün bu danışıqlar silsiləsi- Rusiya-Türkiyə, Azərbaycan-Türkiyə- bir-biri ilə əlaqəli addımlardır. Antalya Diplomatik Forumunun keçirildiyi məkanda isə Ankara və Bakı sülhsevər gələcək qurmaq üçün hər cür səy göstərəcəklər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə