Rusiya ilə geniş spektrdə müttəfiqlik bəyannaməsi imzalanandan sonra daha geniş sahələrdə birgə əməkdaşlıq dövrü başlayacağı sirr deyil. Bu əməkdaşlıq iqtisadiyyat sahələrində, həmçinin energetika sahəsində də olacaq. Bu bəyannamədən sonra bəziləri Rusiyanın köməyi ilə Azərbaycanda AES tikilməsinin vacibliyini vurğulayır və qeyd edirlər ki, bununla Azərbaycan energetika sistemini daha da gücləndirər, əlavə gəlirlər əldə edər. Misal üçün Türkiyəni göstərirlər ki, Rusiya orada AES tikir və bu stansiya çox böyük enerji verəcək. Lakin Türkiyə Azərbaycandan fərqli olaraq enerji resursları olmayan ölkədir və enerji idxalından asılıdır. Bəs Azərbaycanda atom enerjisinə ehtiyac varmı? Bu yazıda bu məsələni təhil etməyə çalışacağıq.
İlk AES SSRİ-də, ilk atom qəzası isə ABŞ-da olub
İlk AES qəzası ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı. 36 il isə, SSRİ-də (Çernobıl AES-də) tarixin ən böyük texnogen qəzası baş verdi. Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüdü.
Qəza zamanı onlarla insan öldü. Ukraynanın özündə, Belorusiyada, Rusiyada yaşayan 600 mindən artıq sakin radiasiya şüalanmasına məruz qaldı.
Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 700 minədək Sovet insanı nəticələrin ağırlığını önləmək üçün gerçək qəhrəmanlıq göstərdi.
Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Eyni vəziyyət Yaponiyadadır. Hər iki stansiyanın təhlükəsi hələ də keçməyib.
AES texnologiyası necə işləyir?
Atom Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.
Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 400-500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə cəmi 60-70 ilə kifayət edəcəyi proqnoz edilir.
AES-lərin əsas problemi təhlükəsizliklə bağlıdır. Apreldə 36-cı ildönümünü qeyd etdiyimiz dəhşətli Çernobıl qəzası hələ yaddaşlardan silinməyib. Həmşinin 2011-ci ildə Yaponiyada Fukusima AES-də baş verən qəza da yaddaşlardan silinməyib. Bunlardan başqa AES-lərdə yüzlərlə dəfə xırda qəzalar baş verib, bəzən möcüzə sayəsində faciə baş verməyib. Bu qəzalar bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.
Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.
İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?
AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (Rusiyanın Obninsk vilayətində) dünyanın ilk Atom Elektrik Stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verildi. Lakin SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir xeyli ləngitdi... Xüusən də ona görə ki, Çernobıl AES dünyanın ən müasir texnologiyalı stansiyası idi və onun təhlükəsizlik səviyyəsi olduqcaz yüksək idi. Belə bir stansiyada qəzanın baş verməsi dünyada fəaliyyət göstərən, təhlükəsizlik və texniki cəhətdən ondan daha aşağı səviyyədə olan onlarla AES-də də belə təhlükənin olduğunu anladılar. Lakin bu qəza AES-ləşmə prosesini xeyli ləngitsə də dayandıra bilmədi.
2011-ci ildə Yaponiyadakı Fukusima AES qəzası isə növbəti xəbərdarlıq oldu. Bundan sonra bəzi ölkələr AES tikintisini dayandırmağa, köhnə AES-ləri bağlamağa qərar verdilər.
Azərbaycan da atom qəzasından zərər çəkə biləcək ölkələrdəndir. Belə ki, Ermənistanda istismar müddəti keçməsinə baxmayaraq hələ də seymik zonada fəaliyyət göstərən Metsamor AES hər an parttlaya biləcək bombadır və bu başqa versə bütün qonşu ölkələr faciə bəxş edəcək.
Atom elektrin stansiyalarının sayı artır, təhlükə böyüyür
Bəzi alimlərin fikrincə, cəmi 60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq, dünyadakı uran ehtiyatları bundan sonra azı 500 ilə kifayət edəcək. Dünyanın ümumi uran ehtiyatlarının böyük hissəsi- 60 faizdən çoxu Avstraliya, Qazaxıstan və Kanadada cəmləşib. Qazaxıstan uran hasilatına görə liderdir. Bu elementə tələbatın artması nəticəsində indi uran uğrunda mübarizə qızışıb.
Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-ə yaxındır.
2030-cu ilədək isə, onların sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
İndi 4-cü nəsil nüvə reaktorları inşa olunur ki, bu texnologiyada qəza baş verməsinin mümkün olmadığı iddia edilir. Buna görə də, əksər dövlətlər AES yaratmağa meyillənib. Unutduqları bir şey var- dünyada 100 faiz təminatlı heç nə yoxdur, ola da bilməz, elə bir təbii fəlakət baş verər ki, heç bir qüvvə faciəınin qaşrısını ala bilməz. Məsələn, vulkan, zəlzələ və s.
Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığına və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var- Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.
Radiasiya Problemləri İnstitutu ölkədə AES tikilməsini istəyir
AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. İnstitut hesab edir ki, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz başa gəlir.
“Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər.
Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır"- A.Qəribov bir neçə il qabaq mətbuata verdiyi açıqlamasında bildirmişdi.
Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur.
Böyük enerji resursları olduğu halda riskə getməyə dəyərmi?
Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. 80-ci illərdə Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi və tikintiyə başlanmışdı. Çernobıl faciəsi bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən gündəmə gətirilir.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur.
Ölkəmiz enerji təlabatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji ixrac da edə bilər.
Nüvə tullantılarının konservasiya edilməsi də olduqca bahalı bir əməliyyatdır. Azərbaycan hələlik özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.
Təbiət bizə yerüstü və yeraltı enerji mənbələri bəxş edib. Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kiyafət edəcək. Aydın olur ki, biz atomsuz da keçinərik.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB