Sergey Stankeviç: “Düşmənçiliyi aradan qaldırmaq, psixoloji yaraları sağaltmaq üçün 1 il azdır” - MÜSAHİBƏ

Anatoli Sobçak Fondunun eksperti, Rusiya Federasiyası Prezidentinin siyasi məsələlər üzrə müşaviri (1992-1993) Sergey Stankeviç “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan və Ermənistan arasında sülhə doğru hərəkət prosesinin hazırkı vəziyyətini, İrəvandan gələn sülh ritorikasının neqativə çevrilməsini, həmçinin Fransa Prezidentinin və Aİ-nin Ermənistan-Azərbaycan nizamlanmasında rolunu qiymətləndirib. Müsahibəni oxucularımza təqdim edirik.

- Sergey Borisoviç, Ermənistan-Azərbaycan nizamlanmasındakı vəziyyəti indiki səviyyədə necə qiymətləndirirsiniz? Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanat imzalanmasından 1 ildən çox vaxt keçir. Bakı və İrəvan hər iki tərəfin bəyanatlarına əsasən, Ermənistanı Rusiya və İranla, Azərbaycanı isə onun anklav ərzisi olan Naxçıvan Muxtar Respublikası ilə (gələcəkdə Türkiyə ilə də) birləşdirəcək dəmir yolunun (anladığımız kimi, bu, Zəngəzur dəhlizi deyilən yerdir) tikintisinə razılaşıblar. Vəziyyəti bu baxımdan və bütövlükdə qiymətləndirırdiniz.

- Ötən ilin əsas nailiyyəti ondan ibarətdir ki, müharibə təkrarlanmadı, sülh sazişlərinə əməl olunur. İndi sülhü kökləmək vacibdir və bunun üçün təcili olaraq nəqliyyat əlaqələrini və iqtisadi həyatı təşkil etmək lazımdır.

İndi artıq əsas dəmir yolu xətti və ona paralel olaraq avtomobil yolu çəkilir. Bu nəqliyyat arteriyası Azərbaycan ərazisindən- Qarabağın cənubu ilə keçəcək, sonra Meqri şəhərində Ermənistandan keçəcək, daha sonra Azərbaycanın Naxçıvan anklavına qədər davam edəcək və Yerasxda Ermənistan torpaqlarında bitəcək.

Münaqişədən çıxan hər iki ölkə üçün bu, Rusiya, İran və Türkiyənin iştirakı ilə bütün regionun iqtisadi əlaqələrinə qoşulmaq, bir çox investisiya layihələrini həyata keçirmək imkanıdır.

Hələlik Azərbaycan tikinti ilə daha fəal məşğuldur və o, marşrutların bir hissəsini 2023-cü ildə Ermənistanla sərhədə çatdırmaq niyyətindədir. Ermənistan da öz növbəsində oxşar niyyətlərini təsdiq edir, lakin maliyyələşmə ilə bağlı anlaşılan çətinliklər yaşayır. İrəvanın hesablamalarına görə, ən azı daha 1 milyard dollar tapmaq lazımdır.

İstanbulla İrəvan arasında uçuşların bərpası böyük simvolik əhəmiyyətə malikdir. Bir sözlə, dinc həyat hərbi münaqişənin gərgin ab-havasını tədricən əvəz edir.

- Ermənistan bir tərəfdən razılaşmaları yerinə yetirməyə hazır olduğunu göstərir, dinc bəyanatlar verir ki, bəli, biz Azərbaycanla sülhə hazırıq, Türkiyə ilə sülhə getməyə hazırıq. Konkret addımlar da var. Amma bunun fonunda biz Azərbaycana qarşı kifayət qədər neqativ bəyanatların, ittihamların verildiyini görürük. Bəzən sülhyönümlü və mənfi bəyanatların bir-birini əvəz etməsi Ermənistanın baş nazirinin dinc ritorika, məsələn, nazirin mənfi ritorikasını səsləndirdiyi “yaxşı polis, pis polis” oyununa bənzəyir. Məsələn, İrəvan KTMT-nin sammitində Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki “təcavüz”ü elan etdi. Niyə İrəvan sülh gündəmini bərabər şəkildə təbliğ edə bilmir? Revanşist qüvvələr başa düşməyəcək?

- Düşmənçilik ətalətini aradan qaldırmaq, psixoloji yaraları sağaltmaq üçün hələ bir il azdır. Bəzi ritorik hədd aşmalar qaçılmazdır. Hələ də müharibəyə siyasi dönüşlərin olmaması vacibdir. Və burada Rusiyanın vasitəçilik və sülhməramlı funksiyası tam şəkildə özünü göstərməlidir.

- Azərbaycan müntəzəm olaraq Ermənistana sülh sazişi imzalamağı təklif edir. İrəvan onun imzalanmasını Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirir. Amma rəsmi Moskva, bildiyiniz kimi, dəfələrlə vurğulayır ki, statusun həlli yalnız gələcəkdə, Azərbaycan və erməni xalqları arasında yaxınlaşma olanda mümkündür. Bəs niyə indi İrəvan bu məsələni qaldırır?

- Qarabağın statusu ilə bağlı növbəti kəskinləşmənin qarşısını almaq üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquqi möhkəmləndirilməsi məsələsini indi məcbur etmək olmaz. Zaman faktoru və normal həyatın axını öz işini görməlidir. Biz diplomatik münasibətlər üçün əlverişli mühit yaratmalıyıq.

- Son aylar, gördüyümüz kimi, Fransa və bütövlükdə Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında fəal vasitəçilik etməyə çalışır. Ötən il dekabrın 14-də Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin sammiti, ertəsi gün isə Makronun vasitəçiliyi ilə sammit keçirilib. Bundan əvvəl də Azərbaycan Avropanın vasitəçiliyi ilə əvvəllər həbsdə olan erməni hərbçilərini Ermənistana təhvil verib. Ötən gün də bunu etdi. Rusiya Fransa və Aİ-nin bu cür fəaliyyətindən narahat olmurmu?

- Moskva Fransanın hazırkı prezidenti Makronla sabit işgüzar münasibət qurub. Fransa və Rusiya prezidentləri fevralın 4-də Makronun Moskvaya səfəri zamanı təkcə göz önündə olan Ukrayna mövzusunu deyil, həm də davamlı regional təhlükəsizlik sisteminin qurulması kontekstində Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Belə bir sistemin yaradılması üçün Rusiyaya strateji müttəfiqlər lazımdır. Aİ ilə ünsiyyət quran Fransa Moskva üçün rəqib kimi görünmür, sadəcə sistemli tərəfdaşdır. Mövcud tərəfdaşlıq ruhunun gələcəkdə buludlanmaması vacibdir. Eyni zamanda, Rusiya, şübhəsiz ki, bütün Böyük Qafqaz regionu üçün nizam-intizamın əsas generatorudur. Digər oyunçuların səyləri koordinasiyalı və ahəngdar şəkildə həyata keçirildiyi təqdirdə alqışlanır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə