General Surmava: “Müharibəni pilotsuz təyyarələr deyil, insanlar udur” – MÜSAHİBƏ

“İndiyədək Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsində neytral rolu daha yaxın əməkdaşlığımıza ciddi maneə olaraq qalır”

Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general Georgi Surma “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı fikirlər səsləndirib. Müsahibəni kiçik ixtisarla (yalnlz Azərbaycana aid olan hissələri saxlamaqla) oxucularımıza təqdim edirik.

- Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən həllinə münasibətiniz necədir? Sizcə, Azərbaycan ordusunun hərbi baxımdan qələbə qazanması üçün ilkin şərt nə idi?

- Bütün münaqişələr gec-tez həll olunur. Yaxşı olar ki, bu, danışıqlar və mövqelərin yaxınlaşması yolu ilə baş versin. Qarabağ münaqişəsi iştirakçı tərəflərin və ümumilikdə regionun inkişafına mane olub və hələ də maneçilik törədir, həmçinin daha səmərəli istifadə oluna biləcək xarici resursları gərginləşdirir. Məncə, pproblem hələ tam həllini tapmayıb, amma həll olunmağa yaxındır.

Azərbaycanın hərbi uğuru istifadə olunan vasitələrin sinerjisi ilə şərtlənirdi. Diplomatiya- ölkə rəqibdən daha etibarlı müttəfiqin dəstəyini qazanıb, həm də rəqibin müttəfiqini lazımi dərəcədə zərərsizləşdirib. İqtisadiyyat bütövlükdə dövlətin, xüsusən də Silahlı Qüvvələrin döyüş əməliyyatlarının aparılmasına hazırlığını təmin edirdi. Bura müasir silah və hərbi texnika, təchizat, şəxsi heyətin təlimi və əməliyyat sahələri daxildir. Müvafiq məlumatlar həm döyüş əməliyyatlarından əvvəl, həm də əməliyyat zamanı düzgün hədəf auditoriyaya çatdırılıb. Bütün bunlar məqsədlərinə çatan hərbçilərin uğurlu fəaliyyətinə şərait yaratdı.

Konkret olaraq hərbi əməliyyatlara gəlincə, mənim subyektiv fikrimcə, aşağıdakı amillər böyük rol oynadı: Silahlı Qüvvələrin qəfil və qətiyyətli hərəkəti, daha müasir silahların geniş miqyasda istifadəsi, peşəkar əməliyat takltikası, resurslarda üstünlük (o cümlədən təlim keçmiş şəxsi heyət) və psixoloji təşəbbüs. Rəqibdə çaş-başlıq və qısa müddətə məğlub olacaqları hissi yaradıldı. Bu çox pisdir (özümdən bilirəm) və çaxnaşmaya çevrilə bilər. Müvafiq məlumatların olmaması səbəbindən daha ətraflı mühakimə yürütmək mənim üçün çətindir.

- Gürcüstan Azərbaycanın 44 günlük müharibədəki hərbi təcrübəsini öyrənirmi?

- Ümid edirəm ki, hərbi idarə bunu araşdırır. Mediaya və ekspertlərə gəlincə, ciddi yazılara rast gəlmədim. Ola bilər ki, yazılıb, amma mən görməmişəm. Və “müharibəni pilotsuz təyyarələr uddu” kimi bir çox səthi qiymətləndirmələr var. Bu barədə deyə bilərəm- 2008-ci il müharibəsinə qədər Gürcüstanda o vaxtlar ən müasir dronlar var idi (zərbə dronları yox). Düzdür, onların sayı az idi və hava hücumundan müdafiə sistemləri ilə əməliyyat sahələrinin doyma səviyyəsi daha yüksək idi, lakin onların istifadəsi (uğurlu və ya uğursuz) haqqında haradasa oxuyan və ya eşidən varmı? Müharibələr insanlar tərəfindən udulur və ya uduzulur və onlar buna hərbi əməliyyatlar başlamazdan çox əvvəl hazırlaşırlar.

- Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Hərbi sahədə əməkdaşlıq inkişaf etməyə kömək edir ki, bu da nisbətən yaxınlarda Silahlı Qüvvələrini yaratmış dövlətlər və müdafiə və təhlükəsizlik üçün zəruri olan bütün sistem üçün zəruridir. Türkiyə bu məsələdə əsas tərəfdaşlarımızdan biridir. Əməkdaşlıq sahələri müxtəlifdir: hərbi təhsil və bütün səviyyələrdə kadr hazırlığı; avtomobillərin, zirehli texnikanın, su gəmilərinin, rabitə vasitələrinin, bu obyektlərə xidmət üçün avadanlıqların, aerodrom texnikasının, hərbi geyim formasının və avadanlıqlarının (o cümlədən pulsuz) verilməsi; gürcü bölmələrinin və ayrı-ayrı zabitlərinin türk kontingentinin tərkibində sülhməramlı əməliyyatlarda iştirakı; hərbi infrastrukturun yaradılmasına yardım və s.

Üçtərəfli formatda əməkdaşlıq da lazımi səviyyədə saxlanılır. Müdafiə nazirləri və Baş Qərargah rəislərinin üçtərəfli görüşləri mütəmadi olaraq keçirilir. Üçtərəfli komanda-qərargah təlimləri, o cümlədən qoşunların cəlb edilməsi ilə keçirilir. Hər üç dövlətin nümayəndələri NATO formatında müxtəlif görüşlərdə, sülhməramlı əməliyyatlarda və təlimlərdə iştirak edirlər.

Xüsusilə silah və hərbi texnikanın birgə istehsalı, hərbi elm və təhsil və s. sahələrdə daha sıx əməkdaşlıq üçün imkanlar və resurslar mövcuddur.

Bu sahədə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinə gəlincə, qısaca deyim: onlar daha intensiv inkişaf etməlidir. İndiyədək Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsində neytral rolu buna ciddi maneə olaraq qalır. Amma yeni reallıqları (münaqişənin tədricən həllini) nəzərə alaraq, onlara daha geniş miqyas vermək olar.

- 2021-ci il Gürcüstana nə gətirdi?

- Dövlətin təhlükəsizliyi və inkişafı üçün sabit və ya ən azı proqnozlaşdırıla bilən mühit lazımdır. Bu baxımdan il çətin keçdi. Xarici amillər arasında ötən ilin yaz və qış aylarında Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti qeyd etmək olar. Bir dövlətin bu cür qüvvə və vasitələrinin bir istiqamətdə cəmləşməsi təkcə potensial rəqibi deyil, digər qonşuları da narahat etməyə bilməz. Gürcüstanın bununla bağlı edə biləcəyi çox az şey var idi, lakin xüsusilə Qara dənizdə gərginliyin yayılmasını və orada baş verən real və nümayişkaranə hadisələri nəzərə alsaq, narahatlığa əsas var idi.

Koronavirus pandemiyası əlavə sosial, iqtisadi və siyasi problemlər də gətirdi ki, bu da sabitliyə töhfə vermədi.

Növbəti seçkilər və ümumi siyasi vəziyyət insanların həyatına da təsir etdi. Gürcüstanda siyasi qüvvələr ümumiyyətlə öz partiya maraqlarını dövlət maraqlarından üstün tuturlar. Əsas müxalifət qüvvələri səbəbli və ya səbəbsiz hər hansı daxili və ya xarici hadisədən hakimiyyəti alt-üst etmək, tükəndirmək üçün istifadə etməyə, iqtidar isə əsas resurslarından (informasiya, diplomatik, iqtisadi) müxalifətlə mübarizə aparmaq və xalq qarşısında haqq qazandırmaq üçün istifadə etməyə çalışır. Və resurslar məhduddur, buna görə də daha vacib şeylər üçün kifayət deyil. Bütün bunlar dövlətin lazımi tempdə inkişafını ləngidir, bu da regionda və dünyada mövqelərin pisləşməsinə səbəb olur.

- Qafqaz regionunun gələcəyini necə görürsünüz?

- Yaxın gələcəkdə Qafqazda hətta kiçik də olsa müsbət irəliləyişləri gözləmək olar. Bu, ilk növbədə, Qarabağ münaqişəsinin həllində irəliləyiş və bir tərəfdən Ermənistan, digər tərəfdən Azərbaycan və Türkiyə arasında münasibətlərin yaxşılaşması ilə bağlıdır. Gələcəkdə sağlam düşüncənin qalib gələcəyinə, bu münasibətlərin normallaşacağına inanıram. Bu, Qafqaz ölkələri arasında, ilk növbədə, iqtisadi sahədə tərəfdaşlıq və əməkdaşlığa yol açacaq. Qafqaz bir çox ölkələrin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etmək üçün cəlbedici məkana çevrilməsi üçün bütün resurslara malikdir ki, bu da hamı üçün, ilk növbədə, Qafqaz ölkələri üçün faydalıdır. Bu isə birbaşa bölgənin təhlükəsizliyi ilə əlaqədardır.

Bununla belə, unutmaq olmaz ki, regiondakı vəziyyət onun ətrafındakı vəziyyətlə sıx bağlıdır: Qara dənizdə, Ukraynada, Şimali Qafqazda, Yaxın Şərqdə və Mərkəzi Asiyada və bütün dünyada. Hər yerdə mühüm hadisələr baş verir, mühüm məsələlər öz həllini tapır. Düşünürəm ki, bu il bir çox cəhətdən həlledici olacaq. Və gələcəkdə ümid edirəm ki, Qafqaz təhlükəsiz, inkişaf etmiş və cəlbedici regiona çevriləcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə