Mətbuatımızın 31 illik “Səs”i - TARİXİ YAZAN QƏZET

“Səs” qəzeti həmişə böyük və qüdrətli Azərbaycanın səsi olacaq

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 31 yaşı tamam olur. Hələ Sovet dövründən fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yola necə xarakterizə etmək olar? Ötən 31 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Yazıda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

“Səs” qəzeti xalqımız üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi vəziyyət olduqca gərgin idi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Respublikada ağır sosial-iqtisadi problemlər hökm sürürdü. Fövqəladə vəziyyət elan edilmiş, mətbuata güclü senzura var idi. Belə bir ağır dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması çox çətin və cəsarət tələb edən bir iş idi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər.

Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci yanvarın 11-dən dərc olunmağa başladı. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitunun 6-cı mərtəbəsində yerləşirdi.

Həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq missiyasını öz üzərinə götürdülər.

Qəzet 1991-93-cü illərdə Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını, həmçinin, xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı.

“Səs” qəzeti, əslində, Yeni Azərbaycan Partiyasının baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında 91 nəfərdən ibarət ölkə ziyalıları həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. O isə, bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, inkişaf strategiyasını açıqladı. Bu cavab da məhz "Səs" qəzetində dərc olundu.

Ümumilli lider hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirir və həm ölkə rəhbərinin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə ümumilli lider YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi:

"Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

“Səs” qəzeti haqda danışarkən bu qəzetin yaranmasında və yaşamasında böyük zəhməti olan fədakar insanların adını çəkməmək doğru olmazdı.

  • Qəzetimizin ilk baş redaktoru şair Eldar Baxış, baş redaktor müavini yazıçı Səfər Alışarlı olub.
  • 1992-ci ilin martından baş redaktoru Teyfur Çələbi, baş redaktor müavini Böyükkişi Heydərli olub.
  • 1992-ci ilin iyulundan baş redaktoru Ağabəy Əsgərov, baş redaktor müavini Səyyad Aran olub.
  • 2005-ci ildən indiyədək baş redaktoru Bəhruz Quliyev, baş redaktor müavinləri isə Valeh Məhərrəmli və Fətulla Hüseynovdur.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunurdu. Onlardan bəzilərinin adlarını qeyd etmək istəyirik- Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Əli Əhmədov, Fərəməz Maqsudov, Xəlil Rza, Kərim Kərimov, Əli Nağıyev, Murtuz Ələsgərov, Siyavuş Novruzov, Məlik Dadaşov, Səyyad Aran və başqaları. Bugünkü əməkdaşlarımız onların yaratdığı məktəbin layiqli davamçılarıdır.

Keçən 31 ildə “Səs” qəzetinin, həmçinin bütün mətbuatımızın keçdiyi yola qısaca nəzər salsaq bu tarixi dövrün necə mühüm bir nəticəyə gətirib çıxardığını görə bilərik.

90-cı illərdən sonra mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

Ümummilli lider mətbuatın inkişafı üçün münbit şərait yaratdı. Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olundu, qəzetlərin nəşriyyata olan borcları donduruldu, həmkarlarımız müxtəlif mükafatlarla təltif olundular. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda ulu öndər Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görülürdü.

Heydər Əliyevin siyasi kursu bu gün onun varisi tərəfindən layiqincə davam etdirilir. Hamınıza məlumdur ki, Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Medianın İnkişafı Agentliyi (MEDİA) vasitəsilə ölkə mətbuatının inkişafına, müasir tələblərə uyğunlaşdırılmasına çalışılır. Agentliyin KİV-lərə verdiyi maliyyə yardımları, qrantlar, həyata keçirdiyi layihələr mətbuatımızın inkişafına təkan verir. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il onlarla həmkarımız maliyyə mükafatı qazanır.

Prezident İlham Əliyev də ümumilli liderin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Milli mətbuatımızın ildönümlərində Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adlar və sair mükafatlar verilir.

Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün yeni şəhərcik salınıb və ümumilikdə 667 mənzil olmaqla 3 bina tikilib. Onlardan 2 binanın mənzilləri artıq elan olunmuş tələblərə cavab verən jurnalistlərə paylanıb, 3-cü binadakı mənzillərin isə bu il mətbuat günündə paylanması gözlənilir. Jurnalistlərə belə dövlət qayğısına dünyanın çox az ölkəsində rast gəlinir. Bütün bunlar jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşmasına səbəb olur.

Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib. Şura jurnalistlərin peşəkarlığının artırılması və mətbuatımızın inkişafına dəstək üçün müxtəlif layihələr həyata keçirir.

Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var. Bu gün ölkədə minlərlə media orqanı- qəzet, jurnal, televiziya, radio, informasiya agentliyi, xəbər saytı var və onlar istədiklərini yazırlar.

“Səs” qəzeti bugünkü fəaliyyəti ilə də ümummilli lider Heydər Əliyevin siyasi kursunu, ideyalarını yaşadan və həyata keçirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə sadiqdir və daim bu amal uğrunda çalışır.

Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir.

Torpaqlarımızın işğal azad olunması ilə nəticələnən 2-ci Qarabağ müharibəsi dövründə, ondan əvvəl də, sonra da “Səs” Media Qrupu informasiya müharibəsində öz sözünü dedi, Azərbaycan həqiqətlərini, Ali Baş Komandanımızın fəaliyyətini ölkə ictimayyətinə və müxtəlif beynəlxalq dillərdə dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışdı.

Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur. Qəzetin internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var.

Qəzetin bazasında yaranan və qısa müddətdə ictimaiyyətin rəğbətini qazanan “Səs” İnformasiya Agentliyi (SİA) və “Səs” TV ilə birlikdə, ümumilikdə “Səs” Media Qrupunun redaksiya heyəti 50 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var.

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Azərbaycanda ilk dəfə olaraq qəzet səhifələrində dərc olunan materialların quar-kod vasitəsilə elektron olaraq videoformatda izlənə bilməsi üçün xüsusi sistem yaradılıb.

Keçən ilin payızından etibarək qəzet rəngli formatda dərc olunur ki, bu da oxucular tərəfindən təqdirlə qarşılanıb. İndi qəzetin səhifələrində materialların və fotoların daha keyfiyyətli şəkildə verilməsi mümkün olub.

Şübhə yoxdur ki, "Səs" qəzeti başda olmaqla “Səs” Media Qrupunun kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək və beynəlxalq media məkanında tanınmış bir media platformaya çevrilmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

“Səs” qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütamadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Qəzetin yubiley günlərində xüsusi nömrələr buraxılır.

Bir daha qəzetimizin bütün sadiq oxucularına, əməkdaşlıq etdiyimiz bu 31 ildə bizimlə birgə olduqları üçün təşəkkür edirik. Bu, təkcə bizim yox, həm də sizin bayramınızdır.

Nə qədər ki, Azərbaycan var, “Səs” qəzeti də olacaq. “Səs” qəzeti həmişə böyük və qüdrətli Azərbaycanın səsi olacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə