Cənubi Qafqazda yeni münaqişə təhlükəsi var? - MÜSAHİBƏ

Yuri Şevtsov: “Bir sıra böhranlı vəziyyətlər olanda Belarusun köməyinə, məhz Azərbaycan gəlmişdi”

Belaruslu politoloq, Avropaya İnteqrasiya Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır və prezident İlham Əliyev özü də dəfələrlə vurğulayıb ki, Bakı Yerevanla sülh sazişi imzalamağa hazırdır, lakin Ermənistan tərəfi buna hazır deyil. Sizcə, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda niyə maraqlı deyil?

- Hesab edirəm ki, Ermənistan müharibədə məğlubiyyətini hələ tam dərk etməyib. Yəni bu, daxili amillərdən çox asılıdır, nəinki xarici. Ermənistan cəmiyyətinə ölkənin bundan sonra necə inkişaf edəcəyini anlamaq üçün vaxt lazımdır.

Digər tərəfdən, düşünmürəm ki, Ermənistanda kimsə 44 günlük müharibə zamanı Azərbaycanın geri qaytardığı ərazilərin “geri qaytarılması” barədə ciddi fikirləşir.

- Qarabağda müharibə başa çatıb və bu gün çoxlarını maraqlandıran sual budur: bundan sonra nə var? Cənubi Qafqaz regionunda, Bakı ilə İrəvan münasibətlərində nə baş verəcək? Azərbaycan və bütövlükdə regionumuz hansı yeni çağırışlarla üzləşə bilər?

- Mənə elə gəlir ki, Ermənistanla Azərbaycan arasında böyük ikitərəfli münaqişənin vaxtı keçmişdə qalıb. İndi sizin regionunuzda ABŞ-ın Yaxın Şərqdən çıxması kontekstində münasibətlərini yeni tərzdə yenidən qurmalı olan böyük xarici oyunçular arasında yeni münaqişə təhlükəsi var. Mən indi ən böyük təhlükəni İranla Türkiyə, bəlkə də daha geniş şəkildə desək, bir tərəfdən İranla digər tərəfdən İsrail, Türkiyə, Avropa İttifaqı, NATO və s. münasibətlərində görərdim, niyə? Çünki İranın qayıtdığı uranın zənginləşdirilməsi proqramı münaqişəsiz həyata keçirilə bilməz. ABŞ və İran arasında nəticəsiz danışıqlar gedir. ABŞ-ın danışıqlarla bağlı bəyanatları getdikcə daha çox narahatlıq doğurur. Bu kontekstdə son vaxtlar Azərbaycanla İran arasında gərginləşmə məntiqlidir. Çünki İranda nüvə silahının görünməsi bütün region üçün problem olacaq.

Sizin regiona aid olan və burada münasibətləri xeyli gərginləşdirə biləcək ikinci problem Gürcüstandakı vəziyyətdir. Tiflis uzun illərdir ki, açıq-aşkar amerikapərəst mövqe tutur. Amerikanın Yaxın Şərqdən çıxarılmasından ən çox itirən Gürcüstandır. Bunun özünü necə göstərəcəyini hələ deyə bilmərik. Çox müxtəlif ssenarilər ola bilər. Amma sizin regionunuzda ən çox itirən Gürcüstandır və bu, bir çox şeyə təsir edəcək.

Eyni zamanda, regionunuzu təhdid edən təhlükələr birbaşa müharibə təhlükəsi deyil. Bu, daha çox hibrid müharibələrin təhlükəsidir. Hibrid müharibələr çox məkrlidir. Onlar başlayanda hər kəsə elə gəlir ki, bu xırda şeydir və siz həmişə hər şeyi düzgün proqnozlaşdırıb qiymətləndirə bilərsiniz. Uzun və potensial təhlükəli müharibə başlayır. Burada səhv etməmək və anı qaçırmamaq vacibdir.

- Sizcə, Zəngəzur dəhlizinin taleyi necədir? Bu dəhlizin işə salınması, əsasən, hansı amillərdən asılı olacaq?

- Mənə elə gəlir ki, bu problemi ikitərəfli və ya üçtərəfli münasibətlər səviyyəsində çətin həll etmək olar: Ermənistan - Azərbaycan, Rusiya - Ermənistan - Azərbaycan. Burada çox güman ki, Zəngəzur dəhlizi probleminə böyük regional kontekst kimi baxmaq lazımdır. Əgər yaranan problemlərin regional həlli üçün işlək mexanizm yaratmaq olarsa, o zaman o, 3 Cənubi Qafqaz ölkəsinə və 3 böyük xarici oyunçuya - Rusiya, İran, Türkiyəyə arxalanacaq, o zaman nəyəsə ümid etmək olar.

- Zəngəzur dəhlizi layihəsi Çin üçün cəlbedici ola bilərmi? Bu, Çinin “Bir qurşaq, bir yol” təşəbbüsünün elementlərindən birinə çevrilə bilərmi?

- Bəli, o, ümumi olaraq Çinin “Bir qurşaq, bir yol” təşəbbüsünə uyğun gəlir. Ancaq diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, Çin əsas diqqəti iqtisadi diplomatiyaya yönəldir. Ona görə də Zəngəzur dəhlizi boyunca Çinin danışıqlar prosesində iştiraka hazır olmasını gözləməzdim. Burada Çinlə münasibətlər iqtisadi alətlər vasitəsilə bir növ fərqli şəkildə qurulmalıdır.

- Başa düşdüyümə görə, Azərbaycan və Ermənistan əvvəlcə Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlməlidir və yalnız bundan sonra Çin bu layihədə iştirak imkanlarını nəzərdən keçirə bilər?

- Belə də demək olar. Çin başa düşür ki, Azərbaycan və Ermənistan ikitərəfli əsasda çətin bu problemi həll etsin, bu, yalnız Rusiya, Türkiyə və İranın hansısa formada iştirakı ilə ola bilər. Çin bu mövzuya o zaman girəcək ki, başqa qüvvələr siyasi problemi həll etsin.

- Əfqan mövzusuna keçim. Taliban hakimiyyətdə möhkəmləndikdən sonra Mərkəzi Asiya regionunda bundan sonra nə baş verəcək?

- Məncə, onların vəziyyəti çox ağırdır və partlayış həddindədir. Əsasən, beynəlxalq ictimaiyyətin son aylarda Əfqanıstana lazımi yardımı göstərməməsi ilə bağlıdır. Elə bu günlərdə BMT Əfqanıstanda 23 milyondan çox insanın qida çatışmazlığından əziyyət çəkdiyini açıqladı. Bu, əhalinin yarıdan çoxunu təşkil edir. Vəziyyət çox ağırdır və ciddi böhranla doludur. Bunun necə və hansı ssenaridə lokallaşdırıla biləcəyini söyləmək mənim üçün çətindir. Çünki çox şey ABŞ-ın, bütövlükdə Qərbin Əfqanıstan hökumətinə məxsus olan və Taliban hakimiyyətə gəldikdən sonra blokadaya salınan Qərb banklarındakı həmin vəsaitləri blokdan çıxarmaq qərarından asılıdır. Bu, 10 milyard dollardan çoxdur. Nəzəri olaraq, bu vəsait çox geniş miqyaslı aclığı təcili dayandırmaq üçün kifayətdir.

Prinsipcə, böyük partlayışın qarşısını almaq üçün hələ də bəzi imkanlar var. Ancaq ən çətininə hazırlaşmalısınız. Bu partlayış baş verəndə məncə İran orada ən zəif halqa olacaq. ABŞ bu partlayışı İrana yönəldəcək. Düşünürəm ki, KTMT bu partlayışı Tacikistandan uzaqlaşdıra biləcək, lakin İran sual altındadır. Üstəlik, İranın nüvə proqramı ilə bağlı danışıqlarda Qərblə İran arasında münasibətlərdə böyük çətinlik var və Qərbin Əfqanıstan vasitəsilə Tehrana təzyiq göstərəcəyini gözləmək məntiqlidir.

- Əfqanıstandakı yeni proseslər fonunda KTMT ilə bundan sonra nə baş verəcək?

- Düşünürəm ki, Əfqanıstandakı vəziyyət KTMT-nin sadəcə olaraq toplaşmasına səbəb olub. KTMT-nin Əfqanıstanda keçirilən həmin təlimlərində Tacikistandan uzaqda olan Belarus da iştirak edib.

Vəziyyətin gərginləşəcəyi təqdirdə KTMT Əfqanıstanla sərhədi cilovlaya biləcəkmi? Məncə, bəli. Niyə? Mən görürəm ki, Tacikistanda rus kontingentinin çox sürətlə yenidən silahlanması gedir. Ən müasir silahlar, ən müasir texnologiya Tacikistana gəldi. Tacikistanın özü də mümkün münaqişəni bütün gücü ilə əks etdirməyə hazırlaşır. Hətta silahlı qüvvələrin qismən səfərbərliyini də həyata keçirdilər. Əfqanıstandan gələn təhlükələrə tab gətirə biləcəklərmi? Məncə, bəli.

Talibandan böyük zərbə olsa, Rusiya silahlı qüvvələri onu dəf edəcək. Kiçik müdaxilələr Tacikistan daxilində qeyri-sabitliklə dəstəklənərsə, təhlükəli ola bilər. Mənə elə gəlir ki, bütün təhdidlərə baxmayaraq, Tacikistanla sərhədlər saxlanılacaq.

Özbəkistan KTMT-dəki üzvlüyünü dayandırıb. Amma o da rahatlamır. Sərhədini tam sürətlə möhkəmləndirir. KTMT bu böhranın gedişində güclənir. Yaxın gələcəkdə KTMT-də dağılma olmayacaq.

- Azərbaycanla Belarus arasında gələcək hərbi-texniki əməkdaşlığın inkişafını necə görürsünüz?

- Hələlik hər şey qaydasındadır. Ümumiyyətlə, Azərbaycanla Belarus arasında əla münasibətlər var. Getdikcə daha da artacaq. Bir sıra böhranlı vəziyyətlər olanda Belarusun köməyinə məhz Azərbaycan gəlmişdi. Bizdə münasibətlərin çox yaxşı təməli var. Bu münasibətlərin əsasını iqtisadiyyat təşkil edir. Hələlik hər şey qaydasındadır. Yalnız Qərbin Belarusa qarşı sanksiyaları münasibətlərin inkişafına mane ola bilər. Amma hələ ki, onların Azərbaycana ciddi təsiri olduğunu görmürəm. Orada bizim Azərbaycanla əməkdaşlıqla bağlı elə layihələrimiz var ki, nəzəri cəhətdən bu sanksiyalar onlara xüsusi təsir göstərməməlidir. Mən nə aşağı, nə də yuxarı hər hansı bir təhlükə gözləmirəm.

Silahların tədarükünə gəlincə, onlar davam edəcək. Onlar uzunmüddətli müqavilələr əsasındadır. Deyə bilmərəm ki, kimsə onları pozmaqda maraqlıdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə