Aleksey Naumov: Rusiya nəhayət ki, əsl müttəfiqlərinin kim olduğunu gördü – MÜSAHİBƏ

“Rusiyanın açıq-aşkar Azərbaycanpərəst mövqe tutması bu məsələnin həllini yaxınlaşdırır. Nizamlanma Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməklə həyata keçiriləcək”

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində Sergey Lavrovun bəyanatlarına, Ermənistanın siyasəti və Ermənistan-Azərbaycan prosesində Rusiyanın İravana necə davranacağına, həmçinin İran və Türkiyə faktorları haqda danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

Sergey Lavrovun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı bəyanatı haqqında

- Məncə, Sergey Lavrovun açıqlaması Rusiya siyasətində əsaslı dönüşdən xəbər verir. Bu dönüş çox dik deyil, lakin əhəmiyyətlidir. Ermənistanın Rusiyaya iddialar irəli sürməsi, Ermənistan-Azərbaycan nizamlanmasında yeni müttəfiqlər, vasitəçilər axtarması fonunda Moskva Azərbaycanın Rusiya ilə əməkdaşlıq xəttinə, onunla müttəfiqliyə sadiq qaldığını görür. Ötən ilin fevralında Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış Müttəfiq Əməkdaşlıq Bəyannaməsi praktiki baxımdan Rusiyanın Azərbaycanla münasibətlərini ən yüksək səviyyəyə çatdırır. Və artıq heç kim deyə bilməz ki, burada Ermənistan Rusiyanın müttəfiqidir və Moskva ona nəsə borcludur, çünki Rusiya Federasiyası öz milli maraqlarına əsaslanaraq, hazırda Azərbaycan Respublikası ilə ikitərəfli münasibətləri gücləndirir.

Rusiya və Azərbaycan bu gün həqiqətən də müttəfiqdirlər, birgə hərəkət edən ölkələrdir, dövlətlərdir. Eyni zamanda, bizi Qərbin Moskva və Bakıya ümumi münasibəti birləşdirir.

Rusiya indi görür ki, çətin anlarda kim dost ölkədir, hansı ölkə ilə əməkdaşlıq etmək, hansına arxalanmaq olar. Siyasi arenada qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur, son illərdə də həmişə olduğu kimi, Azərbaycan üzərindən Rusiyaya paralel idxal həyata keçirilir. Rusiya nəhayət ki, əsl müttəfiqlərinin kim olduğunu anladı. Artıq vaxtdır. Mən həmişə bu mövqenin, Azərbaycanla bu yaxınlaşma xəttinin tərəfdarı olmuşam və bu xəttin qalib gəldiyini görməkdən məmnunam.

Rusiya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı həmişə onun ərazisi hesab edib. Bu, dəfələrlə bəyan edilib və beynəlxalq hüquqda bu məsələdə birmənalı şərh yoxdur. Ukrayna münaqişəsi başlayandan sonra bütövlükdə dünyada vəziyyət dəyişib. Xüsusi əməliyyat başlayandan Rusiya 2022-ci ilə qədər malik olduğu əlaqələri güc baxımından sınaqdan keçirir və görür ki, hansı ölkələrlə əməkdaşlıq edə bilər, hansı ölkələr Rusiyadan üstünlük əldə etmək üçün istifadə edir və s.

Düşünürəm ki, gələcəkdə daha çox oxşar bəyanatlar görəcəyik. İnanıram ki, biz gələcəkdə Ermənistan-Azərbaycan nizamlanması məsələsində müsbət dinamika görəcəyik.

Rusiyanın açıq-aşkar azərbaycanpərəst mövqe tutması bu məsələnin həllini yaxınlaşdırır və bunun alternativi yoxdur. Vəziyyətin həlli Qarabağın qalan hissəsinin Bakının nəzarətinə keçməsini və yerli erməni əhalisinin ya Azərbaycana tərkibinə keçməsini, ya da Qarabağı tərk etməsini nəzərdə tutur.

İran və Azərbaycan arasında böhranın baş verməsi haqqında

- Regionda İran faktoru çoxşaxəli və maraqlıdır. Rusiya ilə İran arasında münasibətlər yaxşılaşır. Eyni zamanda, ənənəvi rəqabət, regionda rəqabət və İranın Ermənistana dəstəyi də daxil olmaqla, böhranların mərkəzində dayanan Azərbaycan və İran İslam Respublikası arasında münasibətlər son il yarım ərzində ən yaxşı dövrlərdən keçməyib. Amma düşünürəm ki, bu, sağlam rəqabətdir. Aydındır ki, Rusiya İranla əməkdaşlıq qurmaqla yanaşı, İranın maraqlarını öz milli maraqlarına ziyan vuraraq müdafiə edəcək ölkə deyil. Deyə bilmərik ki, İran Azərbaycandan daha çox Rusiyaya yaxınlaşır. Bu səhvdir. Və indi Azərbaycanla İran arasında yaranmış vəziyyətə Rusiya heç bir şəkildə müdaxilə etməyəcək. Tərəflər vasitəçilik etməyimizi istəmədikləri halda.

Biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hərəkəti görürük, eyni zamanda etirazlarla və digər daxili çətinliklərlə üzləşən İranda qeyri-sabitliyin artdığını görürük. Əsas odur ki, İrandakı vəziyyət regional qeyri-sabitliyin katalizatoruna çevrilməsin. Cənubi Qafqaz regionunun sabitliyə, əmin-amanlığa və sülhə çox ehtiyacı var. Çox uzun müddətdir ki, region münaqişə, mübahisə, müharibə şəraitində yaşayır və biz istəməzdik ki, bu region yenidən qeyri-sabitlik meydanına çevrilsin, hansı ki, İrandakı vəziyyət onu təhdid edir.

İran daxilində vəziyyətin sabitliyinin pozulması fonunda biz başa düşürük ki, rəsmi Tehran, görünür, nəzarət etməli olduğu hər şeyə həmişə nəzarət edə bilməz. Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror aktı isə bunu nümayiş etdirir. Düşünürəm ki, Azərbaycan və İran liderləri regionda sabitliyin pozulmasının qarşısını almaq üçün vəziyyəti tənzimləməyə cəhd edəcəklər. Görünən odur ki, İranın indi Azərbaycanla rəqabətə girməsinə baxmayaraq, hər hansı antiazərbaycan hərəkatı aktivləşdirməyə gücü və niyyəti, imkanları yoxdur. Düşünürəm ki, sonda İran Ermənistan-Azərbaycan probleminin yekun həllində nəyisə bəyənməsə belə, nizamlanmanı qəbul etmək məcburiyyətində qalacaq, çünki bu, beynəlxalq hüquqa və qanuna uyğun ədalətə əsaslanır. Düşünürəm ki, Qarabağ münaqişəsinin həlli, Cənubi Qafqazda sabitlik üçün tarixi şərait formalaşıb.

İrəvanın təxribatçı əməlləri kontekstində Rusiya-Ermənistan münasibətlərinin perspektivləri haqqında

- Hesab edirəm ki, Moskva Nikol Paşinyanla hansısa substantiv danışıqların aparılmasının mümkünlüyü ilə bağlı illüziyanı dağıtdı. Paşinyan məqsədlərinə çatmaq, siyasətini aparmaq üçün hər fürsətdən istifadə edən siyasətçidir. O, açıq-aydın nə rusiyayönlü siyasətçidir, nə də qərbyönlü siyasətçidir. Ermənistanın baş naziri daha çox fürsətçi siyasətçidir, ona verilən hər fürsətdən istifadə edir, xüsusilə də hansısa aydın, yaxşı balanslaşdırılmış xarici siyasət xəttinə arxalanmır. Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair razılaşmalara əməl etmək və sonda bütün torpaqlarını Azərbaycana qaytarmaq üçün Ermənistana təzyiqlərini davam etdirəcək.

Əgər əvvəllər Moskvanın İrəvana təzyiqləri daha çox gizli, “ağ əlcəklərdə” idisə, indi bu xəttin dəyişdiyini görürük. Mənə elə gəlir ki, Moskva Ermənistanın qeyri-konstruktiv davranışından, ona vaxt və şans verməkdən yorulub. Xatırlatmaq istərdim ki, Azərbaycan və Ermənistanın razılığı ilə Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı missiyası da Qarabağ ermənilərinə düşünmək üçün vaxt verməyə hesablanmışdı, Qarabağda yaşayan azərbaycanlıların 90-cı illərdə öz ərazilərindən, yurdlarından qovulduqlarında, qırğın prosesini müşayiət edən erməni separatçıları onları xatırladığımız kimi qəbul etməmişdilər.

Ermənistan ona verilən vaxtdan sui-istifadə edir, deyəsən, konstruktiv istiqamətdə getmir, ona görə də Rusiyanın ona təzyiqi artacaq. Ümid edirəm ki, 2023-cü ildə vəziyyət nəhayət öz həllini tapacaq.

Qərbin Cənubi Qafqaza nüfuz etməsinə necə müqavimət göstərmək haqqında

- Ermənistan bu gün Qərbin maraqlarının dirijorudur. Rusiya və Azərbaycan yaxşı başa düşürlər ki, Qərb onlar üçün müttəfiq deyil və heç vaxt Rusiya və Azərbaycanla hörmətli əsasda strateji qarşılıqlı fəaliyyət göstərməyəcək. Türkiyə ilə də olmayacaq. Biz görürük ki, Aİ ilə Türkiyə arasındakı münasibət Aİ-nin qarşılığında heç nə vermədən təsir əldə etmək cəhdinə bənzəyir. Eynilə, lakin daha rüsvayçı dərəcədə Avropa İttifaqı Azərbaycan və Rusiya ilə münasibətlər qurur. Ona görə də Ermənistanla işləmək lazımdır ki, Qərb qüvvələri onun vasitəsilə Qafqaza soxulmasın.

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması strategiyasını dəyişməlidirmi?

- Nizamlanma strategiyası həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan hakimiyyəti tərəfindən xoş niyyətin olmasını nəzərdə tutur. Sülhməramlılar tərəfləri öhdəliklərini yerinə yetirməyə məcbur edə bilməzlər. Onlar toqquşmaların qarşısını almaq üçün ərazidədirlər. Aydın məsələdir ki, münaqişənin həlli siyasi xarakter daşımalıdır. Amma faktiki olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində irəliləyişə Ermənistanın qeyri-konstruktiv yanaşması mane olur. Rusiya bundan yorulub və normallaşma məsələsində mövqeyi korrektə edilir. Yəni, nizamlanma strategiyası artıq dəyişir, çünki bütün tərəflərdən konstruktiv qarşılıqlı fəaliyyət gözlədiyimiz xətt uğurlu alınmayıb. Biz Azərbaycandan konstruktiv qarşılıqlı əlaqə gördük, Ermənistandan isə görmədik. Ümid edirəm ki, bu tezliklə öz bəhrəsini verəcək.

Ermənistanın heç nə ilə razılaşmaması o demək deyil ki, nizamlanma mümkün deyil. Nizamlanma Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməklə həyata keçiriləcək.

Ermənistan parlamenti sədrinin KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində qeyri-mümkün olması, çünki struktura “öz maraqlarını güdən dövlətlər” daxil olmamalıdır haqda bəyanatına münasibət

- KTMT ilə bağlı bəyanat, sadəcə, İrəvanın destruktiv kursunun nümayişidir. Quruluşda öz maraqlarını güdən dövlətlərin olması barədə bəyanat “heyrətləndirici söhbətdir...” Ola bilsin ki, Ermənistanın fikrincə, dövlətlər öz maraqlarını güdməməlidirlər... Aydın məsələdir ki, Ermənistanın öz maraqlarını təmin etmək üçün prosesi ləngitmək imkanları getdikcə azalır. Ermənistan-Azərbaycan nizamlanmasına dair razılaşmaların həyata keçirilməsini təmin edilir və bu, davam etdiriləcək.

Rusiya ilə Qərb arasında mövcud münaqişə fonunda Cənubi Qafqazdakı vəziyyət və Moskva ilə Ankara arasındakı münasibətlərdə Türkiyədə qarşıdan gələn prezident seçkilərinin rolu haqqında

- Prezident Ərdoğanın yeni müddətə seçilməsi və ya seçilməməsinin Ermənistan-Azərbaycan nizamlanması problemlərinə ciddi təsir edəcəyini düşünmürəm. Biz başa düşürük ki, Zaqafqaziyada əsas aktorlar Azərbaycan və Ermənistandır. Burada Türkiyənin rolu dolayıdır. Sülhməramlı kontingentin ərazidə mövcudluğunu və Azərbaycan və Ermənistanla münasibətləri nəzərə alsaq, Rusiya daha mühüm rol oynayır.

Rusiya-Türkiyə münasibətlərinə gəlincə, təbii ki, burada çox şey prezident Ərdoğanın şəxsiyyəti, onun qərbə təsirində olmaq istəməməsi ilə bağlıdır. Hesab edirəm ki, türk xalqı indiki şəraitdə Qərbdən daha çox asılılıq kursunu dəstəkləməyəcək. Amerikanın icazəsizliyindən yorğunluğun təsiri təbii ki, Türkiyədə də hiss olunur. Prezident Ərdoğan güclü, nüfuzlu, dünya səhnəsində mühüm siyasətçidir. Lakin son nəticədə o, tarixi prosesləri indi dəyişməkdənsə, onun gedişatını izləyir. Amma Putin və Ərdoğanın, xüsusən indiki beynəlxalq vəziyyətdə müsbət münasibəti özünü hiss etdirir. Və bu mühüm amildir. O cümlədən Cənubi Qafqazdakı vəziyyət üçün də.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə