Dini siyasətə alət edənlər - ANALİZ

Azərbaycan özünün tolerantlıq modeli ilə dünyada örnək ölkələrdən biridir

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Dünyəvi dövlət olaraq sivil, demokratik bir cəmiyyətə malik Azərbaycanda hüquqa söykənən idarəçilik var. Azərbaycanda dini etiqad, vicdan azadlığı təmin olunub, hər bir şəxsin hüquq və azadlıqlarına ölkə Konstitusiyası və dövlət tərəfindən təminat verilir. Dini qurumların qanunla qadağan olunmayan fəaliyyətlərini həyata keçirmək üçün hər hansı məhdudiyyət tətbiq olunmur. Bununla yanaşı, bəzi dindarların fəaliyyəti, onların əməlləri islam dininin qanunlarına, milli-mənəvi dəyərlərimizə, əxlaq normalarımıza ziddir və vətəndaşlarda dinə qarşı mənfi münasibətin formalaşmasına şərait yaradır. Üstəlik, belə qüvvələr dövlətçiliyimiz üçün də ciddi problem yaradır.

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılsın.

Göründüyü kimi, dövlət dini icmaların rahat fəaliyyəti üçün hıər cür imkanlar yaradır. Onların maliyyə vəsaitləri ilə, avtomobillə təmin olunmasını, dini məbədlərin tikilməsi və təmirini dövlət öz üzərinə götürüb. Bu, dünyada çox az ölkədə belədir. Lakin dövlətin bu qayğısından bəziləri başqa məqsədlər üçün istifadə etməyə çalışır ki, bu da yolverilməzdir. Hər bir dini icma mənsub olduğu ölkənin, xalqın mənafeyini üstün tutmalıdır, nəinki xarici mərkəzlərin sifarişi ilə neqativ əməllərlə məşğul olsun.

Ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır

Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

Azərbaycanda yaradılmış tolerant durumdan yararlanan bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.

Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.

Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil. Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, media orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır.

Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir. Xüsusilə də cənub qonşumuzdan.

Gilavar özü ilə təkcə isti küləklər gətirmir, həm də soyuq qonşuluq abı-havası gətirir

Bu proseslərin konkret olaraq İrandan qaynaqlandığına heç kimin şübhəsi yoxdur. Düzdür, bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) bəzi başqa ölkələrin və Qərb dairələrinin də böyük rolu var, amma ən böyük payın İrana aid olduğu şübhəsizdir. Tehran Azərbaycan müsəlmanlarının böyük əksəriyyətinin şiə məhzəhinə aid olmasından öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

İranın indi ən təhlükəli dövrüdür. Ətrafındakı əksər qonşularından ona qarşı təhlükə axır. Ərəb inqilabları bəzi ərəb ölkələrində rejimləri dəyişsə də, İrana qarşı münasibəti zərrə qədər də dəyişməmişdir. Əksinə, indi İran özünü daha az təhlükəsiz hesab edir.

Suriya məsələsinə görə İran-Türkiyə münasibətlərində gərginlik açıq görünür. Belə vəziyyətdə İrana qarşı aşkar "müharibə" deyən dövlətlər olduğu halda Tehran Azərbaycana, onun rəhbərliyinə hədə-qorxu gəlməyə başladı. Azərbaycan İranın o qonşusudur ki, İrana qarşı təhlükə yaratmır və təhlükənin yaranmasında iştirak etmir. İran tərəfinin Azərbaycan Respublikasının daxilində, o cümlədən Qarabağda Allahı, ədaləti, məntiqi, normal qonşuluğu danaraq gördüyü işlər də Azərbaycanı ona qarşı düşmən mövqeyə keçirə bilməmişdir.

ABŞ-ın və İsrailin İranı çökdürmək üçün onun ətrafında qurduğu halqanın bağlanması lazımdır. Azərbaycan İran ətrafındakı halqanı qapayan, bağlayan dövlətdir, amma halqanı qapamır. Antiiran aksiyalarda iştirak etməməklə Azərbaycan özünü Qərb koalisiyası tərəfindən təzyiqlərə məhkum edir.

Lakin Azərbaycanın bu fədakarlığı İran tərəfindən layiqincə qiymətləndirilmir. Deyəsən Azərbaycanın sürətlə hərbi, iqtsadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi Tehranı yaman narahat edir.

Radikal dindarların tabe olduğu siyasi-ideoloji mərkəzlər onların vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayanması faktları da vardır.

Dövlət Təhlükəsizlik Xidmətinin son günlərdə İran agentura şəbəkəsini ifşa etməsi bəzilərinə dərs olmalıdır. Anlamalıdırlar ki, Azərbaycan, dövləti möhkəm, cəmiyyəti sağlam bir ölkədir.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

Azərbaycanda dini qarşıdurma üçün heç bir əsas yoxdur və olmayacaq

Təəssüf ki, XXl qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməklə ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar.

Özü də missionerlər xüsusilə gəncləri hədəf olaraq götürürlər. Son vaxtlar bəzi gənclərin radikal mövqe ortaya qoymaları (məsələn, dindar müsəlman olmayanlara qarşı təhqirlər) anlaşılan deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da, başqa dinlərə (xristianlıq, buddizm, zərdüştlük, iudaizm, krişnaizm və s) inananlar, hətta ateistlər və ya deistlər var və onlar əhalinin önəmli bir hissəsini təşkil edirlər.

Yaradanla hər kəsin ruhi və mənəvi olaraq xüsusi münasibəti var. Heç kim başqaları üzrəində vəkil edilməyib, hətta peyğəmbərlər belə belə missiyalarının olmadığını deyiblər. İnsan hüquq və azadlıqları hər şeydən yüksəkdə dayanır. Kiməsə yalnız məsləhət və tövsiyyə vermək olar, amma hər kəsin inancına (və ya inancsızlığına) hörmət edilməlidir.

Bəli, Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.

Dini fəaliyyət üçün ölkədə heç bir maneə olmasa da, dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Bəziləri hətta, dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə