Rusiyalı ekspert: Ermənistan da Ukrayna kimi Qərbin əlində oyuncaqdır - MÜSAHİBƏ

Yevgeni Mixaylov: "Ermənistan müharibəyə hazırlaşdırılır, Rusiya bunun qarşısını almaq üçün daha sərt tədbirlər görəcək"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Rusiya mətbuatına müsahibəsində KTMT-nin fəaliyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərinə toxunaraq, “Ermənistan uzun illərdir Azərbaycanın ərazilərini işğal edib. Rusiya çoxsaylı variantlar təklif etdi. Hətta əvvəlki Ermənistan rəhbərliyi də onları çox müsbət qarşılamırdı, heç vaxt iddia etmədikləri əraziləri saxlamaq istəyirdi. Məsələləri siyasi yolla həll etməyə ümidini itirdikdə Azərbaycan ona məxsus olan torpaqları hərbi yolla geri qaytardı”,- Lavrov bildirib.

Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri bir daha vurğulayıb ki, ötən il Praqada Ermənistan, Azərbaycan və Avropa İttifaqı 1991-ci ilin dekabrında Alma-Ata bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqlarına dair sənəd imzalayıblar. Bu sənəddə deyilir: yeni müstəqil dövlətlər arasındakı sərhədlər Sovet İttifaqının müttəfiq respublikalarının, o cümlədən Ermənistan və Azərbaycanın inzibati sərhədləri boyunca keçəcəkdir. Sonuncuya (Azərbaycana-red.) Dağlıq Qarabağ Muxtar Vilayəti də daxildir”,- Sergey Lavrov əvvəllər təsbit olunmuş tezisini təkrarlayıb.

Nazir xatırladıb ki, ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında eskalasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi planı hazırlanıb. Lakin İrəvan, Lavrovun sözlərinə görə, missiyanı yerinə yetirməyə tələsmirdi. Nazir qeyd edib ki, təklif hələ də “masa üzərindədir” və erməni tərəfi hazır olarsa, missiya “bir-iki gün ərzində yerləşdirilə bilər”.

İkinci Qarabağ müharibəsi zamanı Rusiya prezidenti Vladimir Putinin “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycandır” tezisi, o cümlədən Lavrovun Ermənistanın məsul rəhbərliyinin öz vətəndaşlarına işğal altında saxlanan torpaqların geri qaytarılmalı olduqlarını başa salmalı olması barədə bəyanatı geniş diqqət çəkdi.

2022-ci ildə İrəvanın bəzən qeyri-müəyyən və təxribatçı siyasəti ucbatından Rusiya XİN-in bəyanatlarını ermənilər daha açıq şəkildə tənqid etməyə başladı.

Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda, rusiyalı nazir ilk dəfə olaraq “işğal olunub” ifadəsini açıq şəkildə işlədib. Və bildiyiniz kimi, diplomatiyada hər deyilən və ya əksinə, deyilməyən söz bir siqnaldır.

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Baku” portalına vəziyyəti şərh edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.

- İlk dəfə Rusiya diplomatiyası açıq və aydın deyir: “Ermənistan işğal edib”. Mən dəfələrlə vurğulamışam ki, işğalçı Ermənistan tərəfidir. Və bu baxımdan Ermənistanda insanlar son dərəcə hiddətləndilər. İndi bunu Sergey Lavrov açıq şəkildə deyir.

Fikrimcə, Sergey Lavrovun ilk dəfə belə bir məcrada səsləndirdiyi ifadə Ermənistanda təhlükəli proseslərin getdiyinin açıq etirafıdır. Təkcə respublikanın özü üçün deyil, regionda sülh üçün təhlükəlidir. Artıq açıq-aşkar Qərbin alətinə çevrilmiş Ermənistan Rusiyanın təsir zonasını tərk edərək Rusiyaya xəyanət etdi. İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı yerinə yetirmək üçün öhdəlik götürüb və indi onları yerinə yetirmir.

Ermənistanda millətçilər artıq qışqırırlar: “Rusiya bizi işğal edir, Fransa bizim xilaskarımızdır”.

Lavrov işğalla bağlı bu ifadədən istifadə edərək Ermənistana siqnal verdi ki, “uşaqlar, diplomatik çalar bitmək üzrədir, əgər siz bunu başqa cür başa düşmək istəmirsinizsə, onda biz hər şeyi öz adı ilə çağıracağıq”. Bu, Kremldən verilən mesajdır ki, İrəvanı öz təsir zonasında saxlamaq, üçtərəfli bəyanatı yerinə yetirmək, regionda Rusiyanın bu gün ehtiyacı olmayan yeni təhlükələrin qarşısını almaq üçün daha sərt tədbirlər görüləcək.

Ermənistan bu illər ərzində Moskvanın səbrini daşdırıb və son bir ildə təxribat ardınca təxribat törədib, üstəlik, Rusiya üçün həssas bölgələrdə. Üçtərəfli razılaşmaların yerinə yetirilməməsi, KTMT missiyasının rədd edilməsi və Azərbaycanın razılığı olmadan Avropanın qondarma monitorinq missiyalarının öz ərazisinə “sürüklənməsi”, Rusiya sülhməramlılarının mütəmadi olaraq tənqid edilməsi. Bunlar “partlayışa” səbəb olmağa başlayan qıcıqlandırıcı amillərdir.

Gördüyümüz kimi, Moskva müntəzəm olaraq Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa çağırır. Niyə indi buna daha çox diqqət yetirilir? Çünki Qərb konkret olaraq Cənubi Qafqazı öz nəzarətinə götürmək qərarına gəlib, regionu böyük geosiyasi oyuna cəlb etməyə, Ermənistan vasitəsilə Transqafqazı sirkələməyə çalışır. Türkiyə və İrandakı vəziyyəti gərginləşdirir. Rusiya indiki müttəfiqləri, tərəfdaşları, regiondakı dost ölkələri ilə birlikdə bunun qarşısını almalıdır.

Yeri gəlmişkən, görürsünüz ki, Rusiya son vaxtlar hər fürsətdə Gürcüstan hakimiyyətinin Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyasına sanksiya tətbiq etmədiyini, vəziyyətə ayıq baxdığını vurğulayır. Moskva üçün Tbilisinin indiki vəziyyətdə özünü belə aparması vacibdir. Və Moskva dəfələrlə Gürcüstanla münasibətləri yaxşılaşdırmağa hazır olduğunu vurğulayıb. Qərb Moskva ilə Tbilisi arasında konstruktiv dialoqu pozmağa çalışır- artıq Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların potensial açılmasının təhlükəsizliyə təhdid olduğu barədə bəyanatlar var. Qərb Transqafqaz üzrə Cenevrə müzakirələrini pozub. Gürcüstan bu gün Ermənistandan daha müstəqildir.

Ermənistan da Ukrayna kimi Qərbin əlində eyni oyuncaqdır. Qərb son erməniyə qədər Cənubi Qafqazda müharibəyə salmaq istəyir. Ermənistanın demək olar ki, bütün rəhbərliyi Sorosun nəzarətindədir. Ermənistanda qeyri-hökumət təşkilatları vasitəsilə Rusiyaya qarşı etiraz aksiyaları qızışdırılır və maliyyələşdirilir. Ermənistan müharibəyə hazırlaşır. Qərbin sabitliyin pozulmasına hansı səyləri yönəltdiyini görəndə biz başa düşürük ki, İrəvanın müntəzəm cəhdləri Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək üçün istifadə olunacaq. Amma bu baş verməyəcək. Bu isə yalnız Qərbə daha çox əsas verir ki, Ermənistanı öz mütəxəssisləri ilə doldursun ki, erməni hərbçiləri yetişdirsin. Bütün bunları, sadəcə olaraq, Ukraynadakı prosesləri müşahidə etdiyimiz kimi müşahidə etsək, Ermənistanda nə baş verəcəyini görmüş olarıq. Buna yol vermək olmaz. Rusiya, xüsusən də, müttəfiq sayılan bir ölkəni NATO-nun öz tərəfində döyüşdürməsinə imkan verməyəcək.

Zaman-zaman Aİ-nin Ermənistana yeni genişləndirilmiş missiyasının Azərbaycanla sərhədə göndərilməsi mövzusuna toxunan Moskva vurğulayır ki, İrəvan hazır olduğu halda bu zonaya KTMT missiyasının göndərilməsi imkanları hələ də qüvvədə qalır. Təbii ki, Bakı ilə İrəvan arasında sülhə sadiq olan dövlətlərdən (yəni bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrdir) ibarət missiya indiki şəraitdə ən yaxşı variantdır. O zaman missiya yerlərdə Qərb “missionerlərinin” potensial təxribatlarına nəzarət edə bilərdi. İnanıram ki, Bakı Aİ yox, KTMT missiyasından daha çox razı olardı. Ermənistanın son vaxtlar KTMT ölkələrini “Azərbaycanpərəst” (amma əslində, obyektiv və vicdanlı) mövqeyinə görə açıq şəkildə tənqid etməsi, İrəvanın KTMT ilə bir struktur kimi əməkdaşlığını əngəlləmək qədər irəli getməsi faktı. Görünən odur ki, Ermənistan regionda kənar bir ölkəyə çevrilmək istəyir. O, özünü tamamilə dağıdıcı aparır və həm özünün, həm də qonşularının rifahına xələl gətirir.

Ermənistan bu gün xaraba kimi görünür. Ölkə hakimiyyətinin bu gün gördüyü işlər ölkənin milli maraqlarına xələl gətirir. Ermənistan uğrunda mübarizə öz milli maraqlarını reallaşdırmaq üçün imkanlardan istifadə edəcək rəhbərlik ölkəyə gələnə qədər davam edəcək. Və maraq qonşularla dostluqdadır.

Eyni zamanda, hesab edirəm ki, təəssüf ki, KTMT-nin Ermənistanda missiyası artıq mümkün deyil. Ona görə də Rusiya Cənubi Qafqazdakı tərəfdaşları ilə əməkdaşlığı gücləndirməlidir. Azərbaycanla əməkdaşlığı gücləndirmək, İranın gözünü açmaq lazımdır ki, Ermənistan ərazisində Qərb koalisiyası yaradılır. Axı Ermənistanda Qərbin kəşfiyyat funksiyaları İrana yönələcək.

İran Azərbaycanla yaxşı münasibətlərdə maraqlı deyil? Boş söhbətdir. Düşünürəm ki, Rusiya Tehranla Bakı arasında münasibətləri hamarlaşdıracaq, qarşılıqlı faydalılıq və konstruktivliyi təmin edəcək vasitəçi kimidir. Çünki biz həm Azərbaycanla, həm də İranla müttəfiqik. Bu ölkələr arasında sülhün olmasında Rusiyadan başqa kim maraqlıdır? Moskva Ermənistandan qıcıqlandırıcı amil kimi istifadə olunmasına imkan verməyəcək. Qərbin bu istiqamətdə fəaliyyətini birgə səylərlə dayandırmaq lazımdır. Qərb istiqamətində məsələləri həll edib, cənuba keçəcəyik. İndi bizim vəzifəmiz, hələlik, Qərbin Zaqafqaziyada fəaliyyətinin zərərini minimuma endirməkdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə