Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” çərçivəsində hazırlanıb.

Elçin Bayramlı

Yaddaşımdan heç vaxt silinməyən hadisələrin çoxu “qaranlıq 90-lar” adlandırdığım dövrə aiddir. Ötən əsrin son on illiyində- Sovet hakimiyyəti dağılandan sonra böhran, aclıq, qıtlıq və yoxsulluq baş alıb gedirdi. Ölkə iqtisadiyyatı dayanmış, hər yerdə xaos hökm sürürdü. Respublikalararası ticarət dayandığından və Ermənistanla müharibə şəraitində olduğumuzdan da vəziyyət ikiqat ağır idi. Respublikamız taxıl tələbatının çoxunu idxal hesabına təmin edirdi ki, idxalda da ciddi çətinliklər var idi, üstəlik, ölkənin dövlət büdcəsi boş idi və xaricdən nəsə almaq da çətinləşmişdi.

Tovuz şəhərindəki çörək zavodu un olmadığına görə işləmirdi. Çörəyi alverçilər ölkənin o başından-paytaxtdan sərnişin qatarları ilə kisələrdə daşıyıb gətirirdilər və ikiqat qiymətə satırdılar. Bir neçə kiçik çörək sexi isə haradansa tapıb gətirdikləri az miqdarda undan çörək bişirirdi və onların qarşısında uzun çörək növbələri olurdu. Şəhərin əsas çörək təminatı Bakı-Qazax, Bakı-Tbilisi qatarları idi.

Bir gün səhər tezdən dəmiryol vağzalına çörək almağa gedirdim. Soyuq qış səhəri minlərlə insan həsrətlə qatarı gözləyirdi ki, bəlkə bir-iki çörək ala bildi. Vağzalın hər iki mərtəbəsindəki zallar ağzınadək dolu olduğundan xeyli adamla birgə mən də perronda bürüşüb “çörək qatarı” gözləyirdim.

Nəhayət, uzaqdan qatar göründü. İzdiham hərəkətə gəldi hamı perrona yaxınlaşdı. Qatar dayanan kimi alverçilər vaqonlardan kisələri düşürdülər. Dərhal hərəsinin başının üstünü onlarla adam aldı və mübarizə başladı. Çörək uğrunda elə bir amansız rəqabət gedirdi ki... kənardan bu rəzaləti heyrətlə seyr edirdim. Qadınları itələyib irəli soxulmağı və çörəyi göydə qaparaq evə gətirməyi bacara bilməyəcəyimi anlamışdım. Bundansa ac qalmaq yaxşı idi. Dəhşətli mübarizə 15 dəqiqə davam etdi. Bəziləri 4-5 çörək ala bilmiş, bəziləri mənim kimi 1 ədəd də ala bilməmiş adamlar vağzalı boşaltdılar.

Mən də kor-peşman geri qayıdarkən bizimlə bir binada yaşayan qonşu qadın məni görüb soruşdu ki, sən niyə əliboş qayıdırsan. Dedim nə bilim, adam çox idi, yaxınlaşa bilmədim. Qadın üzümə baxıb düşündü və əlindəki 2 çörəkdən birini mənə uzatdı: götür bala, evə əliboş getmə, biz biri ilə keçinərik birtəhər. Almaq istəmədim, amma zorla verdi, mən də çörəyin pulunu zorla verib evə gəldim.

Yolda beynimdə sanki qəfil ildırım çaxdı. Bir neçə il qabaq elə həmin bu vağzalla üzbəüz yaşayan nənəmlə bir söhbətimiz yadıma düşdü. O dəqiqələri dəqiqliklə xatırlayıram...

Təxminən 87-ci il. Nənəm televiziyada xəbərlərə baxırdı. Süjetlərin birində Bakıdakı zibilliklərdə xeyli ərzağın və çörəyin atılmasını göstərir və deyirdilər ki, çox uzun və ağır əməklə başa gələn müqəddəs nemətləri belə israf edib zibilqabına atmaq olmaz. Nənəm başını bulayıb dedi: Camaat qudurub bala, bir gün gələcək o çörəyə həsrət qalacaqlar. Bunlar müharibə dövrünü görməyib bilələr ki, çörək nə deməkdir.

O vaxt bu sözlərə əhəmiyyət verməmişdim. Çünki ərzağın bol və ucuz vaxtı idi. Heç ağlıma gəlməmişdi ki, nə vaxtsa adamlar ərzaq, xüsusən də çörək tapa bilməyə. Bu söhbətin üstündən cəmi bir neçə il keçmişdi və mən 1 çörək uğrunda apara bilmədiyim mübarizədə məğlub olub, soyuq qış küçəsində evə qonşu qadının verdiyi çörəklə qayıdarkən, bu söhbəti heyrət içində xatırladım. İsrafçılığın nə qədər alçaq hərəkət olduğunu o gün vağzaldan evədək olan 5 dəqiqəlik yolda bütün mənası ilə anladım.

O vaxtdan 30 ildən çox keçir. Nəsə bişirəndə yoldan keçəni belə dəvət edib qarşısına bişirdiyindən qoyan nənəm 20 ildən çoxdur dünyasını dəyişib. Lakin onun o sözləri o dövrdən hərfbəhərf xatırladığım yeganə cümlədir. Hələ də israfçılıq edən qohum və dostlarla mübahisə edirəm buna görə. Çünki onlar o günləri ya görməyiblər, ya da görüb, amma unudublar.

Unutqanlıq pis şeydir- qıtlıqdan, aclıqdan da pis.

Tarix unudanları sevmir.

Heç vaxt unutmayın.

Bütün xəbərlər Facebook səhifəmizdə