Dilemma: Müəllimin gənci, yoxsa yaşlısı? - ANALİZ

İdeal insan olmaq olmur, amma ideal peşə sahibi olmaq mümkündür. Bu peşələr içində müəllimlər gözümüzdə ideallaşdırdığımız ilk insanlar olur. Həyatı onların sözləri ilə tanımağa başlayırıq, verdikləri istiqamət üzrə gedirik, tövsiyələri bizə kompas olur. İdeal müəllim olmaq üçün uzun müddət təcrübə də keçmək lazım gəlir. “Gəncdir, dinamikdir, demək yaxşı müəllimdir” fikri ilə heç vaxt razılaşmayan biri kimi deyə bilərəm ki, yaxşı müəllimlik həm də təcrübədən doğur.

Məşhur bir alimdən soruşurlar- elmin əsas bazası nədir? Cavab verir ki, təcrübə. Bəs bilik?-deyə təəccüblə soruşurlar. Bilik hərdən bir lazım olur- alim cavab verir. Bu qısa sual-cavabda nə qədər dərin bir hikmət yatır. Həyatın istənilən sahəsində, istənilən peşədə nəzəri biliklərin qazanılmış təcrübənin yanında heç nə olduğunu hamı bilir. Ən yaxşı hal bu ikisinin bir yerdə olduğu haldır. Bu isə yalnız yaşlı müəllimlərdə olur.

Müəllimlik fədakarlıq tələb edən peşədir. Əsl müəllim ilk gün öz işinə necə həvəslə başlayırsa, bütün peşə həyatı boyunca elə də davam edir. Xalqın balalarını işıqlı gələcəyə aparmaq üçün özünü şam kimi yandırır. Bizim Cəbiş müəllim obrazında olduğu kimi. Bəzən etinasızlıq görür, bəzən diqqətdən kənar qalır, bəzən valideynlərin giley-güzarına məruz qalır, bəzən direktordan dəstək görmür, üsyan edir, yorulduğunu deyir, amma üsyanı sabahı gün sinif otağına girənədək olur. O, yenə öyrədir, yenə zəka, işıq paylayır. Təhsil sistemindəki axsaq qaydalar onu ruhdan salmağa çalışır, amma o, fədakarlığından yorulmur. Çünki o müəllimdir, öyrədəndir. Önlərində baş əydiyimiz, pencək düymələdiyimiz, 40-50 yaşımızda belə küçədə rastlaşanda siqaret gizlətdiyimiz, yanında yemək yemədiyimiz, su içmədiyimiz müəllim...

Müəllimin yaşı vacibdir, yoxsa biliyi, təcrübəsi?

Bəzilərində belə bir fikir formalaşıb ki, yaşı çox olan müəllimlər təhsildən uzaqlaşmalı, yerini gənc müəllimlərə verməlidir. Bu fikri onlarda həm müvafiq nazirlik formalaşdırır-yaşlı müəllimləri sıxışdırmaqla, təqaüdə göndərməklə hədələməklə, səbrlərini sınamaqla, həm şagirdlər formalaşdırır– yaşlı müəllimlərin dərsini sevmədiklərini, onların uşaqları başa düşmədiyini iddia etməklə, həm də valideynlər– uşaqlarına müəllimin yaşlı-gənci olmasının fərqi olmadan ona hörmət etməyi öyrətmədiyinə görə.

Gənclər işləmək istəyir, bu əladır. Bunun üçün vakant yerlər də var. Kənd və rayonlarda riyaziyyat müəllimi informatikanı tədris edir, fizika müəlliminə kimya dərsi həvalə edirlər müəllim olmadığı üçün. Amma əksər gənc müəllimlər şəhərdə işləmək istəyir. Başa düşürəm, doğulduğu, böyüdüyü, alışdığı mühitdə işləmək ona rahatdır. Lakin kənddə doğulan, orda təhsil alan gənclərimiz də var ki, universiteti bitirdikdən sonra dağ rayonlarına, kənd məktəblərinə getmək istəmirlər. Bəs o ucqar kəndlərdəki uşaqlara kim dərs deyəcək? O uşaqlar da oxumaq istəyir axı. Bu gün yaşlı deyilən o müəllimlərin əksəriyyətinin ilk peşə təcrübəsi o kəndlərdən başlayıb. Təcrübə yalnız şəhər məktəblərində qazanılmır. Təcrübəli müəllim olmaq üçün hər şəraitdə işləməli, hər mühitdə elm aşılamağı bacarmaq lazımdır.

Gənc kadrlar niyə kənd məktəblərində işləmək istəmir?

Regionlarda müəllim çatışmazlığı barədə zaman-zaman açıqlamalar da verilir. Müəllimlik ixtisasını bitirən gənclər çatışmazlıq olan məktəblərdə işləmək istəmirlər. Doğrudur, sistemin özündə də problemlər var, yerləşdirmə, yerdəyişmə mexanizmi doğru qurulmayıb. Qazaxdan olan müəllim Zaqatalaya təyin edilir, Qubadan olan müəllim Tovuza. Bu mexanizmi elə qurmaq olar ki, müəllimlər təyinat zamanı ya yaşadıqları rayona, yaxud da qonşuluqdakı rayona düşsünlər.

Amma müəllimlər vakansiya seçəndə də etinasızlıq edirlər. Ağdamda yaşayırsa, Oğuzda olan vakansiyanı seçir. Seçim başa çatır, amma Ağdamdakı müəllim Oğuza getmir. Vakansiyanı məşğul edir, yerdəyişmə üçün müraciəti cavabsız qalır, beləcə çətinliyi şagirdlər çəkir. Üstəlik, yüksək bal yığanı mərkəzə, nisbətən az balı olan müəllimləri kəndlərə göndərməklə təzad yaratmaq da ayrı bir mövzudur.

Maraqlıdır ki, müəllimlərin sertifikasiya məsələsinə ən çox gənc müəllimlər sevindi. Müşahidələrimə əsasən deyə bilərəm ki, yaşlı müəllimlərin texnologiya ilə ayaqlaşa bilməyəcəyi və buna görə sertifikasiyadan keçə bilməyəcəyini iddia edən gənc müəllimlər onların təhsil sistemində gənclərin yerini tutduğunu iddia edirlər. Amma bayaq da qeyd etdiyim kimi, kəndlərdə, rayon məktəblərində müəllim çatışmazlığı var və bu, paradoks deyil, bəs nədir?

Müəlliminə ağıl öyrədən gənclik

Çox rast gəlirəm, 25-30 yaşlarında gəncləri seminarlara dəvət edirlər, trenerlik etmələrinə imkan yaradırlar. 25 yaşlı bir gənc öz uğur hekayəsini paylaşanda inandırıcı olur, 50 yaşlı bir müəllim üçün bu imkan yaradılmır, təcrübələrindən istifadə edilmir. Çünki onun adının üstünə yapışdırıblar- “SƏN YAŞLISAN!”. Müəllim üçün unudulmaq çətindir. Təqaüddə olan müəllimlər heç kimin yadına düşmür. Ömrünü təhsilə verən, başının tükü sayı tələbə yetişdirən, saçlarını elm yolunda ağardan o insanlar unudulurlar. 20-25 yaşlı gənc efirdə elmdən, təhsildən, tərbiyədən danışır, milyonlara ağıl verir, vaxtilə ona dərs demiş müəllimlərinə yol göstərir. Niyə? Çünki o televiziyalara qocaman müəllimlərin efirdə ağıllı söhbət etməsi lazım deyil, öz cəfəngiyyatını ictimaiyyətə sırımaq firinə düşən mənasız məşhurluğu olan insanlar lazımdır.

20 illik peşə fəaliyyətim dövründə həm TV, həm qəzet, həm də sayt təcrübəm olub. Yazılarımı hazırlayanda minlərlə həmsöhbətim, qonağım olub bu illərdə. Onların içində bütün peşələrdən insanlar olub, amma mən yalnız müəllimlərlə həmsöhbət olarkən onların küskünlüyünü hiss etmişəm. Yaşı 65-ə çatan bir müəllimə işləmək qadağası qoyan qanun bu qadağanı niyə direktorlar, dərs hissə müdirləri üçün də qüvvədə saxlamır? Kabinetində kök salan 80 yaşlı direktorlara niyə işləmir bu qanun? Pensiya yaşı tamam olan əksər müəllimləri maraqlandıran bir sual da odur ki, niyə 90 faiz halda onların işinə xitam verilir, 10 faizlik qisim isə yenidən müqavilə ilə işə davam edə bilir. Bu seçim hansı əsaslarla edilir, işinə davam edə bilən müəllimlərin təqaüdə göndərilən müəllimlərdən nə fərqi var?

Təhsil sistemindəki bütün çatışmazlıqların səbəbini yaşlı müəllimlərdə görən gənc müəllimlər də kifayət qədər çoxdur. Onlar elə düşünürlər ki bütün təhsil ocaqlarında universiteti yeni bitirən və daha dinamik olan gənc müəllimlər işləsə bütün problemlər həll olunacaq. Doğrudur, hardasa razılaşmaq olar ki, gənc nəsil daha dinamikdir, texnoloji imkanlardan daha çox faydalana bilirlər, yeni dərs metodlarına daha tez adaptasiya olurlar. Lakin unudurlar ki, heç bir texnoloji yenilik illərin təcrübəsinin yerini tuta bilmir. Sinif otaqlarının tozunu uda-uda qocalan, saçını məktəb dəhlizlərində, sinif otaqlarında ağardan müəllimlərin təcrübəsini onlara heç bir texnoloji imkan, süni intellekt verə bilməz.

Bizi göyə qaldıranı biz yerə vururuq…

Nə öyrənmənin, nə də öyrətməyin yaşı olmaz deyirlər. Ömrü boyu öyrədən müəllimlər yeni sistemi öyrənmək üçün o qədər də çox vaxt sərf etmədilər, zamanla uzlaşmağı, yeni sistemlə ayaqlaşmağı öyrəndilər. Axı indi imtahanda yüksək nəticə göstərən gənc müəllimlər də onların yetirməsidir.

Empatiya hissi insana verilmiş ən gərəkli hissdir, insan o zaman müdrikləşir ki, qarşısındakı insanın yerinə özünü qoya bilir. Müəllimlərə qarşı valideynlərin və şagirdlərin davranışını uzun müddətdir izləyən biri kimi deyirəm ki, müəllimlər sadəcə dözürlər. İşləyə bilmək üçün, işlərini itirməmək üçün, ehtiyacları olduğu üçün. Saysız-hesabsız şagird ədəbsizliyinə dözən, bu susqunluğunu bir gün dözməyərək pozan müəllimin arxasında nə nazirlik, nə də məktəb durmur. Valideyn tərbiyə vermədiyi övladını müəllimi təhqir etməkdə haqlı görür. Nazirlik və məktəb rəhbərliyi ən yaxşı halda susur, bir çox halda o müəllimi valideyndən və şagirddən üzr istəməyə məcbur edir.

Bu yanaşmanı dayandırın- kişi müəllimləri məktəblərdən didərgin saldınız, indi də təcrübəli müəllimləri didərgin salmayın. Təhsil sistemini apardığı əcaib eksperimentlərlə biabırçı vəziyyətə gətirən nazirliklə və uşaqlarına tərbiyə verməyən valideynlərin cəzasını müəllimlərin boynuna yükləməyin. Sağlam gələcək yetişdirmək istəyirsinizsə, əlbəttə.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə