Qriqori Karasin: Bu nəqliyyat dəhlizi Rusiya üçün həyati əhəmiyyət kəsb edir - MÜSAHIBƏ, VİDEO

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını real hesab edir

Rusiya Federasiyası Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin keçmiş müavini Qriqori Karasin “Moskva-Baku” portalına müsahibəsində Cənubi Qafqazın dəyişən dünyada Rusiya üçün əhəmiyyətindən bəhs edib. Komitə sədri həmçinin, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərindən də danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənab Karasin, dünya nizamının transformasiyası, dəyişən dünya kontekstində Cənubi Qafqazın və Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun şəkildə normallaşmasının Rusiya üçün hansı əhəmiyyəti var?

- Cənubi Qafqaz dövlətləri beynəlxalq vəziyyətdən asılı olmayaraq Rusiya üçün həmişə son dərəcə vacib olub və vacibdir, çünki biz vahid, bütöv məkanda olduğumuza görə subkontinentik və bütün məsələləri dialoq əsasında sülh yolu ilə, ümumi kompromislərlə həll etməliyik. Bu, “Xəzər beşliyi”nin qarşılıqlı fəaliyyətindən tutmuş Ermənistanla Azərbaycan arasındakı münasibətlərə qədər istisnasız olaraq bütün məsələlərə aiddir. Müxtəlif mərhələlərdə (Cənubi Qafqazdakı vəziyyətdə, Ermənistan-Azərbaycan münaqişəsində - red.), kəskin məqamlar olub, bunlar keçmişdə qalıb. İndi isə bizim səylərimiz həmişə birgə, ümumi regional maraqlara uyğun olmalıdır. Hesab edirəm ki, bu, çox əldə edilə bilən bir məqsəddir. Bunun üçün bizim regional təşkilatlarımız, ən əsası isə ikitərəfli əlaqələrimiz var- dövlətlərin rəhbərləri- Rusiya Federasiyası və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri arasında etimad. Mənə elə gəlir ki, tədricən Gürcüstan da öz qonşuları ilə konstruktiv münasibətlərin ümumi konturuna daxil olur. Bu proses ağrılıdır, asan deyil, amma buna baxmayaraq, iş gedir. İşləmək lazımdır, ondan sonra nikbinlik gələcək.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

- Əgər bu, real olmasaydı, bizim ölkələrin- Azərbaycanın, Rusiyanın, Ermənistanın diplomatları buna çalışmazdılar. Biz bu istiqamətdə işləyirik. Əgər 11 il əvvəlki vəziyyəti götürsək, o zaman məsələnin tamamilə sakit həlli ehtimalı yaranmışdı- mən 5 rayonla bağlı vəziyyəti nəzərdə tuturam. Amma təəssüf ki, bu həmin vaxt həyata keçirilmədi. Həyat həm daxili, həm də regional məsələlərdə bir qədər fərqli dönüş aldı. Amma biz optimizmlə doluyuq.

- Rusiya və Azərbaycan liderləri fevral ayında Müttəfiqlərin Əməkdaşlığı haqqında Bəyannamə imzaladılar. Bu, Rusiya ilə Qərb arasında münaqişənin kəskinləşməsindən əvvəl baş verib. Belə çıxır ki, Rusiya hansısa formada gələcəyi qabaqcadan görüb və bilərəkdən qonşuları ilə münasibətləri gücləndirmək vektorunu götürüb.

- Azərbaycan regional və beynəlxalq məsələlərdə bizim köhnə tərəfdaşımızdır, bu, müttəfiqlik münasibətləridir, etibarlı tərəfdaşlıqdır. Hər şeydə özünü göstərir. Amma hər şey liderlər arasında formalaşmış atmosferdən başlayır. İlham Heydəroviç və Vladimir Vladimiroviç tez-tez telefonla fikir mübadiləsi aparır, görüşür, regional və beynəlxalq məsələləri müzakirə edirlər. Hər iki tərəf bu tonun üstün olacağına ümid edir. Mən buna tam əminəm.

- Əvvəllər formalaşmış bəzi ənənəvi nəqliyyat və logistika zəncirlərinin itirilməsi şəraitində bu gün Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması Rusiya üçün strateji vəzifədir. Ermənistan-Azərbaycanın Rusiya və “Şimal-Cənub” üçün normallaşması çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasının gələcəkdə strateji əhəmiyyət kəsb edəcək bir zəncirin halqaları olduğunu söyləmək olarmı? Rusiya Federasiyası üçün nəqliyyat və logistika xəritəsi necədir?

- Bu, mümkün olan hər şeydən kənardır və belə də olacaq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda Rusiya üçün strateji zərurətdir. Biz görürük ki, indi Avropa ilə necə münasibətlərimiz var. Ona görə də nəqliyyat dəhlizinin yaradılması həyati əhəmiyyət kəsb edir. Biz də bunun üzərində işləyirik.

- Rusiya ən yüksək və yüksək səviyyədə dəfələrlə qeyd edib ki, Qərb dövlətləri Rusiyanın nailiyyətlərindən istifadə etməklə Ermənistan-Azərbaycan nizamlanmasına daxil olmağa çalışırlar...

- Biz baş verənləri sakitcə təhlil etməliyik. Heç kim heç kimə qadağa qoya bilməz. Amma biz hesab edirik ki, Azərbaycan və Ermənistanla birgə səylərimiz daha konstruktivdir, hər bir eqoist ideyalardan uzaqdır və regionda iki dövlət arasında münasibətlərin sakit, normal, gələcəyə yönəldilməsinə yönəlib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Müsahibəyə video formatda buradan baxa bilərsiniz -

https://www.youtube.com/watch?v=qnq2hiwLVdg&feature=youtu.be

Bütün xəbərlər Facebook səhifəmizdə