HÜMBƏT HƏSƏNOĞLU

Kardiologiya şöbəsinin müdiri professor Qələndər Bəndəliyev həkimlərin səhər məşvərətində onun adını çəkəndə, onu düşüncələrindən ayıltdı:

- Qumru həkimin stenokardiyalı son xəstə ilə bağı mövqeyini təqdir edirəm. Nə idi o gənc alimin adı?

O, ayaq üst durub dedi:

-Cavad, Cavad Məlikov.

- Onun durumu necədir?

- Dinamika müsbətdir. Ürək əzələlərinin hipoksiya əlamətləri tam azalıb.

- Mən başa düşürəm ki, biz özəl klinikayıq, pul da qazanmalıyıq, amma hər xəstənin ürək damarlarına pul xatirinə stent qoymamalıyıq, stentin dəqiq göstərişləri var. Qumru həkimin prinsipial mövqeyi olmasaydı, o gənc insana da stent qoyulmuşdu.

Stentin sonrakı fəsadlarını da düşünün, kolleqalar. Elə xəstənin də gələcəyini düşünməyinizi xahiş edirəm.

Qumru həkim məşvərətdən çıxan kimi bir nəfərlik palatada yatan Cavad Məlikovun yanına getmək istədi, amma pəncərə önündə dayanıb fikrə daldı. Onun həyatı artıq iki hissəyə bölünmüşdü: Cavad pasiyentə qədər və Cavad pasiyentdən sonra. Bu insan ilk baxışdan onun varlığına hakim kəsildi. Onun məntiqi tormozlanmışdı, olanları ağlı izah edə bilmirdi. O öz xəstəsinə vurulmuşdu? Bu necə mümkün oldu? Məktəbdə də, tələbəlik illərində də, iki il praktikada olduğu Ankara Universitetində də onun simpatiya etdiyi insanlar olmuşdu, amma bu tam fərqli hiss idi. O, bu insan haqda düşünməyə bilmirdi.

Onunla ünsiyyətdə olduqca, daha da çox olmaq istəyirdi. Onun danışıq tərzini, məntiqli fikirlərini çox bəyənirdi. Elə indi də ayaqları onu həmən palataya dartırdı. Onun səsində, görünüşündə olan doğmalığı o, heç nə ilə izah edə bilmirdi. Onda elə təəssürat yaranmışdı ki, bu insanı həmişə, ömrü boyu tanıyıb.

Ən maraqlısı da o idi ki, ciddi prinsipləri olsa da, içində tüğyan edən hisslərə müqavimət göstərmək istəmirdi, əksinə, öz hisslərinin cilovunu buraxmaq istəyirdi. Ruhu onu harasa aparırdı…

O, Cavad Məlikovun çarpayısının yanına nə vaxt gəldiyini də bilmədi.

- Salam, Cavad müəllim, necəsiniz?

- Qumru həkim, var olun, sizin sayənizdə yaxşıyam.

- Necə yatmısınız?

- Çoxlu yuxular görürəm. Seriallara baxıram elə bil.

- Yuxu görmək beyin fəaliyyətinin yaxşı olduğuna işarədir. Həm də beyin yuxularla dincəlir.

- Qumru həkim, siz reinkarnasiyaya inanırsınız?

- Reinkarnasiyaya?

- Bəs ilk baxışdan sevgiyə?

- İlk baxışdan sevgiyə?

Hər ona verilən sualı təkrarlamaq onun uşaqlıq vərdişi idi, heç qurtula bilmirdi özünün bu xüsusiyyətindən.

- Reinkarnasiya, ilk baxşdan sevgi, məncə bu həkim, xəstə münasibətlərindən kənara çıxan mövzulardır.

Mən sizin ürəyinizə qulaq asmalıyam.

- Qumru həkim, heç xətrinizə dəymək istəməzdim, amma mənə bir az vaxt ayırmağınızı xahiş edirəm. Elə bu yanımdakı kətildə əyləşin.

Qumru daxilən özünə etiraf etdi ki, bu alagöz kişinin səsi ona hipnotik təsir edir.

-Vaxtım çox deyil, digər xəstələrim də var, amma sizə qulaq asa da bilirəm.

- Doktor, mən fiziologiya ilə psixologiyanın, bədənlə ruhun münasibətlərini elmi əsaslarla öyrənməyə çaışıram. Parapsixologiya ilə bağlı məqalələrim elmi jurnallarda, əsasən də xaricdə çap olunur.

Reinkarnasiyaya, yəni ruhun təkrar- təkrar bu dünyaya qayıtmasına təkcə ABŞ əhalisinin 55 faizi inanır. Yaponiya, Çində bu faiz daha yüksəkdir. İnduizmi bir din kimi qəbul etmiş Hindistan kimi ölkələrdə bu mütləq əksəriyyətdir.

Bu dünyaya təkrar gəldiyi sübut olunmuş insanların sayı minlərlədir. Bu insanlar ciddi alimlər tərəfindən yoxlanılmış və faktlar öz təsdiqini tapmışdır. Son hadisə də Kəşmirdə olub. Bir qız yeddi yaşında tam fərqli bir dildə danışmağa başlayıb. Valdeynləri imkanlı olublar, dilçi alim dəvət ediblər. Alim qıza qulaq asıb və deyib ki, bu dildə Nepalın şimalında bir qəbilə danışır. Bu yeddi yaşlı qız tez- tez deyirmiş ki, onun uşaqları, nəvələri qalıb haradasa. Valideynlər götürüb o qızı aparıblar Nepalın şimalına. Maşınla o yerləri keçəndə, qız gördüyü yerləri tanıyıb və hara getmək lazım olduğunu göstərib. Qız onları bir kəndə gətirib və orda yaşayan insanların təəccüblü baxışları altında orda yaşayanların adlarını çəkib, öz oğul və qızlarını, nəvələrini göstərib. Şok olan camaat on il qabaq ölmüş nənələrini xatırlayıblar.

Belə sübutlar çoxdur, lap çox.

Biz ruhlar haqda heç nə bilmirik və bilməyəcəyik, çünki ruh qeyri- maddi aləmə aiddir və maddi aləmə aid cihazlarla onu aşkar etmək mümkünsüzdür. Ruhla bağlı yalnız mülahizə irəli sürmək mümkündür.

Böyük ehtimalla, ruh bədəni tərk edəndən sonra onun yaddaşı haradasa silinir və o təkrar başqa insana, o ana bətnində olanda qaytarılır. Görünən də odur ki, ruhun yaddaşı silinəndə, əvvəlki həyatda olmuş güclü təəssüratlar yaxşı silinə bilmir və izlər qalır. Bax, həmin izlər müxtəlif cür özünü biruzə verir. İndi mən deyəcəklərimə o saat cavab verməyin, düşünüb sonra deyərsiniz. Mən sizi görən kimi, ilk baxışdan anladım ki, biz əvvəlki həyatımızda çox yaxın olmuşuq, lap yaxın.

İlk baxışda sevgi anlayışı da əbəs yaranmayıb. Baxmaq gözə aiddirsə, baxış ruha aiddir. Mən əminliklə deyirəm ki, mənim ruhum sizin ruhunuzu anında tanıdı. Mənim ruhum bunun qarşılığını da duydu. Bir- birimizə yaranmış doğmalıq hissi buna sübutdur, bunu dana bilməyəcəksiniz. Dilinizdə dansanız da, ruhunuz sizinlə razılaşmaz. İnsan öz təfəkkürünün əleyhinə gedə bilər, qəlbinin əleyhinə isə heç cür.

İndi heç nə demədən ürəyimə qulaq asa bilərsiniz.

Qumru həkim dinməzcə fonendoskopunu çıxarıb onun membran olan ucluğunu pasiyentin ürəyinin üstünə qoydu. Eşitdiklərinin təssüratından o ayıra bilmirdi, bu pasiyentin ürək döyüntüsüdür, ya özünün ürək çırpıntısı.

- Qumru həkim, ürəyin səsi necə olur? Yəni siz nə eşidirsiniz? Mənə çox maraqlıdır ki, ürəyim sizə nə deyir indi?

- İnsanların ürək səsləri demək olar ki, eynidir, əgər patologiya yoxdursa, təbii ki.

Kardiologiyaya aid kitablarda bu səs belə yazılır: buuu- tup, buuu- tup.

Uzun, qısa, uzun qısa, morze əlifbası kimi.

-Doktor, olarmı mən öz ürəyimə qulaq asım?

- İlk dəfədir ki, xəstədən belə xahiş eşidirəm.

- Təvəqqe edirəm.

- Qumru həkim bu insana yox deyə bilməyəcəyini anlayıb fonendoskopun qulaqcıqlarını pasiyentə verdi. Cavad gözlərini yumub öz ürəyinin səsinə qulaq asmağa başladı. Bir neçə dəqiqədən sonra o gözlərini açıb dedi:- Doktor, siz dediyiniz səsləri eşitmədim axı? Mənim ürəyimdən çıxan səsləri belə yazmaq olar: Quum- ru, Quum- ru. Axı aydın eşidilir!

Qumru həkim ayağa durub heç nə demədən palatadan çıxdı.

Qumru həkim axşam yatağa uzanana kimi Cavadın dedikləri haqda düşündü. Eşitdikləri ona mistika, nağıl kimi gəlirdi. Deməli, əvvəl yaxın olmuş ruhlar bu dünyada bir- birini tanıya bilirlər. Bəlkə ruhların nigarançılığının səbəbi öz doğmasını tapa bilməməsindəndir.

Bu fikirlərlə də o yuxuya getdi.

Gecə öz qışqırığına o, yuxudan ayıldı. Qumru bu yuxunu tez- tez görürdü. O, iri şüşəli pəncərənin arxasında dayanıb içəri baxır və görür ki, həkimlər kiminsə başına toplaşıb onu xilas etməyə çalışırlar. O, qışqırsa da, onu içəridə heç kim eşitmirdi. Amma həmişə hiss edirdi ki, həkimlərin xilas etmək istədiyi insan onun ən yaxın doğmasıdır. O, hər dəfə öz doğmasının sifətini görməyə çalşsa da, xilas etmək istəyənlərin çoxluğundan görə bilmirdi. Bu gecə gördüyü yuxuda ona çox əziz olan sifəti nəhayət ki, gördü; bu Cavadın sifəti idi!

İlk ağlına gələn fikir o oldu ki, bəlkə Cavadın ürəyi tutub və özünü pis hiss edir. O, cəld durub şöbənin telefonunu yığdı. Telefon məşğul göstərirdi. O, telefonu qulağından ayırmadan ucadan dedi: - biriniz cavab verin, lütfən..!

Sonrakı fikri onu ayağa qalxızdı; tibbi postdakıların başları bəlkə telefona qarışıb, Cavad isə palatada…

O, paltarını cəld geyinib maşınının açarlarını götürüb evdən qaçaraq çıxdı.

Şəhərin gecə küçələri boş idi. O, hələ belə sürətlə maşın sürməmişdi. Hardasa oxumuşdu ki, gecə işıqforun qırmızı işığını saymamaq da olar. Belə olmasaydı belə, onu heç nə saxlaya bilməzdi, bu dəfəki həyatında öz doğmasını itirə bilməzdi, bunu özünə bağışlamazdı!

Cavadın palatasının qabağında heç kimi görməyib toxtadı, sakitcə palataya girdi. Cavad yatırdı. O, elə paltarda onun çarpayısının yanında oturdu. Hardansa, lap içindən gələn göz yaşlarını sildi. Dəsmal üçün əlini kurtkasının cibinə salanda əli fonendoskopa dəydi, onu elə dəsmalla birlikdə çıxartdı. O, ömründə ilk dəfə özünü

belə rahat hiss edirdi. Cavadın öz ürəyinə qulaq asmağını yadına salıb gülümsədi. O, xoşbəxt idi!

Sonra ağlına gələn fikri düşünmədən həyata keçirtdi; fonendoskopun qulaqcıqlarını Cavadın qulaqlarına taxıb onun membran hissəsini köynəyinin altından öz ürəyinin üstünə qoydu.

Bir neçə dəqiqədən sonra Cavadın yuxulu səsini eşitdi: -bu gözəl səsli ürək kimindir, görəsən?

- Sənindir Cavad, o ürək əbədi sənindir…

Sumqayıt şəhəri,

fevral- 2022-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə