Şəhid! Bu ad necə də məğrur səslənir.

Şəhid! Bu ad qarşısında hər bir Azərbaycan vətəndaşı baş əyir, səcdə edir.

Şəhid! Bu ad hər bir Azərbaycan vətəndaşının inanc ünvanıdır.

Şəhidlər hər bir azərbaycanlıya qeyrət, vətənpərvərlik, qorxmazlıq, ucalıq nümunəsidirlər.

Azərbaycana qeyrət, qürur, mənlik, kişilik simvolunu bəxş etdilər.

Şəhidlər Azərbaycana məğrurluq, kişilik, ucalıq, cəsarət, mətanət, ədalətlilik, qəhrəmanlıq kimi yüksək hisslər əxz etdilər.

“44 günlük” 2-ci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz var.

Şəhidlərimiz öz canlarını vətən uğrunda fəda etdilər.

Öz canını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Lerik rayonunun Piran kəndindən olan Cabbarov Vidadi Cəbrayıl oğludur.

Şəhid Vidadi Cəbrayıl oğlu Cabbarov 21 mart 1997-ci ildə əzəmətli Talış dağlarının ətəyində yerləşən zəngin təbiətə malik olan Piran kəndində anadan olmuşdu. 2003-cü ildə Piran kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuşdu.

Vidadi Cabbarov məktəb illərində müəllimlərin və şagirdlərin sevimlisi idi.

Dərslərdə Qarabağ işğalı haqqındakı söhbətləri diqqətlə dinləyərdi.

Bir dəfə Milli Qəhrəman Mübariz İbrahimov haqqında verilişə baxanda birdən-birə halı dəyişdi. Atasından soruşdu. Ata! Hamı Mübariz kimi niyə şücaət göstərmir. Axı Qarabağ düşmən tapdağı altındadır. Yağılar həmin torpaqda at oynadırlar.

Qarabağ torpağının yağı tapdağı altında qalması bizə ardır. Biz bu haqda düşünməliyik. Biz torpağımızı azad etməliyik.

Bala erməni rəzillərin arxasında böyük dövlətlər dayanıb. Bizə kömək eləyən yoxdur.

Yox ata sizinlə razılaşmıram. Torpağını itirmiş millətə yaşamaq haramdır.

Vidadi Cabbarov sabahısı bu söhbəti məktəbdə davam etdi. Həmin gün bütün dərslərdə söhbət Qarabağ işğalından getdi.

Məktəbdə Vidadi Cabbarovun son sözü bu oldu. Qarabağ torpağını rəzil düşməndən azad etmək bizim borcumuzdur. Biz də bu torpaqları azad edərik. Biz bu torpaqları azad etməsək yaşamaq bizə haramdır. Söhbətin sonunda dedi:

Müəllim mən hərbiçi olacağam. Qarabağ torpağımızın azad edilməsində iştirak edəcəyəm. Mən şəhidlik məqamına yüksələcəyəm. Hərbiçi olacağını qətiləşdirdi.

Vidadi Cabbarov 2014-cü ildə orta məktəbi bitirdi.

O, 2015-ci ildə hərbi xidmətə gedir.

Hərbi xidmətdə olarkən məkrli və hiyləgər erməni rəzilləri atəşkəsi tez-tez pozması, dinc sakinləri gülləbaran etmələri öz gözləri ilə görüb, əsəbləri tarıma çəkilir, düşmənə nifrəti birə-beş artır.

Gizir cəsarətli Vidadi Cabbarov qəhrəman əsgərlərimizin hünərinə və qeyrətinə, cəsarətinə inanırdı.

İnanırdı ki, siyasət aləmində 1-cilər sırasında olan cənab Ali Baş Komandan Möhtərəm İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ torpağı düşmən tapdağından azad olunacaq.

İnanırdı ki, Ali Baş Komandan, Ordu Dövlət, xalq birliyi tezliklə düşməni Qarabağdan itiqovan kimi qovacaqlar, düşmən etdiklərinə görə layiqli cəzasını alacaq.

Qarabağın işğalı, cəsur əsgər Vidadi Cabbarovu rahat buraxmırdı. Buna görə də, o ordudan tərxis olunmur. Müddətdən əlavə hərbi xidmətdə qulluq edir.

Vidadi Milli qəhrəman, komandir Şükür Həmidovun rabitəçisi idi.

O, həmişə deyərdi, biz Qarabağı mənfur, rəzil düşmənlərdən təmizləyəcəyik.

Möhkəm iradəli, dönməz xarakterli, məharətli, hərbi biliyinin artırılması, döyüşə hazırlaşanlrı, Vətənə sədaqətlə xidmət etməsi ilə seçilir və bunu əsgərin müqəddəs vəzifəsi hesab edirdi.

Komandiri Şükür Həmidovdan valideynlərinə təşəkkür məktubları gəlirdi.

Bu vətənpərvər əsgər - Vidadi Cabbarov ancaq irəliyə getmək barədə düşünürdü. Həmişə irəliyə gedirdi.

İşğalçı Ermənistan ordusu növbəti dəfə qəflətən namərdəsinə 27 sentyabr 2020-ci il tarixində sübh tezdən dinc yaşayış məntəqələrimizə hücum etdi.

Faşist, rəzil, qaniçən Ermənistan rəhbərliyin həyasız planı ilə yeni-yeni Azərbaycan ərazisini işğal etmək istəyirdi.

Şəhid Vidadi Cabbarov “Vətən uğrunda” Cəbrayılın, Qubadlının, Füzulinin azad olunmasında “Döyüşdə fəal iştirakına görə” medallarla təltif edilib. Bu vətənpərvər, qəhrəman şəhid Vidadi Cabbarovun son döyüşü 2020-ci il oktyabrın 28-də oldu.

Eşitdi ki, 200 nəfərlik əsgər heyəti mühasirəyə düşüb. 20 nəfər əsgər yoldaşlarını bir yerə yığıb təcili plan cızdılar ki, 200 nəfəri mühasirədən necə çıxartsınlar. Vidadi dedi yoldaşlar biz 20 nəfər şəhid olub, 200 nəfəri mühasirədən çıxartsaq, bu bizim böyük qələbəmiz olacaq.

Bu 20 nəfər ölümlərindən qorxmayaraq Vətən qarşısında son borcunu yerinə yetirərək özləri şəhid olub, 200 nəfəri ölümdən qurtarıb mühasirədən çıxartdılar.

Onların şəhid olmasından iki gün sonra komandirləri Milli Qəhrəman Şükür Həmidov da şəhid oldu.

Şəhid Vidadi Cabbarovu böyük insan axını – RİH-nın başçısı Rövşən Bağırov cənabları və rayonun bütün idarə rəhbərlərinin, yüksək rütbəli zabitlərin iştirakı ilə şəhidin anadan olduğu Piran kəndindəki kənd qəbirstanlğında dəfn etdilər.

Şəhid Vidadi Cəbrayıl oğlu Cabbarov kəndin ilk şəhidi idi.

Gizir Vidadi Cabbarov çox vətənpərvər, cəsur, qorxmaz və igid bir əsgər kimi təkcə ata-anasının yox, bütün el –obanın başını ucaltdı.

O bir daha vətəni çox sevdiyini göstərdi və şəhidlik zirvəsinə ucaldı.

Qəhrəman Şəhid Vidadi Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azadlığı uğrunda”, “Qubadlının azadlığı uğrunda”, “Füzulinin azadlığı uğrunda”, “Döyüşdə fəal iştirakına görə” medalları ilə təltif olunub.

Şəhidlər ölmürlər. Onlar həmişə yaşayırlar. Şəhid Vidadi Cabbarovun atası Cəbrayıl Cabbarov üçrəngli Azərbaycan bayrağını alarkən “Vətən sağ olsun, dedi”.

Vidadi Cabbarovun əziz xatirəsini əbədiləşdirmək üçün Piran kəndin başlanğıcında Lənkəran- Lerik yolunun üstündə, Lerik rayonun sərhədinin 1-ci kilometrliyində “Bulaq abidə” kompleksi tikilmişdir onun adına. Həmin bulağln üstündə şəhidin məğrur şəkli ucalmışdı. “Bulaq abidə” kompleksin açılışına RİH-nın başçısının əvəzedicisi Cəlil Baxışov və rayonun rəhbər vəzifəli şəxsləri iştirak etdilər.

Piran kənd tam orta məktəbi də Şəhid Vidadi Cabbarovun adını daşıyacaq.

Kərbəlayi Akif Məmmədli,

AJB-nin “Qızıl qələm” mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...