Ramiz Rövşəni güldürən üç məqam - Aynur Hilali yazır

"BABAMIN BABASININ BABASI" RETROSPEKTİVDƏ

"Azərbaycanfilm"də rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Babamın babasının babası" filminin çəkilişi yenicə tamamlanıb. 1981-ci ildir. Nümayiş öncəsi "Azərbaycan gəncləri" qəzetində filmin ssenari müəllifi Ramiz Rövşənlə müsahibə dərc olunub. Yeni ekran əsərinin məziyyətlərindən danışırlar. Müxbirin marağı qarşılığında Ramiz müəllim deyir ki, tamaşaçı münasibətinin necə olacağını bilmirəm, ancaq şəxsən mən özüm ilk baxış zamanı düz 3 dəfə ürəkdən gülmüşəm...

Artıq qəzet səhifələrinin yaddaşında qalan o müsahibənin üstündən xeyli vaxt keçib. Zamanında həmin müsahibəni oxuyan insanların yaddaşında daha çox bu məqam qalıb. Hər dəfə "Babamın babasının babası" filmi yenidən nümayiş etdiriləndə 1981-ci ilin səmimi qəzet yazısı, ən çox da Ramiz müəllimin dediyi həmin məqam dönə-dönə xatırlanır. Dinləyirəm. Və maraq hissi məni boğur; bilmək istəyirəm ki, ssenari müəllifinin ürəkdən gülməsinə səbəb olan o üç məqam hansılardır? Bu səbəbdən də "Babamın babasının babası" filminin kadrlarını dönə-dönə göz önünə gətirirəm. Ramiz müəllimi ürəkdən güldürən o üç məqamı seçib-ayırmaq istəyirəm...

Marağım ssenari müəllifi ilə tamaşaçı münasibətinin, tamaşaçı zövqünün üst-üstə düşdüyü məqamı bilməkdir. Bu səbəbdən də filmin xoş təbəssümlü, gülüş doğuran kadrlarını az qala barmaq hesabına vururam.

Qəti qənaətimdir; birinci dodaqqaçdı elə filmin ilk kadrlarından başlayır. Yəni Əziz babanın (aktyor Hüseynağa Sadıqov) evini səliqə-sahmana salmaq istəyən kolxoz sədrinin (Hamlet Qurbanov) müxbirlə (Rafiq Əliyev) olan tanışlığından...

Sözaltı, şifrəli, məcazlarla dolu bir səhnədir. Sözdən çox baxışlar, üz-göz cizgiləri sərgilənir. Sədr müxbirin gəlişindən xəbərsizdir. Müxbir Əziz babanın nə sənətin sahibi olmasını belə bilmir. Hesab edir ki, çəkəcəyi adam bağbandır. Onun çoban olduğunu bilincə fonu, dekorasiyanı dəyişir. Əziz babanın çiyninə çoban yapıncısı salır. Əzəmətli görünsün deyə ayaqları altına iri bir daş qoydurur. Bütün bu səhnələr ürəkdən gələn xəfif bir gülüş doğurur. Qət edirəm ki, Ramiz müəllimin ilk gülüş, təbəssüm payı bu kadrlardan gəlib.

Hə, bir də bu məqam var: Əziz babanın yaşı münasibəti ilə "quzumələtmə" səhnəsi...

Son, lap vacib, həlledici anda quzu mələmir. Məyusluq olmasın deyə bu mühüm işi kolxoz sədri özü yerinə yetirir. Mələyir və tədbir iştirakçılarının "çiynindən ağır yükü" götürür. Yenə də təbəssüm, ürəkdən gələn gülüş dolu anlar...

Ardınca Əziz babanın səhhətinə məsul olan həkimin əslində öz sağlamlığının qayğısına qalması epizodları gəlir. Bu məqamda aktyor Eldəniz Zeynalovun ifası əvəzolunmazdır. Lap bir dünya dolusu təbəssüm boxçası kimi...

Baxıram və tez də qənaətlərimin məni yanıltmaması təlaşımı bir yolla özümdən uzaqlaşdırmağa çalışıram; üçüncü gülüş az qala filmin ilk 6-7-ci dəqiqələrinin payına düşdü ki!

Bəs Əziz babanın Zeynəbi (Həmidə Ömərova) "qaçırması" səhnəsi? Bəs bu təbəssüm, xoş gülüş dolu məqamlar..?

- Hə, niyə ağlayırsan? Bir söz de də, a bala! Əgər toy ürəyincə deyilsə, qaçırım səni.

- Qaçıra bilərsən, Əziz baba?

- Qaçıraram, lap canını da alaram... Hə, bəs indi niyə ağlayırsan? Özün dedin qaçırt, mən də qaçırtdım!

Aktyor ifasının elastikliyi, səmimiyyəti və hadisələrin qəfil dönüşü ilk anda çaşqınlıq doğuran təbəssümlə izlənilir...

Bir də o yer var ki, həkim Əziz babanın çomağını mişarlamaq istəyir və qarşılığında ağır təpkilə üzləşir... Bir də o yer var ki, Əziz baba uğurlu "qızqaçırmadan" sonra manqal başında bütün cismi, ruhu, əzaları ilə bir arada rəqs edir, çiyinlərini ata-ata yaşadığı xoş anların ritmini tutur...
Xoş gülüş, təbəssüm dolu səhnələr bir-birini izləyir. Əliquliyev (Səməndər Rzayev) dərin peşmanlıq hissi ilə özünə qəbir qazır və başını qaldıranda

Əziz babanı qarşısında görür. Yenə də sözaltı mətləblər, təbəssüm, gülüş dolu məqamlar:

Əziz baba: - Bu qəbir sənin üçün çox dardır...

Əliquliyev: - Amma öz aramızıdır, lap sənin boyuna biçilib... Gəl belə edək, sən eşşəyini ver mənə, mən də əvəzində qəbrimi sənə bağışlayım.
Eşşək otaranın gəlişi, itirdiyi atın əvəzinə eşşəyə sahib çıxması məqamları gülüş üstünə gülüş gətirən kadrlardır...

Ən gülməli məqam isə irəlidədir; həkim qovulub, mindiyi at onu dağ yolunda yerə çırpıb, həkimin kol-kosda qalmış pal-paltarı, atının yəhər-yüyənin pərişan halı, Əliquliyevin hikkəli, peşmanlıq dolu yumruq sıxması, oyunu... Bu təbəssümlü, xoş gülüş dolu kadrların sayı üçü, dördü, beşi, altını keçdi ki!

Maraq edirəm, bilmək istəyirəm ki, film boyu ssenari müəllifini ürəkdən güldürən o üç kadr bu saydıqlarımdan hansı imiş?

Lenti fırladıb yenidən izləməyə başlayıram və düşünürəm: "Bu üç gülüş məqamından Ramiz müəllimlə əla bir müsahibə mövzusu çıxar. Sağlıq olsun..."

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...