Maraqlı şeirlərin müəllifi ilk dəfə mətbuat səhifələrində

Xurşud Banu Natəvan adına mükafatın laureatı, Azərbaycandakı bir neçə məşhur Hərbi Korpusların, qoşun birləşmələrinin diplomlarını, Fəxri Fərmanlarını almış, bir neçə xarici ölkələrin ödüllərinə layiq görülmüş və son günlərdə Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım - Xuraman İsmayıl qızı Muradovanı xalqımız əsasən sahibkar kimi yaxşı tanıyır. Çünki onun bir vaxtlar yaratdığı “Laçın” Klinikası və artıq yeddi ildir ki, fəaliyyət göstərən “Milan” Hospitalı insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyetlərin sayı günü-gündən artır. Xuraman xanım on üç ildir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir. Amma Azərbaycanda heç kim bilmir ki, Xuraman İsmayıl qızı Muradova həm də maraqlı şairədir. Artıq doqquzuncu sinifdə oxuduğu illərdən o, bədii yaradıcılıqla məşğul olur, amma bu vaxta qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Bəlkə yenə də mətbuatda çap olunmasına razılıq verməyəcəkdi, əgər Xalq şairi Nəriman Həsənzadə və mən israrla onu şeirlərini çap etdirməyə məcbur etməsəydik.

Beləliklə, yazılı ədəbiyyat aləminə ilk qədəm qoyan, ilk dəfə şeirləri çap olunan Xuraman İsmayıl qızı Muradova ilə oxucuları daha yaxından tanış etmək istəyirəm.

O, 1965-ci ilin avqust ayının 22-də Göranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Atası əslən Laçın rayonundandır. Laçın da həmişə onun şeirlərinin əsas mövzusu olub. 1972-ci ildə birinci sinifə gedib və 1982-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə təkcə ədəbiyyata yox, həm də rəssamlığa böyük meyli olan Xuraman xanım başqa fənləri də əla qiymətlərlə oxuduğundan elə 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı yüksək qiymətlərlə bitirib.
1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” Kiçik müəssisəsinin nəznində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə “Milan” Hospitalını yaradıb. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür.

Sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə Xuraman xanım Muradova çoxlu mükafatlarlara layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenatnı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. "N" saylı Hərbi Hissə komandiri tərəfindən təltif olunub. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına laiq görülüb. 2017-ci ildə “Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhvələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən, yuxarıda yazdığım kimi, Xurşid Banu Natəvan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub.

Biz inanırıq ki, Xuraman İsmayıl qızı Muradova bundan sonra bədii yaradıcılıqla da ciddi məşğul olacaq, layiq olduğu mükafatların sayını da artıracaq. Çünki istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq olmur. Xuraman xanımın yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin çoxlu şeirləri bizə bu fikiri deməyə əsas verir.

Sizə bədii yaradıcılıqda və bu məşəqqətli yolda böyük uğurlar arzu edirik, Xuraman xanım!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Xuraman İsmayıl qızı Muradova

Ata

Çoxdan gözləyirdim yolunu ata,
Arzum, muradımsan, bilirsən bunu.
İstəmərəm saçlarına dən düşə,
Sənsiz həyatımın yoxdu bir sonu.
Mənə ürək verən, ürəyim ata.
Süfrəmdə bərəkət, çörəyim ata.

Mənim hər dəqiqəm, hər bir anımsan,
Damarda çağlayan, axan qanımsan,
Arzular məskəni olan canımsan,
Həyatımın özü, adısan ata,
Ömrümün mənası, dadısan ata.

Ürəkdən yazıram tükənmir sözüm,
Sənsiz işıq görsə kor olar gözüm,
Saçına gül-çiçək çələngi düzüm,
Gül-çiçək ətirli mehriban ata.
Hər sözümə “haycan” deyən can ata,

Səni candan sevən bir övlad kimi,
Sənə həmdəm olan, şirin ad kimi,
Şəninə boy verən bir soyad kimi,
Dərdimə qalanım, hayanım ata,
Fəxrim-vüqarımsan, ad-sanım ata.

Unutmağa haqqım var

Deyirsən unutmuşam, unutmağa haqqım var,
Hansı bahar günəşsiz, hansı qış qarsız olar,
Fikrində var yenidən birdə məni görəsən.
Vəfasız ürəyinlə, ürəyimə girəsən.

Qəlbimin qapısını bağladım, dedim yəni...
İzin vermərəm ki, heç sevəsən birdə məni.
Bir zamanlar qəlbimə sən hakim kəsilmişdin,
Ürəyimdə ən əziz bir gül tək əkilmişdin.

Heyf sənin istəyin ancaq bircə yaz oldu,
Arzun da, ilqarın da qəlbin tək dayaz oldu,
İndi gileylənirsən unutmuşam səni mən,
Buna görə incimə nə taledən, nə məndən.
Öz həyat yollarında sən özünsən günahkar,
Unutmağa haqqım var, unutmağa haqqım var!

Döz, ürəyim

Əgər varsa səndə mətanət, dözüm,
Dözülməz dərdlərə gəl döz, ürəyim.
Kiminsə gözündə ucalmaq üçün,
Yalana can atma, ol düz, ürəyim.

Yersiz gülümsəmə, yersiz danışma,
Sevmə süniliyi, yersiz tərifi.
Peşiman hallara vaxtı ayırıb,
Demə ki, aldatdım filan hərifi.

İnsanlar həyatda müxtəlif olur.
Biri sadə olur, biri ədabaz.
Sən sev sadəliyi, onunçün sev ki,
Qışını görməmiş, olma bahar, yaz.

Əgər xoşlamırsan düz söz, düz hədəf,
Demək saf deyilsən, təmiz deyilsən.
İnanma yalana, uyma hər kəsə,
Gözümdən düşərsən, taxdan əyilsən.

Məni sevdiyin tək bil, yaşatmasan,
Demək sən acizsən, aciz, ürəyim.
Səni sevənləri bacar, sən də sev,
Olmasın bir kimsən sənsiz, ürəyim.

Ürəyim

Yenə cuşa gəlib yazmaq eşqilə,
Dərin xəyallara dalır, ürəyim.
Toxunarsa ona bir nadan sözü,
Özünü tez ələ alır, ürəyim.

Mənəm deyənləri müqəddəs tutmur,
Nədəndi kədəri, çox tez unutmur,
Hər yana hey qaçır, çox zaman çatmır.
Özüylə baş-başa qalır, ürəyim.

Xuraman qəlbinə dəymək istəmir,
Nə görsə gizlədir, demək istəmir,
Özünü heç zaman öymək istəmir,
Gizlicə boşalıb, dolur ürəyim.

Səni yuxuda gördüm

Bu axşam yuxuda görmüşəm səni,
Çox qəmli-kədərli, çox kefsiz idin.
Dedin ki, həsrətin çox sıxır məni,
Gözlədim yolunu niyə gəlmədin?!

Dedin sənsizləşib gözümdə həsrət,
Öpüm gözlərindən, həsrətim gülsün.
Sənli günlərimin intizarı var,
Nə qəmin-kədərin var, mənə gəlsin.

Bir anın içində çəkildi duman
Sanki nur çiləndi göyün üzünə.
Elə gözəlləşdin, elə sevindin,
Ayıldım yuxudan gülüş səsinə.

İstədim bir anlıq yuxuya gedib,
Sənin gül üzünü görməkçün yenə.
Heyf ki, nə yuxu, nə səni gördüm,
Uzatdım, əllərim çatmadı sənə.

Nənəmin samovarı

Evimizdə ən əziz,
Ən qiymətli bir şey var.
Nənəmin yadigarı,
İri, sarı samovar.

Bir zamanlar deyərdi,
Mənim mehriban nənəm.
Dili şirin özü şən,
Bağı gülüstan nənəm.
Gördüyün bu samovar,
Babandan qalıb bizə.
O, çox şahid olubdu,
Xoşbəxt günlərimizə.

Nənəm köçdü dünyadan,
Onun şən səsi qaldı.
Sanki istəyimizi,
Sarı samovar aldı.

İndi bizim ailədə,
Çox qiymətli bir şey var.
Nənəmin yadigarı
İri, sarı isamovar.

Gizli məhəbbət

Səni gördüyüm gündən,
Qəlbimdə baş qaldırdı,
Ülvi bir məhəbbət,
ülvi bir istək.
Xəlvət-xəlvət, oğrun-oğrun
İçin-için yandım gerçək.
Həsrətin qəlbimi göynətdi,
Payız yarpağı tək döndüm xəzana,
Sandım ki, bu gizli bir eşq,
Bir məhəbbətdi...

Sevgi işığı

Sənin gözlərini gördüyüm gündən,
Təbiət gözümdə nura boyandı.
Fikrim dumanlandı, qəlbim titrədi,
Ruhumda bir sevgi işığı yandı.

Duymuşdum, biganə deyildin səndə,
Sorğusuz, sualsız olan sevgiyə.
Qəlbimi əlimdən alıb apardın,
Tənha qoydun məni, söylə bəs niyə?!

Bir sabah bir damla şehə dönüb mən,
Sənin qoxladığın gülə qonacam.
Həyatda heç zaman görüşməsəkdə,
Mən səni səsləyib, səni anacam.

Ömrüm bəzənəcək gül tək, çiçək tək,
Sənin bu gecikmiş məhəbbətinlə.
Üzünü heç zaman görməsəmdə mən,
Qoşa gəzəcəyəm səadətinlə.

İzlərimiz

Göz önümdə durmusan,
Bir sən, bir mavi Xəzər.
Oxuyur nəğməsini,
Yenə şıltaq ləpələr.

İkinizdə birlikdə,
Nəğmə deyirsiz mənə.
Səsinizi qoşursuz
ləpələrin səsinə.

Bu gün sən də xoşbəxtsən,
Mən də, mavi dəniz də.
Uyuyur sahillərdə,
Tənha izlərimiz də.

Sevirəm sədasını,
Əks etdirir dalğalar.
Ayaq izlərimizi,
Yuyub aparır sular.

Silinsədə sahildən
Bu günki izlərimiz.
Xəzərlə qalacaqdır,
Bizim nəğmələrimiz,
Gözəl nəğmələrimiz.

Bacım Südabəyə

Yenə fikrim dolaşıb,
Yenə halım qarışıb,
Yenə çıxıb getmişəm
Uşaqlıq illərimə.
Yenə fikrim uzaqda,
Yenə ağlımdakı sən
Yenə sakit otaqda
Açıram pəncərəmi,
Yenə sən qəlbimdəsən.
Dənizin səsi gəlir,
Bu səs ilə birlikdə
İsti bir nəfəs gəlir.
Bir pıçıltı qarışır
Bu dənizin səsinə,
Bu səs sənin səsindi
Sanki bir isti nəfəs,
Dəyir bu an üzümə.
Bu sənin nəfəsindi,
Deyirsən, can ay bacı
Niyə fikirlisən sən,
Deyirəm bacın qurban,
Nə yaxşı ki, gəlmisən.
Gülümsəyib baxırsan,
Sakit-sakit üzümə.
Gülüşünü gördükcə,
Qayıdıram özümə.
Arzular ümman-ümman,
Xəyallar karvanında.
Nə olardı kaş bir yol,
Sən olaydın yanımda.
Gəl tutaq biz əl-ələ,
Qayıdaq kəndimizə.
Nə olar ki, ay bacı,
Bircə yol sən gəl bizə.

Yenə axşam düşübdü
Yenə qaş qaralıbdır.
Yenə evimizdəyik,
Anam süfrə salıbdı.
Yığışmışıq bir yerə,
Ömrün xoşbəxt anıdı.
Atamın gül balası,
Anamın gül balası.
Yadındamı uşaq vaxtı,
Ulduzları bölərdik.
Bu mənim, bu da sənin,
O, da onun deyərdik.
Çox sevərdim göyləri,
Uçmaq istərdim ora,
Deyərdim ki, kaş məndə,
Çataydım ulduzlara.
Sən deyərdin ay bacı,
Elə demə nə olar,
Birdən uçan boşqablar,
Gəlib səni aparar.
Məndə hərdən doğrusu,
Qorxardım bu sözlərdən,
Ürəyimdə sadəcə,
Arzulardım göyü mən.
Gəl mehribanım bacı.
Gəl tutum əllərindən,
Buraxmayım səni mən
Gəl sarılım boynuna,
Gəl öpüm üz-gözündən.
Axı bir vaxtlar sən də,
Qucaqlayardın məni
Deyərdinki istərəm,
İş adamı olasan,
Hamı tanısın səni.
Məndə deyərdim vallah
Sözün qurtarıb sənin.
Nəyimə lazımdırki,
Axı tanınmaq mənim?
Eh, illər keçdi bacı,
Ömürdən çoxu getdi.
İş adamıda olduq,
Çoxu tanıdı bizi.
Amma sənsiz yaşadıq,
Heyf, bu ömrümüzü.
Sən mənim atam idin,
Sən mənim anam idin.
Bütün varlığın ilə,
Halıma yanan idin.
Rahat uyu məzarda,
Atamın yadigarı.
Nişanəsiz gedən qız,
Ömrümün ilk baharı.
Dualarımda sənə,
Hər gün pay ayırıb mən,
Allahın dərgahında,
Qəbula göndərirəm.
Rahat uyu, can bacı.
Məzarın nurla dolsun!
Hökm Allahın hökmüdür!
Yerin cənnətlik olsun!
Yerin cənnətlik olsun!

Bakı şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə