Sentyabr ayının 26-dan 77 yaşa qədəm qoyan və artıq ömrünün müdrik çağlarını yaşayan yazıçı-hüquqşünas Əli Şimşək ( Bayramov) ədəbiyyatımızda dedektiv janrın istedadlı nümayəndələrindən biri kimi tanınmaqdadır. Onun son illərdə bir-birinin ardınca çap olunan “Əllinci patronun izi ilə”, “Acı göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr” kitablarında toplanmış povest və hekayələri, Azərbaycan dedektiv ədəbiyyatında çox maraqlı hadisə sayılan “Vahimə” romanı oxucuların ən maraqla oxuduğu kitablardır. Müəllifin “Qan ləkəsi” povesti isə yazıçının bədii imkanlarının genişliyindən xəbər verir. Həmin əsərdə janrın tələblərinə riayət olunmaqla bərabər peşəkar poetiklik də müşahidə olunur. Bu cəhət bir tərəfdən əsərlərin dilini şirinləşdirir, oxunaqlığını artırır, digər tərəfdən müəllifin yüksək poetik ruha malik olduğunu göstərir. Beləliklə, adlarını çəkdiyimiz kitablarda oxuduğumuz nəsr əsərlərinin müəllifinin nə vaxtsa şeir yazdığına, yaxud yazacağına inanmaya bilmirsən. Məhz buna görə də bir-birinin dalınca iki lirik poema yazmasını Əli Şimşək ( Bayramov) yaradıcıığına dərindən bələd olanlar qanunauyğun hal hesab edirlər.

“Şamilin səsi” və “Min illərdən min illərə kim yaşayıb, kim qalacaq?” poemaları başqa-başqa mövzularda yazılsa da bir sıra cəhətlərdə birləşir. Hər şeydən əvvəl bu iki poemada yüksək vətəndaşlıq mövqeyi, dövr, Vətən, xalq qarşısında məsuliyyət duyğuları mühüm yer tutur və müəllifin həyat amalından xəbər verir. Məhz bu baxımdan yanaşdıqda poemalarda müşahidə edilən paralellər alqışlanmalı, təqdirəlayiq hesab olunmalıdır. Burada bir türk şairinin “Bir iman istəyirəm yolunda baş qoyası” misrası yada düşür. Haqlı olaraq onu həmin vaxtı qınadılar ki, sənətkarın, eləcə də şairin, yolunda baş qoyması imanı, əqidəsi, məsləki yoxsa onda o, heç şair deyil. Məşhur rus şairi Nekrasov yazırdı ki, şair olmaya bilərsən, ancaq vətəndaş və məsləki olmağa borclusan. Klassikimiz Abbas Səhhət həmin fikiri Vətənlə bağlı daha yüksək bədiliklə ifadə edərək deyib: “ Vətənim verdi mənə naü-nəmək, məncə Vətəni unutmaq nə demək?”

Bir sözlə, Əli Şimşəyin ( Bayramovun) təqdim etdiyimiz poemalarında yüksək vətəndaşlıq mövqeyi, Vətən sevgisi qırmızı xətt kimi keçir və oxucuları da bu yola səsləyir.

“Şamilin səsi” 1999-cu ildə ayrıca kitabça halında çap olunub və elə o vaxtdan oxucular tərəfindən maraqla qarşılanıb. Müəllif özünü narahat edən fikirləri bu poemada oxuculara çatdırmaq üçün maraqlı üsuldan istifadə edir. Dağıstan xalqlarının çarizmə qarşı mübarizəsinə uzun illər başçılıq edən Şeyx Şamil Azərbaycan xalqlarının da qəlbində özünə yuva qurmuşdur. Müəllif Şeyx Şamilin adı ilə bağlı olan uca dağlar qoynunda qərar tutmuş XIX əsr qalalarından birinə gedir. Qafqazın igid oğlu Şamilin ruhuyla qalada xəyalən görüşür və sanki, onun dediklərini qələmə alır.

Şamil Azərbaycan torpaqlarının bir hissəsinin düşmən işğalı altına düşməsindən həyəcanlanır və deyir:

Torpağınız varsa
əgər alası.
Gərək heç yatmasın
türk balası!

Poemanın leytimativini bu fikir təşkil edir və oxucları Vətən torpağını işğaldan qurtarmağa çağırır. Müəllif Şamilin dili ilə deyir:

Hanı Şah İsmayıl?!
Hanı Cavidan?!
Niyə eşidilmir,
Babəkin səsi?!
Niyə eşidilmir,
Rövşənin nərəsi?!
Qəərəman general,
Həzi hardadır?!
Məgər bilmir ki, o,
Vətən dardadır?!
Şamil qalaya gələn müsafirləri birbaşa qınayır:
Çatdırın naləmi
bütün aləmə:
Kimin torpaqları
tapdalanırsa,
Orda babaların
qəbri yanırsa,
gəlməsin qalama!
Sizi and verirəm,
haqqı-salama!!!
-deyir. Bir azdan o, poetik boyaları daha da tündləşdirir:
Hanı sizlərdəki
qafqazlı qanı?!
Bir ayıl!
Bir oyan!
Özünü tanı!
Şair ulu Şamilin sorğu-sualının mənasını belə açır:
Gözümüz önündə
canlanın Şamil.
Bir anda çəkildi
qeybə elə bil.
Çökdü aralığa
dərin sükunət,
Hərə öz “mən”inə
çəkildi xəlvət.
Hamı sorğu etdi
özü-öüzündən:
“Bəs Vətən yolunda,
torpaq yolunda
neyləmişəm mən?!
İnanın,
inanın
bir şün gələcək,
Tarix bax, beləcə
Ulu Şamiltək
bizi tufan kimi
silkələyəcək.
Azəri yurdunun
hər bir oğlunun
tutub yaxasından
sorğu edəcək...

Şair, bu günümüzə nikbinliklə nəzər salır, gələcəyə ümidlə baxır. ( Şükürlər olsun ki, şairin 1999-cu ildəki ümidlərini igid əsgərlərimiz 2020-ci ildə 44 gündə reallığa çevirdi.) Rəhbərin bir çağırışıyla milyonlarla Vətən övladlarının ayağa qalxdığı çətin anları xatırladır və poetik söhbətə belə yekun vurur:

Birləşib bir əldə,
yumruq olunuz!
Dostluq, qardaşlıqdır
zəfər yolunuz!
... Sizin öndə gedən
min əriniz var.
Böyük sərkərdəniz,
rəhbəriniz var.

Sanki şairin neçə illər əvvəl uzaqgörənliklə verdiyi nəsihətlər artıq 2020-ci ildə gerçəkləşdi. Elə doğrudan da xalqımız Ali Baş Komandanın ətrafında 44 gündə bir yumruqda birləşib, erməni gavurların başını əzdi.
“Şamilin səsi” poemasında toxunulan məsələlər “Min illərdən min illərə kim yaşayıb, kim qalacaq?” poemasında müəllif tərəfindən daha da inkişaf etdirilir. Şair qəlb çırpıntılarını, poetik düşüncələrini oxucularla bölüşmək üçün bu poemada başqa bir formaya əl atır. Bu formanın özünü, fikrimizcə, tapıntı saymaq olar. Müəllif deyir ki, 55 yaşımın və XX əsrin son bahar fəslinin sonuncu günündə düşüncələrə daldım. Düşündüm ki, bu Vətən, bu xalq üçün 55 illik ömrümdə nələr etmişəm, nələr yazmışam? Görəsən bu dünyaya gəlib-gedənlərin sırasında, cərgəsində bəs mən kiməm? Yazdıqlarımdan heç olmasa bircə sözüm, bircə misram məndən sonra yaşayacaqmı?

Həmin poetik suallara cavab axtarışı şairi uzaq yollara çəkib aparır. Əvvəlcə onun bu misralarını oxuyuruq:

Bir səs gəldi
qulağıma:
-Ömür etmisən
əlli beş il,
nə az, nə çox
yarım əsr,
bir də beş il,
geri çəkil:
öz ömrünü,
öz yolunu
vərəqlə sən
bir ilbəil,
fəsil-fəsil...

Şair oxucusuna belə bir eyham eyləyir ki, həyatda hər kəs öz həyat yoluna beləcə nəzər salmalı, əməllərini saf-çürük etməli, lazımi nəticələr çıxarmalıdır.

Poemada şairi düşündürən sualların cavabının axtarışı bir ədəbi forma, üsul kimi düşünülmüşdür və bu cəhd bizim tərəfimizdən də çox uğurlu sayılır.

Şair danışır ki, onun içərisindəki iki poetik “mən” bir-birini sorğu-suala tutur və biri o birini mühakimə eləyir:

Qeyzləndi
bir “mən”
mənə:
-Söylə görüm
nə vermisən
insanlığa,
İnsan oğlu səni ansın
heç olmasa
bir anlığa?!
Hansı şeirin,
hansı sözün
ucalıbdır
Müşfiqimin bir misrası
ucaldığı ucalığa?!
Hansı sözün işıq salıb
qaranlığa?!

Sonra müəllif Azərbaycan və dünya ədəbiyyatına nəzər salır, özünün şedevr saydığı əsərləri xatırladır. Azərbaycan musiqisi, tarixi barədə danışır, xalqın Lütfi Zadə, Kərim Kərimov kimi övladlarını yada salır. Deyir ki, onların əməlləri ilə öz yaradıcılığını müqayisə elə. Zahirən kiçik görünən bu faktı- “Sərhəd” qəzetində dərc olunmuş “Yaddaşın bərpası” adlı yazısını xatırladır bu poemada. Azərbaycan tarixinə qara ləkə kimi repressya illəri- 1920-1941-ci illərdə baş vermiş və o zamanın qurbanlarının uzun illər Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində xalqımızdan gizli saxlanılmış adları məhz həmin yazıda öz əksini tapmışdır. Müəllif elə bil ki, xalqımızı ayıq olmağa çağırır, başımıza gəlmiş bu dəhşətli bəlaların səbələrini dərindən, səbrlə və yüksək təfəkkürlü ziyalı kimi axtarır:

İyirmi-qırx birinci il...
Bu dərd dağlardan ağır,
bu dərd
çəkilən deyil!!!
... Danışan dillərimiz
Susduruldu birbəbir.
Düşünən başlarımız
məhbəslər bucağında
saxlanıldı bir əsr.
Bu nə gizli
nə də sirr.

Şair bu tarixi faktları xatırlamaqla demək istəyir ki, başa çatmaqda olan minillikdən qarşıdakı minilliyə böyük kəşflər və ixtitalar etmiş, şah əsərlər yazmış, Vətənin yağı düşmənlərdən müdafiəsi yolunda şəhid olmuş, heç olmazsa repressiya qurbanlarının siyahısını xalqa çatdırmış insanlar qədəm basacaqlar. Əsrlər ötsə də tarix belələrini yaşadacaqdır. Hər bir Vətən övladladı öz fəaliyyətini təhlil etməli, müqayisə aparmalı, özünə yalnız bundan sonra qiymət verməlidir.

Şair 20 Yanvar faciəsinə, Qarabağ uğrunda düşmənlərə, 1990-cı illərin əvvəllərində Azərbaycanı bürümüş hərtərəfli böhrana nəzər salır. Azərbaycanda başlanmış milli-azadlıq hərəkatını öz qanında boğmağa cəhd edən, bu məqsədlə yurdumuza, onun baş şəhəri Bakıya qoşun yeridən façist xislətli Qorbaçovu, onun əsabələrini dəhşətlə, nifrətlə damğalayır. Düçar olduğumuz faciə haqqında dünyaya car çəkən, xalqın haqq səsini öz səsiylə ucaldan ulu öndər Heydər Əliyevi minilliklərdə yaşayacaq böyük şəxsiyyət kimi xatırladır. 20 Yanvarın səhəri günü o zaman Moskvada yaşayan xalqın bu böyük oğlu heç kəsdən və heç nədən çəkinməyərək əsl həqiqəti bütün dünyaya bildirdi:

Danışırdı
izdihamda
Dədə Qorqud
dərrakəli,
bir nurani,
dünya görmüş
aqil bir kəs.
Vətənimə,
millətimə
doğma idi,
əziz idi,
necə bu səs!

Poemanın bu hissəsində şairin təbi sanki daha da coşur, ilhamı pərvazlanır, tutarlı fikirlər, insana ruh verən obrazlı misralar meydana çıxır.

Şair Azərbaycanın böhrandan qurtarmasını, inkişaf yoluna çıxmasını, eyni zamanda Vətən torpaqlarının hələ də beşdə bir hissəsinin işğal altında qalmasını poetik dillə ifadə edir. Göstərir ki:

- Min illərdə,
əsrlərdə
Qarabağın
göz yaşını
öz əliylə,
əməliylə
silən kəslər
yaşayacaq!!!
... Vətənimin,
Təbrizimdən,
Dərbəndəcən,
İrəvandan
Göy gölüm
Sevanacan,
Gün doğandan
Gün batana
parçalanmış
yarasına
məlhəm qoyan
övladları
yaşayacaq!!!

Və nə yaxşı ki, şairin istəklərini, həmin arzularını artıq qəhrəman əsgərlərimiz və onun Ali Baş Komandanı cənab İlham Əliyev reallığa çevirdi.

Əli Şimşək ( Bayramov) poemanı qələmə almaqda qarşısına qoyduğu məqsəd əsərin bu hissəsində daha qabarıq şəkildə özünü göstərir, oxucuları Vətəni sevməyə, onun layiqli övladı olmağa, onun yarasına məlhəm olmağa böyük əminliklə səsləyir.

... Söhbətimizin mahiyyətinə vardıqda asanlıqla hiss edilir ki, hər iki poema ilhamla, vətəndaşlıq qayəsi ilə yazılmışdır. Məhz ona görə də bu günümüzlə səsləşir və gələcəyimiə də səsləşəcək. Deməli, biz də şairi arxayın edə bilərik ki, məhz belə əsərlər yaşayır, müəllifin qəld çırpıntılarını gələcək nəsillərə çatdırır.
Sonda Əli Şimşəyi ad günü münasibətilə təbrik edib deyirik: Əzizimiz Əli Şimşək! Siz indi həyatınızın müdrik çağını yaşayırsız. Sizdən yeni-yeni əsərlər gözləyirik”.

Hikmət ƏZİMOV,
Fəlsəfə elmləri namizədi.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə