"Mən alın yazımın əlifbasını yaratmış adamam…" - MÜSAHİBƏ

Budəfəki qonağımız Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Emil Rasimoğludur.

SİA.az Emil Rasimoğlu ilə müsahibəni təqdim edir:

Emil bəy, yaradıcılıq necə gedir? Pandemiyanın sizə təsiri necə oldu?

Yaradıcılıqdır da, öz axarında davam etməkdədir. Pandemiyaya gəldikdə isə təbii ki, ola bilməz ki, öz təsirini göstərməmiş olsun. İllah da sənət adamısansa. Bilirsiniz, həm də düşünürəm ki, yaradıcılıq zaman və məkandan tamam uzaq məsafədə doğulur. Yəni, o bir az da zamansızlığı və məkansızlığı ifadə edir. Lakin burada bir nüans var. Yaradıcılıq üçün hərəkət və təmasın hardasa bir mütləqliyi danılmazdır. Buna bir az da düşüncənin təbiət və cəmiyyət hadisələri ilə harmoniyası, insan enerjisinin şəkillənməsi deyə bilərik. Belə deyək, insanın daxilində bir enerji mövcuddur və bu enerji öz ünvanını tapmalıdır. Bəs sual edə bilərsiniz ünvan haradır? Ünvan elə cəmiyyət və təbiətdir. Bu mənada pandemiya yaradıcı insanları da hamı kimi müəyyən qadağalarla üz-üzə qoydu. O qadağaların şüuraltı mənfi əksiklikləri danılmazdır ki, özünü hər hansı bir tərzdə olsa da göstərməkdədir.

Düzdür, mütaliə etmək, yaradıcılıqla məşğul olmaq, baxmalı olduğun yarımçıq yazılarının üzərində işləmək baxımından pandemiya vaxt qazandırdı. Lakin vaxtla hər şey tamamlanmır axı. Həm də o enerji, o ruh halı da olmalıdır… Baxın, pandemiyanın qazandırdığı vaxtın o çatışmazlığı var idi.

Bəs siz yazmaq üçün enerjini nədən alırsınız?

Enerjinin ünvanı bayaq dedim, ya cəmiyyətdir, ya da təbiət. Yəni cəmiyyət dedikdə mən toplumu yox, insan faktorunu nəzərdə tuturam. Ümumiyyətlə hesab edirəm ki, yazmaq düşüncə hadisəsidir. Ədəbi düşüncə. Burada insanın ruh halının, daxili enerjisinin, şüuraltı azadlığının, müşahidə qabiliyyətinin, dünyagörüşünün, dərkinin və digər bu kimi vacib amillərin rolu var. Bunlar hamısı birləşir və sənin düşüncəndə ədəbi hadisə törədir. Baxın, o zaman mətn meydana gəlir. Yaradıcı adam ən böyük təfəkkür terroristidir. Ədəbiyyat bəşəri qatda elə həm də bəşərin və təbiətin problemlərinin həlli fövqündə yaranır. Amma sənətdə bəşəriliyin mütləqiyyət olmasını qətiyyən unutmamalıyıq. Yaradıcı şəxs vətənin içində yaşayıb, çölündə yazmalıdır.

Sizcə, müasir dövrün yazarlarından bəşəri mövzularda əsər yazanlar var?

Əlbəttə var. Nəinki hazırkı müasir dönəmdə, elə lap əvvəlki dövrlərdə də mövzuya bəşəri yanaşma tərzi, bəşəri problemləri özündə əks etdirən əsərlərin yazılması olub, indi də var. Bu gün öz mətnlərində o ampulanı saxlayan müasirlərimdən kifayət qədərinin adlarını çəkə bilərəm. Məsələn, Fuad Cəfərli, Tural Turan, Aqşin Evrən, Çinarə Ömray, Fərid Hüseyn, Aqşin Yenisey və başqaları…

30 yaşınızı qeyd etdiniz. Bu yaşa qədər olan yaradıcılığınızı necə dəyərləndirirsiz? Bir şair kimi istədiyiniz uğuru qazana bilmisinizmi?

Bilirsiniz, əgər çalışqanlıq, potensial, istedad varsa, uğurun olmaması mümkünsüzdür. 30 yaşıma qədər qazandığım uğurlar da olub, bundan sonra qazanacağım uğurlar da olacaq. Buna tam əminəm. Mən alın yazımın əlifbasını yaratmış adamam…

Bundan sonra yaratmaq istədiyim mətnlər də təbii ki, var. Amma burada bir məsələni unutmayaq. Uğurun qazanılması tək ciddi mətnlərin yazılmasından yox, onunla bərabəriçində olduğun mühitin, ölkənin, dünyanın, sənəti belə demək mümkünsə, necə görməsindən, qiymətləndirməsindən asılıdır. Sən o yazdığın mətni gəl görək hansı mühitə çıxarırsan? Baxın, bu da uğur qazanılmasında önəmli məsələdir.

Mühitdən söz düşmüşkən, cəmiyyətimizdə yaradıcı insan üçün əlverişli mühit var? Ölkəmizdəki oxucu kütləsi barədə nə düşünürsünüz?

Gəlin açıq danışaq. Bizdə insanların oxu mədəniyyəti, oxu hissi sanki itib. Artıq insanlar, cəmiyyət kitabdan ağılagəlməz dərəcədə uzaqlaşıb. Birazdan kitabı tanımağın özü bir sevindirici hal olacaq. Ona görə də, cahillik, kasadlıq öndədir. Mən bir dəfə bir müsahibəmdə vurğulamışdım: Kaş məsciddən çıxan adamların sayı qədər kitabxanadan adam çıxaydı. Çıxmır axı… Bu böyük mövzudur, əzizim. Kitabı tanımayan cəmiyyətin üzü heç vaxt günəşi görməz. Ona görə cəmiyyətdə normal hadisələrdən çox, qeyri-normal hadisələr baş verir. İnsan beyni torpaq kimidir. Ya ora öz istədiyin, mənfəət verəcək nələrisə özün əkəcəksən, sənə yararlı olacaq, ya da o torpaq özü nələrsə bitirib sənə problem yaradacaq.

Qaldı ki, sırf ədəbiyyatın, sənətin kütlənin marağında olmasına. Ümumiyyətlə sənət hamının qəbul edə biləcəyi varlıq deyil. Lap ola bilər ki, müəyyən qədəri oxusun. Oxumaq şərt deyil ki… Dərk edib, qəbul etmək də var. Baxın, məsələn, Mayakovskini, Dostoyevskini, Cek Londonu, Bukovskini, dahi rəssam Salvador Dalini, lap yerli ədəbiyyatdan İsa Muğannanı, Əkrəm Əylislini və s. hamı dərk edə bilirmi? Yenə deyirəm, məsələ onu oxumaqdan getmir. Oxuya bilər, amma arxasınca gedə bilməz. Ona görə mən ədəbiyyatı kütlənin içində görmürəm. Heç gözləmirəm də. Kütləviləşmiş ədəbiyyat qeyri-ciddi ədəbiyyatdır. O qələm adamını ki, hamı sevir, oxuyur, onu böyük yazıçı, ciddi imza hesab etmirəm.

Məsələn kimləri?

Məsələn, nümunə üçün elə Səməd Vurğun və Vaqif Səmədoğlu adlarını çəkə bilərəm. Vaqif Səmədoğlunun yazdıqları Səməd Vurğunun yazdıqlarından qat-qat ciddi idi. Ciddi deyərkən, ədəbiyyatı nəzərdə tuturam təbii ki… Səməd Vurğunun bizim ədəbi dilin formalaşmasında rolu olub, bu öz yerində. Amma onu hamının sevməsi elə onun ən böyük uğursuzluğu idi.

Ciddi sənətə hamının gücü çatmamalıdır. Heç çata da bilməz. Məsələn, bu gün də Nüsrət Kəsəmənlini, Məmməd İsmayılı, Çingiz Əlioğlunu, Vahid Əzizi, Musa Ələkbərlini əksəriyyət oxuyur. Yaxşı, gəlin görək yaratdıqları nə dərəcədə ciddidir? O bəhs etdiyim sənəti ifadə edən mətn yoxdur. Düzdür, lirikadır, insanların hislərinə toxunur, qulağa xoş gəlir. Bu heç… Məsələ sənətdədir. Bunlar böyük sənəti ifadə edə bilməz axı. Ədəbiyyat kütləyə məğlub olmamalıdır. Olursa, o hər nədirsə, ədəbiyyat deyil. Niyə Qoqolu, Çexovu hamı oxuyub dərk edə bilmir? Niyə Salvador Dalini hamı anlaya bilmir? Bunların cavabı sübut edir ki, adlarını çəkdiyim Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Musa Ələkbərli, nə bilim Sabir Rüstəmxanlı və. sairlərinin yaratdıqları qeyri-ciddi ədəbiyyatdır. Yazıçının, şairin mətndə missiyası vətəndaş olmaq, ananı, atanı sevmək deyil, dövlət qurmaq, dövlət dağıtmaq deyil… Hələ Azərbaycan yazıçısının, şairinin əksəriyyəti inanın ki, mətndə müəllifin missiyasının bilmir. Bu fakt belədir…

Bəs Çingiz Abdullayev? Ədəbi mühitdə böyük yazıçı olub-olmaması ən çox müzakirə edilənlərdən biridir…

Onun kitabları bir çox ölkələrdə böyük tirajlarla çap olunub. Amma dünyada çap olunmaq başqadır, dünyanın səni qəbul etməsi tamam başqa. Biz dünyadan danışırıq haa… Anlayırsınızmı? Dünyada çap olunmağın “təbliğat maşını” ilə əlaqəsi var. Təbii ki, Çingiz Abdullayev dünyadan baxanda müəyyən qədər istedadı olan adamdır. Ancaq dünya ədəbiyyatı deyil ki, sadəcə dünyada çap olunub. Qeyri-ciddi yazıçıdır deməzdim, amma dünya ədəbiyyatına da düşməyib. Yəni Çingiz Abdullayev dünyada istedadın yox, təbliğatın yaratdığı yazıçıdır.

Bəs siz nə vaxtsa nəsrə keçid etməyi düşünürsünüzmü?

Yox, ümumiyyətlə elə fikrim yoxdur. Bilirsiniz, elə bilirəm ki, mənim həyatım, həyat tərzim poeziyadır. O hücrədəyəm. Bu baxımdan nəsrə keçmək kimi fikrim qəti yoxdur. Onu özümdə hiss etmirəm. Bilmirəm bəlkə də gələcəkdə nəsə dəyişər…

Hər iki halda, gələcək yaradıcılığınızda uğurlar. Müsahibə üçün təşəkkür edirəm.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə