"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım, o kəsləri deyib gəlmişəm ki…"

1906-cı ilin 7 aprel günü Azərbaycan ədəbi, ictimai mühitində mühüm hadisəyə çevrilən satirik jurnalın "Molla Nəsrəddin"in təməl daşı qoyuldu. İyirminci yüzilliyin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni mühitində əlamətdar hadisələrdən biri "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin işıq üzü görməsi böyük əks-səda doğurdu. Xatırladaq ki, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istədi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyəndi, bu barədə xəbərlər yaydılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər verdilər. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi, "Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. Zamanla üz-üzə dayanan "Molla Nəsrəddin" jurnalının ilk sayının işıq üzü görməsindən çox keçmədi ki, dövrün maarifpərvər, işıqlı ziyalıları onun ətrafına cəm olaraq, yaradıcılıq nümunələri ilə jurnalın fəallarına çevrildilər.

Jurnalın nəşrinə qədər artıq qələminin, iti zəkasının hökmü ilə parlaq səhifələr yaradan Cəlil Məmmədquluzadə ədəbi mühitdə möhürünü vurmuş, hekayə, povest, alleqorik, eləcə də, dram əsərləri ilə Azərbaycanın yaşantılarını əks etdirən mövzularla çıxış etmiş, xalqın sevimlisinə çevrilən ziyalılardan biri olmuşdur. Hər zaman yaradıcılığında xalqın taleyini əks etdirməyə, insanların keçirdiyi psixoloji sarsıntıları, məişət problemlərini qabarıq bir şəkildə ifadə etməyə çalışan ziyalı dövrünün yüksək vəzifəli simalarını söz atəşinə tutmağa, qələminin gücü ilə onlara təsir etməyə çalışmışdır. Ədəbi fəaliyyətə 1880-cı illərdən başlayan Cəlil Məmmədquluzadə, 20 ilə yaxın bir dövr ərzində, özünəməxsus olan məktəb yaratmışdır. Bu məktəbin təməli Cəlil Məmmədquluzadənin əqidəsindən, məsləkindən yoğrulduğundan, döyüş meydanlarında möhkəm dayanaraq, sözünün gücünün nəyə qadir olduğunu sübuta yetirmişdi.

"MOLLA NƏSRƏDDİN" BİR NEÇƏ MƏNİM ƏZİZ YOLDAŞLARIMIN QƏLƏMLƏRİNİN ƏSƏRİNİN MƏCMUƏSİDİR Kİ, MƏN DƏ ONLARIN ANCAQ AĞSAQQAL YOLDAŞIYAM"

Həyatını xalqına həsr edən Cəlil Məmmədquluzadə satirik ruhlu "Molla Nəsrəddin"lə sözünü deməyə tələsib, çox kəskin çıxışları ilə xalqın müdafiəçisinə çevrilmişdir. Həcmi kiçik formatda olan "Molla Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım, o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər". İstismar dünyasına qarşı çıxış edən, ziyalıları əqli və qələmi ilə mübarizəyə çağıran Cəlil Məmmədquluzadə xalqın buxovlandığı bir cəmiyyətdən xilasını yalnız maariflənməkdə, öz hüquqlarının müdafiəçisinə çevrilməkdə görürdü. "Molla Nəsrəddin" jurnalının yaradıcısı və redaktoru olan Cəlil Məmmədquluzadə bu nəşri ilə insanları qəflət yuxusundan oyatmağa çalışırdı. Mirzə Cəlil "Molla Nəsrəddin"də əsas sima, məsləhətçi və böyük yoldaş idi. Ədib özü bu barədə yazır: "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil. "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam". Azərbaycan ictimai mühitində böyük rol oynayan "Molla Nəsrəddin" ilk sayından başlayaraq düzü-düz, əyrini-əyri deməyi özünə yol seçmişdir. Sözünü kəsib, gözünü ağardan insanların hədə-qorxusunu nəzərə almadan, demokratiyanı boğan, mənfi hallarla cəmiyyətin inkişafına mane olan simasızları yazılarının qəhrəmanı seçərək, leksionumuzda eybəcərliyi ifşa edə biləcək tutarlı ifadələri onların ünvanına söyləyirdi.

Əlbəttə ki, satirik qələmdən qorxub, cilddən-cildə düşən şəxslər "Molla Nəsrəddin"in tənqid hədəfinə çevrildi. Bu jurnalı zaman özü yetişdirmişdir. Məhz bu baxımdan, "Molla Nəsrəddin" ətrafını o dərəcə möhkəmləndirmişdi ki, mürtəce qüvvələr ona hücum etsələr də, belə bu hal təsirsiz qalırdı. Jurnalın redaktoru, sadəcə olaraq, söz demək xatirinə qələmə sarılmamışdır. Jurnalın qarşıya qoyduğu problemlərin bədii və publisistik həllində Cəlil Məmmədquluzadənin tutduğu yol, səpdiyi toxum öz bəhrəsini verirdi. Bu baxımdan ki, bu orqan milli şüurun oyanmasında və formalaşmasında müstəsna rol oynadı. Cəmiyyət üçün fəlakət gətirə biləcək şəxslərə kəskin nifrət və qəzəbin ifadə olunması, hər tipin öz xarakterində canlandırılması "Molla Nəsrəddin"çilərin əsas mövzularından idi. Xalqın ziyalı sözünə, ziyalı fikrinə ehtiyacı yarandığı bir zamanda satirik qələmlə onun tələbatını ödəmək əsl hünər və vətənpərvərlik idi. Müsəlman dünyasını bürüyən geriliyi xalqın avamlığında görən Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının çapının nə dərəcədə əhəmiyyətə malik olduğunu dərk edirdi. O, ziyalıları yalnız əqidəyə, məsləkə xidmət edib, tutduğu yolda qələmi silaha çevirərək, dövrün haqsızlıqlarını açıq-aşkar ifşa edərək, hakim qüvvələri qamçılamağa, öldürücü satira atəşinə tutmağa çağırırdı. Onların yaradıcılığının qayəsi insan ideologiyasını dəyişdirib, dövrün tələbləri səviyyəsində görmək idi. Belə ki, qarşıya qoyulan məqsəd, önəmli məsələ cəmiyyətdəki ziddiyyətlərin yaranma səbəbini göstərmək, xalqı ictimai fəaliyyətə səsləndirmək, qabaqcıl ideyalar əsasında cəmiyyəti mütərəqqi ideyalara qovuşdurmaq idi.

"MOLLA NƏSRƏDDİN" BİR MƏKTƏB OLDU

Qısa bir zaman məsafəsində, "Molla Nəsrəddin" məşhur satirik jurnal kimi tanındı. Görkəmli qələm sahiblərinin bir-biri ilə ideya-yaradıcılıq əlaqələri genişləndi. Cəlil Məmmədquluzədənin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə isə nüfuz qazandırdı. Ziyalı gücünə malik olan, nurlu insanların əsərləri bu jurnalın səhifələrində yer alırdı. "Molla Nəsrəddin"çilər Azərbaycanda, eləcə də, Yaxın Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat məktəbini yaratdılar. "Molla Nəsrəddin"dən sonra "Suri-İsrafil", "Azərbaycan", "Nəsimi-şimal" (İran), "Cəm" (Türkiyə), "Uklar", "Yəşen" (Tatarıstan), "Toqmaq" (Türkmənistan) və s. jurnallar çap olunaraq, beynəlxalq aləmdə mühüm rol oynamağa başladı. Qeyd edək ki, jurnalın oxucularının da sayı durmadan artırdı. Rusiyadan başqa, hətta Asiya, Avropa və Amerikanın bir çox ölkələrində abunəçiləri var idi. Günü-gündən peşəkarlaşan və zamanın nəbzini tutmağı bacaran jurnal sərt mövqeyini və prinsipiallığını sona qədər qoruya bildi. Bütün əldə olunan uğurlara baxmayaraq, Cəlil Məmmədquluzadə irtica və qaragüruhçuların arasıkəsilməz tənqidinə sinə gərməli oldu. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. 1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini buraxdırmağa nail olmuşdur. 1922-ci ildə vətənə qayıdan Cəlil Məmmədquluzadə jurnalın nəşrini davam etdirmişdir. Cəlil Məmmədquluzadə böyük bir amalın daşıyıcısı olduğundan, mübarizəni davam etdirərək, daha qətiyyətli addımlar atmağa başlayır. Bu nurlu şəxs 1922-ci ildən 1930-cu illərə qədər "Molla Nəsrəddin"i mübariz orqanlardan birinə çevirmək üçün bir nəsli satirik jurnalistika sahəsində işləməyə hazırlaşdırır. Jurnal Yaxın və Orta Şərqdə, İranda və Türkiyədə ədəbi-ictimai fikrin inqilabi, demokratik hərəkatın güclənməsinə təsir göstərmişdir. "Molla Nəsrəddin" bir məktəb, bir nümunə oldu.

BÖYÜK TƏCRÜBƏDƏN BƏHRƏLƏNƏN QƏZET VƏ JURNALLAR "MOLLA NƏSRƏDDİN" RUHUNU YAŞATDI

Zaman ötdükcə, satirik ruhlu insanlar da yetişməkdə davam etdi. Hər onillikdə bu məqam özünü göstərirdi. "Molla Nəsrəddin" jurnalının davamçıları yetişdi. 1952-ci ildə "Kirpi" jurnalının nəşrə başlaması zaman və dövrün tələbatı baxımından reallaşmışdır. "Kirpi" jurnalı da dövrün neqativ hallarına qarşı barışmazlıq nümayiş etdirilmişdir. Jurnalda bürokratizmə və rüşvətxorluğa qarşı mübarizə güclü idi. Bu jurnaldan sonra "Kirpi"nin davamçıları "Şeytan", "Mozalan", "Karikatura", "Dəryaz" kimi satirik ruhlu qəzet və jurnallar nəşr olunmuşdur. Böyük bir təcrübədən bəhrələnən bu qəzet və jurnallar "Molla Nəsrəddin" ruhunu yaşatmağa, Cəlil Məmmədquluzadə ənənələrini yazılarında davam etdirməyə çalışmışdı. Onu da vurğulayaq ki, jurnalın nəşri karikatura janrının inkişafında müstəsna rol oynamış və əsərlərin yaranmasına təkan vermişdir. Artıq karikaturaçı rəssamlar ordusu yaranmışdır. "Molla Nəsrəddin" jurnalının davamçısı "Kirpi" olduğu kimi, Əzim Əzimzadə məktəbinin davamçısı da Nəcəfqulu İsmayılov olmuşdur. Əzim Əzimzadə əməllərinə söykənən nəslin nümayəndələri, artıq bir cəmiyyət ətrafında sıx birləşmişdilər. Bu, Azərbaycan Karikaturaçı Cəmiyyətidir. Azərbaycan Karikaturaçı Cəmiyyəti bu gün Dünya Karikatura Təşkilatı Federasiyasının üzvüdür. Azərbaycan karikaturaçı rəssamlarının dünya karikaturaçılar ailəsində öz yeri olduğunu təsdiqləyir.

Bu gün "Molla Nəsrəddin" jurnalının 115 yaşı tamam olur. Bu illər ərzində, Cəlil Məmmədquluzadənin yaratdığı məktəbin davamçıları yetişməkdədir. Bir əsrdən artıq yol gələn jurnalın ab-havası, yaradıcısı Cəlil Məmmədquluzadənin ruhu müasir nəsillə bahəm yaşayır. Onun yaratdığı məktəb, ənənə yaşayır, bizləri düzlüyə və əqidəmizin quluna çevrilməyə səsləyir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə