AĞALAR İDRİSOĞLU

Siyasi, ictimai xadim, filologiya üzrə fəlsəfə doktoru, bir-birindən maraqlı 15-dən artıq kitabın müəllifi, 31 il Azərbaycanın ayrı-ayrı rayonlarında birinci katib işləmiş, adını Azərbaycan tarixinə qurucu katib kimi yazdırmış, respublikamız üçün yüzlərlə rəhbər kadr yetişdirmiş Sadıq Nəbi oğlu Murtuzayev 2021-ci ilin fevral ayının 4-də haqq dünyasına qovuşdu. Yaşasaydı iyul ayının 25-də 94 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin, qəbri nurla doslun. Bir vaxtlar sağlığında onun haqqında yazdığım və özünün də xoşuna gələn bu esseni, indi bəzi əlavələrlə onun əziz xatirəsinə itfah eləyirəm. Ruhu şad olsun.

Müəllif

Elm ilə, ədəblə tapılar sədəf,
Mirvari olmasa, nə lazım sədəf?
Fürsətin var ikən sən işsiz qalma,
Boş yerə ömrünü gəl etmə tələf.

Məhəmməd Füzuli

Böyümək şərt deyil. Şəxsiyyət kimi
formalaşmaq şərtdir.

(İnsanın özünü dərk fəlsəfəsindən)

Yazıya başlamamışdan öncə çox düşündüm, daşındım. Dağı arana, aranı dağa köçürtdüm. Çox götür-qoy elədim... Ortaya maraqlı suallar, məsələlər, fikirlər çıxdı...

Birincisi yaddaş üçün deyim ki, Azərbaycan Sovet Hakimiyyəti dövründə partiyanın önə, əsas rəhbərliyə keçməsi, hakimiyyəti ələ alması əsasən 1930-cu ildən başlayıb. Kommunist Partiyasının 60 illik hegemonluq zaman çərçivəsində bu məmləkətdə təxminən 5 min kommunist raykom katibi işləyib. Bəli, bəli. Təxminən 5 min kommunist. Bu az rədəm deyil 60 ildə. Eləmi? O dövrlərdə bəzən onlara “kiçik padşahlar” da deyirdilər... Necə ki, indiki İcra Hakimiyyəti başçılarının da çoxu sələflərindən geri qalmayaraq həmin yolu davam etdirirlər. Bu “kiçik padşahlar”ın da çoxu səriştəsiz, savadsız, hegemon, özündən müştəbeh olduqlarına görə heç 2- 3 il də bu vəzifədə işləyə bilmirdilər. Azərbaycan təsərrüfatlarına, kolxoz-sovxozlarına, zavod- fabriklərinə, eləcə də millətə böyük ziyan vurub, rüsvayçılıqla bu vəzifədən uzaqlaşdırıldılar... İndiki İcra Hakimiyyəti başçılarının da çoxu onlardan geri qalmır və həmin rüsvayçılıqla vəzifədən uzaqlaşdırılırlar. Hətta bəzi rayonlarda camaat onlara etiraz əlaməti olaraq mitinqlər də keçirirlər...

Komminist partiyası, hansı ki, başlanğıcda, ilk yaranışda dünyada ən humanist partiya sayılırdı və dünya xalqları tərəfindən sevilirdi. Məhz belələrinə görə də illər keçdikcə bu partiya millətlər arasında öz hörmətini itirdi, gözdən düşdü və nifrət qazandı ... Nəticəsi də göz qabağındadı...

Bəs necə oldu ki, mənim qəhrəmanım Azərbaycanda, eləcə də köhnə İttifaqda yeganə şəxsiyyət olaraq düz 31 il bu vəzifədə fasiləsiz işləyə bildi? Özü də elə-belə işləmədi. Qurdu, yaratdı, mümkün olmayanı mümkün elədi, reallaşdırdı və köhnə İttifaqda görünməyən yeniliklər yaratdı. İşlədiyi rayonlarda, eləcə də məmləkətimizdə adı hər yerdə hörmətlə çəkildi. Şöhrəti nəinki köhnə İttifaqa, hətta bir sıra Sosialist ölkələrinə belə yayıldı. Bolqarıstan Xalq Respublikası Razqrad vilayətinin fəxri vətəndaşı oldu. Haqqında neçə-neçə oçerklər, məqalələr, publisist kitablar yazıldı. Şəkilləri bu 31 ildə qəzetləri, jurnalları bəzədi. Adı qurultaylar sarayından dəfələrlə böyük hörmətlə çəkildi. Sinəsini iki Lenin ordeni, çoxlu orden, medal bəzədi. Bədii, sənədli əsərlərin, bir çox kitabların müsbət, baş qəhrəmanı, prototipi oldu... Otuz il Azərbaycan Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı oldu. Hamı onunla dostluğu, təmasda olmağı, heç olmasa bir dəfə görüşüb söhbət eləməyi özünə şərəf bildi... O isə 31 ildə özündən vəzifəcə böyük məmurlarla, öz ağılı, savadı, bacarığı, tələbkarlığı, təşkilatçılığı, yenilikçiliyi və ən əsası da təmizliyi, paklığı, mübarizliyi ilə vuruşdu, döyüşdü, mübarizə apardı. Xalqın və özünün sözünü yüksək tribunalardan, mötəbər iclaslardan yüksək məntiqlə, obrazlı ifadələrlə, atalar sözləri, hikmətli kəlamlarla dedi, sübut elədi və qələbə çaldı. “Haqq yandıran şamı söndürmək olmaz”,- deyib atalar. Onun haqq sözü ağır olduğuna görə, haqq daşı da ağır oldu... Amma xalq onun haqlı səsini, sözünü eşitdi. Onu alqışladı. Sevdi, əzizlədi. Camaatımız ağsaqqal seçdi onu özünə. 31 il bu paklığı, ağsaqqalığı, birinciliyi qorudu, yaşatdı Sadıq Nəbi oğlu Murtuzayev rəhbərlik elədiyi, raykom katibi olduğu rayonlarda...
Bu estafetə, bu yüksəlişə 60 ildə məmləkətmizdə heç kim gəlib çata bilmədi. Sadıq müəllim özünə ustad hesab elədiyi yganə Rüstəm Səfərəliyev bu yolda ikinci pilləyə qədər yüksələ bildi. Fəqət o da çox şöhrət qazanmasına, hətta Sosialst Əməyi Qəhrəmanı olmasına baxmayaraq, heç 30 il də raykom katibi işləyə bilmədi. Belə ki, vaxtı ilə Azərbaycan Kommunist Paritiyasının birinci katibi olan, böyük intellekt sahibi, alim, yüksək ziyalı Vəli Axundov kimi bir şəxsiyyət, günlərin bir günü hələ 1948-ci ildən Balakən rayonunda birinci katib işlədiyi vaxtda qazandığı böyük uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adını almış Rüstəm Səfərəliyevi öz ətrafının diktəsi, buyuruğu ilə işdən uzaqlaşdırdı Vəli Axundov. Çıxartdı raykom katibilyindən. Onu işsiz qoydu. Rüstəm Səfərəliyevin raykom katibiliyinə yenidən qayıtmasını, böyük ad-san qazanmasını Sadıq Nəbioğlu bir dəfə söhbətlərində mənə belə nəql elədi:

- Bir gün, dəqiq tarixi yadımda deyil, 1969-cu ilin iyun, ya da iyul ayı idi. Abşeron rayonunda birinci katib işlədiyim vaxt işdən çıxıb, Nərimanov prospekti ilə xidməti maşınımda evə qayıdanda ordakı kolxoz bazarının qarşısında, böyük bir növbə içərisində, özünün uca, qəd- qamətli boyu, ağ, gur saçları ilə başqalarından tez seçilən Rüstəm Səfərəliyevi gördüm. Maşını saxlatdırıb, düşdüm. O, məni görmürdü. Yaxınlaşıb qoluna girdim. Hal-əhval elədim... Gördüm ki, növbə kartofa görədir. Özü də ondan qabaqda növbədə, təxminən 100-dən artıq adam var. Bir az söhbət elədik. Sonra onu çox çətinliklə növbədən ayırıb, evə gətirdim. Daha doğrusu, onu inandırdım ki, növbənizə ən azı iki saat var. Növbəniz çatana kimi gələrik. Ondan qabaqda və arxada olan adamlara da tapşırdım ki, ya biz gələcəyik, ya da bax bu cavan oğlan,- deyə mən adamlara sürücümü göstərdim. Axşam yeməyinin vaxtı olduğuna görə, süfrə arxasında əyləşdik. Bundan əvvəl isə Rüstəm müəllim eşitməsin deyə sürücünü kənara çəkib, ona tapşırdım ki, gedib Xırdalan tərəvəz bazasından bir kisə kartof götürüb, Rüstəm müəllimgilə aparıb onların evində versin və sonra da xəbərini mənə desin. Biz sakitcə əyləşib, çörəyimizi yeməyə başladıq. Çünki Rüstəm müəllim də elə başa düşdü ki, mən sürücünü kartof növbəsinə göndərdim. O, spirtli içkiyə aludə deyildi. Lakin hərdən bir-iki qədəh konyak içməyi xaşlayırdı. İki qədəh konyak içdi. Mən isə Mərkəzi Komitəyə gedəcəyimi bəhanə eləyib, içmədim. Yeməkdən sonra bir neçə tas nərd oynadıq. Onu da deyim ki, Rüstəm müəllim, nərdin, şahmatın, bilyardın yaxşı azarkeşi idi. Hər üç oyunu da çox yaxşı bacarırdı. Uduzmağını da heç cür qəbul eləyə bilmirdi. Nərd oynadığımız vaxt o, arada “kartof növbəm çatar,”- deyə xatırladırdısa, mən də onu arxayın eləyirdim ki, sürücü oradadır... Nəhayət, sürücü gəlib xəbər verdi ki, kartofu Rüstəm müəllimgilə çatdırıb. O da cibindən pul çıxarıb sürücüyə vermək istədi. Mən də onun qarşısını bir təhər alıb, sakitləşdirdim ki, pulu sonra mənə verərsən. Şahmat oyunundan sonra oturub söhbət elədik. Dərdləşdik... Köhnə illəri, Zaqatalanı yada saldıq... O vaxtlar Rüstəm müəllim Zaqatalada birinci katib, mən isə ikinci katib işləyirdik… Onu da sizə deyim ki, mənim partiya sahəsinə gəlməyimdə, ikinci katib olmağımda, rəhbərlik səriştəsi toplamağımda, insanlarla yaxşı təmas qurmağı öyrənməyimdə Rüstəm Səfərəliyevin xidmətləri çox olub… O, özü Mirbəşir (indiki Tərtər) rayonuna birinci katib vəzifəsinə dəyişiləndə, öz yerinə Zaqatala rayon partiya komitəsinin birinci katibi məni təklif eləmişdi. Tərtər yayonunda işləyən vaxtı da Vəli Axundovun ətrafında olan qaragurruhçuların fitfası ilə işdən çıxarılmışdı...

Bu vaxt Rüstəm Səfərəliyev əlini cibinə salıb, bir yığın teleqram qəbzini mənə göstərdi. Bu teleqramlardan məlum oldu ki, o, rəhbərliyə 17 teleqram göndərib. Lakin nədənsə onu qəbul eləmək istəmirlər. Sonra da bu sözləri əlavə eləyib, əsəbi dedi:

- Bu qədər xidmətləri olan, işlədiyim rayonlarda böyük hörmət qazanan, həm də Xanlar Səfərəliyev kimi şəxsiyyətin nəslinə mənsub və bu nəsildən çoxlu tanınmış kommunistlər çıxan, mənim kimi işlək, təşkilatçı adamı qəbul eləmirsə, bəs o, kimləri qəbul eləyir görəsən?...

Rüstəm Səfərəliyevin söhbətləri və o kartof növbəsi epizodu Sadıq Nəbioğluna çox pis təsir eləmişdi. Öz-özünə fikirləşir ki, nəyin bahasına olursa-olsun Rüstəm Səfərliyevə kömək eləmək lazımdır. Və özü də bu məsələni səhərə saxlamaq olmaz. Elə bu gün həll etmək, dəmiri isti-isti döymək lazımdır. Onu da vurğulayım ki, Sadıq Murtuzayevi tanıdığım 1974-cü ildən bu günə kimi onun bu günün işini sabaha saxladığını görməmişəm. Bir vaxtlar onun tabeliyində işləyən bizlərin də beyninə bu yaxşı işi yeridib. İndinin özündə də mən çalışıram bu günün işini sabaha saxlamayım.

O, Rüstəm müəllimi yola salandan sonra Mərkəzi Komitəyə Heydər Əliyevin qəbuluna getməyi qərara alır və ora gedir. Söhbətimizin bu yerində Sadıq Nəbioğlu onu da əlavə elədi ki, “Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilən ilk vaxtlarında raykom katiblərini dərhal qəbul eləyirmiş. Zaman keçdikcə bu vaxt və qəbullar köməkçiləri tərəfindən uzadılmağa başlayır. Sonralar isə raykom katibləri adi bir məsələ üçün Mərkəzi Komitədə işləyən yüksək rütbəli bəzi məmurların səhlənkarlığı ucbatından günlərlə gözləməli olurmuşlar... Amma hamımız ulu öndər Heydər Əliyevin bu günün işini bu gün görmək şakərinin möhkəm olduğunu yaxşı bilirdik. Məhz bunun sayəsində dahi rəhbərin Azərbaycan üçün böyük tarixi, əvəzolunmz işlər görməsinin şahidiyik”.

Həmin gün Sadıq Nəbioğlu Mərkəzi Komitəyə gəlib, köməkçi Arif Mustafayevə xəbər verir ki, birinci ilə görüşmək istəyir. Köməkçi xəbəri çatdıran kimi Heydər Əliyev Sadıq Murtuzayevi qəbul eləyir. Və belə bir vaxtda gəlməsinə təəccübünü bildirəndə, Sadıq müəllim deyir:

- Heydər Əliyeviç, məni neçə katib hesab edirsiniz?
Heydər Əliyev bu sualı eşidəndə təəccüblə və sual dolu baxışla Sadıq Nəbioğluna ona baxır və belə deyir:
- Əgər yaxşı katib hesab eləməsəydim, yəqin səni də bir çoxları kimi çoxdan işdən çıxartmışdım. Sözünü de, - deyə Heydər Əlirzaoğlu onun üzünə baxır.

Bu sözdən sonra Sadıq Nəbioğlu, Rüstəm Səfərəliyevə necə rast gəldiyini, onun 17 teleqram qəbzi göstərib dediyi sözləri qeyd eləyərək, əlavə eləyir ki, Rüstəm müəllim məndən daha çox işgüzar katib olub... Və söhbətinin sonunda belə deyir:

- Heydər müəllim, indi də sizə daha işgüzar, təşkilatçı, işini yaxşı bilən, adamlarla işləməyi bacaran katiblər daha çox lazımdır. Belə bir məqamda, belə vəziyyətdə məgər Rüstəm Səfəvəliyevi təsərrüfatı ağır, işləri pis olan, geri qalmış bir rayona göndərib, onu bir də sınaqdan keçirmək olmazmı? Onun rəhbərlik, təşkilatçılıq təcrübəsi çox böyükdür.

Bu sözlərdən ulu öndər Heydər Əliyev bir qədər fikrə gedir, diqqətlə Sadıq Murtuzayevə baxır və sonra deyir:

- Mənim bildiyimə görə, Rüstəm Səfərəliyev çox çətin, ipə-sapa gəlməyən, tərs, cod adamdır. Əgər sən zamin olursansa göndərərəm.

- Mən əminliklə zamin dururam, Heydər Əliyeviç, - deyə Sadıq Nəbioğlu qətiyyətlə bildirir.
Söhbət bununla qurtarır. Heydər Əliyev daxili telefonla Rüstəm Səfərəliyevin şəxsi işini tələb eləyir və Sadıq Nəbioğlunu yola salır.

- Mən aşağı düşəndə o zaman təşkilat şöbəsinin müdiri işləyən İsmayıl Əsgərovun, əlində Rüstəm Səfərəliyevin şəxsi işi ilə pilləkənlərdən qalxdığını gördüm. Salam verib yanımdan keçdi. Evə gəlib, Rüstəm müəllimə zəng vurub, əhvalatı olduğu kimi ona danışdım. Onu da əlavə elədim ki, hər ehtimala qarşı hazır olsun. O da heç on dəqiqə keçməmiş zəng vurdu ki, Heydər Əliyev məni qəbula çığırtdırdı. Təxminən bir saat sonra isə Rüstəm müəllim zəng vurdu ki, onu Göyçay rayonuna birinci katib göndərirlər. Göyçayda da çox böhranlı bir vəziyyət vardı o vaxt. Camaat raykom binasını daş-qalaq eləmişdi. Bu da o zaman üçün görünməmiş bir hadisəydi. Rüstəm Səfərəliyev onu da bildirdi ki, sabah saat 10- da Göyçayda plenum təyin olunub. Tezdən İsmayıl Əsgərovla ora gedirik. Mənə də böyük minnətdarlıq eləməyi yaddan çıxarmadı, - deyə Sadıq Nəbioğlu o illəri və ustadı Rüstəm Səfərəliyevin rəhbər kimi ikinci həyat başlanğıcını belə yada saldı.
Rüstəm Səfərəliyevin sayəsində, az zaman içərisində Göyçay rayonu nəinki böhrandan çıxdı. Hətta bütün respublikaya nümunəvi rayon kimi göstərilməyə başladı. Və çox keçməmiş Heydər Əliyev başa düşdü, hiss elədi ki, Göyçay rayonu Rüstəm Səfərəliyev kimi təcrübəli, bacarıqlı raykom katibinin miqyasına sığışmır, ona görə də onu yenidən heç də yaxşı ad çıxarmamış Bərdə rayonuna göndərdi. Çox prinsipial təbiətə, yüksək təşkilatçılığa malik olan Səfərəliyev də özünü məhz bu rayonda göstərmək arzusunda idi. Göstərdi də. Onun rəhbərliyi ilə o zaman Bərdə, ən aparıcı sahəsi olan pambıqçılıqda görünməmiş uğurlar qazandı. Respublikada bütün rayonlardan ölkəyə daha çox pambıq verməyə başladı. Bu uğurlarına görə, Rüstəm Səfərəliyevə çoxlu orden, medallar verildi. Lakin dahi rəhbər Heydər Əliyevin Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə işləməyə getməsi ilə həmin vaxtlar Rüstəm Səfərəliyevin də fəaliyyətinə son qoyuldu. Baxmayaraq ki, üstündə hələ də Heydər Əliyevin barmağı Domokl qılıncı kimi asılmış Kamran Bağırov, Rüstəm Səfərəliyev kimi prinsipal, işgüzar raykom katibini gözü götürməzlərin fitvası, ara qızışdırması ilə vəzifədən uzaqlaşdırdı.

- Mən canlı şahidiyəm ki, işsizlik belə bir işgüzar adamın şam kimi əriyib, dünyasını dəyişməsinin başlıca səbəbi oldu, - deyə Sadıq müəllim təəssüflə qeyd eləyib, sözünə davam elədi. Bunu da əlavə eləmək yerinə düşər ki, həmişə yüksəliş və şöhrət çələngi ilə əhatə olunan, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyevin məzarı başında matəm mitinqi keçirmək üçün cəhd eləyib, qısa bir nitq söyləsəm də məndən başqa danışan olmadı. Hətta partiya və dövlət orqanlarından da bir nəfər belə Kamran Bağırovun qorxusundan onun dəfnində iştirak eləmədi... Elə bil Rüstəm müəllim ömrünün böyük bir hissəsini bu millətə, bu dövlətə, xalqa xidmət eləməmişdi… Hətta onun haqqında nekroloq belə yazılmadı...

Bax, bu da cəmiyyətin bir faciəsidir. Müqayisə üçün onu deyim ki, Kamran Bağırovun öz dəfni də bundan uzağa getmədi... Onun öz dəfni elə Rüstəm Səfərəliyevin dəfni kimi çox sönük, adi keçdi…
Gərək hər insan dərk eləsin, yadında saxlasın ki, çox yaşamağın gözəlliyi və sirri yalnız ləyaqətlə yaşamaqdadır. Həyatda iki şey adamın axırına çıxır. Nadanlıq və pozğunluq. Bugünki həyatımızda da belə şeylər həddən ziyadə çoxdur... Məhz buna görə də çoxlu bacarıqlı kadrlar, kimlərinsə qısqanclığı, paxıllığı, gözügötürməməzliyi ucbatından kənarda qalır. Bu müstəqillik illərimizdə belə şeylər çox olub və çoxlu bacarıqlı kadrlarımız kənarda qalmaqla, depressiya yaşayıb və vaxtından tez dünyalarını dəyişiblər...

Bütün bu fikirlərin içərisində, beynimdə bir sual dolaşır. Və bu sualı öz-özümə təkrar eləyirəm. “Bu keşməkeşlərin, qovğaların içərisində bəs necə olub ki, Sadıq Nəbioğlu bütün birincilərlə işləyə bilib və özünü həmişə yüksək bir zirvədə saxlamağı bacaran raykom katiblərindən olub? Özü də 31 il bu pillədə dayanıb. Bunun sirri nədədi?” Suallar çətin olsa da, mən onun özünün və çoxsaylı qədirbilən Sadıqsevərlərin köməkliyi ilə bu, eləcə də başqa sualların cavabını, bu esseni yazdıqca tapacam. Amma açığı bu suallara nə dərəcədə cavab verəcəyəm, nə dərəcədə cavab tapacağım hələ özümə də tam aydın deyil... Daha doğrusu bilmirəm dəqiq cavab tapa biləcəyəmmi?

Mənim qəhrəmanımın yazıçı dostu, uzun illər Azərbaycan Dövlət Televiziya və Radiosunda işləmiş, dəyərli ziyalı, çox istedadlı nasir, şair, jurnalist, mərhum Gəray Fəzli onun haqqında yazdığı bir oçerkinə “Zirvədən zirvəyə” başlığı vermişdi. Bəlkə elə buna görə xəbis adamların əli bu zirvəyə çatmayıb?.. Yox. Mənə elə gəlir ki, belə deyildi. Sadıq müəllim, öz işi, fəaliyyəti ilə həmişə zirvədə cövlan eləsə də sözün həqiqi mənasında heç vaxt torpaqdan ayrılmayıb və həmişə də bu xəbis adamların əhatəsində olub. Onun böyük qüdrəti də məhz torpağa, elə bağlılığındadır. Bu torpaq da, el də həmişə onun dayağı, sipəri olub. Onu bu möhkəm el dayağından, eldən də ayırmağa heç kimin qüdrəti, cürəti çatmayıb. Axı el atan daşa, el arxa olan insana güc çatmaz. Beynimdə yenə suallar fırlanır. Bəs bunun sirri nədir? Nədir bunun möcüzəsi?...

Mən yaşadığım, işlədiyim bir çox rayonlarda və teatr işimlə bağlı ünsiyyətdə olduğum çoxsaylı raykom katibləri, İcra Hakimiyyəti başçıları ilə Sadıq Nəbioğlunu bir cərgədə qoyub, həmin suallarıma yenə də cavab axtardım və tapdım. Tapdığım cavabla özum də razılaşdım.

Bu vaxt yadıma bir əhvalat düşdü. Bir dəfə iştirak etdiyim yas məclisində çoxlu keçmiş yüksək rütbəli məmurlar və bir neçə raykom katibləri də iştirak eləyirdi. Yadımdadır ki, əvvəllər Azərbaycan Mərkəzi Komitəsində, Ali Sovetdə məsul vəzifələrdə və bir neçə rayonun raykom katibi işləmiş, son vaxtlar isə Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləyən rəhmətlik Çingiz Fərəcov üzünü keçmiş raykom katiblərinə tutub belə dedi:

- Bax, biz hamımız sizinlə eyni vaxtda, eyni dövrdə raykom katibi işləmişik. Gəlin onu da gizlətməyək ki, hamımız da Sadıq Nəbioğluna qibtə eləmişik. İndi zaman keçəndən sonra sizin xatirinizə dəysə də, dəyməsə də mən bu həqiqəti deməliyəm. O vaxtlar, lap elə indi də bizimlə onun arasında çox böyük fərq var. Yadınızdadırsa, biz hamımız, yuxarıdan gələn direktivləri, qərarları rəhbər tutub, mövcud steriotiplərlə işə yanaşırdıq. Yəni yuxarıdan bizə gələn əmrləri, tələbləri biz də ölçüb-biçmədən öz süzgəcimizdən keçirmədən aşağılara çatdırıb “tələbkarlıq” adlı inzibatçılıqla, xof gəlməklə, qorxutmaqla, cəza verməklə, birini işdən çıxarıb, digərini təyin etməklə həyata keçirirdik. Sonralar mənə bir şey də nəsib oldu. Uzun müddət Mərkəzi Komitə aparatında işləmək və rayon pariya komitələrinin iş protokollarını oxuyub, təhlil eləmək. Bax, mən o zamanlar da Sadıq Nəbioğlu fenomeninin sirrlərinə bələd olmuşam. Onun göndərdiyi protokollarda, keçirdiyi iclaslarda elmi təfəkkür, müdriklik, yenilik, yaradıcılıq ön planda dururdu. Başqa raykom katiblərinin göndərdiyi protokollarda isə hegemonluq, cəza vermək, kimlərisə işdən, partiyadan çıxarmaq, kimlərisə həbs elətdirmək əsas yerləri tuturdu....

Yasdan sonra mən Çingiz müəllimlə görüşüb Sadıq Nəbioğlu haqqında daha geniş məlumat almaq istədiyim vaxt, ona həmin məclisdə dediyi sözləri xatırladanda o, gülərək dedi:

- O məclisdən sonra “qocaman” raykom katiblərindən biri çox incik tərzdə mənə irad tutdu ki, niyə həmin yas məclisdə onları təhqir elədim. Həmin “qocaman” raykom katibinə dedim ki, mən təkcə sizləri yox, elə özümü də o siyahıya şamil edirəm. Ancaq vicdanla desək özünüz də bilirsiniz ki, mən sizin hamınızdan yaxşı işləmişəm. Həmişə də Sadıq müəllimi özümə müəllim bilmişəm. Onu da əlavə etdim ki, mən 1960-cı illərdə Sadıq Nəbioğlunun rəhbərlik etdiyi Abşeron rayonunda baytar feldşeri işləmişəm. Sadıq müəllimin köməkliyi ilə komsomol rəhbərliyinə gətirilmişəm. Sonra da irəli getməyimdə, vəzifə pillələrində yüksəlməyimdə də onun çox böyük köməkliyi olub. Bilmədiklərimi həmişə ondan öyrənmişəm. Siz isə heç nə bilmədən özünüzdən müşdəbeh olubsuz. Heç nəyi öyrənmək istəməyibsiz. Bir də əgər dediklərimə iradın vardısa elə o məclisdə deyəydin də. Sadıq müəllim də orada oturmuşdu. Əlbəttə ki, sən orada heç nə deyə bilməzdin. Çünki mənim dediklərim həqiqət idi. Sənin də orda söz deməyə mənəvi haqqın yox idi. Çünki elə sənin kimilər vaxtı ilə Kommunist Partiyasını hörmətdən saldı... Belə humanist məramnaməsi olan partiyanı sizin kimilər rüsvay, bihörmət elədi. Qırmızı terrora, qırmızı tauna çevirdi… Sonunu da hamımız gördük…

Şəxsiyyətinə, savadına böyük hörmət elədiyim Çingiz Fərəcovun bu söhbətlərini ona görə xatırlayıb, beyin süzgəcimdən keçirdim ki, onun dediyi fikirlər Sadıq Nəbioğlu fenomeninin açarını tapmaqda, həyat, portret cizgilərinin ayrı-ayrı çalarlarını yazacağım bu essedə özüm üçün dəqiq müəyyənləşdirməkdə mənə çox kömək elədi. Düzdür, əslində 1974-cü ildən tanıdığım, həyat və fəaliyyət yolunu izlədiyim Sadıq Murtuzayevi başqa rəhbərlərdən fərqləndirən cəhətlərin çoxu mənə yaxşı məlum idi. Açığını deyim ki, elə mən özüm də onu tanıdığım bu illərdə, belə böyük, müdrik şəxsiyyətdən, gözəl təşkilatçı, əsl ağsaqqal rəhbərdən özümçün çox şeyi əxz eləmişəm. Nə gizlədim, biz cavanlar, xüsusən gənc rəhbərlər, çox vaxt ona oxşamağa, işçilərlə onun kimi davranmağa çalışmışıq. Bu illərdə mən onu kənardan izlədikcə aşağıda yazacağım cəhətləri onda kəşf eləmişəm. Elə Çingiz Fərəcovun dedikləri də mənim fikirlərimlə demək olar ki, üst-üstə düşürdü. Ona görə də fikirləşdim ki, oxucuya Sadıq Nəbioğlu fenomeni daha aydın olsun və oxucu mənim fikirlərimi daha dəqiq başa düşsün deyə Sadıq müəllimin on bir cəhətini, xarakterində daha qabarıq on bir cizgini, özəyi bu yazımda daha ətraflı yazım və təhlil eləyim. Və əziz oxucu, istərdim ki, siz də bunu izləyəsiniz. Bax, onda da sizə 31 il raykom katibi işləyən, həmişə yüksək pillədə dayanan, mübariz, sözü üzə deyən, xalq üçün həyatını çıraq, şam kimi yandıran Sadıq Nəbioğlu fenomeni sizə aydın olacaq. Və siz də gələcək həyatınızda bu on bir cəhətdən nələrisə götürəcək, öz xasiyyətinizə, xarakterinizə əlavə edəcək və bunlardan bəhrələnəcəksiz... Axı Sadıq Nəbioğlu günümüzün, dövrümüzün qəhrəmanı və bizim müasirimizdir. Özü də keşməkeşli həyatı hər birimizçün örnəkdi, prototip olan qəhrəmandır. Belə hərtərəfli, bütöv adam həm də insan ləyaqətinin bütün cəhətlərini özündə birləşdirir. Mən qətiyyətlə deyə bilərm ki, onunla təmasda olmaq, maraqlı, məntiqli fikirlərinə, fəlsəfi düşüncələrinə qulaq asmaq, ondan öyrənmək, yüzlərlə tərbiyəvi, fəlsəfi, tarixi əhəmiyyəti olan kitabları oxumağa bərabərdir. Nə yaxşı ki, mən onun yanında olmaqla bütün bu illərdə ondan çox şey öyrənmişəm, ağıllı məsləhətlərinə qulaq asmışam və o, mənim həyat universitetim olub.

Birinci –o, adamları birləşdirmək, ruhlandırmaq, onların təşəbbüskarlığını müdafiə eləmək və müxtəlif mülahizələrə diqqətlə qulaq asmaq qabiliyyətinə malikdir.

İkinci - zəhmətkeşlərlə, əməkçilərlə, sadə insanlarla münasibətdə onun özünə və adamlara qarşı özünəməxsus tələbkarlığı var. Daha doğrusu bu tələbkarlıq inzibatçılıq metodlarına yox, elmi təfəkkürə, insan psixologiyasına yanaşmaq bacarığına əsaslanır.

Üçüncü - Sadıq Nəbioğlu hadisələrə ədalətlə, konkret qiymət verməyi ustalıqla bacarır və onları uğurla həyata keçirir.

Dördüncü - onun insanın mənafeyi üçün siyasi, ictimai, iqtisadi nəticələr çıxara bilməsinə hamı yüksək qiymət verir.

Beşinci - adamlarla çox tez qaynayıb-qarışmağı bacarır Sadıq müəllim. Çünki bu işdə aparıcı, əsas şərtlər olan təmizlik, qayğıkeşlik, cəfakeşlik, xeyirxahlıq onun qanında, canında və həyat amalında var.

Altıncı - elmi təfəkkür məntiqinə, fəhmə, rəhbərlik elədiyi hər sahədə çox tez və düzgün qərar çıxarmaq, mümkün olmayanı mümkün eləmək bacarığını, istedadını Ulu Tanrı Sadıq Nəbi oğlu Murtuzayevdən əsirgəməyib. Bütün bunları ona Allah vergisi kimi verib.

Yeddinci - kənd təsərrüfatının elmi sahələri olan zootexnikanı, aqranomluğu, baytarlığı, sənayedə ipəkçiliyi, emal sənayesini, tikintidə memarlığı, ictimai elmlərdə ədəbiyyatı, tarixi mükəmməl bilməsini və günlərlə əzbərdən peşəkar aktyor kimi şeir söyləmək, gözəl nitqə, qaltanlı səsə malik olmaq bacarığını da Ulu Tanrı böyük bir istedad kimi ona verib.

Səkkizinci - bu məmləkətdə lap əzəldən kəskin problemlərin mövcud olduğu, əxlaq prinsiplərinin pozulması, proteksionizmin, dostbazlığın, qohumbazlığın, rüşvətxorluğun, tayfabazlığın tüğyan elədiyi, əmək adamlarının çoxunun maraqlarının pozulduğu, insana insan kimi qiymət verilmədiyi cəmiyyətdə, rəhbər işçi kimi həmişə təmizlik, düzlük, sədaqət simvolu olub Sadıq Nəbioğlu. Çoxları öz hərəkətlərində məhz ona oxşamağa çalışıblar.

Doqquzuncu - onun sadə həyat tərzi həmişə hamının gözü önündə olub.

Onuncu - Sadıq müəllimin nüfuzunun dayağı həyat təcrübəsi, yüksək intellekti və dərin biliyi olub. Və bu keyfiyyətlərilə istənilən diskussiyaya, mükaliməyə girmək, fikir mübadiləsi etmək bacarığı var Sadıq Nəbioğlunda. Məhz buna görə də heç bir dövlət təzyiqlərinə məhəl qoymayıb. Həmişə də öz səbri, ağlı, savadı ilə bu təzyiqlərdən qalib çıxıb. O, öz məntiqi, bacarığı ilə hamını inandırmaqla, istəklərini, ali məqsədini yüksək rütbəli məmurlara daim yerli-yataqlı sübut eləyə bilib.

On birinci - ailəsindəki sadəlik, həyat yoldaşı, rəhmətlik Kəlimət xanımın xəstə ovqatına baxmayaraq əlində zənbil bazarlığa getməsi, övladlarının heç vaxt fəhlə-kəndli balalarından, sadə insanlardan fərqlənməməsidir. Bu gün də onlar bu sadəliyi, gözü toxluğu, hamıya hörmət prinsipini qoruyub saxlayıblar.

Sadıq Nəbioğlu öz yüksək mövqeyini ailəsinə, uşaqlarına təlqin etməyib və qətiyyən heç yerdə biruzə verməyib… Evdə və işdə sadəlik onun ən böyük kredosu, amalı, ali məqsədi olub.

Bütün bu məziyyətlərdən başqa, mən yaddışımın arxivini, keçmiş illərini götür-qoy eləyib, onun işgüzarlığının, bacarığının digər tərəflərini də özümçün kəşf eləyib, Sadıq Nəbioğlunun vaxtında Ağdamda işlədiyim XX əsrin 80-ci illərində rayonda görülən işləri bir daha yaddaş süzgəcindən keçirirəm.

Yadımdadır ki, o vaxtlar Ağdamda ən müasir dünya stantartları əsasında yaradılan “Axtarış” Elmi-Texniki İnformasiya Mərkəzi və bu mərkəzin elmi axtarışları, həm də dünya təcrübəsini özündə toplamış informasiya bankı, eləcə də mərkəzin xarici ölkələrlə əlaqələri əsasında qabaqcıl təcrübənin alınıb yerlərə ötürülməsi, tətbiqi- bütün bunlar məhz Sadıq Nəbi oğlu Murtuzayevin şəxsi təşəbbüsü ilə, beyninin kəşfi, məhsulu idi.
Bu vaxt bu sətirləri yazanda yadıma, o vaxtlar Azərbaycana və eləcə də köhnə Sovetlər İttifaqına səs salan çox maraqlı bir hadisə düşdü. Yadımdadır ki, o zaman maldarlıqla bütün ölkəyə səs salan və Lvov təcrübəsi ilə məşhur olan bir metodun- Sex axın üsulunun Azərbaycanda ilk tətbiqçisi də məhz Sadıq Nəbioğlu olmuşdu. Bu metodun sayəsində süd istehsalı 10-15 faiz artmışdı. Hətta bu işin ən təqdirəlayiq cəhəti o idi ki, Sadıq müəllimin təşəbbüsü ilə həmin təcrübənin müəllifi Ağdama dəvət olunmuşdu və bu təcrübənin tətbiqində, məhz bu rayonda həyata keçirilməsində bilavasitə özü də iştirak eləmişdi.

O vaxtlar Sadıq Murtuzayevin təşəbbüsü, iştirakı ilə elmin, qabaqcıl texnologiyanın tətbiqi sayəsində 147 mövzu işlənib hazırlanmışdı və bu əsasda rayonun, eləcə də respublikanın gələcək işləri üçün uzun müddətli plan tətbiq olunmuşdu.

Əziz oxucular, yəqin siz də mənimlə razılaşarsız ki, bu qədər mövzu bir rayon üçün heç şübhəsiz çox böyük rəqəmdir.

“Axtarış” Elmi-Texniki İnformasiya Mərkəzində həmin 147 mövzunu əhatə edən və dünyanın hər yerindən xəbər verən informasiya bankının Moskvadan gələn yüksək rütbəli məmurları necə valeh elədiyinin mən də şahidi olmuşam. Və qürur duymuşam ki, bütün bu yeniliklər mənim işlədiyim, Ağdam Dövlət Dram Teatrına rəhbərlik elədiyim, Azərbaycanın ən varlı rayonlarından biri sayılan, əhalisinin güzəranı, dolanışığı Sadiq Murtuzayevin sayəsində çox yaxşı olan Qarabağın gözü sayılan, indisə düşmən tapdağından Ali Baş Komandanımızın və raşəadətli ordumuzun sayəsində azad olunan, amma erməni gavurlarının işğalçılığı ilə Xerasimanı, dəhşətli səhranı xatırladan Ağdamda baş verir…

Ağdamda dünya səviyyəli bir təcrübənin “Seolit” mineralının maldarlığa tətbiqi də Sadıq Nəbioğlunun şəxsi təşəbbüsü ilə həyata keçirilmişdi.

Sadıq müəllimi tanıdığım illərdə görmüşəm ki, qaynar həyat onun gündəlik norması olub. O, istirahət, bayram günləri nə olduğunu bilməyib. Çoxlarının yox, şəxsən mənim bildiyim bir məsələni də burda qeyd eləmək məncə yerinə düşər. Sadıq müəllim özünün altı illik məzuniyyətini “Molla Nəsrəddin” jurnalının üslub və frazeologiyası” adlı doktorluq işinə sərf eləyib. Jurnalın Azərbaycanda tapılmaması çətinliyinə görə, Sankt-Peterburqda ( keçmiş Leninqradda) vaxtı ilə imperator kitabxanası kimi tanınan Saltıkov-Şedrin adına kitabxanada onun bütün nömrələrinin fotosurətini çıxarıb (o zaman kserosurət metodu hələ yox idi), onları ərəb əlifbasından kirilə keçirərək çap etdirib, cildlətdirib və şəxsi kitabxanasında böyük bir sahəni bu cildlər üçün ayırıb. O, Azərbaycan dilinin izahlı frazeoloji lüğətini tərtib edib, onu çap etdirib, mətbəə ottiski hazır olub, lakin paxıl və xəbis adamların gözügötürməməzliyi üzündən, ucbatından nəşri saxlanılıb. Çünki o dövrün ən böyük bəlalarından, neqativ hallarından biri də bu idi ki, o vaxtkı rəhbərlik raykom katiblərinə elmi işlə, yaradıcılıqda məşğul olmağı qadağan eləmişdi. Ancaq onu fikırləşsək ki, Sadıq Nəbioğlu hələ 27 yaşında müdafiə eləyib, filologiya elmləri namizədi, alimlik dərəcəsi adını almışdısa, belə bir perspektivli alimə elmi işlə məşğul olmağı qadağan eləmək, onun bu yolda qarşısını kəsmək məncə özü düzgün qərar deyildi.

Ağdam rayonuna raykom katibi təyin olunduğu ilk günlərdən Sadıq Nəbioğlunun diqqətini vaxtı ilə bütün rayonun əsas su mənbəyi olan və sonralar ayrı-ayrı nadan rəhbərlərin təqsiri üzündən başlı-başına buraxılıb sıradan çıxan kəhriz bulaqları cəlb elədi. Rayonda geniş şəbəkəsi olan subartezian suları ilə bu bulaqların suyunu müqayisə etdirdi. Məlum oldu ki, yerin tərkindən müxtəlif zərərli qazları da özləri ilə çıxaran subartezian suları xəstəlik mənbəyidi. Kəhriz bulaqlarının suları isə əvəzsiz keyfiyyət göstəricisinə və insan sağlamlığının qorunmasına malikdi.

Məhz buna görə də Sadıq müəllimin təşəbbüsü ilə Ağdam rayonunda vaxtı ilə fəaliyyət göstərən çoxsaylı kəhrizlər bərpa olunub, hətta bunların bazasında qiymətli qızıl balıq cinsləri də yetişdirilməyə başlanıldı. Lakin zəhərli qazlarla zəngin olan subartezian sularında isə bu balıqlar yaşamayıb qırılırdılar. Digər tərəfdən də bu kəhrizlər babalarımızın çox böyük əməyinin nəticəsi idi. Quyuların da hər biri 25 metrdən bir qazılırdı. Məsələn, Muradbəyli kəhrizinin yeraltı tuneli 6,5 kilometrə bərabər idi. Onun birinci quyusunun dərinliyi 40 metr olub, 260 quyusu yeraltı tunellə birləşib və yer üzünə bir neçə dəyirmanlıq büllur bulaq suyu çıxırdı.
Sadıq Nəbioğlunun xalqın bu tarixi sərvətinə olan diqqəti Ağdamda, eləcə də respublikamızda böyük əks-səda doğurmuşdu. Məhz buna görə də çoxlu rayonlarda kəhriz quyularının qazılmasına başlanıldı və özünün yaxşı bəhrəsini verdi..

O, ölkədə baş verən yenidənqurma kursuna da ilk gündən böyük yaradıcılıqla yanaşmışdı. Xüsusilə kolxoz və sovxozların təsərrüfat hesabına keçirilməsi onun elmi baxışları ilə birləşib geniş miqyaslı yenidənqurma əhval-ruhiyyəsi, adamlarda yeni elmi idarəetmə təşəbbüskarlığı yaratmışdı. Bu xeyirxah, uzaqgörənliklə qurulan işin yaratdığı müsbət dəyişikliklər hər yerdə özünü göstərməyə başlayırdı.

Sadıq Nəbioğlunun tarixi dünyagörüşü, ədəbiyyatı və incəsənəti mükəmməl bilməsi, zarafatcıl təbiəti, yeri gələndə danışdığı şirin lətifələr adamlarla ünsiyyətdə ona olan ümumxalq məhəbbətinin həmişə həlledici amillərinə çevrilib.

Onun şəxsi təşəbbüsü ilə Ağdamda bir-birinin ardınca tikilib istifadəyə verilən istirahət ocaqları, mədəniyyət sarayı, üzümçülərin yaraşıqlı klubu, böyük ticarət mərkəzi, respublikada ilk Muğam teatrı, Muğam məktəbi, Opera studiyası, əmək sarayı, dünyada ikinci, SSRİ-də birinci Çörək muzeyi və burada bir neçə min unikal eksponatların toplanması- bu sırada 7000 il tarixi olan daşlaşmış buğda nümunələri, Leninqrad blokadasından qalan çörək payı nümunəsi, kosmonavt çörəyi, müxtəlif xalqların çörək nümunələri, tarixi dəyirman xarabalıqları üzərində bərpa olunan dəyirman və sairə bu kimi nümunələr o vaxtlar bütün ölkəyə səs saldı. Ağdamlıların iftixarına çevrildi. Belə yeniliklər Sadıq Nəbi oğlu Murtuzayevin böyük populyarlığını, şöhrətini təmin eləyən amillər oldu.

Sadıq Nəbioğlunun şəxsiyyətini formalaşdıran bir tarixi məqamı xüsusi ilə qeyd eləmək istəyirəm. Uşaqlıqdan valideynlərini itirən, yetimliyin bütün acılarını, ağrılarını yaşadığına görə, yetim uşaqlara dövlət qayğısının vacibliyi onun fəaliyyətində həmişə möhkəm kök salmışdı. O, raykom katibi işlədiyi dövrlərdə bu xeyirxah nəciblik, alicənablıq tələb eləyən ideya, insanlara və əsasən də uşaqlara qayğı həmişə onun ali məqsədlərindən biri olmuşdu. Həmişə bu müqəddəs işə diqqət yetirmişdi.

Sadıq Murtuzayevin tabeçiliyində olan işçilərdə də yenilik, yaradıcılıq, təşəbbüskarlıq, konkretivçilik və işgüzarlıq, adamlara, onların qayğılarına diqqətli olmaq sahəsindəki tələbkarlığı onunla işləyən rəhbər kadrların fəaliyyətində müstəsna, əsas rol oynayırdı.

Sadıq Nəbioğlu bürokratizmin, mühafizəkarlığın, süründürməçiliyin düşməni idi və hamıdan bunu qətiyyətlə tələb edirdi. Məhz buna görə də Şəkidə və Ağdamda işlədiyi 20 ilə yaxın müddətdə şikayətçilərin sayı 10 dəfədən çox azalmışdı. Onun təşəbbüsü ilə şikayəti törədən səbəblərin diqqətlə araşdırılması və onların aradan qaldırılması üçün qətiyyətlə, yeri gələndə sərt tədbirlərin tətbiq olunması şikayətlərin azalmasını təmin edən iş üsulu idi. Şikayətləri törədən səbəblərin araşdırılmasına rayonun ən mötəbər ağsaqqalları da cəlb olunurdu.

Sadıq Nəbioğluun işə münasibətində cəsarət, qətiyyət, yaradıcılıq axtarışları kimi sifətlər rayonun hər bir təşkilatında, hər bir müəssisəsində öz ifadəsini göstərirdi...

Onun təşəbbüsü ilə “Axtarış” Elmi-Texniki İnformasiya Mərkəzində buraxılmağa başlanılan xüsusi bülletendə hansı təşkilatda nə kimi yenilik, elmi yaradıcılıq nümunəsi olması öz əksini tapırdı ki, bu da təşkilatlar arasında işə bu əsasda yanaşmaq sahəsində böyük hərəkət, maraq yaratmışdı. Həm də bu sahədə ətalət göstərən təşkilatlar və onların rəhbərləri də bülletenlərdə öz əksini tapırdı.

Sadıq Murtuzayevin təkidi ilə hər bir partiya təşkilatının nə kimi qayğılarla yaşaması, hansı məsələləri müzakirəyə çıxarması, onların əməli nəticələri həmin bülletenlərdə aşkarlığın parlaq nümunələrini yaradırdı.
Mən, 1974-cü ildən onu izlədikcə bunu qəti başa düşmüşəm ki, Sadıq Nəbioğlunun daxili mədəniyyəti, yüksək erudisiyası, müxtəlif məsələləri çox qısa müddətdə mükəmməl öyrənə bilməsi, gözəl diskussiyası, qaltanlı bariton səsi, böyük natiqlik bacarığı, hər bir fikri aydın ifadə eləyən gözləri onda olan Allah vegisidi. Böyük Yaradan isə bu qədər vergini çox nadir insanlara verir.

Yadıma salıram ki, Ağdamda olanda adamlar iftixarla belə deyirdilər:
- O, bizim rayona gələnə qədər pambıqçılıqla məşğul olmayıb, ancaq bu sahəni bizim ixtisaslı kadrlardan yaxşı bilir.

Mən isə hələ Sadıq müəllimi Şəkidə işlədiyi vaxtdan tanıdığıma görə, onlara deyirdim ki, Sadıq Nəbioğlu Ümumittifaq Kənd Təsərrüfatı İxtisaslaşdırma İnstitutunda ekstern yolu ilə imtahan verib müdafiə eləyib və bu sahədə diplom alıb. Ona görə də o, kənd təsərrüfatının bütün sahələrinin bilicisidi. İxtisaslı kadrdı.
1988- ci ilin fevral ayının əvvəlində Qarabağda erməni separatçıları tərəfindən ixtişaşlar başlayanda Xocavənd, Ağdərə, Əskəran və Xankəndində yaşayan azərbaycanlılar məhz Sadıq Murtuzayevi deyib, Ağdama pənah gətirmişdilər. O da ağsaqqal, təşkilatçı rəhbər kimi hər işi səbrlə, dözümlə yoluna qoyur və həmin azərbaycanlıların öz evlərinə, doğma yurdlarına qayıtmasına nail olurdu.

1988-ci ilin fevral ayının 22-də, yəni hələ bu günə kimi davam eləyən Qarabağ müharibəsinin başlandığı ilk gün Ağdamda çox böyük qırğın baş verə bilərdi. Yüzlərlə əli yalın, Əsgərana getmək istəyən insanlar silahlanmış ermənilər və rus əsgərləri tərəfindən güllə barana tutula bilərdilər. Və həmin gün ən azı 50-100 insan şəhid ola bilərdi. Lakin Sadıq Murtuzayevin müdrikliyi, uzaqgörənliyi sayəsində bu böyük qırğının qarşısı alındı. O gün biz Qarabağ müharibəsinin başlandığı gün iki şəhid verdik. Əli Hacıyev və Bəxtiyar Quliyev şəhidlik zirvəsinə ucaldılar. Amma Sadıq müəllimin əzmkarlığı, iti ağlı, yüksək təşkilatçılığı olmasaydı həmin gün şəhid olanların sayı daha çox olacaqdı. Çünki həmin vaxtı Əsgəranda rusların silahlı 366-cı moto-atıcı diviziyası dayanıb gözləyirdilər ki, əliyalın azərbaycanlılar ora hücum eləsin.

Həmin vaxt Sadıq Nəbioğlunun Qarabağda nüfuzunun çox olduğuna görə o, bütün təşkilatları, insanları millətimizin haqq işinə, torpaqlarımızı separatçı, qəsbkar ermənilərdən təmizləmək işinə sərf elədi... Buna görə o, gecə-gündüz çalışırdı.

Hətta yadımdadır ki, həmin vaxtı özünü məşhur icmalçı adlandıran, Mixail Qorbaçovun dostu və arvadı erməni olan Henri Borovik azərbaycanlılarla bağlı bütovlükdə hədyan olan böyük bir veriliş hazırlamışdı. O, həmin verilişi xarici televiziya kanallarına da göndərmişdivə istəyirdi orada yaysınlar ki, “yazıq erməniləri” azərbaycanlılar necə incidirlər. Guya Qarabağ torpaqları ermənilərin dədə-baba yurdlarıdır və biz onları oradan köçürmək istəyirik. Guya ermənilərin başına olmazın oyunlar məhz biz gətiririk. Onları oldürürük və Qarabağdan köçməyə məcbur edirik. Hayasızlığın, əclaflığın, namərdliyin dərəcəsini görürsünüzmü? Həmin vaxtı Azərbaycandan heç bir ziyalı və rəhbər vəzifədə olanlar arvadı erməni olan satqın Henri Boravikə cavab vermədi. Amma Sadıq Murtuzayev heç kimdən və vəzifəsini itirməkdən belə qorxmayaraq Henri Borovikə çox tutarlı bir cavab yazdı. Onun iftira və yalan dediyini sübut etdi. Həmin yazı qəzetlərdə də çap olundu. Rus dilinə tərcümə olunub, Henri Borovikin özünə və Mixail Qorbaçov başda olmaqla o vaxtkı SSRİ rəhbərlərinə yazılı şəkildə göndərildi. Hətta həmin yazıya ermənilərin azərbaycanlılara necə divan tutmasını, onları necə öldürməsini sübut edən edən şəkillər də göndərdi Sadıq Nəbioğlu.

Bundan qorxuya düşən erməni rəhbərləri başda Boris Kevorkov, Henrix Poqosyan olmaqla, o vaxt Azərbaycana rəhbər təyin olunan səriştəsiz, Moskvanın diqtəsi ilə işləyən, Moskvanın nökəri olan Əbrürrəhman Vəzirovla sövdələşərək, Sadıq Nəbioğlunu aldadaraq, Ağdam rayon rəhbərliyindən uzaqlaşdırdılar.
Beləliklə, Əbdürrəhman Vəzirov da onların sözü ilə Sadıq Murtuzayevi Ağdamdan Abşerona birinci katib gətirdi. Sadıq müəllim də bu işdən çox narazı qaldığından və bu işin məkrli bir oyun olduğunu bildiyindən, bu işlə Qarbağın qumara qoyulduğunu, tezliklə bu torpaqları ermənilərin zəbt eləyəcəyini başa düşdüyü üçün Mərkəzi Komitədə keçirilən böyük bir yığıncaqda çıxış edərək Əbdürrəhman Vəzirovun bağışlanılmaz bütün günahlarını deyib və sonra da bu sözləri əlavə eləyib: “Sizin kimi simasız bir rəhbərlə işləmək istəmirəm” sözlərindən bir neçə gün sonra da ərizə verib, Abşeron rayon rəhbərliyindən çıxdı. Beləliklə, Əbdürrəhman Vəzirov kimi millətinin düşməni, səriştəsiz, erməniyə kömək eləyən rəhbərlə işləmək istəməyi özünə sığışdırmadı Sadıq müəllim. Çünki o vaxt axına qarşı gedib vuruşmaq da mümkün deyildi. Və həmin vaxtlar Əbdürrəhman Vəzirov da özünün “bambılı” hərəkətləri ilə adamlara təsir göstərməyi bacarmırdı və 1990-ci ilin yanvar ayının 19-20-si tarixlərində dəhşətli qırğın baş verdi. Başqalarına təsir eləməyi bacarmayan rəhbəri isə ağıllı, müdrik hesab eləmək olmaz.

Beləliklə də, Sadıq Murtuzayevin Ağdam rayonunun rəhbərliyindən uzaqlaşması ilə Qarbağın qara günləri başladı. Vəzirovun bu ilk bağışlanılmaz səhv addımı və Ermənistandan gələn azərbaycanlıların məhz onun günahı ucbatından Qarabağda yerləşdirilməməsi, Qarabağ müharibəsində uduzmağımızın ilk başlanğıcı oldu...
Çox təəssüf ki, Vəzirovdan sonra gələn rəhbərlər də Sadıq Nəbioğlunun bacarığından, təcrübəsindən, ağlından istifadə etmədilər. Heyf. Sədd heyf. Çünki müstəqil, demokratik respublika qurduğumuz bir vaxtda Sadıq Murtuzayev kimi təşkilatçı insanlara, ağıllı şəxslərə, bacarıqlı rəhbərlərə məmləkətimizin necə böyük ehtiyacı vardı. Axı belə bacarıqlı kadrlar müstəqillik dövrümüzdə, respublikamız, xalqımız üçün çox böyük işlər görə bilərdilər. Və onda vəziyyətimiz, güzaranımız bu qədər ağır olmazdı. Zavod və fabriklərimiz, kənd təsərrüfatımız belə acınacaqlı, bərbad vəziyyətə düşməzdi. Qarabağı ermənilərə belə asanlıqla verməzdik. Birinci Qarabağ savaşında 20 min şəhid verməzdik. Torpağımızın 20 faizi işğal olunmazdı. Bir milyondan çox qaçqınımız, köçkünümüz olmazdı…

Axı yaxşı, uzaqgörən rəhbər işçi, bacarıqlı kadr millətin sərvəti, güzgüsü, qarantı, iqtisadiyyatın, mədəniyyətin böyük dirçəlişi, işsizlik probleminin həll olunması deməkdi.

Sadiq Murtuzayev kimi şəxsiyyət yaşadığı bu illərdə ümumxalq məhəbbəti qazanıb. Ümumxalq məhəbbəti qazanmaq isə asan deyil. Çox zaman bu, taledən və həyatda ciddi-cəhddən, zəhmətdən asılı olur. Birinci əsasını qoyur və ikinci isə bu işi davam etdirir.

Bu gün hələ də gec deyil. Biz, nəyin bahasına olursa-olsun kini-küdurəti, yerlibazlığı, tayfabazlığı bir kənara atıb, milli barışıq elan etməliyik. Sonra da Sadıq Murtuzayev kimi bacarıqlı, təşkilatçı, ağıllı insanlara ən cavabdehli işləri tapşırmalıyıq ki, onlar da geri qalmış sahələri qısa vaxtın içərisində bərpa etsinlər. Dirçəltsinlər. Sənayemizin, kənd təsərrüfatımızın, iqtisadiyyatımızın dirçəlməsində öz zəngin təcrübələrindən istifadə eləsinlər.

Azərbaycanın xoş gələcəyi, Qarabağı erməni qəsbkarlarından xilas eləməyimizin naminə, o taylı, bu taylı Azərbaycanın birləşməsi naminə milli barışıq hökmən olmalıdı. Əgər belə olmasa, babalarımızın, bu torpaq uğrunda zaman-zaman şəhid olan igidlərimizin ruhu bizi heç vaxt bağışlamayacaq. Əgər milli barışıq olsa, onda Sadıq Murtuzayev kimi mümkün olmayanı mümkün eləyə bilən bacarıqlı, ağıllı, təşkilatçı rəhbərlər yada düşəcək... Axı uzun müddət belə davam eləyə bilməz. Haqq öz yerini tapmalıdı. Haqqın səsi eşidilməlidi… Eşidilməlidi!

Biz, insan kimi bir şeyi artıq dərk etməliyik. Ağıl, ən möhkəm, təhlükəsiz sığınacaq, səngər və sərmayədi. Gəlin, bir millət kimi heç olmasa indi ağlımıza sığınaq və onu həqiqətən əvəzolunmaz sərmayə bilək. Atalarımız da bu haqda çox gözəl deyib: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.

P.S. 44 günlük Vətən Müharibəsində bu, bir daha öz təsdiqini tapdı ki, xalqımızın ölkə başçısının ətrafında sıx birləşməsi, rəşadətli, igid ordumuzun sayəsində Qarabağın taleyini həll elədi. Artıq Qarabağ bizim qara taleyimiz yox, xoş, gözəl taleyimiz oldu. Şükür, həmin xoş günləri Sadıq Nəbi oğlu Murtuzayev də gördü. Onun bir arzusu vardı. Gedib Ağdamı yenidən görmək. Biz, bu haqda tez-tez söhbət edirdik. Əfsus, çox əfsus ki, həmin arzusu çin olmadı Sadıq müəllimin. Amma mən inanıram ki, Sadıq Nəbioğlunun ruhu həmişə Ağdamın üstündə olacaq və Ağdamın yenə əvvəlki kimi Ağ Dama çevrilməsini görəndə sevinəcək. Sevinəcək ki, onun bir vaxtlar SSRİ-nin ən varlı, yaraşıqlı rayonlarından biri etdiyi, ilk intibah dövrünü yaşayan Ağdam, indi özünün ikinci intibahını yaşayır...

Sumqayıt şəhəri.
Avqust, 2001-ci il.

Bəzi əlavələr aprel, 2017-ci ildə və 26 mart 2021-ci ildə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə