Zirvə Görüşünün Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi qürurverici hadisədir - Ersin Tatar
Azərbaycanın tarixi diyarı olan Qəbələnin bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Çünki biz hamımız eyni tarixin, eyni dastanların və eyni mədəni irsin sahibləriyik. Bu ortaq köklər bizi bir-birimizə bağlayan ən güclü mənəvi dəyərlərdir. SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. O qeyd edib ki, bu görüşün Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi xüsusilə qürurverici bir hadisədir. “Bu Zəfər ədalətin bərpası, xalqın və liderinin birliyinin təntənəsidir. Qarabağ Zəfəri bütün Türk dünyasına bir daha göstərdi ki, biz birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu Zəfər həm də Türk dünyasının sarsılmaz həmrəyliyinin və qardaşlığının rəmzidir. Şimali Kipr Türk Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olacaq. Biz inanırıq ki, ortaq tariximiz və mənəvi bağlarımız üzərində qurulan əməkdaşlıq bu gün strateji tərəfdaşlığa və ortaq gələcəyə çevriləcək. Əminəm ki, birliyimiz və qarşılıqlı etimadımız gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq”, - deyə ŞKTC Prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə