"Avropanın maraqları Azərbaycan-Türkiyə tandeminin üzərində dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Türkiyə-Azərbaycan münasibətləri regionda dövlətlərarası münasibətlərə kardinal dərəcədə dəyişdirici, yönləndirici təsir gücünə malikdir. Demək olar ki, bizim bölgəmizdə və hətta bölgəmizə yaxın regionda dövlətlər arasında münasibətlər qurularkən, Azərbaycan-Türkiyə münasibətlərini bütün məsafələrdən görünən yoğun xətt kimi nəzərə almağa məcburdurlar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri qurmaq istəyərkən, həmişə Azərbaycan-Türkiyə münasibətləri faktoru nəzərə alınıb. Türkiyə-Azərbaycan münasibətləri Gürcüstan-Ermənistan münasibətlərinə təsir göstərib. Ermənistan-İran əməkdaşlığını dərinləşdirmək istəyənlər isə həmişə Azərbaycan-Türkiyə tandeminin buna necə reaksiya verəcəyini nəzərə almağa çalışıblar: "Fakt budur ki, İran nə qədər sərt siyasət aparsa da, Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını mümkün qədər nəzərə almağa məcbur olur. Doğrudur, İran həmişə Ermənistanın yanında olub, amma bu ona asan başa gəlmir. Çünki bölgədə Azərbaycan-Türkiyə münasibətləri timsalında çox güclü bir tandem var. Bu gün Azərbaycan-Türkiyə münasibətləri Mərkəzi Asiya və Avropa ilə münasibətlərin qurulmasında da həlledici rola malikdir. Avropanın Mərkəzi Asiyaya yönəlmiş maraqları Azərbaycan-Türkiyə tandeminin üzərində dayanır. Mərkəzi Asiya ölkələri Avropa ilə inteqrasiyaya ciddi maraq göstərirlər və Avropa da açıq şəkildə bildirir ki, bu region onların strateji maraq dairəsindədir.

Mərkəzi Asiya dövlətləri də anlayırlar ki, Türkiyə və Azərbaycanın müttəfiqliyindən yalnız fayda götürə bilərlər. Əgər bu iki ölkə arasında münasibətlər zəif olsa, Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı çətinləşər. Ona görə də Azərbaycan-Türkiyə münasibətlərinin strateji səviyyədə dərinləşməsi yalnız bu iki ölkə üçün yox, bütövlükdə region üçün, Mərkəzi Asiya üçün olduqca əhəmiyyətlidir. Avropanın Genişlənmə Komissarının son bəyanatı da bunu təsdiqləyir. Bildirilir ki, Avropanın Mərkəzi Asiyaya yönələn strategiyasında Azərbaycanın rolu və onun Türkiyə ilə sıx münasibətləri xüsusi diqqət mərkəzindədir.

Azərbaycan-Türkiyə münasibətlərinin daxil olmadığı hər hansı bir layihə bölgədə uğurla işləyə bilməz. Bu tandem tərəfindən dəstəklənməyən heç bir münasibət qurula bilməz. Regionda nəqliyyat, logistika və iqtisadi sahələrdə də Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün yeni imkanlar yaradır. Bu münasibətlər Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında və gələcək layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq ruhunu nəzərə almayan heç bir regional əməkdaşlıq uğurla davam edə bilməz.

Nə yaxşı ki, Azərbaycan-Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir. Bu strateji müttəfiqliyin daha güclü bir ifadəsini tapmaq mümkün deyil. Strateji tərəfdaşlıq modelləri arasında Azərbaycan-Türkiyə modeli ideal bir nümunədir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə