“Qida gigiyenasına əməl olunmaması ictimai sağlamlığa ciddi təhlükə yaradır“ - EKSPERT AÇIQLADI
“Son illərdə dönər və digər hazır qida məhsullarından zəhərlənmə halları, xüsusilə də azyaşlılar arasında ciddi şəkildə artmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, bu hallar bəzən həyati təhlükə ilə nəticələnir: “Problemin əsas səbəblərindən biri dönərin hazırlanmasında istifadə olunan ət məhsullarının keyfiyyətsiz və mənşəyi məlum olmayan mənbələrdən əldə edilməsidir. Bəzi hallarda xəstə və ya baytarlıq nəzarətindən keçməyən heyvanların ətindən istifadə olunması, eyni zamanda ətin saxlanma şəraitinin pozulması mikroorqanizmlərin və bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.
Ətin və digər ərzaq məhsullarının sanitar-gigiyenik qaydalara riayət edilmədən hazırlanması həm fiziki, həm də kimyəvi çirklənməyə səbəb olur. Bu isə insan orqanizmində həzm sisteminin pozulması, qida zəhərlənməsi və infeksion xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə, dönər və oxşar fast-food məhsullarında dadverici maddə kimi geniş istifadə olunan mononatrium glutamat (Çin duzu) süni şəkildə dad hissini artırmaqla yanaşı, orqanizmdə asılılıq yaradır. Bu maddə qidanın qida dəyərini artırmasa da, onun daha dadlı qəbul edilməsinə səbəb olur. Xüsusilə 20 yaşdan aşağı şəxslərdə bu asılılıq daha güclü formalaşır və təbii dad reseptorlarının fəaliyyətini pozur. Nəticədə yeniyetmələr təbii və sağlam qidaları deyil, məhz bu cür süni dadlandırılmış məhsulları üstün tutmağa başlayırlar ki, bu da onların fiziki və zehni inkişafına mənfi təsir göstərir.
Dönərlə birlikdə təqdim olunan ketçuplar və mayonezlər də təhlükə mənbəyi ola bilər. Çox zaman bu sousların istehsal və son istifadə tarixi məlum olmur, onlar böyük qablaşdırmalarda alınıb açıq şəraitdə, yüksək temperaturda saxlanılır. Belə vəziyyətdə sousların tərkibində mikrobioloji dəyişikliklər baş verir və bu da qida zəhərlənməsinə səbəb olur. Eyni zamanda, dönər hazırlanarkən istifadə olunan tərəvəz və göyərtilərin tam yuyulmaması, işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməməsi və tibbi müayinədən keçməməsi də ciddi təhlükə yaradır. Yol kənarlarında və mənşəyi məlum olmayan məkanlarda satılan bu tip qidalar zəhərlənmə riskini qat-qat artırır.
Qida təhlükəsizliyinin təmin olunması üçün dönər satılan yerlərdə dezinfeksiya işlərinin mütəmadi aparılması, həşərat və gəmiricilərə qarşı profilaktik tədbirlərin görülməsi vacibdir. İstehlakçılar isə qidanı alarkən məhsulun mənşəyinə, saxlanma şəraitinə, satıcının təmizliyinə və əlcək istifadəsinə diqqət yetirməlidirlər. Unutmaq olmaz ki, qida gigiyenasına əməl olunmaması təkcə fərdi sağlamlıq problemi deyil, ictimai sağlamlığa da ciddi təhlükə yaradır. Sağlam gələcək üçün təhlükəsiz və keyfiyyətli qidanın seçilməsi hər bir insanın məsuliyyətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə