Bu gün bir çox insan daha az səylə daha çox qazanc əldə etməyi arzulayır. Texnologiyanın sürətli inkişafı və sosial medianın geniş təsir dairəsi nəticəsində uğur və zənginlik daha əlçatan və adi bir hala çevrilmiş kimi təqdim olunur. Geniş auditoriyaya qısa zamanda çatmaq, evdən çıxmadan gəlir qazanmaq artıq bir çoxlarına real və mümkün görünür. Ancaq bu istək sadəcə maddi ehtiyaclarla izah olunmur – onun arxasında dərin psixoloji səbəblər dayanır.
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, texnoloji tərəqqi insanların daha rahat və oturaq mühitdə işləməsinə, daha az vaxt sərf etməklə daha çox gəlir əldə etməsinə şərait yaradır:
"Lakin bu reallıq, eyni zamanda yanlış təsəvvürlərin və informasiyaların yayılmasına da yol açır. Bəzən insanlar evdə sadə bir işlə məşğul olub pul qazanan şəxsləri gördükdə düşünürlər ki, bu, hər kəs üçün mümkündür. Halbuki bu cür nümunələr hər zaman hər kəsə uyğun deyil. Bu arzular təkcə şəxsi istəklərlə və maddi vəziyyətlə bağlı deyil, həm də dövrümüzün yaratdığı yeni normaların təsiridir. Sosial şəbəkələrdə bir anda məşhurlaşan insanlar, onlayn platformalarda böyük gəlir əldə edən şəxslər çoxlarına ilham verə bilər, lakin bu eyni zamanda psixoloji təzyiq də yaradır. Belə bir mühitdə insanlar özlərini digərləri ilə müqayisə edir, qısa zamanda böyük nəticələr gözləyir və uğur əldə etmədikdə məyus olurlar. Hər bir insanın şəxsiyyət xüsusiyyətləri, maraqları, bacarıqları və həyat təcrübələri fərqlidir. Hər kəs eyni yolu gedə və eyni nəticəni əldə edə bilməz. Bu səbəbdən də fərdin psixoloji durumu – keçmişdə yaşadığı travmalar, özünə inam səviyyəsi, risk alma meyli və ümumi psixi sağlamlığı – onun qərarlarına və həyat yoluna birbaşa təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə