“Yeniliklər kağız daşıyıcılardan tamamilə imtina demək deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Son illərdə Azərbaycanda elektron hökumətin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, bu islahatların əsas məqsədi dövlət idarəçiliyinin, xidmət sektorunun və istehsalat sahələrinin daha müasir, şəffaf və operativ formada təşkil edilməsidir: “Elektron hökumət sisteminin tətbiqi nəticəsində məlumatların artıq ənənəvi kağız daşıyıcıları ilə deyil, elektron informasiya vasitələri üzərindən ötürülməsinə üstünlük verilir. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də əlavə kağız və texniki resurs sərfini minimuma endirir. Elektron idarəetmə üsulu informasiyanın daha operativ və dəqiq şəkildə çatdırılmasına xidmət edir. Bunun bariz nümunələrindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən islahatlardır. Hazırda bu qurumda bir çox xidmətlər həm praktik, həm də elektron qaydada vətəndaşlara təqdim olunur.
Nazirlər Kabinetinin son qərarlarına əsasən, əlilliyin müəyyən edilməsi və qiymətləndirilməsi sahəsində də elektron xidmətlər geniş tətbiq olunmağa başlanmışdır. Artıq əlillik təminatı, əlilliyin meyarlarının müəyyənləşdirilməsi, habelə qərarların vətəndaşlara çatdırılması elektron qaydada həyata keçirilir. Bu sistem vətəndaşların məlumatlara daha sürətli və rahat şəkildə çıxışını təmin edir.
Qeyd etmək lazımdır ki, bu yeniliklər kağız daşıyıcılardan tamamilə imtina demək deyil. İstəyən vətəndaşlara məlumatlar ənənəvi formada, yəni kağız üzərində də təqdim edilə bilər. Lakin əsas məqsəd prosesi daha şəffaf, çevik və müasir texnologiyalara əsaslanan formada təşkil etməkdir. Yeni sistem çərçivəsində vətəndaşların elektron kabinetləri vasitəsilə əlilliklə bağlı qərarlar, sosial təminat və digər məlumatlar birbaşa şəxsi hesablarına göndərilir. Bu, informasiyanın vaxtında və itkisiz çatdırılmasına imkan yaradır. Beləliklə, elektron hökumət sistemi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması və vətəndaşlara operativ xidmət göstərilməsi baxımından mühüm rol oynayır. Bu islahatlar Azərbaycanın müasir, şəffaf və vətəndaş yönümlü idarəçilik modelinə keçidinin mühüm mərhələsini təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə