Hümbət HƏSƏNOĞLU

SƏLİM
(novella)

Havalar soyuyurdu, payız öz sərt üzünü artıq göstərirdi. Vüsalə müəllimənin sinfində uşaqların hamısı dərsə artıq isti kurtkalarla gəlirdilər, təkcə Səlimdən başqa. O, Səlimin kasıb ailədən olduğunu bilirdi. Bütün fənlərdən çalışqan olan Səlim əvvəlkitək dərsə nimdaş pencəyində gəlirdi.
Vüsalə Səlimin geyimi ilə bağlı narahatçılığı axşam həyat yoldaşı ilə bölüşdü. Əri Eldar heç nə demədən cibindən 100 manat çıxarıb ona verib dedi:- Kişiyə kurtka al, özü də yaxşısından. Vüsalə kasıbçılıqla böyüyən, öz gücünə ali təhsil almış və böyük bir zavodda mühəndis işləyən ərinin boynunu bərk qucaqladı.
- Yaxşı, bəs hansı bəhanə ilə mən o kurtkanı Səlimə verim?
- Qadınlar belə işlərdə daha pərgar olurlar, bir şey düşünəcəyinə inanıram.
Sonrakı bir neçə gün Vüsalə çox götür- qoy etdikdən sonra bir fikrin üstündə dayandı.
Növbəti gün o, Səlimin də oxuduğu 6a sinfinə girən kimi elan etdi:- Uşaqlar, sinfimizə təhsil şöbəsindən bir kurtka veriblər. İnşa yazacayıq, inşanın qalibinə də həmən kurtkanı mükafat olaraq təqdim edəcəyik.
Uşaqlar bu fikrə sevindilər, coşku ilə razılıqlarını bildirdilər.
Dəftərləri açın, inşanın mövzusu:
“ Qarabağ əbədi Azərbaycandır!”
Sabahısı gün siniflə salamlaşandan sonra o, dedi:- Uşaqlar mən inşalarınızı yoxladım. Hamınız doğma vətənimizə, onun dilbər guşəsi olan Qarabağımıza sevginizi o qədər gözəl ifadə etmisiniz ki, qalibi müəyyənləşdirə bilmədim, elə hamınız qalibsiniz!
Amma kurtka bir dənə olduğundan belə edəcəyik. O, özü ilə gətirdiyi orta ölçülü boş ətir qutusunu masasının üzərinə qoydu. Sonra əvvəldən hazırladığı eyni ölçülü kağız parçalarını ön cərgədən, arxa cərgələrə də ötürtdü.
-Hərə öz adını yazıb, büküb bu qutuya atacaq. Mən isə kağızları qarışdırıb birini çıxaracağam, kimin adı çıxsa, kurtkanı da ona verəcəyik.
Hər cür oyunları sevən uşaqlar canlandılar.
Vüsalə müəllimənin hazırladığı ideya bundan ibarət idi: o, kağızları qarışdırandan sonra onlardan birini çıxaracaq və kimin adının çıxmasından asılı olmayaraq, Səlimin adını çəkəcəkdi.
Ümidi də o idi ki, yaranan hay- küydə kağızı yenidən cəld büküb qutuya atsın.
Bir az həyacanlansa da, bunu bacara biləcəyini düşünürdü. Gecə yatanda da düşündüyünü fikrində
təkrar- təkrar etmişdi.
Qutuya bütün kağızlar qoyulandan sonra o, kağızları qarışdırıb, birini çıxarıb ad yazılan hissəsini öz tərəfinə döndərdi və...
Vüsalə müəllimə gözlərinə inanmırdı, kağızda Səlimin adı yazılmışdı. O, tez özünü ələ alıb az qala qışqıraraq dedi: -Səlim!
Vüsalə müəllimə əlində kağız cərgələrarası gedərək yazını hər kəsə göstərməyə başladı:- Baxın, oxuyun; Səlim, Səlim! Hamı əl çaldı. O, özü ilə gətirdiyi isti , baş örtüyü də olan kurtkanı bağlamadan çıxarıb təntənəli surətdə Səlimə verdi. Səlim özünü itirsə də sevinirdi. Uşaqlar bir- bir yaxınlaşıb Səlimi qucaqlayıb təbrik edirdilər. Kurtkanı elə sinifdəcə Səlimə geyindirdilər, hərə xoş sözlə ona olan sevgisini bildirirdi.
Vüsalə müəllimə evə gəlib ərinin sevdiyi yeməyi hazırladı.
O, olanları ərinə danışmağa tələsirdi. Otuzdan çox adın içindən Səlimin adını çıxarda bilməsini isə o, möcüzə kimi qəbul edirdi. Bu möcüzəni həyat yoldaşına danışıb onun sifətinin necə dəyişəcəyini, özünün hətta tərifləyənəcəyini də gözləyirdi.
O, saata baxdı, Eldar indilərdə gəlməli idi.
Birdən onun yadına elə sinifdə çantasına qoyduğu kağızlarla dolu qutu düşdü. Axı o, Eldara qutunu da, adlar yazılmış kağızları da, nə etmək istədiyini və sonda nələrin olduğunu həm danışmaq, həm də göstərmək istəyirdi.
O, tez durub çantasını gətirib masanın üzərinə qoydu. Qutunu çıxarıb Eldara göstəmək üçün Səlimin adı yazılmış kağızı tapmaq qərarına gəldi.
Vüsalə müəllimə kağızları bir- bir açıb adları oxuduqca onun halı dəyişməyə başladı, o, nəfəs almağı da deyəsən unutmuşdu, otağa çökmüş sükutda yalnız bərk vuran öz ürək döyüntülərini eşidirdi.
Son kağızdakı adı da oxuyandan sonra Vüsalə müəllimə:- canım uşaqlar, deyib divanın küncündə oturdu.
Bütün kağızlarda eyni ad yazılmışdı: Səlim.
Qapının zəngi çalındı...

Bütün xəbərlər Facebook səhifəmizdə