Azərbaycanın foto və video salnaməsini yaradan Rasim Sadıqov - (Portret cizgiləri)

Rasim Sadıqov- 65

Tarixi şəxsiyyətlərin dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”.

Rasim Sadıqov. Bu ad və soyad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 45 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi foto şəkillər və yazdığı məqalələr tez-tez Kutləvi İnformasiya Vasitələrinin əsas şəkillərindən və yazılarından olur. Həm də Azərbaycan mədəniyyətində, incəsənətində onun çəkdiyi foto şəkillər, Tarix,Teatr, İncəsənət muzeylərində əsas yerləri tutmaqla ən çox baxılan şəkillərdir. Onun çəkdiyi bu foto şəkillər və video lentlərə çəkdiyi tamaşalar, incəsənət əsərləri, tarixi hadisələr və görkəmli insanlarla bağlı süjetlər gələcək nəsillərimizçün ən böyük, unikal töhfələrdir desəm, yanılmaram. Məhz buna görə də Azərbaycanın foto və video salnaməsini yaradan Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm. Çünki belə insanı bir millət olaraq hamımız yaxından tanımalı və gələcək nəsillərə tanıtmalıyıq.

Qısa arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı ilin mart ayının 16-da Bakı şəhərinin tarixi kəndlərindən olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib. Sonra bu ailə Sumqayıta köçüb və Rasim Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun çəkdiyi foto şəkillər və kiçik məqalələr təkcə Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında da çap olunub.

Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf və həm də jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə, mübaliğə yoxdur. Çünki 45 ildir ki, tanıdığım Rasim Sadıqovu elə yaradıclığa başladığı ilk günlərdən işgüzar, cavabdehli, öz sənətinin vurğunu olan görmüşəm və bu cür tanımışam. Belə ki, o, həqiqətən də jurnalist-fotoqraf kimi heç kimi təkrar eləmir və bütün bu illərdə özünün məktəbini yaradıb. Hətta o, təkcə fotoqraf yox, bu sənətin əsl yaradıcı rəssamıdır. Çünki onun çəkdiyi foto şəkillər bir-birinə oxşamır. Obrazlı ifadələrlə zəngindir. Və çəkdiyi hər bir foto şəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır... Məhz buna görə də tanınmış jurnalistlər, ədəbiyyat xadimləri, siyasi xadimlər, əsl sənətkarlar və hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. Həmin böyük şəxsiyyətlər belə deməkdə doğrudan da yanılmayıblar. Bu, həqiqətən də belədir.

Rusiya Federasiyasının bir vaxtlar prezidenti və baş naziri olmuş, uzun illər bu vəzifələrdə Rusiya kimi böyük ölkəyə rəhbərlik eləyən Dimitri Medvedev ilk əmək fəaliyyətinə vilayət qəzetinin foto müxbiri kimi başladığını heç vaxt unutmadığı kimi, həmişə də dövlət rəhbəri kimi rəsmi görüşlərə gedəndə sevimili fotoaparatını götürüb şəkillər çəkdiyi kimi, Rasim Sadıqov da jurnalist, sayt rəhbəri kimi dövlət səviyyəli görüşlərə gedəndə, orada rəsmi nümayəndə kimi olanda sevimli fotoaparatını, video kamerasını götürür və orada unukal şəkillər, videolar çəkərək xalqımızın tarix yaddaşında saxlayır. Onun 1976-cı ildən başlayaraq çəkdiyi həmin şəkillər bu gün Azərbaycan foto və video salnaməmiz üçün unikal bir xəzinədir. Bu şəkillər də əsrlər boyu Rasim Mirzəbala oğlu Sadıqovu həmişə Azərbaycan mətbuatında və tarixində layiqincə yaşadacaq.

Yuxarıda yazdığı kimi, Rasim Sadıqovla bizim tanışlığımızın 45 ildən çox tarixçəsi var. Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam. Və bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası Cəlil Məmmədquluzadənin “Kamança” əsəri 1977-ci ilin mart ayının 16-da, yəni mənim ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” və “Exo Sumqayıta” qəzetlərindən tamaşa ilə bağlı şəkillər çəkməyə göndərilən Rasim Sadıqovun da məlum oldu ki, ad günü məhz mart ayının 16-dadır və məndən 6 yaş kiçikdir. Bu mənim və onun üçün bir sürpriz oldu. Elə həmin gündən də biz dostlaşdıq. Mən Rasimi özümə kiçik qardaş bildim. Biz həmin gündən sonra artıq tez-tez təmasda olduq.

Sonralar bu kolletiv Sumqayıt Gənclərinin Xalq Teatrı oldu. Elə quruluş verdiyim ilk tamaşamın “Kamança” faciəsinin də şəkillərini cəmi 20-21 yaşı olan Rasim Sadıqov çəkməklə məni tarixdə yaşatdı. Ondan sonrakı tamaşaların da çoxunun foto şəkillərini Rasim çəkdi. Beləliklə, həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı hazırlayırdım, Rasim də artıq gələcəyin peşəkar fotoqrafı və jurnalisti kimi incəsənət, mətbuat sahəsində ilk işlərini görürdü. Bu dostluq və birgə yaradıcılıq işi artıq 45 ildir ki, davam eləyir. Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrlarına rəhbərlik elədiyim vaxtlarda teatrın tamaşalarının və orada keçirilən maraqlı görüşlərin də foto şəkillərini Rasim Sadıqov çəkib. Hətta mən Ağdam teatrına rəhbərlik elədiyim vaxt Rasimin yolu həmin bölgəyə düşəndə hökmən teatra gəlir və orada da şəkillər çəkirdi. Eləcə də 1988-ci ilin fevral ayının 22-dən Qarabağda başlayan müharibə ilə bağlı Rasim Sadıqov çoxlu unikal foto şəkillər çəkib. Həmin unikal, təkrasız foto şəkillər Azərbaycanın Qarabağ müharibəsinin salnamə foto şəkilləri kimi tariximizə düşüb.

Beləliklə, bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər və məqalələr, o illərdən əziz bir xatirə kimi qalır. Elə həmin vaxtlarda da mən Rasimdə fotoqrafiya sənətinə qarşı çox böyük sevgi və hətta bir rejissorluq, rəssam bacarığı olduğunu görmüşdüm, duymuşdum. Çünki o, tamaşalarda şəkillər çəkəndə elə maraqlı, gözlənilməz məqamlar, anlar, obrazlı ifadələr tuturdu ki, bu mənim özümə və bu şəkillərə baxan hər bir adama da xoş təsir bağışlayırdı. Elə həmin vaxtlardan, yəni 1976-cı illərdən də Rasim Sadıqov Sumqayıt şəhərində keçirilən dövlət səviyyəli bütün tədbirləri fotoqraf kimi çəkməyə başladı. Baxmayaraq həmin vaxtlar Sumqayıtda peşəkar, tanınmış fotoqraflar, foto müxbirlər çox idi və şəhər rəhbərliyi də hər bir işi onlara tapşırırdı. Amma Rasimin elə ilk tədbirlərdə çəkdiyi şəkilləri görən şəhər rəhbərləri onun işlərinin orijinallığını görüb, bundan sonra əsas işləri ona tapşırmağa başladılar. Beləliklə, az bir zamanda Rasim Sadıqov Sumqayıtda ən məşhur foto müxbir oldu. Artıq Sumqayıt Dövlət Dram Teatrının tamaşalarını və Sumqayıta gələn məşhur kollektivlərin və şəxsiyyətlərin də foto şəkillərini Rasim çəkməyə başladı. Şəhərdə mədəniyyətlə, incəsənətlə, məşhur insanlarla görüşlərlə bağlı əsas işləri çəkmək məhz ona etibar olundu. Həmin vaxtdan da başlayaraq Sumqayıtda çap olunan bütün qəzetlərdə və respublika qəzetlərində “ foto Rasim Sadıqovundur” imzası ilə çox maraqlı şəkillər çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, eşitdim Rasim Sadıqovu həmin vaxtlar respublikada ən məşhur qəzet olan “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru, məşhur dramaturq, alim, dəyərli ziyalı, Xalq şairi Nəriman Həsənzadə qəzetdə işləməyə dəvət elədi. O vaxtlar bu qəzetdə məqalə çap etdirmək və işə düzəlmək çox çətin idi. Çünki Nəriman müəllimin böyük səyi və zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min müsxə çap olunurdu. Bundan başqa isə qəzet həm də Nəriman Həsənzadənin böyük təşkilatçılığı ilə yüksək tirajla fars və latın qrafikası ilə də çap olunub, Cənubi Azərbaycana və Türkiyəyə göndərilirdi. Hər iki qonşu respublikada bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə də burada müxbir, foto müxbir işləmək hər insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük peşəkarlıq və orijinallıq tələb olunurdu. Deməli, xalqımızın böyük ziyalısı, təkcə ədəbiyyatı yox, həm də jurnalistikanı mükəmməl bilən Xalq şairi Nəriman Həsənzadə Rasim Sadıqovun uğurlu gələcəyini görüb, onu lap cavan yaşlarında işə götürmüşdü. İllər keçəndən sonra sübut olundu ki, Nəriman müəllim Azərbaycan xalqı üçün Rasim Sadıqov kimi onlarca gözəl sənətkar yetişdirib. Xalq şairi Nəriman Həsənzadə təkcə Rasimin yox, bu gün Azərbaycanda və dünyada məşhur olan onlarla yazıçının, məşhur alimin, tənqidçinin, jurnalistin də “Ədəbiyyat və İncəsənət” qəzetində yetişməsinə böyük köməklik eləyib.

Rasim Sadıqovla bizim müştərək və daha ciddi işlərimiz yuxarıda yazdığım kimi, mən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarının rəhbərliyindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının rəhbərliyinə qayıdandan sonra, yəni 1989-cu ilin yanvar ayından daha çox oldu. Artıq həmin vaxtı Rasim Sadıqov məşhur “Ədəbiyyat və İncəsənət” qəzetinin fotoqraf-müxbiri olmaqla, təkcə bu qəzetdə yox, respublikanın demək olar ki, bütün aparıcı qəzetlərində onun- “foto Rasim Sadıqovundur” imzası ilə çoxlu şəkilləri çap olunurdu. O, 1997-ci ilin sonuna kimi, yəni mən öz ərizəmlə teatrdan işdən çıxana kimi Sumqayıt Dovlət Musiqili-Dram Teatrında tamaşaya qoyulan bütün səhnə əsərlərinin və teatrda keçirilən respublika, şəhər səviyyəli maraqlı görüşlərin foto şəkillərini özünə məxsus orijinallıqla çəkdi. Və hər bir tamaşadakı, tədbirlərdəki şəkillərə yüksək yaradıcılıqla yanaşdı. Bu gün həmin kadrlar böyük tarixi sənədlərdir. Eləcə də bütün bu illərdə Azərbaycan incəsənəti Rasim Sadıqovun sayəsində tarixə köçüb. Azərbaycan incəsənətində elə unikal tamaşalarımız, konsertlərimiz var ki, onlar məhz Rasim Sadıqovun fotoaparatı və videokamerası sayəsində bir tarixi nümunə kimi muzeylərdə qorunub saxlanılır.

Ağdamda işlədiyim 1985-88-ci illərdə mən Rasim Sadıqovu mətbuat vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda başlayan oyanışda, milli birlikdə əsasən Rasim Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız fotoşəkillər qəzetlərin əsas səhifələrini bəzəyirdi. Rasim həm jurnalist, həm bir vətəndaş kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi yox, həm də özünün videokamerası ilə lentə alırdı. Yuxarıda yazdığım kimi, həmin vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində olmuşdu və hətta Ağdamda da biz onunla görüşmüşdük. O həmin orijinal şəkillər və çəkdiyi video lentlər vasitəsilə ermənilərlə çox böyük cəsarətlə təkbaşına vuruşurdu. Bu unukal kadrları dünya mətbuatına ötürməklə Rasim Sadıqov bizim haqq işimiz uğrunda, öz torpaqlarımızı qorumaq yolunda vuruşduğumuzu məntiqi şəkildə sübut etməyə çalışırdı və sübut da eləyirdi. Amma həmin vaxtlar ölkə rəhbərliyində, Milli Məclisdə Rasim Sadıqovu müdafiə eləyənlər çox az olduğundan və bəzən də olmadığından Rasim təklənirdi. Böyük əsəb gərginliyi, stresslər keçirirdi. Hətta onun böyük əziyyətlə, çətinliklə, öz həyatını risqə qoymaqla çəkdiyi şəkilləri, onların lentini və video lentləri də yüksək rütbəli məmurlar, qolu zorlular əlindən alıb məhv edirdilər, yandırırdılar. Həmin anları Rasim Sadıqov indi də xatırlayanda böyük stresslər keçirir.

1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də Rasim Sadıqovdur. O, çox böyük möcüzə nəticəsində həmin vaxt sağ qalıb. Deməli, həmin dəhşətli hadisələri bu günümüzə ən tutarlı faktlar kimi gətirmək üçün Böyük Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən və sapı özümüzdən olan baltalardan qoruyub. Ona görə də biz dostlar Rasim Sadıqova “Allahın ən sevimli bəndəsi” deyirik. Rasim Sadıqovun çəkdiyi həmin foto şəkilləri və video lentləri biz dövlət səviyyəsində dünyaya, dünya mətbuatına çıxara bilsək, elə qanlı 19-20 yanvar faciəsilə o vaxtlar Rusiyaya rəhbərlik edənləri dünyada rüsvay eləyib beynəlxalq məhkəməyə verə bilərik. Həmin dəhşətli faciəni də soyqırım hadisəsi kimi dünyada təsdiq etdirə bilərik. Çünki Rasim Sadıqovda bununla bağlı çoxlu tutarlı şəkil və video lent var.

Eləcə də Xocalı faciəsində çəkilən unukal şəkillrin də çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər, videokadrlar sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist, gavur olduqlarını dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı və video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu və oradan unikal kadrları respublika mətbuatına yayırdı. Bu böyük sənətkar bütun həmin illərdə fotoaparatını və video kamerasını süngü edib və sözün həqiqi mənasında düşmənlə vuruşub. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin və öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənimizin unikal şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs şəkillər kimi qorunur. Eləcə də Azərbaycana gələn dünyanın çoxlu tanınmış insanlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artıq çoxdur. 1988-93-cü illərdəki xaos və vəzifə davası, torpaqlarımızın hərraca qoyulması səhnələrinə həsr olunan foto və video kadrlar da Rasim Sadıqovun arxivində həddindən artıq çoxdur. Bunların hamısı hökmən dövlət səviyyəsində kitab kimi çap olunub, gələcək nəsillər üçün tutarlı sənədlərtək qalmalıdır. Həmçinin Rasim Sadıqovun Azərbaycan Nəşriyyatındakı iş otağının divarlarında yüzlərlə tarixi foto şəkil var. Bu otağa girən hər kəs Rasim Sadıqovun zəhmətkeşliyinə, vətənpərvərliyinə, döyüşkənliyinə və onun daxilində olan əsl Vətən sevgisinə heyran olur. Bu otaq orijinal foto şəkillərdən ibarət bir müqəddəs muzey və danışan tarixi arxivdir desəm, yanılmaram.

Rasim Sadıqovun 19 il bundan qabaq yaratdığı və bu gün də böyük uğurla rəhbərlik elədiyi “Az.PRESS.az” Xəbər Saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaradıb. Həm də təkcə Azərbaycanda yox, dünyada ən çox oxunan saytlarımızdan biridir. Çünki bu sayt tam qərəzsizdir, obyektivdir, buradakı yazılar həddindən artıq maraqlıdır, məddahlıqdan uzaqdır və hər bir məsələni obyektiv işıqlandırır. Bütün bu illərdə “Az.PRESS.az” Xəbər Saytı Azərbaycan dövləti və dövlətçiliyi üçün də çox böyük işlər görüb. Bu sayt məhz Rasim Sadıqovun böyük zəhmətinin, yüksək təxəyyülünün sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran saytlardan biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan saytlardan biridir “Az.PRESS.az” Xəbər Saytı. Bütün bunlar istedadlı jurnalist, yüksək təşkilatçı rəhbər kimi Rasim Sadıqovun əsl peşəkarlığının növbəti sübutudur. Bir vaxtlar adi fotoqraf və müxbir kimi işə başlayan Rasim Mirzəbala oğlu Sadıqov böyük zəhmətinin, yuxusuz gecələrinin, yorulmaq bilmədən çalışmasının sayəsində bu gün respublika mediasının ən aparıcı mütəxəssislərindən, jurnalistlərindən biri olub. Məhz buna görə də onunla hesablaşanlar, ondan məsləhət alanlar və yaradıcı işləri oxunaqlı və baxımlı olsun deyə öz qəzetlərində, jurnallarında və saytlarında Rasim Sadıqovun işlərini yerləşdirən qəzet, sayt rəhbərləri çoxdur.

Yuxarıda yazdığım kimi, hər ikimiz mart ayının 16-da dünyaya gəlmişik. Bu ilin mart ayının 16-da mən 71 yaşımı, Rasim Sadıqov isə 65 yaşını qeyd edəcək. Biz hər ilin həmin günü ilk dəfə necə tanış olduğumuzu yada salıb, keçmiş xatirələri çözələyirik. Ola bilər ki, elə mart ayının 16-da dünyaya gəlməyimiz və hər ikimizin düşüncə tərzində, həyata baxışındakı yaxınlıq, xasiyyətindəki oxşarlıq bizi daha yaxın dost eləyib. Mən bütün bu illərdə cavanlıq dostumun bütün uğuruna öz uğurum kimi çox sevinirəm.

45 ildə yaradıcılıqla əzmkarlıqla məşğul olan Rasim Sadıqov həm də yaxşı müəllimdir. O, cəmiyyətimizə xeyli davamçısını da yetişdirib. Onlar öz müəllimlərilə birlikdə Azərbaycanın foto və video salnaməsini yaradırlar. Bu gün bir çox media orqanlarında Rasimin onlarla yetirməsi böyük uğurla çalışır və öz müəllimləri kimi Azərbaycanın foto-video salnaməsini yaratmaqla məşğuldurlar. Onlardan Dilavər Nəcəfova prezidentimiz cənab İlham Əliyev tərəfindən 3 otaqlı mənzil və Əməkdar jurnalist fəxri adı verilib. Bu, müəllim kimi Rasim Sadıqovun qələbəsi deməkdir.

Rasim Sadıqov 44 günlük Vətən Müharibəsi vaxtı öz tələbələri ilə birlikdə rəşadətli ordumuzun igidliklərini, göstərdiyi böyük uğurları ən çox lentə alan, onlar haqqında foto şəkillər çəkən sənətkarlarımızdan biridir. Bu video lentlər və foto şəkillər də gələcək tariximiz üçün ən unikal, əvəzsiz işlər kimi əbədi qalacaq. Müharibədəki fədakarlığları qələmə alan yazarlarımız da həmin foto şəkillərdən layiqincə bəhrələnəcəklər.

Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və çoxlu dövlət rəsmisinin, elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalıların bir-birindən maraqlı, unukal şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da onun təvazökarlığından irəli gəlir. Rasim Sadıqov böyük ziyalı, yüksək tərbiyəli və unikal sənətkar olduğuna görə heç vaxt özünü gözə soxmayıb. Yəqin elə buna görə də onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib. 45 ildən çox mətbuat sahəsində böyük şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi və istəyi ilə çalışsa da, ona hələ bu vaxta qədər Əməkdar Jurnalist fəxri adı verilməyib. Mənimçün çox maraqlıdır. Axı Rasim Sadıqov bundan sonra daha hansı qlobal işləri görməlidir ki, ona bu fəxri ad verilsin? Axı o, bu fəxri ada çoxdan layiqdir.

Baharın ilk ayında, 1956-cı ilin mart ayının 16-da dünyaya gələn dostumu ad günü münasibəti ilə bir daha onu sevən və yaradıcılığını maraqla izləyən insanlar adından təbrik eləyirəm. İnanıram ki, tezliklə haqq öz yerini tapacaq, biz Rasim Sadıqovun adının qarşısında Əməkdar Jurnalist adının yazıldığını da tezliklə görəcəyik. Çünki bu fəxri ada yuxarıda dediyim kimi, Rasim Sadıqov çoxdan layiqdir. Amma nə sirdirsə bu adı ona vermirlər ki, vermirlər. Bu sirr Rasimsevərlərçün də çox maraqlıdır . Yəqin ki, istəyimiz tezliklə reallaşacaq. Dahilər deyib ki, “insana qiyməti onun xarici görünüşünə, məddahlığına görə yox, daxili aləminə və xalq üçün gördüyü böyük işlərə görə vermək lazımdır”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə