HÜMBƏT HƏSƏNOĞLU

Təyinatla gəldiyim Göz xəstəlikləri şöbəsi Hospitalın Cərrahiyyə korpusunda yerləşirdi. Hər şöbənin ayrıca funksiyaları olsa da qeyri- rəsmi vahid cərrahlar kollektivi vardı. Cərrahlar xüsusi insanlardır, əllərində bıçaq başqalarının həyatı uğrunda mübarizələri onların təfəkkürlərində özünəməxsus iz qoyur. Onların yumor hissi belə fərqli olur. Məşhur cərrah yumorudur: “ Hər yaxşı cərrahın öz saldığı qəbirəstanlığı olmalıdır!”
Düşünmürəm ki, bunu oxuyub güləniniz oldu, amma cərrahlar bu yumora uğunurlar.

Cərrahların, xüsusən də məni əhatə edən rus cərrahlarının çoxlu gözəl xüsusiyyətləri vardı, amma yaxşı içirdilər də!

Gündəlik ölüm-dirim savaşının iştirakçısı olan bu insanlar stresslərini içki ilə götürürdülər. Bəzi yaşlaşmış cərrahlar içməsəydilər, əməliyyata girmirdilər, çünki yalnız içəndən sonra onların əllərinin əsməsi dayanırdı.
İndi təsəvvür edin ki, mən heç alkoqol qəbul etməyən insan belə bir kollektivə düşdüm.

Rusiyada olanlar bilirlər, ruslarla bir masada oturub;- “içmirəm”, demək öküzlərə qırmızı parça göstərmək kimi bir şeydir. Bütün o məclis yığışıb səni içirtməsələr, səndən əl çəkən deyillər.

İşin axırında evə dagılışmamış, cərrahlar ayaqüstü “yüz” vuranda, mən o dəhşətli “ içmirəm” kəlməsini dilimə gətirdim. Hamı eyni zamanda mən tərəfə dönüb susdular. Sükut bir neçə dəqiqə davam etdi. Sükütu Cərrahiyyə şöbəsinin müdiri Mixail Maxov pozdu:- Sabah axşam hamınızı bizim evə qonaq cağırıram, təzə təyin olunan həmkarımızı kollektivə daxil edəcəyik.

Rusların bir xüsusiyyətini də deməliyəm, onlar içməyən adama etibar etmirlər, belə insanla yoldaşlıq etməzlər , bu insanla dostluqdan isə söhbət belə gedə bilməz.

Anlayırdım ki, mövcud oyun qaydalarını qəbul etməsəm, “ağ qarğa” kimi olacağam. Qabaqda bu kollektivlə işləyəcəyim illərin taleyi dururdu.
Mən içkidən uzaq olmuşdum, həmişə. Gəncliyimdə idmanla məşğul olduğumdan, sonra həkimlik oxuyanda, alkoqolun bədənə mənfi təsirini bildiyimdən. Göz cərrahı üçün spirtli içki içmək mümkünsüzdür, çünki zərgər dəqiqliyi ilə işləmək üçün dayanıqlı, əsməyən barmaqlar vacib şərtdir.
Dilemma qarşısında idim. Düşünməyə isə bircə günüm qalırdı.
Amma bir məsələni də deməliyəm.

Anamın kəndi olan, Quycaq kəndində tarix boyu hamı içib. Hər tətil ana nənəmin həyətində məni boş çaxır küplərinə sallayırdılar ki, onların içini təmizləyim. Hər ev tut arağı da çəkirdi. Qonşu kəndlərdən də içki almaq üçün bizim kəndə gələrdilər. Qorbaçovun qadağasına riayət etməyən yeganə kənd də bizim kənd idi. Kəndimizdə masaya tut arağını şüşə qrafinlə qoyardılar və yalnız üç çappa stəkandan sonra tamada seçərdilər. Tamada da ənənəvi olaraq bizim nəsildən olardı, çünki axıra qədər vura bilən nadir insanlar idilər. Şair və şərqşünas Şikar dayım olan məclisdə isə tamada seçməzdilər, qeyd- şərtsiz tamada dayım olardı.
Dediklərimi həmişə təəssüf hissi ilə vurğulamışam və artlq tibb institutunun tələbəsi kimi kəndə gedəndə, içkinin əks təbliğatı ilə də aktiv məşğul olmuşam.

Cərrahiyyə şöbəsinin müdiri Maxov gözəl bir süfrə açmışdı. Cərrahlar həmişə yaxşı yaşayıblar.
Dar ağacına gedən insanın nə keçirtdiyini indi mən gözəl başa düşürdüm.
Hamının kefi kök idi, arada onlar mənə, öz potensial qurbanlarına maraqla baxırdılar.
Maxov tamadalığı üzərinə götürüb qısa bir nitq söylədi, mənim xarakteristikamdan oxuduğu müsbət məziyyətlərimdən danışdı.
Amma vurğuladı da ki, qarşılaşdığı azərbaycanlıların içə bilmədiyinin şahidi olub və onların bu işdə zəif olduqlarının səbəbi hələ də ona aydın olmayıb.

Onun məni millətimlə ümumiləşdirməyi və azərbaycanlılara zəif deməsi məni elə bil ki, ayıltdı. İçimdən bir təlatüm qopdu, kəndimizin bütün insanlarının Maxova olan hiddətini elə bil gördüm.
Eyni zamanda kəndçilərimin mənə ümid dolu baxışlarını da görməyə bilməzdim.
İlk badəni mənim sağlığıma qaldırıb, sözü də mənə verdilər.
Təşəkkürümü bildirəndən sonra bir tibbi faktı səsləndirdim. Dedim ki; - şimal xalqlarının, həmçinin rusların qara ciyərində alkoqolu parçalayan ferment var. Cənublularda, həmçinin azərbaycanlılarda bu ferment olmadığından onlara alkoqolun mənfi təsiri lap çox olur.

Masa arxasındakılar mənim bu fikrimə gülüşdülər, yəqin düşündülər ki, mən içə bilməyəcəyimə əvvəlcədən bəhanə axtarıram. Mən də onların elə düşündüklərinə gülüb, sakit tərzdə əlavə etdim:- Mən çox içmək yarışı təklif edirəm. Şərtim də belədir, bu yarışın qalibi istədiyi vaxt içkiyə etiraz edə bilər.
Masa arxasında oturanlar təklifimi təəccüblə qarşılasalar da, razılaşdılar.
Üçüncü badədən sonra tamadalığı Maxovdan aldım, hamı qəbul etdi ki, mən sağlıqları ondan yaxşı və mənalı deyirəm.

Vururuq, amma mən elə bil araq yox, su içirəm. Nəsildən gələn genlərim də elə bil qəbul edib ki, milli savaş gedir. Mənim içməyimə heyrətlə baxırlar.Artıq hər içdiyim badəmi iyləyirlər, belə həqiqətən araq içdiyimə əmin olmaq istəyirdilər. Yavaş- yavaş ətrafımdakılar süstləşirdilər, bəzilərinin başı artıq masanın üzərində idi.
Maxov yeganə rəqibim qalmışdı. Onun qırmızı rəngdə olan gözləri sual dolu baxışlarla mənə baxırdı.
Elə bil lal baxışlar məndən soruşurdu:- Bu araq sənin harana gedir ki, sənə heç təsir etmir? Son sağlıqları deyiləndə onun baxışları mənə artıq yalvarırdı;- bu möcüzənin səbəbini mənə aç!
Maxovun həyat yoldaşı içəri girib ərinə baxıb dedi:- ona daha olmaz!
Bəsdir!

Mən qalib olduğum döyüş meydanına baxıb ucadan dedim:- azərbaycanlılar bu işi hamıdan yaxşı bacarırlar, sadəcə bu işə baş qoşmurlar.
Evə çatanda, arağın təsiri qəfil və kəskin başladı. Mən güclə özümü soyuq duşun altına çatdıra bildim. Mən indi arağın ölümcül dozasından özümü xilas etməli idim. Huşumun hələ itməyən azacıq hissəsi ilə başımı bumbuz suyun altında saxladım. Belə soyuqla, beynə gedən damarları daraltmaqla arağın beyinə təsirini azaltmağa çalışırdım. Həkim təfəkkürüm də hər an təkrar edirdi ki, huşunu itirsən, daha ayılmayacaqsan.
Neçə saat soyuq duşun altında dayandığımı deyə bilməyəcəyəm. Arada primitiv üsulla mədəmi də yuyurdum. Yuxum gəlsə də, yatmağın da son ola biləcəyini düşünüb bütün iradəmlə yuxuya da qarşı mübarizə aparırdım.
Səhər doqquzda işə gəldim, Cərrahiyyə şöbəsində sakitçilik idi!

Sumqayıt şəhəri,
Sentyabr 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə