HÜMBƏT HƏSƏNOĞLU

Sovet çoxdan dağılsa da, hamı ona Quseyn Kerimoviç deyirdi. Respublikanın bir çox şəhərlərinin yaşıllaşdırılmasında əməyi olan bu insanı ağac, kol,gül, ciçək əkib becərənlərin hamısı tanıyırdı. Onun pəhləvan cüssəsini, enli çənələrini, iri almacıq sümüklərini, qıyıq gözlərini, qaşlarının çatdığı yerdə irəli çıxan məğrurlar əzələsini bir dəfə görən ,istəsə də, onu yadından çıxara bilməzdi. İlk təəssürat o idi ki, məşhur sərkərdə monqol Çingiz xanı görürsən.

Artıq çox yaşlaşdığından uşaqları onu mən də yaşadığım binanın həyətinə hər gün çıxarar,elə onun özünün saldığı bağın qarşısındakı skamyada otuzdurardılar. Bağ haqda mütləq deməliyəm. Bazar iqtisadiyyata keçidin ilk illərində işbazlar istənilən həyətdə boş yer tapan kimi bir obyekt tikirdilər. Bizim həyətdəki boş bir sahəni də bir gün qazılmış gördük. Qonşulardan kimsə bunu Hüseyin müəllimə göstərdi. O, heç nə demədi.

Səhər binanın camaatı işə gedəndə belə bir mənzərənin şahidi oldular. Qazılmış yer nəinki örtülmüşdü, həmən əraziyə yeni qara torpaq gətirilmiş, iri ağaclar, kollar əkilmiş, sulanmışdı.

Hüseyin müəllim də bağın qarşısında taxtadan təzə düzəltdirdiyi söhbətgahda samovar qoyub, çay içir. Bir gecədə o, bunları necə etdiyini heç kim bilə bilmədi.

Obyekti tikmək istəyənlər əllərində sənədlər və pullar çox kabinetlərə girdilər, amma Quseyn Kərimoviçin adını eşidənlər tez şəhadət barmaqlarını dodaqlarının üstünə qoyurdular. “Çingiz xanın” zarafat sevmədiyini yuxarıdakılar yaxşı bilirdilər.

Kişi mənimlə dost idi, uşaqları deyirdi ki, sizin bütün televiziya verilişlərinə həvəslə baxır və qıyıq gözlərini hər dəfə daha da qıyaraq rusca deyirdi: -“Qramotnıy çelovek sovsem druqoe delo”, yəni savadlı adam başqa şeydir.

Son zamanlar sklerozdan özü də, yaxınları da çox əziyyət çəkirdi.Yadında heç nə qalmırdı.
Məni görən kimi eyni bir lətifəni danışardı, hətta iki saat bundan qabaq o lətifəni danışmış olsaydı belə. Mən də ona maraqla qulaq asdığımı göstərər, lazımı yerdə hər dəfə bərkdən gülərdim. O, da mənim gülməyimə ürəkdən sevinər, mənimlə birlikdə ucadan gülərdi. Belə uzun müddət davam etdi. Bir gün onun dünyasını dəyişdiyini eşitdik.

Onun hüzr məclislərinə bütün şəhər toplaşırdı.

Mən də təqaüdə çıxandan sonra hərdən həyətdə Hüseyin müəllimin oturduğu yerdə otururam. Bağın sərinliyində yazıçı təfəkkürüm yaxşı işləyir.

Bu günlərdə Hüseyin müəllimin skamyasında oturduğum zaman son blokda yaşayan bir qonşum mənimlə mehriban hal- əhval tutdu. Ona dedim ki, - gəl sənə bir lətifə danışım. Xülasə, Hüseyin müəllimin lətifəsini bu qonşuya danışdım. Onun da sağ olsun, yumor hissi yaxşı imiş, lazım olan yerdə yaxşıca güldü, mən də ona qoşulub güldüm. Qonşum çıxıb gedəndə mənə qəribə bir baxışla baxdı, niyəsə?
Onun baxışını unuda bilmirəm.

Düşünürəm ki;- bəlkə məndə də çoxdan sklerozdur və mən də rəhmətlik Hüseyn müəllim kimi hər dəfə bu lətifəni bu qonşuya təkrar- təkrar danışıram?...

Sumqayıt şəhəri,
Sentyabr 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə