Üstündən quşların uça bilmədiyi yer (Hekayə)

HÜMBƏT HƏSƏNOĞLU

Onun saymaq vərdişi vardı, ətrafda nə görsəydi, saymağa başlayırdı. Avtovağzalın gözləmə zalına girən kimi özlüyündə saymağa başladı: 26 oturacaq və 5 bilet satılan kassa.
Boş yer görüb oturmaq istədi. Yolüstü bir daha kassaların cərgəsinə baxdı və dayandı, cərgədə altı kassa vardı.
Bəlkə, başqaları düşünə bilərdi ki, səhv saymışam.
Bu ona aid deyildi, o, bir dəfə sayırdı. Maraq üçün altıncı kassaya yaxınlaşdı. Bu kassa o biri kassalardan fərqlənmirdi, yalnız işıqlanması fərqli idi. Bütün isti rəngləri bir yerə yığıb qarışdırsan, yəqin belə rəng alınardı.
Kassada oturan yaşlı xanıma müraciət etdi: – Bağışlayın, siz hansı istiqamətlərə bilet satırsınız?
– Bu kassada yalnız bir istiqamətə, arzular istiqamətinə bilet satılır.
– Belə istiqamət də var?
– Bəli, məsələn, sizin elə arzunuz varmı ki, onun reallaşa biləcəyinə daha inanmırsınız?
– Hamının elə arzuları var, yəqin.
– Birini deyin, məsələn.
– Məsələn, mən dünyanın ən uca zirvəsi olan Everestə qalxmağı arzulamışam.
Qadın başını aşağı salıb nəsə yazmağa başladı və ona yaşıl rəngli bir bilet uzatdı: – buyurun, 12- ci perronda avtobus artıq sizi gözləyir.
– Necə yəni, avtobus məni gözləyir.
– Beş dəqiqəyə avtobusa minməsəniz, avtobus sizsiz yola düşəcək.
– Bəs?
– Heç nəyə ehtiyac yoxdur, tələsin.
Baş verənləri hələ də anlamayaraq o, avtobus dayanacağı istiqamətində getdi.
Perron yazılarının lövhələrini oxuyaraq 12- ci perrona uzaqdan baxdı, orada çox da böyük olmayan qəribə formalı bir avtobus dayanmışdı. Avtobusun qapısında hindlilərə oxşar bir insan dayanmışdı. Hindli onun əlindəki bileti alıb diqqətlə oxuyandan sonra ağappaq dişləri ilə gülümsəyib onu abtobusa dəvət etdi.
İçəri keçəndə, sürücü də elə birinci kimi ona gülümsədi və ingiliscə onu salamladı. Maşın yola düşdü.
Bu hindlilər ingilis dilini özünəməxsus tələffüz edirlər.
O, çox illər qabaq Amerikaya səfəri öncəsi öz ingilis danışıq dilini təkmilləşdirmək qərarına gəldi və bir qəzet elanında oxudu ki, filan ünvanda İngiltərədən gəlmiş dil daşıyıcısı təlimlər keçirir. Bir aylıq ödənişi etdikdən sonra məlum oldu ki, dil daşıyıcısı İngiltərədə yaşamış hindlidir. Amerikada olanda da onun ingilis dilini ən yaxşı başa düşənlər orada yaşayan hindlilər oldu.
Avtobusun içi alpinist ləvazimatları ilə dolu idi. Hindli düşündüyü insan nepallı çıxdı. Yadına düşdü ki, Everest zirvəsinin olduğu Himalay dağları Nepalla Çinin sərhəddində yerləşir. Nepallı onu yolda təlimatlandırmağa başladı.
O, Akademiyada oxuyanda, dağ təlimləri kursu keçmişdi, onun müharibə gedən Əfqanıstana getmək ehtimalı da böyük idi.
Bəxtindən o kursları qurtaranda, müharibə də qurtardı.
Təkrar biliyin anasıdır, – düşünüb hindli təlimatçıya diqqətlə qulaq asmağa başladı. O, pəncərədən çölə baxdı, istiqamətləri Şərqə idi.
Onu oksigen aparatları maraqlandırırdı. Yarıaçıq, yəni həm havadan, həm də oksigen balonundan hava almaq sistemlərini yaxşı bilirdi. Amma qapalı, yəni yalnız balondan oksigen alınan sistemlərə ürəyi qızmırdı, çox mürəkkəb gəlirdi onlar ona.
Özünə lazım hər şeyi seçib geyindi və öz əlinə yaxşı yatan buzqıran balta da seçdi.
O, bir də pəncərəyə baxanda çox uca dağlar gördü. Onun sual dolu baxışının cavabında nepallı bütün otuz iki dişini təkrar göstərərək dedi: “Nepala xoş gəlmişsiniz!”
Təlimatçı qapalı oksigen sistemini ona yoxlamağı təklif etdi. O, etiraz etmədi, kresloya uzanıb oksigen maskasını üzünə taxdı və avtobusun səsi altında yuxuya getdi.
Gözlərini açanda, ilk gördüyü çadırın içi oldu. Ətraf işıqlı idi. Bütün gecəni yüz faizli oksigenlə nəfəs aldığından özünü gümrah hiss edirdi.
Maskanı çıxarıb çadırdan çölə çıxdı.
Ətrafda çoxlu insanlar və çadırlar vardı. Buranın alpinist düşərgəsi olduğunu başa düşdü. Çox yaxından onun dəfələrlə gördüyü Everestin tanınan silueti canlanırdı.
Mənzərə möhtəşəm idi.
Bir ingilis ona yaxınlaşıb beş dəqiqədən sonra sarı çadırın yanında olmasını xahiş etdi.
Sarı çadırın yanına yeddi nəfər toplaşmışdı. Hamısı avropalı idi, siyahıdan məlum oldu ki, ikisi ingilis, ikisi fransız, bir alman, bir isveçrəli və bir də o.
İngilis rəhbər ona inamsız baxaraq hey siyahıya nəzər salırdı. O, eşitdi ki, bir ingilis digər ingilisə deyir: – Yolboyu mən elə bilirdim ki, bu qarabuğdayı yerlilərdəndir, köməkçidir. Baxıram ki, zirvəyə qalxanların əsas siyahısında o da var. Yazılıb ki, azərbaycanlıdır.
İngilis zirvəyə baxaraq hamıya xitabən dedi: – bu bizim son düşərgəmizdir. Düşərgəmiz 8500 metr hündürlükdədir. Everestin hündürlüyü bildiyiniz kimi, 8848 metrdir. Bu gün zirvəyə iki həmlədən birini edəcəyik. Qalan 348 metrəni alpinistlər dünyanın ən uzun kilometri adlandırırlar. – O əlini zirvəyə uzadaraq – orada olmaq hər bəşər övladının arzusudur. Bu gün bizim hər birimizin orada olmaq şansı olacaq. Özümüzə uğurlar diləyək!
Hə, ən vacib məsələ oksigen aparatlarının seçilməsidir, kim hansını seçir?
Məlum oldu ki, beş nəfər qapalı sistem seçib. O, üstünlüyü yarıqapalı sistemə verdi. İngilis bunun səbəbini soruşanda, o dedi ki, sistem uzun illərdir sınaqdan keçib, həm də o, sistemi yaxşı öyrəndiyini vurğuladı. Hamının təəccübünə səbəb olan o oldu ki, qrup rəhbəri də onun kimi yarıqapalı sistemi seçdi.
Bir saatdan sonra çıxırıq, – bu, qrup rəhbərinin son cümləsi oldu.
O, çadıra qayıdıb hazırlaşmağa başladı.
Külək güclənirdi, oxumuşdu ki, buralarda hava gün ərzində dəfələrlə dəyişir. Çəkmələrinin altına “pişik caynaqları” deyilən dəmirləri bərkitdi. Qara alpinist eynəyini gözlərinin ölçüsünə uyğunlaşdırdı. Burada günəş çox parlaq olur və açıq gözlər burada olan ultrabənövşəyi şüaların təsirilə tez sıradan çıxa bilər.
Oksigen balonlarını yerli köməkçilər vasitəsilə kürəyinə yerləşdirdi. Yerində bir neçə dəfə hoppandı, belə üsulla geyimdə olan çatışmazlıqlar tez ortaya çıxırdı. Arxa çantasına minimum ləvazimat yığdı, yolda hər qram kiloqrama çevrilir. İsti papağını və əlcəklərini geyərək tələsmədən sarı çadıra tərəf getdi.
İngilis rəhbər növbəti dəfə ona şübhəli baxıb susdu.
Yer qar idi, sıra ilə yola düşdülər. Hər kəs ayağını qabaqda gedənin izinə qoyurdu. Birinci gedənə çətin olduğundan, növbə ilə birinci olurdular. Üzü yoxuşa getdiklərindən hər addımı atmaq getdikcə çətinləşirdi. Bir kəndirlə hamı bağlı olduğundan məsafəni eyni saxlamaq məcburiyyətindəydilər.
Külək şiddətlənirdi, sovrulan qar onun eynəyinin qabağını örtür və o mütəmadi olaraq onu silmək məcburiyyətində olurdu. Bir azdan qarın altında buz peyda olduğunun fərqindəydi.
Yoxuşun mailliyinin artması ilə bu fakt gedişi daha da çətinləşdirirdi. Maskada olduğundan nəfəsindən üzü istiləşmişdi. İsti paltar və hərəkətdən kürəyindən su axdığını hiss edirdi.Yoxuşda müvazinətini saxlamaq üçün buz baltasından daha tez - tez istifadə etməli olurdu. Artıq hər hərəkəti əziyyətlə başa gəlirdi. Geri baxdıqda, təəssüf etdi ki, düşərgədən çox da aralanmamışlar.
Qəfil çökən qatı duman zirvəni onlardan gizlətdi.
Qrupun sürəti yavaşısa da, irəli hərəkət var idi. Onun ayaqlarına elə bil ki, qurğuşun tökmüşdülər, hər əzələsini ayrıca hiss edirdi. İngilisin: on dəqiqə fasilə, – sözləri onun üçün dünyanın ən yaxşı mahnısı kimi səsləndi.
Bəzi yerlərdə qayanı külək o qədər cilalamışdı ki, qar orada duruş gətirə
bilmirdi və o yerlərdə qaya çılpaq görünürdü. Elə yerləri bəzən yan keçməyə çalışsalar da, bəzi yerlərdə bu qaçılmaz olurdu. Buz bağlamış açıq qayalar əlavə çətinliklər yaradırdı.
Artıq beyninə xəyanətkar fikirlər də gəlirdi: – Belə də şey arzulayarlar? Çox axmaq arzun var imiş. Televizorun qabağında oturub bu səyahəti etməyinin nəyi pis olacaqdı ki? Ağlı olan Maldiv adalarını arzu edərdi.
Qrupun sürəti lap aşağı düşdü, faktiki olaraq onlar dayandılar. Fransızın birinin az qala huşu gedəcəkdi. Dayanıb onun oksigen aparatını yoxladılar, məlum oldu ki, onun aparatı dəqiqədə dörd litr əvəzinə bir litr oksigen verirmiş. Bütün aparatları yoxlamaq qərarına gəldilər, məlum oldu ki, bütün qapalı aparatlarda bu çatışmazlıq var. Vəziyyət kritik idi. Aparatsız irəli getmək böyük risk olardı, dəniz səviyyəsi ilə müqayisədə bu yüksəklikdə normal havanın yalnız üçdə biri var idi. Havanı yol boyu az aldıqlarından bu beş nəfər halsız və taqətsiz idi.
Qrup rəhbəri qərar qəbul etdi ki, beş nəfər aparatı tənzimləyib yavaş - yavaş geri, düşərgəyə qayıtsın. Bir müddət sonra onların yeni həmləyə şansları olacaq.
Zirvəyə azərbaycanlı ilə mən gedəcəyik! – əlavə etdi.
Beş nəfərin vəziyyəti elə idi ki, onların etiraz bildirməyə belə halları yox idi.
O, ingilislə yola davam etdi, hərçənd ki, ürəyindən geri dönmək fikri də keçdi.
Haradan güc gəldiyini bilməsə də, sadəcə, mexaniki hərəkətlərlə ingilisin arxasınca divar kimi qayaya dırmaşırdı.
İngilislə onları bir kəndir və bir arzu birləşdirirdi. O dirəşirdi, artıq onu irəli aparan fiziki gücü yox, inadkar xarakteri idi. Bu qayadan yıxılsaydı belə, peşmançılıq keçirtməyəcəkdi, sürüşmə vaxtı dincələcəyini düşünürdü.
Faktiki olaraq onlar üzüyuxarı sürünürdülər. Geri baxmaq istəmirdi, arxadakı uçurumun görünüşü onu tarazlıqdan çıxara bilərdi.
Təfəkkürünün ucqar yerindən bir fikir doğdu ki, bu ingilis sürüşsə, onu da sürüyüb aparacaq. Belə perspektivi nədənsə bəyənmədi.
İngilisin arxasınca sürünə-sürünə özünü bir az sol tərəfə meyilləndirdi. Sol tərəfdə olan qaya çıxıntısı onu ümidləndirdi. Əli ilə oradan tutub özünü dartmaq istəyəndə ingilis qışqırtı ilə yanından keçdi, onları bir-birinə bağlayan ip qəflətən onu aşağı dartdı. Son anda əlindəki baltanı var gücü ilə qayaya sancdı. Özünü qayaya sıxıb, sağ ayağını hardansa ayağının altında peyda olan çıxıntıya dirədi. İngilis iplə ondan asılmış vəziyyətdə idi. O var gücü ilə özünü saxlamağa çalışırdı. Qolları iki nəfəri saxlaya bilmirdi. Ağrıdan dodağını dişi ilə sıxdı ki, huşunu itirməsin.
Bir müddət sonra onu aşağı dartan ip bir az boşaldı, “İngilis özünü qayaya bağlaya bilib, yəqin”,– deyə ağlından keçdi. Elə o cür imiş, ingilis yavaş-yavaş onunla bərabərləşdi və bircə söz dedi: Çox sağ ol!
O süstləşmişdi, son gücünü ingilisə sərf etmişdi. Yeganə çıxış yolu kürəyində olan on dörd kiloqramlıq balonları çıxarıb tullamaq və atmosferdə olan seyrək hava ilə nəfəs alaraq irəli getmək.
İngilis onu inandırmağa çalışdı ki, bu, sadəcə, dəlilikdir.
O, ingilisə dedi ki, balonsuz da bu zirvəyə çıxanlar olub, o da bacaracaq. Əvvəl maskanı çıxartdı, üzü ilə buz kimi soyuğu hiss etdi. Üzgüçülüklə məşğul olduğundan tənəffüsünü tənzimləməyi bacarırdı.
Görünür olanları yaşamalı idi. Özünə kənardan baxdı. Hava almaq üçün həmin havanı kürəyində daşımaq məcburiyyətində idi. Adi həyatda havayı, qədərsiz aldıqları bu nemətin qədrini bilən vardımı? Nə böyük xoşbəxtlik imiş, hava ala bilmək xoşbəxtliyi!
Çətin də olsa, maskasız nəfəs ala bilirdi. İndi Xəzərin şimal küləyinin, oksigenlə bol xəzrisinin bir udumluğu üçün hər şeyini verməyə hazır idi.
Bu arzusu, Everest arzusunu çoxqat üstələyirdi.
İngilis maraqla ona baxırdı. O, balonları kürəyindən ingilisin köməyi ilə çıxartdı. Üstündən elə bil on dörd ton yuk götürüldü. Başı ilə ingilisə işarə elədi ki, qalxa bilərik. Son otuz metrəni nə müddətə dəf etdiyini deyə bilməyəcəkdi, amma əbədiyyətin nə olduğunu o, indi yaxşı bilirdi.
İngilislə birlikdə zirvəyə qalxdılar. Mənzərə fantastik idi. O, dünyanın ən yüksək yerində idi.
Bura dünyanın damı sayılırdı. Yerli camaat bu zirvəyə “Comolunqma” deyir, tərcməsi – üstündən quş uça bilməyən yer. Qartalların belə qalxa bilmədiyi məkanda dayanıb ətrafı süzürdü.
Sağa, vətəninə tərəf baxdı. Ona elə gəldi ki, Böyük Qafqaz sıra dağlarından möhtəşəm Bazar düzünü, Şahdağı, Tufan dağını, Kiçik Qafqazın elinə aid Murov dağını, Qarabağ, Şərqi Göyçə, Zəngəzur, Dərələyəz silsilə dağlarını, gözəl Talış dağlarını, tək və məğrur dayanan Kəpəzi, füsunkar Savalan dağını, Səhəng dağını gördü. Uşaq vaxtı ətəyində hər il dincəldiyi Ziyarat dağına məhəbbətlə baxdı.
Onlar hamısı yaxın və birlikdə görünürdü!
Onları birlikdə görmək üçün bura çıxmağa dəyərdi,– deyə düşündü.
İngilis sağ əlini onun çiyninə qoyub dedi: – Türklər həmişə mətin və etibarlı olublar, əhsən!
– Bağışlayın, bir az yana durun, mən buraları da silməliyəm. – Avtovağzalın döşəməsini silən qadının müraciəti elə bil onu ayıltdı. O, beşinci kassadan sonra divarın qabağında dayanmışdı.
Ətrafa bir daha nəzər salıb soyuqdan donmuş əllərini ovuşdura- ovuşdura çıxışa doğru getdi.

Sumqayıt şəhəri
Sentyabr 2020- ci il

Bütün xəbərlər Facebook səhifəmizdə